Məhkəmə qərarları › İş №1(010)-19/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-19/2020

13.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-19/2020 13.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxxxxx 1966-cı ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 15 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 72.000 manat məbləğində borcu və 30 manat məbləğində dövlət rüsumunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməli olduğuna dair Suraxanı Rayon Məhkəməsinin 2(010)-402/2018 nömrəli iş üzrə xx xxxxx 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə görə Suraxanı Rayon Məhkəməsinin inzibati xəta haqqında 3(010)-1307/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.000 manat miqdarında cərimə edildiyinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıldığına, habelə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edildiyinə baxmayaraq, tələbkara olan borcunu ödəməməklə məhkəmənin həmin qətnaməsini qərəzli olaraq icra etməmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, əslində Suraxanı Rayon Məhkəməsinin 2(010)-402/2018 nömrəli iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsində qət olunmuş 72.000 manat miqdarında borc onun deyil, dostu X2r. Belə ki, X6 Cəlilovdan borc istəmiş, sonuncu bununla razılaşmışdır. Zaur Ağayev və Zərərçəkmiş şəxs borc münasibətlərini müqavilə ilə rəsmiləşdirmək üçün notariat kontoruna getmişlər. Həmin vaxt notariat kontoruna o (təqsirləndirilən şəxs) da getmişdir. Zaur Ağayevin şəxsiyyət vəsiqəsi olmadığına görə notarius onun adına müqavilə bağlamaqdan imtina etmişdir. Zaur Ağayevlə dost olduğuna görə təklif etmişdir ki, müqavilə onun (təqsirləndirilən şəxsin) adına bağlansın. Bununla həm Zaur Ağayev, həm də Zərərçəkmiş şəxs razılaşmışdır. Beləliklə, borc müqaviləsi Zərərçəkmiş şəxsla onun (Təqsirləndirilən şəxs) arasında rəsmiləşdirilib. Əslində isə bütün borc məbləği ona deyil, Zaur Ağayevə verilib. Zərərçəkmiş şəxs pulunun qaytarılmasını tələb etmiş, Zaur Ağayev isə pulu olmadığına görə borcunu qaytara bilməmişdir. Ona görə də Zərərçəkmiş şəxs məhkəməyə müraciət edib. Lakin borc müqaviləsi onun adına rəsmiləşdirildiyinə görə Zərərçəkmiş şəxs iddianı da ona qarşı qaldırmışdır. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, ötən dövrdə X6 Cəlilova olan borcunun 23.300 manatlıq hissəsini qaytarıb və hazırda borc miqdarı 48.700 manat təşkil edir. Təqsirləndirilən şəxs göstərilənləri nəzərə alaraq ona bəraət verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qeyd etmişdir ki, təqsirləndirilən şəxsin məhkəməyə bildirdikləri həqiqətə uyğun deyil. Belə ki, o, 72.000 manat miqdarında borcu X3 deyil, məhz təqsirləndirilən şəxsə özünə vermiş, bununla bağlı aralarında notariat qaydasında müqavilə bağlanmışdır. Lakin Təqsirləndirilən şəxs razılaşdıqları vaxtdan xeyli müddət keçdiyinə baxmayaraq borcu qaytarmamış, bu səbəbdən o, iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Suraxanı Rayon Məhkəməsinin 2(010)-402/2018 nömrəli iş üzrə xx xxxxx 2018ci il tarixli qətnaməsi ilə iddiası təmin olunaraq Təqsirləndirilən şəxs onun xeyrinə 72.000 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün Suraxanı rayon İcra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək, könüllü icra üçün 10 gün müddət təyin edilmişdir. Lakin, Təqsirləndirilən şəxs qətnamənin icraya yönəldiyi vaxtdan xeyli müddət keçdiyinə, ölkədən getmək hüququ müvəqqətiməhdudlaşdırıldığına, həmçinin Suraxanı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1.000 manat miqdarında cərimə edildiyinə baxmayaraq borcunu ödəməmiş, məhkəmə qətnaməsini tam icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, ötən dövrdə borcun 23.300 manatlıq hissəsi qaytarılıb. Hazırda təqsirləndirilən şəxsin ona olan borcu 48.700 manat təşkil edir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Suraxanı rayon İcra və probasiya şöbəsində icra məmuru vəzifəsində işləyir. Qeyd edir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-402/2018 nömrəli iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi üzrə icra sənədi Suraxanı rayon İcra və probasiya şöbəsinə daxil olmuş, bununla əlaqədar xx xxxxxx 2018-ci ildə icraata başlamaq haqqında qərar verilmişdir. Lakin, görülmüş bütün icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs qət edilmiş pul məbləğini könüllü icra üçün müəyyən olunmuş müddət ərzində və bundan sonra ödəməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Suraxanı Rayon Məhkəməsinə təqdim edilmiş və Cəfərov X1 Rayon Məhkəməsinin inzibati xəta haqqında 3(010)-1307/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.000 manat miqdarında cərimə edilmişdir. Həmçinin müvafiq məhkəmə aktı ilə təqsirləndirilən şəxsin ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılıb. Təqsirləndirilən şəxs ona edilmiş bütün xəbərdarlıqlara baxmayaraq, bundan sonra da icra sənədini icra etməkdən boyun qaçırıb. Bu səbəbdən təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanması üçün sənədlər toplanaraq zəruri tədbirlər görülməsinə başlanmış, müvafiq məzmunlu təqdimatla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət olunmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. İş materialları ilə müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 402/2018 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş xx xxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 72.000 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Qətnamə xx xxxx 2018-ci ildə qanuni qüvvəyə minmiş, xx xxxx 2018-ci ildə icra vərəqəsi verilərək icraya yönəldilmişdir. xx xxxxxx 2018-ci ildə Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən həmin icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar qəbul edilib. İcra sənədi üzrə icraat zamanı borclu Təqsirləndirilən şəxs faktiki yaşayış yeri məlum olmadığına görə barəsində icra məmurunun xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə axtarış elan olunub. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2018-ci ildə Suraxanı rayon İcra və probasiya şöbəsinə gəlmiş, izahatı alınmışdır. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 8(010)-1765/2018 nömrəli qərardadı ilə Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmurunun müvafiq məzmunlu təqdimatı təmin olunaraq Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra məmuru tərəfindən Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2018-ci ildə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim edilmişdir. Suraxanı Rayon Məhkəməsinin inzibati xəta haqqında 3(010)-1307/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.000 manat miqdarında cərimə edilmişdir. xx xxxxxx 2019-cu ildə Təqsirləndirilən şəxs izahatı alınmış, cinayət məsuliyyəti barədə xəbərdar edilmiş, həmçinin ona borcu ödəməsi üçün 10 gün vaxt verilmişdir. Təqsirləndirilən şəxs borcunu ödəmədiyinə görə barəsində cinayət təqibi başlanması üçün sənədlər toplanmış və aidiyyəti üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmişdir. Təqsirləndirilən və zərərçəkmiş şəxslərin bildirdiklərindən görünür ki, təqsirləndirilən şəxs icra sənədi üzrə 23.300 manat miqdarında ödəniş edib. Onun ödənilməmiş borcu 48.700 manat təşkil edir. Məhkəmə işin faktik hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmir. Məhkəmə təqsirləndirilən şəxsin dəlillərinə münasibət bildirərək qeyd edir ki, icra vərəqəsi üzrə borclu X4 deyil, o, özüdür. Bu səbəbdən də qətnamə məhz Təqsirləndirilən şəxs tərəfindən icra edilməli və qətnamə ilə müəyyən edilmiş pul məbləği ondan tutulmalıdır. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsin dəlilləri əsaslı sayıla bilməz. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması halı tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmamış uşaqlarının olduğunu, şəkərli diabet və ürək xəstəliklərindən əziyyət çəkdiyini, yaşını və borcun bir hissəsinin ödənildiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailə vəziyyətinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar