Məhkəmə qərarları › İş №1(010)-185/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-185/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-185/2022 10.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 10 noyabr 2022-ci il tarixdə, saat 11:45-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1996-cı ildə Qax rayonunun, Güllük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Qax rayonunun, Güllük kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində nömrəsiz evdə yaşamış, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 26 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində satış məqsədi olmadan qanunsuz olaraq, istintaqa məlum olmayan şəxsdən, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.518 qram olan qəhvəyi rəngli, toz şəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə edərək, üzərində saxlamaqla daşımış, 26 oktyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində saxlanılaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparılmış, orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən zaman həmin 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.518 qram olan narkotik vasitə - heroin Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, bir müddətdir ki, narkotik vasitə heroindən çəkmək yolu ilə istifadə edir. 26 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata 01 ədəd bükümdə narkotik vasitə hesab edilən heroini alıb əynində olan göy rəngli cins şalvarının sol yan cibinə qoyaraq, sonra özü istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin gün nahardan sonra Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində təsadüfən tanışı Rəşadla rastlaşmışdır. Rəşadın əlində 02 (iki) kisə olmuş, əşyalarını metal qəbulu sexinə aparmaqda kömək etməsini xahiş etdikdə razılaşaraq kisənin birinin götürmüşdür. Həmin gün saat 18:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi ilə hərəkətdə olduqları zaman 02 (iki) nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdikdə Rəşad əlində olan kisəni qoyub qaçmışdır. Onun üzərində narkotik vasitə heroin olduğuna görə kisəni tullayıb qaçıb uzaqlaşmaq istədikdə polislər onu saxlamış və iki ədəd kisəni tulladıqları yerdən götürərək Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirmişlər. Polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra kisələrə baxılmış, məlum olmuşdur ki, kisələrin içərisində təxminən 20 metr uzunluğunda ağ rəngli, təxminən 10 metr uzunluğunda qırmızı rəngli elektrik naqili, üç ədəd əzilmiş aliminium qazan, bir ədəd dəmir qazan, bir ədəd dəmir tava, bir ədəd elektrik direli, bir ədəd laqonda, bir ədəd laqonda daşı, və bir ədəd «Samsung GT-S7582» markalı **********87150 və **********87158 İMEİ kodlu mobil telefon vardır. Polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynindəki göy rəngli cins şalvarının sol yan cibində saxladığı 01 ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə heroindir, onu həmin gün, yəni 26 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən almış öz şəxsi istifadəsi üçün 10 manata almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. O, Rəşadı qısa müddətdir ki, tanıyır, onlar təsadüfən tanış olmuşlar, Rəşadın ünvanını, harada yaşadığını isə bilmir. Rəşad küçələrdən və zibilliklərdən metal yığıb təhvil verməklə məşğul olur. 26 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində Rəşadla təsadüfən küçədə rastlaşmış, əlindəki kisələrdə olan əşyalarını metal qəbulu sexinə aparmaqda Rəşada kömək etmiş, kisələrdə metal qırıntıları olduğunu bilsə də konkret olaraq hansı əşyaların olduğunu, əşyaları hardan aldığın bilməmişdir. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Şahid2 göstərdi ki, 26 oktyabr 2021ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə inzibati ərazidə xidmət apardıqları zaman Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində iki nəfərin hər birinin əlində bir kisə olduğunu görmüşlər. Həmin şəxsələr şübhəli davrandıqları üçün onlara yaxınlaşıb özlərini təqdim etdikdə həmin iki nəfər əllərində olan kisələri qoyub qaçmağa başlamışlar. Dərhal onların arxası ilə qaçaraq onlardan birini saxlamış, o biri şəxs isə qaçaraq oradan uzaqlaşmışdır. Saxladıqları şəxsi və onlar qaçarkən yerə qoyduqları kisələri Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31ci Polis Bölməsinə gətirmişlər. Polis Böləsində saxlanılan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə heroindir, onu həmin gün, yəni 26 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən almış öz şəxsi istifadəsi üçün 10 manata almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümdəki narkotik vasitə heroin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzərində axtarış həyata keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 26 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə heroindir, onu həmin gün, yəni 26 oktyabr 2021-ci il tarixdə səhər saatlarında tanımadığı şəxsdən almış öz şəxsi istifadəsi üçün 10 manata almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 oktyabr 2021-ci il tarixli, 6/4763 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 195” möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.518 qram maddə kütləsi kustar üsulla hazırlamış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Ümumi təmiz çəkisi 0.518 qram olan metamfetaminin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.468 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 27 oktyabr 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə heroindir, onu həmin gün, yəni 26 oktyabr 2021-ci il tarixdə səhər saatlarında tanımadığı şəxsdən almış öz şəxsi istifadəsi üçün 10 manata almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin bükümdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülür və baxışın nəticələrinə dair protokol tərtib edilir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin sonuncunun üzərindən dövriyyəsi qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmur. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 fevral 2022-ci il tarixli, 754 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulytorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi” X4 ambulator məhkəmə psixiatrik ekspertizasının 17 fevral 2022-ci il tarixli, 406 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yeniyetmə yaşlarından özünü əsəbi şəxs kimi xarakterizə edərək onda əsəbi, hövsələsizlik olması, əsəbi gərginliklər keçirdiyi zaman kəsmələrlə özünə xəsarətlər yetirməsi, 26 avqust 2014-cü il tarixdən 27 avqust 2014-cü il tarixə kimi və 10 noyabr 2017-ci il tarixdən 11 noyabr 2017-ci il tarixə kimi “Şəxsiyyətin emosional davamsız tip pozuntusu, özünükəsmələrlə” diaqnozu ilə hərbi xidmətdən azad edilməsi, psixi vəziyyəti ilə əlaqədar psixiatrik və narkoloj xəstəxanalarda müalicədə olması, hazırki müayinə zamanı bir qədər əsəbiliyi, emosional qeyri-sabitliyi, əhvalının dəyişkənliyi və s.) sübut edir. Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir, Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcəd ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlnin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunan əmlə görə anlaqlıdır, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi 01 noyabr 2021-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 26 oktyabr 2021-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 oktyabr 2021-ci il tarixli qərardan, habelə təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd olunması haqqında Bakı şəhəri Suraxanı rayon prokurorunun 28 oktyabr 2021-ci il tarixli qərarından və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 oktyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş, qərarın surəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan əlavə iş materiallarından görünür ki, 27 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işinin icraatı dayandırılmışdır. 05 yanvar 2022-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və həmin gün cinayət işinin icraatı yenidən Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 17 fevral 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyinə görə həmin tarixdə cinayət işinin icraatı təzələnmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 26 oktyabr 2021-ci il tarixdən 28 oktyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 1(010)-185/2022 nömrəli qərarından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs 28 avqust 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 30 avqust 2022-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 28 avqust 2022-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.468 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 26 oktyabr 2021-ci il tarixdən 28 oktyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 28 avqust 2022ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.468 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar