Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-186/2021 24.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1977-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-219/2018 nömrəli iş üzrə 23 iyul 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 7(010)-160/2019 nömrəli iş üzrə 14 iyun 2019-cu il tarixli qərarı ilə yuxarıda göstərilən hökm üzrə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 09 (doqquz) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 03 aprel 2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, 21 – 23 noyabr 2020-ci il tarixləri üzrə tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 4(010)-14/2021 nömrəli iş üzrə 08 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində əvvəli 06 yanvar 2021-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin müvafiq qərarları ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti uzadılmışdır) və 06 yanvar 2021-ci il tarixindən etibarən həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə xx xxxxxxx 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Heydərabad qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yaşayış sahəsində nömrəsiz evdə yaşayan, 06 – 08 yanvar 2021-ci il tarixləri üzrə tutulmuş, müstəntiqin 08 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilmiş və 16 iyul 2021-ci il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 08 oktyabr 2020-ci ildə səhər saatlarında ünvan 3 ünvanının yaxınlığında yerləşən “X2” sexinin giriş qapısının kilidini dəmir parçası ilə vurub sındıraraq qanunsuz olaraq sexə daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 120 manat dəyərində “Bosch” markalı GBH 2-26 DRE model perforator, bir ədəd 60 manat dəyərində “KPAD-M” markalı laqunda və 10 manat dəyərində elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 190 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 30 oktyabr 2020-ci ildə saat 01 radələrində ünvan 4 ünvanda yerləşən “AL” adlı mağazanın tavan hissəsini əli ilə sökərək qanunsuz olaraq mağazanın içərisinə daxil olub mağazadan bir ədəd içərisində 425 manat pul vəsaiti olan 500 manat dəyərində dəmir seyfi və bir ədəd 100 manat dəyərində müşahidə kamerasını gizli olaraq talayıb zərərçəkmiş şəxs “AL” adlı mağazaya ümumilikdə 1.025 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 16 noyabr 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 5 ünvanda yerləşən mağazanın qapısının qıfılını dəmir parçası ilə vurub sındıraraq qanunsuz olaraq mağazaya daxil olub oradan 140 manat dəyərində “Kent 4” markalı, 144 manat dəyərində “Rothmans” markalı, 228 manat dəyərində “Magna” markalı, 198 manat dəyərində “Winston” markalı, 190 manat dəyərində “Sobranie” markalı, 216 manat dəyərində “Palma” markalı, 56 manat dəyərində “LD” markalı, 42 manat dəyərində “Classic” markalı, 240 manat dəyərində “Vinchester” markalı siqaretlər, 100 manat dəyərində “Azərfon”, 50 manat dəyərində “Azərcell”, 50 manat dəyərində “Bakcell danışıq kartları və 35 manat dəyərində qəpik pulları gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1.689 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 21 noyabr 2020-ci ildə saat 06:30 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 6 ünvanda yerləşən mənzilin pəncərəsini üzərində olan alətlə açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub mənzildən sonuncuya məxsus bir ədəd 30 manat dəyərində üzərində “Givenghy” markalanma yazısı olan, ağ rəngli dəridən tikilmiş, üst hissəsi zəncirbəndlə bağlanan istifadədə olmuş, (üzərində istismar xarakterli qüsurlar var) qadın əl çantası, bir ədəd 25 manat dəyərində istifadədə olmuş, 7 litr tutumlu elektriklə işləyən samovar, bir ədədinin dəyəri 10 manat olan 04 ədəd 40 manat dəyərində alüminium materialdan hazırlanmış orta ölçülü qazan, bir ədədinin dəyəri 2 manat olan 12 ədəd 24 manat dəyərində balaca və orta ölçülü qazan qapaqları, bir ədəd 6 manat dəyərində mis əsaslı ərintidən hazırlanmış kiçik ölçülü dəm çayniki, bir ədədinin dəyəri 50 qəpik olan 04 ədəd 2 manat dəyərində qasıq və bir ədəd 3 manat dəyərində mis əsaslı ərintidən hazırlanmış ədviyyat əzəni gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 130 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq 27 dekabr 2020-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus yaşayış olmayan ünvan 7 ünvanda yerləşən mənzilin qarşısına gəlmiş, orada aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 qapını açmış və həyətə daxil olmuşlar, sonra o, əli ilə mənzilin pəncərəsini itələyib açmış, ilkin olaraq özü, sonra isə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq yaşayış sahəsinə daxil olmuş, mənzildən Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə dəyəri 910 manat təşkil edən bir ədəd “LG” markalı televizor, bir ədəd gödəkcə və bir ədəd televizor altlığını götürüb həyətə çıxmışlar, həyətdə Təqsirləndirilən şəxs2 onu gözləmiş, o, isə həyətdə yerləşən mənzilin hamamına daxil olub oradan bir ədəd 60 manat dəyərində “M.O” markalı, JSD24 model, 24 litrlik su qızdırıcısını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 970 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq 27 dekabr 2020-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus yaşayış olmayan ünvan 7 ünvanda yerləşən mənzilin qarşısına gəlmiş, orada aralarında olan cinayətkar razılaşmaya əsasən o, qapını açmış və həyətə daxil olmuşlar, sonra Təqsirləndirilən şəxs1 əli ilə mənzilin pəncərəsini itələyib açmış, ilkin olaraq sonuncu, sonra isə o, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmuş, mənzildən Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə dəyəri 910 manat təşkil edən bir ədəd “LG” markalı televizor, bir ədəd gödəkcə və bir ədəd televizor altlığını götürüb həyətə çıxmışlar, həyətdə o, gözləmiş, Təqsirləndirilən şəxs1 isə həyətdə yerləşən mənzilin hamamına daxil olub oradan bir ədəd 60 manat dəyərində “M.O” markalı, JSD24 model 24 litrlik su qızdırıcısını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 970 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, ailəlidir, iki azyaşlı uşağı var, uşaqları əkizdir və onun himayəsində yaşayırlar. Son zamanlar Respublikanın ərazisində geniş yayılmış Covid-19 xəstəliyi ilə əlaqədar heç bir yerdə işləməmiş və ailəsini dolandıra bilməmişdir. Bu səbəbdən də dolanışığında maddi cəhətdən çətinliklər yaranmışdır. Pulu necə əldə edəcəyini fikirləşdi, lakin yola tapa bilmədi, bunun üçün asan yol kim oğurluq etməyi qərarlaşdırdı. 08 oktyabr 2020-ci il tarixdə səhər saat 07 radələrində yaşadığı evdən çıxıb araba ilə yollardan dəmir yığmağa başladı. Piyada Suraxanı rayonu, Hovsan qəsəbəsi, Dənizkənarı küçəsi tərəfdə dəmir toplayaraq orada yerləşən dəmir qapı hazırlanan sexin qarşısına gəldi. Sexi gördükdə oraya daxil olub oğurluq edərək əldə etdiyi əmlakı satmaq qərarına gəldi. Ətrafa baxıb heç kəsin olmadığına əmin olduqdan sonra sexin yanından yerdən dəmir parçası tapdı və sexin qapısının kilid hissəsini dəmir parçası ilə sındırdı. Qapını əli ilə açaraq sexin həyətinə daxil oldu, bu zaman həmin sexin həyətində dəmir konteyner gördü və həmin konteynerə yaxınlaşıb dəmir parçasını konteynerin qapısının kilid hissəsinə salaraq kilidi sındıraraq qapını açıb konteynerə daxil oldu. Konteynerin içinə nəzər yetirdi və oradan bir ədəd perforator, bir ədəd laqunda və bir neçə metr uzunluğunda elektrik naqilini götürərək özü ilə gətirdiyi aparatın içinə qoyaraq konteynerdən çıxıb oradan uzaqlaşdı. İlkin olaraq oğurladığı təmir-tikinti əşyalarını satmağı qərara alsa da, sonradan özü də usta olduğu üçün həmin alətlərin lazım olacağını fikirləşdi, buna görə satmadı və yaşadığı evdə saxladı. 13 oktyabr 2020-ci il tarixdə piyada yol kənarı ilə Zığ qəsəbəsinə gedən zaman polis əməkdaşları ona yaxınlaşdı və Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etdilər. PŞ-də etdiyi oğurluq əməlini etiraf etdi, oğurladığı bir ədəd perforator, bir ədəd laqunda və elektrik naqilini təqdim etdi. Bundan sonra o, 20 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində yerləşən mənzilin həyətyanı sahəsinə çəkilmiş daş hasarından həyətə daxil oldu. Həmin mənzil iki mərtəbəli idi, mənzilin pilləkənləri ilə ikinci mərtəbəsinə qalxdı və evin pəncərəsinin şüşəsini özü ilə gətirdiyi vintaçanla çıxarıb evə daxil oldu. Evin içərisində olan otaqları axtardı, mənzildən bir ədəd samovar, 4 ədəd qazan, 3-4 ədəd qaşıq, qazan qapaqları, ədviyyat əzən oğurlayaraq mənzilə daxil olduğu yerdən çölə çıxdı. Həmin əşyaları yaşadığı mənzilə gətirib gizlətdi ki, səhəri gün satıb pul əldə etsin. 21 noyabr 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldı və oğurladığı əşyaları polis əməkdaşlarına təhvil verdi. Sonuncu dəfə 27 dekabr 2020-ci il tarixdə avtobusda tanışı Təqsirləndirilən şəxs2 ilə rastlaşdı və söhbət zamanı onun da işsiz olduğunu öyrəndi. Əkbər də pula ehtiyacı olduğunu demişdi. Əkbərə bildirdi ki, oğurluq edəcəkdir. Əkbər də oğurluq etmək üçün münasib yer tanıdığını bildirdi və onlar birlikdə Zığ bağları yaşayış massivinə gəldilər. Əkbər yaşadığı evin yaxınlığında yaşayış olmayan mənzil tanıdığını və həmin evdən oğurluq edə biləcəklərini bildirdi. Əkbər ilə razılaşdı və onun dediyi evin qarşısına gəlib ətrafa baxdı. Heç kəsin olmamasını dəqiqləşdirib mənzilin qapısının sol tərəfində olan elektrik şitindən naqilini kəsdi. Sonra isə həyətdə olan hamama daxil olub divara bərkidilmiş bir ədəd su qızdırıcısını və kabeli yerindən söküb çıxardı. Su qızdırıcısını götürüb mənzilin qapısını açıb çölə çıxdı, çöldə Əkbər ilə razılaşıb həmin əşyanı satdıqdan sonra pulu aralarında böləcəklərinə qərar verib bir ədəd su qızdırıcısını götürdülər və oradan uzaqlaşdılar. Su qızdırıcısını yaşadığı evə gətirdi və evdə gizlətdi. Gecəni evdə yatdı, səhər açıldıqda su qızdırıcısını satmaq üçün müştəri axtardı, lakin su qızdırıcısını sata bilmədi. Təqsirləndirilən şəxs qeyd edir ki, ittiham aktında göstərilən digər əşyaları oğurlamayıb, həmçinin ona ittiham olunan digər epizodlar üzrə cinayət əməllərini törətməyib. Törətdiyi cinayət əməllərinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 bir neçə aydır ki, tanıyırdı və onunla dostluq münasibətində olub. Heç bir yerdə işləmir, lakin mütəmadi olaraq iş olduqda müxtəlif yerlərdə fəhləlik etməklə məşğul olub ailəsini dolandırırdı. Lakin bir neçə aydır ki, iş yox idi və işsiz qalmışdır. İşsiz olduğu üçün problemləri üst-üstə düşmüş və nə edəcəyini bilmədiyindən oğurluq etmək qərarına gəldi. Haradan oğurluq edəcəyini fikirləşdikdə qonşuluqda yerləşən mənzildə heç kəsin olmadığı yadına düşdü, belə ki, yaşadığı mənzildən bir neçə metr aralıda birmərtəbəli yaşayış evi yerləşirdi, həmin mənzildə yaşayış yox idi və mənzil sahibinin mütəmadi olaraq mənzilə gəlib nəzarət etdiyini görmüşdü, lakin orada yaşamırdı. Həmin mənzildə qiymətli əşyalar olduğunu fikirləşdi və oradan oğurluq etməyə qərar verdi. 27 dekabr 2020-ci il tarixdə avtobusda Təqsirləndirilən şəxs1lə rastlaşdı, Hacı ilə söhbət edən zaman o bildirdi ki, bir neçə gündür ki, pulu yoxdur və işləməyə iş də tapa bilmir. Hacıya onunla eyni vəziyyətdə olduğumu bildirdi. Bundan sonra onlar hər ikisi razılaşdılar ki, oğurluq etsinlər. Hacıya oğurluq etmək üçün yer tanıdığını bildirdi və yaşadığı evin yaxınlığına gəldilər. Hacıya oğurluq edəcəyini mənzili göstərdi və evin qarşısında dayanıb ətrafa baxdı. Heç kəsin olmadığından əmin olub Hacı mənzilin qapısının sol tərəfində olan elektrik şitindən naqilini yerdən tapdığı əşya ilə kəsdi. O, isə həyət qapısını itələyib açdı və içəri həyətə daxil oldu. Həyətdə olan zaman Hacı hamamın qapısını açıb bir neçə dəqiqə sonra əlində bir ədəd su qızdırıcısı ilə çıxdı. Təqsirləndirilən şəxs bildirir ki, ittiham aktının nəticəvi hissəsində göstərilən digər əşyaları oğurlamayıb. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ittiham aktında bəhs edilən “X2” sexini kirayə vermişdir. Təqsirləndirilən şəxs1 qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ünvan 6 ünvanda iki mərtəbəli ev inşa etdirmişdir. Həmin evin 36 sot torpaq sahəsi olmuş, orada əvvəllər yaşamışdır, lakin 15 il müddətdir ki, həmin evdə yaşayış yoxdur. Ancaq mütəmadi olaraq evinə gedib nəzarət edir. 21 noyabr 2020-ci il tarixdə qardaşı Bilal mobil telefonuna zəng edərək evin ikinci mərtəbəsinin qapısının açıq vəziyyətdə olmasını görüb və oradan oğurluq olmasını aşkar etdiyini bildirmişdir. O, həmin evə getdikdə pəncərənin şüşəsinin sındırıldığını, oradan evə daxil olub mənzilindən oğurluq olmasını gördü. Qeyd edir ki, onun əvvəllər mağazası olmuşdur, bəzi səbəblərdən müflis olduğu üçün mağazanın 15.000 manat dəyərində mallarını həmin evə gətirib yığmışdır. Evdə olan əşyalarına baxdıqda 15.000 manat dəyərində müxtəlif çeşidli geyimlərin, məişət əşyaların, qabların, bir ədəd samovarın və 4 ədəd qazanların oğurlanmasını aşkar etdi. Həmin vaxt DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdi. Polis gəldi və ayaq izlərindən məlum oldu ki, oğurluq edən 2 nəfər olub. Mallarının çox hissəsini qardaşının oğlu oğurlayıb. Qardaşı oğlu barəsində də hal-hazırda istintaq aparılır. Təqsirləndirilən şəxs1 onun mallarının bir qismini, yəni ittiham aktının nəticəvi hissəsində göstərilən əşyaları oğurlayıb və polis şöbəsində həmin malları oğurladığını etiraf edib. Zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs1 qarşı şikayəti və tələbi yoxdur. İş üzrə ibtidai araşdırma dövründə zərərçəkmiş şəxs qismində cəlb edilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxslərə qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bildiyinə baxmayaraq hər iki təqsirləndirilən şəxsin onlara ittiham olunan cinayət əməllərini törətməsi faktı təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 iş üzrə ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrdə özünü ona ittiham olunan cinayət əməllərini törətməkdə təqsirli bilmiş və buna uyğun ifadələr vermişdir. 25 dekabr 2020-ci il tarixli 9/5304 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 180,00 manat müəyyən edilir». Rəyin tədqiqat hissəsində “Bosch” markalı, GBH 2-26 DRE model perforator bir ədədi 120 manat dəyərində, “KPAD-M” markalı laqunda bir ədədi 60 manat dəyərində, cəmi 180 manat olduqları göstərilir. 09 fevral 2021-ci il tarixli 9/640 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “M.O” markalı, JSD24 model, 24 litrlik su qızdırıcısının istifadədə olması nəzərə alınmaqla 2020-ci il dekabr ayına olan orta bazar qiyməti təxminən 60,00 manat müəyyən edilir. 30 aprel 2021-ci il tarixli 139 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim olunan oğurlanmış əmlakın işlənmə dərəcəsi nəzərə alınmaqla hazırkı vəziyyətdə 2020-ci ilin noyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri 130.00 manat müəyyən edilir. Rəyin tədqiqat hissəsində bir ədəd üzərində “Givenghy” markalanma yazısı olan, ağ rəngli dəridən tikilmiş, üst hissəsi zəncirbəndlə bağlanan qadın əl çantası istifadədə olub (üzərində istismar xarakterli qüsurlar var) dəyəri 30 manat; bir ədəd istifadədə olmuş, 7 litr tutumlu elektriklə işləyən samovarın dəyəri 25 manat; bir ədəd alüminium materialdan hazırlanmış orta ölçülü qazanın dəyəri 10 manat, dörd ədədi 40 manat; bir ədəd balaca və orta ölçülü qazan qapaqlarının dəyəri 2 manat, 12 ədədinin dəyəri 24 manat; bir ədəd mis əsaslı ərintidən hazırlanmış kiçik ölçülü dəm çaynikinin dəyəri 6 manat; bir ədəd qasığın dəyəri 0,50 qəpik, dörd ədədinin dəyəri 2 manat; bir ədəd mis əsaslı ərintidən hazırlanmış ədviyyat əzənin dəyəri 3 manat olduqları göstərilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməlini qismən də olsa etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ona qarşı şikayətinin və tələbinin olmadığını, himayəsində 2 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin qeyd olunur ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-219/2018 nömrəli iş üzrə 23 iyul 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 7(010)-160/2019 nömrəli iş üzrə 14 iyun 2019-cu il tarixli qərarı ilə yuxarıda göstərilən hökm üzrə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 09 (doqquz) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 03 aprel 2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə cinayəti yuxarıda qeyd olunan hökm üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayət əməlini etiraf etdiyini və peşman olduğunu, Zərərçəkmiş şəxs1 ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyaları çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Bosch” markalı GBH 2-26 DRE model perforator, bir ədəd “Kpad-M” markalı laqunda, bir ədəd “M.O” markalı, JSD24 model, 24 litrlik su qızdırıcısı, bir ədəd üzərində “Givenghy” markalanma yazısı olan, ağ rəngli dəridən tikilmiş, üst hissəsi zəncirbəndlə bağlanan qadın əl çantası, bir ədəd istifadədə olmuş, 7 litr tutumlu elektriklə işləyən samovar, dörd ədəd alüminium materialdan hazırlanmış orta ölçülü qazan, 12 ədəd balaca və orta ölçülü qazan qapaqları, 01 ədəd mis əsaslı ərintidən hazırlanmış kiçik ölçülü dəm çayniki, 04 ədəd qaşıq və 01 ədəd mis əsaslı ərintidən hazırlanmış ədviyyat əzən öz sahiblərinə qaytarıldığından müvafiq zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab olunmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 21 – 23 noyabr 2020-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının əvvəli 06 yanvar 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 06 – 08 yanvar 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün, həmçinin 16 iyul 2021-ci il tarixindən bu günədək həbsdə saxlanıldığı 04 (dörd) ay 08 (səkkiz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il (03 (üç) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli yaşadığı yer üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Bosch” markalı GBH 2-26 DRE model perforator, bir ədəd “Kpad-M” markalı laqunda, bir ədəd “M.O” markalı, JSD24 model, 24 litrlik su qızdırıcısı, bir ədəd üzərində “Givenghy” markalanma yazısı olan, ağ rəngli dəridən tikilmiş, üst hissəsi zəncirbəndlə bağlanan qadın əl çantası, bir ədəd istifadədə olmuş, 7 litr tutumlu elektriklə işləyən samovar, dörd ədəd alüminium materialdan hazırlanmış orta ölçülü qazan, 12 ədəd balaca və orta ölçülü qazan qapaqları, 01 ədəd mis əsaslı ərintidən hazırlanmış kiçik ölçülü dəm çayniki, 04 ədəd qaşıq və 01 ədəd mis əsaslı ərintidən hazırlanmış ədviyyat əzən öz sahiblərinə qaytarıldığından müvafiq zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-186/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-186/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver