Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-19/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Müdafiəçi2, Zərərçəkmiş şəxs1 nümayəndəsi, vəkil X3, təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi1 və X9 iştirakı ilə xx xxxxxx 1954-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 25 – 27 iyun 2018-ci il tarixləri üzrə tutulmuş, müstəntiqin 27 iyun 2018-ci il tarixli qərarı ilə barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş, 03 – 05 dekabr 2019-cu il tarixləri üzrə tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, həmin qərara əsasən 10 may 2021-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan- Türkan yolunda yerləşən «Türkan üzümçülük sovxozu» deyilən ərazidə özünə məxsus 20 sot torpaq sahəsini satacağını vəd edib aldadaraq, bu adla sonuncudan özünün ögey qardaşı X6 vasitəsilə 25 aprel 2014-ci ildə saat 13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunda Azərbaycan Respublikası Mərkəzi Bankının valyuta məzənnəsi nəzərə alınmaqla həmin vaxt 7.843 manat təşkil edən 10.000 ABŞ dollarını və eyni məqsədlə 25 may 2014-cü ildə qeyd olunan ünvanda zərərçəkmiş şəxsə məxsus, Azərbaycan Respublikası Mərkəzi Bankının valyuta məzənnəsi nəzərə alınmaqla həmin vaxt 19.610 manat təşkil edən 25.000 ABŞ dolları dəyərində «Lexus GS300» markalı 99CO955 dövlət qeydiyyat nişanlı minik avtomobilini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 27.453 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, X6 onun ögey qardaşıdır. Şahid5 isə Firqədə görə tanıyıb. Şahid6 1997-ci ilin iyul ayından tanıyır və onunla münasibəti normaldır. Azərin ona borcu olduğuna görə Azər Bəxtiyar adlı şəxsdən aldığı və etibarnamə əsasında özünə məxsus olan 20 sot torpaq sahəsini sözdə ona vermiş, lakin bununla bağlı hər hansı sənədləşmə olmamışdır. Belə danışmışlar ki, o, həmin torpaq sahəsini kiməsə satmaq istəsə Azər həmin adamın adına etibarnamə verəcək. 2014-cü ilin may ayında qardaşı Firqəd ona bildirdi ki, dostu İslamın borcu var və borc sahibi İslamı narahat etməyə başlayıb. Ona görə də İslam borca pul istəyir. Firqəd ona bunları bildirərək ondan İslama borca pul verməyini xahiş etmiş, o, isə nağd pulunun olmadığını, lakin özünə məxsus 20 sot torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin 6 sotunu kiməsə satıb pulunu İslama verə biləcəyini, gələcəkdə İslamın pulu olduqda ona borcu qaytarmalı olduğunu, torpaq sahəsini satdıqdan sonra torpaq sahəsinə dair sənədləşməni özü həll edəcəyini bildirmişdir. Bundan bir qədər sonra Vüqar onu axtarıb taparaq qardaşı Firqədin ona 10.000 ABŞ dollarına 6 sot torpaq sahəsi satdığını, lakin sənədlərini həll edə bilmədiyini və bu səbəbdən də Firqəddən pulunu geri tələb etdiyini bildirmişdir. Söhbət zamanı Vüqara bildirmişdir ki, həmin torpaq sahəsinin yanında özünə məxsus, ümumilikdə 20 sot torpağı var. Bu torpağı 35.000 ABŞ dollarına satmaq istəyir və əgər o (zərərçəkmiş şəxs), Firqədə verdiyi 10.000 ABŞ dollarına əlavə olaraq ona 25.000 ABŞ dolları verərsə bütövlükdə torpaq sahəsini sənədləşdirib ona verə bilər. Vüqar onun bu təklifi ilə razılaşmış və 25.000 ABŞ dollarının əvəzinə ona özünə məxsus olan «Lexus GS300» markalı 99CO955 dövlət qeydiyyat nişanlı avtomobilini verə biləcəyini demişdir. Vuqarın bu təklifi ilə razılaşmış və onun təklifi ilə Vüqar ilk olaraq avtomobilə dair etibarnaməni İslamın adına vermiş, daha sonra isə onun (təqsirləndirilən şəxsin) Salman adlı şəxsə borcu olduğuna etibarnaməni Salmanın adına vermişdir. Bundan sonra o, torpaq sahəsinə dair Vüqara etibarnamə vermiş, lakin Vüqar bundan narazı qalaraq həmin etibarnamənin onun işini həll etmədiyini bildirərək pulunu geri tələb etməyə başlamışdır. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 2002-ci ildən etibarən Xətai rayonu ərazisində yerləşən «555» adlı avtomobil təmiri emalatxanasının müdiridir. Emalatxananın sahibi əmisi X2r. X5 2014-cü ildən tanıyır. Firqədlə əmisi Ağarəhim arasında yaxın münasibətlər var idi. 2014-cü ilin aprel ayının əvvəllərində o, dayısı oğlu Mahirin işlətdiyi, Hövsan qəsəbəsində yerləşən, hazırda adını xatırlamadığı kafedə olduğu vaxt Firqədi də orada görmüş və söhbət zamanı Firqəd ona bildirmişdir ki, bir nəfər şəxs özünə məxsus olan, Hövsan qəsəbəsində, şəhərcik adlanan yerdə yerləşən 06 sot torpaq sahəsini satır. Həmin ərəfədə torpaq sahəsi almaq istədiyirdi. Bunu Firqədə bildirmiş və həmin gün, yəni 25 aprel 2014-cü ildə Firqədlə birlikdə torpaq sahəsinə baxmış, torpaq sahəsinin sahibi adını xatırlamadığı bir şəxs torpaq sahəsini satmağa razılaşmışdır. Bu vaxt Firqət ona bildirdi ki, özünə məxsus Hövsan qəsəbəsində bağlar adlanan yerdə 06 sot torpaq sahəsi var və onu satmaq istəyir. Həmçinin Firqəd dedi ki, həmin torpaq sahəsinin sənədləri qaydasındadır və torpaq sahəsini ona 10.000 ABŞ dollarına sata bilər. O, Firqədlə razılaşmış və həmin gün onlar birlikdə Firqədin dediyi 06 sot torpaq sahəsinə baxmışlar. Firqədin yanında sonradan adını bildiyi Şahid5 da var idi. Torpaq sahəsinin yerləşdiyi yeri bəyəndiyi üçün onu almağa razılaşmış və orada Firqədə ilkin olaraq beh kimi 4.000 ABŞ dolları məbləğində pul vermişdir. Firqət həmin vaxt ona bildirdi ki, təxminən bir ay müddətində torpaq sahəsi ilə əlaqədar onun adına bütün sənədlər hazır olacaq. O, Firqədlə razılaşdıqdan sonra onlardan ayrıldı. Bir neçə gündən sonra Firqəd ona zəng edərək, torpaq sahəsinin sənədlərinin hazırlanması üçün pul lazım olduğunu bildirdi və İslamı işlədiyi «555» adlı avtomobil təmiri emalatxanasına göndərdi. O, da İslama Firqədə çatdırması üçün 3.000 ABŞ dolları məbləğində pul verdi. Bir qədər sonra Firqəd ona zəng edərək, İslamın pulu ona aparıb çatdırdığını təsdiq etdi. Bir neçə gündən sonra Firqəd yenə də ona zəng edərək sənədlərin hazırlanmasına 2.000 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirdi və o, Firqədə etiraz etmədikdə, Firqəd özü işlədiyi «555» adlı avtomobil təmiri emalatxanasının yaxınlığına gəldikdən sonra o, özü şəxsən Firqədin özünə 2.000 ABŞ dolları məbləğində pul verdi. Həmin vaxt Firqəddən sənədlərin hazırlanması ilə bağlı maraqlandıqda Firqəd ona bildirdi ki, narahat olmasın sənədlər hazırlanır və hər şey qaydasındadır. Təxminən bir həftədən sonra Firqəd yenə də zəng edərək, sənədlərin hazırlanmasına görə pul lazım olduğunu deyib ondan 1.000 ABŞ dolları məbləğində pul istədi və o, həmin pul məbləğini verməyə razılaşdıqdan sonra İslam işlədiyi emalatxanaya gələrək pulu ondan aldı. Firqəd də həmin pulu İslamdan aldığını təsdiq etdi. Firqədin ona vəd etdiyi vaxt gəlib çatdıqdan sonra o, bu barədə ondan soruşdu, Firqəd isə cavabında yaxın günlər ərzində sənədlərin hazır olacağını bildirdi. Lakin yenə də sənədlər hazır olmadığına görə o, Firqədə tez-tez zəng etməyə başladı. Həmin ərəfələrdə Firqədin ögey qardaşı, hamının «Qara» ləqəbi ilə tanıdığı Təqsirləndirilən şəxs ona zəng edərək, sənədlərin hazır olacağına tam əminliklə söz verdi. O, «Qara» ləqəbi ilə tanıdığı Təqsirləndirilən şəxs da Firqədi tanıdığı vaxtdan tanıyır və münasibətləri normal olub. Bir müddət sonra Ruhulla ona zəng edərək, görüşmək istədiyini bildirdi və onlar Hövsan qəsəbəsində yerləşən çayxanalardan birində görüşərək söhbət edən zaman Ruhulla ona dedi ki, sənədləşmə işi uzanır. Həmin vaxt Ruhulla ona təklif etdi ki, onun özünə məxsus 14 sot torpaq sahəsi var və həmin torpaq sahəsi onun Firqəddən aldığı torpaqla bitişikdir. Həmçinin təklif etdi ki, əgər almaq istəyirsə həmin 14 sot torpaq sahəsini də ona sata bilər və ümumilikdə iki dəfəyə deyil, bir dəfəlik az xərclə 20 sot torpaq sahəsinə sənəd alsınlar. Həmçinin, Ruhulla qeyd etdi ki, Firqədin satmaq istədiyi 6 sot torpaq sahəsi də ona məxsusdur və həmin torpaq sahəsini satması üçün qardaşına pay verib. O, Ruhullanın təklifi ilə razılaşdı və ona bildirdi ki, özünə məxsus olan «Lexus GS300» markalı 99CO955 dövlət qeydiyyat nişanlı avtomobili satmaq fikrindədir və avtomobili satdıqdan sonra təklif etdiyi 14 sot torpaq sahəsini ala bilər. Həmin vaxt Ruhulla ondan avtomobili hansı qiymətə satdığını soruşdu və o, avtomobili 25.000 ABŞ dollarına satdığını dedi. Bundan bir neçə gün sonra İslam işlədiyi avtomobil təmiri emalatxanasına gəldi və Ruhullanın ona məxsus «Lexus GS300» markalı 99CO955 dövlət qeydiyyat nişanlı avtomobili həmin 14 sot torpaq sahəsinin əvəzində almaq istədiyini dedi. İslam ona bu barədə bildirdikdən sonra, o, Ruhulla ilə telefon əlaqəsi saxladı və Ruhulla bir daha özü də ona telefonda avtomobilini 14 sot torpaq sahəsinin əvəzində almaq istədiyini təsdiqlədi. 24 may 2014-cü il tarixdə Ruhulla ona 20 sot torpaq sahəsinə dair etibarnamə verdi. Daha sonra, yəni 25 may 2014cü il tarixdə İslam Ruhullaya məxsus şəxsiyyət vəsiqəsini gətirdi və o, həmin şəxsiyyət vəsiqəsi əsasında Ruhullanın adına Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat kontorunda Ruhullanın adına baş etibarnamə verdi. Bundan sonra avtomobili və baş etibarnaməni İslamın vasitəsi ilə Ruhullaya göndərdi. Ruhulla da ona söz vermişdir ki, 3-4 gün ərzində ona etibarnamədən əlavə 20 sot torpaq sahəsinə görə çıxarış veriləcək. Lakin avtomobili verdikdən sonra Ruhulladan yenə xəbər çıxmadı və hər dəfə müxtəlif bəhanələr gətirməklə vaxtı uzatmağa başladı. Bundan sonra o, baş vermiş hadisə barədə əmisi Ağarəhimə danışdı və o, məsləhət bildi ki, tanışı Şahid1 ilə əlaqə saxlayıb özü Firqət və Ruhulla ilə söhbət edərək məsələyə aydınlıq gətirəcəkdir. O, da əmisinin məsləhəti ilə Salmanla əlaqə saxlayaraq məsələni ona danışdıqdan sonra, Firqəd ona zəng edərək hamılıqla görüşüb söhbət etməyi təklif etdi. Bundan sonra onlar 2014-cü ilin may ayının axırlarında Salmana məxsus Hövsan qəsəbəsində yerləşən ofisdə görüşdü, həmin görüşdə, o, Salman, Ruhulla, Firqəd, İslam, Şamil və tanımadığı bir neçə nəfər digər şəxslər iştirak edirdilər. Həmin söhbət zamanı Şamilin Salmana borcu olduğu üçün mübahisə yarandı və Ruhulla hamının ofisdən çıxmasını dedi. Bundan sonra üçü də, yəni Salman, Ruhulla və o, birlikdə ofisdə qaldılar. Həmin vaxt Ruhulla bildirdi ki, ondan aldığı 20 sot torpaq sahəsini sənədlərini tam şəkildə düzəltdirib ona verəcək və Şamilin Salmana olan borcuna görə ondan aldığı «Lexus GS300» markalı 99CO955 dövlət qeydiyyat nişanlı avtomobilini, həmçinin əlavə 1 sot torpaq sahəsini Ruhulla Salmana verəcəyini öhdəliyinə götürdü. O, belə başa düşdü ki, Ruhulla Salmana özünün borcunun yerinə avtomaşını verməyə razılaşdı. Bundan sonra onlar ofisdən çıxdılar və Ruhulla ondan aldığı «Lexus GS300» markalı 99CO955 dövlət qeydiyyat nişanlı avtomobili işlədiyi avtomobil təmiri emalatxanasının qarşısında saxlayaraq, açarları təhvil verdi. Daha sonra Salman ona zəng edərək bildirdi ki, Qəhrəman adında adam gələcək və o, avtomobilə dair həmin şəxsin adına baş etibarnamə versin. O, da 30 may 2014-cü il tarixdə Salmanın göndərdiyi X1 adına baş etibarnamə verdi və avtomobili də həmin şəxsə təhvil verdi. Lakin yenə də Ruhulla və Firqəd verdikləri sözə əməl etmədi. Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, hazırda ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilib. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayət əməlini etiraf etdiyini və peşman olduğunu, yaşını, səhhətinin vəziyyətini, zərərçəkmiş şəxsə cinayət nəticəsində vurduğu zərəri tam olaraq ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X4 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulmalıdır. Göstərilənlərlə yanaşı qeyd olunur ki, iş üzrə ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki iddia qaldırmışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən «Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur». Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən «Cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır…». Zərərçəkmiş şəxs1 işin məhkəmə baxışı dövründə ərizə ilə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam həcmdə ödənilib. Ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə yuxarıda göstərilən ərizəni, həmçinin zərərçəkmiş şəxsin məhkəməyə bildirdiklərini mülki iddiadan imtina kimi qiymətləndirir və işin faktik hallarını nəzərə alaraq hesab edir ki, bu imtina digər şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur. Məhkəmə Zərərçəkmiş şəxs1 mülki iddiasından imtinasını qəbul etməyi mümkün sayır. Azərbaycan Respublikası CPM-nin 186.2-ci maddəsinə əsasən «Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir». Göstərilənlərə əsasən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki iddiası üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, müstəntiqin «toplanmış sübutların qiymətləndirilməsi haqqında» 23 may 2020-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində «Lexus GS300» markalı 99CO955 dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınmalı olduğu, ittiham aktına əlavə edilmiş arayışda avtomobilin maddi sübut kimi tanındığı göstərildiyinə baxmayaraq, bununla, yəni «Lexus GS300» markalı 99CO955 dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması ilə bağlı qərar verilməmiş, iş üzrə ibtidai araşdırma dövründə həmin avtomobilə münasibətdə maddi sübutlara aid zəruri prosessual hərəkətlər həyata keçirilməmiş, o cümlədən ibtidai istintaq orqanı tərəfindən avtomobil götürülməmiş və ya hər hansı şəxsə saxlanılması üçün təhvil verilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə mövcud vəziyyətdə həmin əşyanın taleyinin həlli ilə bağlı qərar qəbul etməyi mümkün saymır və hesab edir ki, Zərərçəkmiş şəxs1 cinayət nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənildiyini nəzərə alınaraq «Lexus GS300» markalı 99CO955 dövlət qeydiyyat nişanlı avtomobilin hüquqi müqəddəratı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq alınmaqla ümumi qaydada müəyyən edilməli, həmin əmlakla bağlı mübahisə yaranarsa mülki icraat qaydasında məhkəməyə müraciət olunmaqla həll edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 186, 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 – 27 iyun 2018-ci il və 03 – 05 dekabr 2019-cu il tarixləri üzrə tutulduğu 04 (dörd) gün, habelə 10 may 2021-ci il tarixindən etibarən həbsdə saxlanıldığı 01 (bir) ay 04 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X4 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki iddiası üzrə icraata xitam verilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-19/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-19/2021
14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver