Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-186/2020 18.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1974-cü ildə Laçın rayonu, Pircahan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonu Pircahan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan tünd göy-metallik rəngli “Mercedes Benz C-240” minik markalı 99BJ635 dövlət qeydiyyat nişanlı avtomobili xx xxxx 2020-ci ildə saat 19:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner Bağlar sahəsi, 1360 ünvanının qarşısından keçən Hövsan-Türkan avtomobil yolu ilə saatda 60-70 km sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərini pozmuş (həmin maddəyə əsasən yol hərəkətinin iştirakçıları «yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar»), bu zaman yolun sağ tərəfi ilə hərəkət edən, Zərərçəkmiş şəxs tərəfindən idarə olunan mopedin arxa hissəsini idarə etdiyi avtomobilin ön sağ künc hissəsi ilə vurmuşdur. Təqsirləndirilən şəxsin həmin ehtiyatsızlığı nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilən xəsarətlər alaraq xx xxxx 2020-ci ildə Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, özünə məxsus olan “Ford Transit” markalı avtomobili idarə etmək üçün BC dərəcəli sürücülük vəsiqəsi var. “Mercedes Benz C-240” minik markalı 99BJ635 dövlət qeydiyyat nişanlı avtomobil faktik olaraq qardaşı Şahid1 məxsusdur, lakin Mətləb həmin avtomobili öz adına rəsmiləşdirməyib. Belə ki, avtomobilin qeydiyyat şəhadətnaməsində onun mülkiyyətçisi kimi Şahid2 adı göstərilir. Həmin şəxs qardaşı Şahid1 avtomobili idarə etmək üçün etibarnamə verib. xx xxxx 2020-ci ildə saat 15 radələrində qardaşına faktik məxsus olan “Mercedes Benz C-240” minik markalı 99BJ635 dövlət qeydiyyat nişanlı avtomobillə kondisioner təmir etmək üçün Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən bir həyət evinə getmişdir. Həmin vaxt avtomobili o, idarə etmiş, qardaşı Mətləb isə yanında qabaq sağ oturacaqda əyləşmişdir. Onlar bir neçə saat ərzində kondisioneri təmir etdikdən sonra evdən çıxmış və Hovsan qəsəbəsində yerləşən “Ticarət Mərkəzi” deyilən yerin qarşısı ilə Hövsan qəsəbəsinin mərkəzi istiqamətində hərəkət etmişlər. Həmin vaxt avtomobili o, idarə edirdi. Qardaşı Mətləb isə ön sərnişin oturacağında əyləşmişdir. “Ticarət Mərkəzi” deyilən yerin qarşısında yolun sağ hərəkət hissəsi ilə hərəkət edib həmin enli yolun dar yola birləşdiyi hissəyə keçmişdir. Bu zaman avtomobili təxminən 60-70 km/s sürətlə idarə edirdi. Enli yolun davamı olan dar yola daxil olmağa bir neçə metr qalmış görmüşdür ki, bir moped enli yoldan dar yola daxil olur. Moped dar yola daxil olduqdan sonra yolun kənarı ilə deyil, bir qədər ortası ilə hərəkət edirdi. Dar yola daxil olduqdan sonra önündəki həmin mopedi soldan ötmək istəmiş, lakin qarşıdan bir avtomobilin yüksək sürətlə gəldiyini görüb toqquşmamaq üçün geriyə qayıdaraq mopedin arxasına keçmişdir. Təkrar ötmə əməliyyatı etmək istəyərkən qarşıdakı mopedin sürücüsü sükanı sağa-sola istiqamətləndirməyə başlayıb «vargar» etmişdir. Mopedin yanına çatdıqda moped bir qədər sola istiqamətlənmiş, həmin vaxt qarşıdan avtomobil gəldiyinə görə o (təqsirləndirilən şəxs), idarə etdiyi avtomobilin sükanını sağa tərəf istiqamətləndirmişdir. Bu zaman idarə etdiyi avtomobilin qabaq sağ künc hissəsi ilə həmin mopedi vurmuşdur. Zərbənin təsirindən mopedi idarə edən şəxs qalxıb avtomobilin ön alın şüşəsinə dəymiş və yol kənarındakı torpaq sahəyə düşüb qalmışdır. Moped isə bir qədər irəliyə getdikdən sonra yol kənarına çıxıb aşmışdır. Hadisə vaxtı həyacanlandığına görə avtomobilin idarəetməsini itirmiş və qarşı hərəkət yoluna daxil olub yolun sol hərəkət hissəsini də keçərək yol kənarına çıxıb dayanmışdır. Bundan sonra yanında əyləşmiş qardaşından xəsarət alıb-almadığını soruşmuş, sonuncu heç bir xəsarət almadığını bildirmişdir. Həmçinin dərhal avtomobildən yerə enib mopedi idarə edən şəxsə yaxınlaşmışdır. Həmin şəxs nəfəs alsa da, tərpənmirdi. Dərhal təcil tibbi yardım stansiyasına zəng etmiş, həmçinin yoldan keçən tanımadığı avtomobillərə əl edərək kömək istəmişdir. Heç kimin yaxınlaşmadığını görüb qohumu Müşviqə zəng edərək hadisə barədə məlumat vermiş və dərhal hadisə yerinə gəlib mopedi idarə edən şəxsi xəstəxanaya aparmağa kömək etməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra qohumu Müşviq hadisə yerinə gəlmiş, yerdə uzanmış halda olan sürücünü Müşviqin avtomobilinə uzadaraq Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparmışdır. Orada həmin şəxs müayinə edilərək əməliyyat olunmuşdur. Lakin göstərilmiş tibbi yardıma baxmayaraq, həmin şəxs ölmüşdür. Sonradan ona məlum olub ki, mopedi idarə etmiş şəxsin adı Zərərçəkmiş şəxsdur. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, mərhumun xəstəxanada müalicəsinə, dəfninə, qəbirüstü abidəsinin quraşdırılmasına və s. qohumlarının maddi yardımı ilə təxminən 4.400 manat miqdarında xərc çəkib. Bununla yanaşı, qohumlarının maddi yardımı və kənar şəxslərdən borc almaq hesabına mərhumun ailəsinə 10.000 manat miqdarında pul verib və mərhumun ailəsi ilə barışıq əldə edibdir. Törətdiyi cinayət əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun əri olub. Rüstəmin özünə məxsus mopedi var idi. xx xxxx 2020-ci ildə axşam saatlarında evdə olduğu vaxt ona zəng edilərək bildirilmişdir ki, Rüstəmi avtomobil vurub və Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Bundan sonra ailə üzvləri ilə birlikdə həmin xəstəxanaya getmiş, orada bilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi mopedi vurub. Əri Rüstəm yol-nəqliyyat qəzasında aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Qeyd edir ki, təqsirləndirilən şəxs və sonuncunun qohumları həqiqətən də mərhumun xəstəxanada müalicəsinə, dəfninə, qəbirüstü abidəsinin quraşdırılmasına və s. xərc çəkib, həmçinin ona 10.000 manat miqdarında pul veriblər. Təqsirləndirilən şəxslə barışıb, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, “Mercedes Benz C-240” minik markalı 99BJ635 dövlət qeydiyyat nişanlı avtomobil əvvəllər ona məxsus olub. Sonradan avtomobili təqsirləndirilən şəxsin qardaşı Şahid1 faktik olaraq satmış, lakin alğı-satqını rəsmiləşdirməmişlər. Bunun əvəzinə Şahid1 adına etibarnamə verib. Beləliklə, avtomobilin qeydiyyat şəhadətnaməsində mülkiyyətçi kimi onun adı qeyd edildiyinə baxmayaraq, “Mercedes Benz C-240” minik markalı 99BJ635 dövlət qeydiyyat nişanlı avtomobilin faktik sahibi Şahid1dur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 təqsirləndirilən şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qohumumdur. xx xxxx 2020-ci ildə axşam saatlarında Fərhad ona zəng edərək bildirmişdir ki, Hövsan-Türkan avtomobil yolunda idarə etdiyi avtomobillə qəza törədib. Ondan qəzanın baş verdiyi yeri dəqiq öyrənib dərhal həmin yerə getmiş, qəza nəticəsində xəsarətlər almış şəxsi köməkləşib onun (şahidin) avtomobilinin arxa oturacağına uzadıb xəstəxanaya aparmışlar. Xəsarət almış şəxsə xəstəxanada həkimlər tərəfindən lazımi yardım göstərildiyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmamışdır. Sonradan məlum oldu ki, ölən şəxs Zərərçəkmiş şəxsdur. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayəti törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sənədlərlə təsdiq olunur. xx xxxxxx 2020-ci il tarixli 8/1131 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “1-2. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Mercedes Benz C 240 markalı 99BJ635 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur”. Meyitin ekspertizası ilə bağlı xx xxxxxx 2020-ci il tarixli 85 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Mərhum Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə, laborator müayinənin cavabına əsasən, ölüm haqqında olan ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: 1. Mərhum Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – təpə sümüyünün deşilmiş-basılmış sınığı, baş beyinin əzilməsi, hər iki göz ətrafının hematoması, başın və bədənin çoxsaylı sıyrıqları həyatı olub, bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. 2. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu açıq kəllə beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən 1 – 1,5 saat əvvələ uyğun gələ bilər. 3. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir (xx.xx.2020-ci il tarixli 2104/K saylı akt)». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün özündən asılı olan bütün tədbirləri gördüyünü, mərhumun dəfni, qəbir daşının quraşdırılması və bununla əlaqədar s. işlərin görülməsi üçün zəruri vəsait xərclədiyini, bununla yanaşı zərərçəkmiş şəxsin hüququ varisi ilə barışıq əldə etdiyini, ona maddi yardım göstərdiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin və tələbinin olmadığını, Laçın rayonundan məcburi köçkün olmaqla himayəsində yetkinlik yaşına çatmamış uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz C240” minik markalı 99BJ635 dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 sahibliyinə qaytarılmalı, moped zərərçəkmiş şəxsin hüquqi varisi X1 verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz C240” minik markalı 99BJ635 dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 sahibliyinə qaytarılsın, moped zərərçəkmiş şəxsin hüquqi varisi X1 verilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-186/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-186/2020
18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver