Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-189/2024 08.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 nümayəndələri, vəkillər Nümayəndə1 və Nümayəndə2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə 11 sentyabr 1985-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X8 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinin tərkibi olduğuna görə, onun cinayət məsuliyyətinə cəlb olunması və İ.Əhmədova həmin maddələrdə nəzərdə tutulmuş sanksiyanın yuxarı həddində azadlıqdan məhrumetmə növündə müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Bundan başqa X8 “şərəf, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi, vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ovqat.com” analitik informasiya portalında ondan yazılı qaydada üzr istənilməsi, habelə “Təkzib” başlığı altında aşağıdakı məzmunda təkzib verilməsi vəzifəsinin mülki cavabdeh X2 üzərinə qoyulması: “Ovqat.com” analitik informasiya portalında xx.xx.2023-cü il tarixdə yayımlanmış “Türk mediası Naxçıvana dəvət oluna bilər: Gəlsinlər, görsünlər Emin Uçar bizi nə günə qoyub” başlıqlı, xx.xx.2024-cü il tarixdə yayımlanmış “Arkoz”a qarşı sərt ittiham: “X7 talaya-talaya çevrilib oldu Bəy Emin” başlıqlı və xx.xx.2024-cü il tarixdə yayımlanmış “Bəli, X9 iş götürsəydi, oraya da fəhlələri Naxçıvandan aparardı” başlıqlı yazıların mətnində onun barəsində əks olunmuş məlumatların həqiqəti əks etdirmədiyini etiraf (təsdiq) edirəm”, şərəf, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi kimi 100.000 manatın, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 390 manat dövlət rüsumunun əvəzinin X1 onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmənin 31 iyul 2024-cü il tarixli məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 ərizə təqdim edərək qeyd etmişdir ki, “Ovqat.com” saytında gedən X8 ilə bağlı məqalə həqiqətləri əks etdirmir, səsləndirdiyi ifadələrlə bağlı yanlış anlaşılmaya görə üzr istəyir, X8 ilə daim yaxşı münasibətdə olmuş, bununla bağlı aralarında hər hansı bir problem yoxdur, gələcəkdə də X8 ilə hər hansı bir işlə bağlı birgə fəaliyyət göstərməyə şad olardı. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 nümayəndələri, vəkillər Nümayəndə1 və Nümayəndə2 ərizə təqdim edərək qeyd etmişlər ki, tərəflər arasında yaranmış mübahisə məhkəmədənkənar qaydada həll olunduğuna görə, xüsusi ittihamçı X8 təqsirləndirilən şxsə X3 münasibətdə xüsusi ittihamın müdafiəsindən imtina edirlər. Bu səbəbdən təqsirləndirilən şəxs X4 barəsində başlanmış cinayət təqibinə xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 xüsusi ittiham qaydasında şikayətə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarının 16-cı hissəsində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilmiş şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halının yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə tərəflər barışdığından X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 314.2, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-189/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-189/2024
08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver