Məhkəmə qərarları › İş №1(010)-19/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-19/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-19/2022 15.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 2000-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Başqərvənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Boru zavodunun həyətində yeni tikilidə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 17 mart 2021-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşımada şübhəli bilinərək Bakı şəhəri, Əmircan qəsəbəsi, Xanlar Ələkbərov küçəsində saxlanılaraq idarə etdiyi “Mercedes” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasının həyətinə gətirilmiş, orada avtomobilinə baxış keçirilərəkən qabaq oturacağın üzərindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxladığı və daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 1.553 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metemfetamin, habelə avtomobilin qabaq sağ qapısının cibindən qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçağı və soyuq silah hesab edilən 01 (bir) ədəd beşbarmaq (kastet) tipində hazırlanmış vurucu əzici xassəyə malik kustar üsulla hazırlanmış predmet aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, təxminən fevral ayının ortalarından şüşə, yəni metemfetamindən istifadə etməyə başlamışdır. 17 mart 2021-ci il tarixdə, saat 12:30 radələrində yaşadğı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Boru Təmiri zavodundakı yeni tikilidən, idarə etdiyi “Mercedes” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə orada yaşayan həmyaşıdı X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsinə gəlmişlər. Onlar Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Xanlar Ələkbərov küçəsində, yəni Neft Bazanın yaxınlığında olarkən idarə etdiyi avtomobil bir qədər nasaz olduğundan onu yolun kənarına verərək saxlamışdır. Bu zaman Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları onlardan avtomobili saxlamalarının səbəbini soruşduqda, sonunculara avtomobilin nasaz olduğunu bildirmişlər. Həmin vaxt polis əməkdaşları ondan avtomobili işə salınmasını istəmişdir. O, avtomobilin açarını buran kimi avtomobil işə düşmüşdür. Polis əməkdaşları bundan şübhələnib ona bir neçə sual vermişlər, həmin vaxt o, özünü itirdiyindən polis əməkdaşalrı onları idarə etdiyi avtomobillə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsinə getdikdə avtomobilini bölmənin qarşısında saxlamış, özü isə dostu Fuad Sahibli ilə birlikdə bölmənin inzibati binasına aparılmış və post patrul xidmətinin əməkdaşları onları növbətçi hissəyə təhvil vermişlər. Onları bölməyə gətirən polis əməkdaşlarından ikisi sonradan qayıdıb iş yerinə getmişlər, bir polis nəfəri, sonradan adını bildiyi Şahid1 isə orada qalmışdır. Orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. O, polis əməkdaşlarına üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirdikdən sonra sonuncular tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Bu müvafiq qaydada protokollaşdırılmış və o, digər iştirakçılarla bərabər protokola imza etmişdir. Bundan sonra polis əməkdaşları, müdafiəçisinin iştirakı ilə onun idarə etdiyi “Mercedes” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmişlər, avtomobilin qabaq oturacağının üzərindən bir gün əvvəl tanımadığı şəxdən öz istifadəsi üçün aldığı bir ədəd bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddə - metamfetamin, avtomobilin qabaq sağ qapısının cibindən tanımadığı şəxsdən aldığı və suvenir kimi saxladığı bir ədəd bıçaq, bir ədəd beşbarmaq və arxa yük yerindən bir ədəd mətbəx bıçağı aşkar edilərək götürülmüşdür. Həmin psixotrop maddə və qeyd etdiyi digər əşyalar polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin Cinayət axtarış əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 17 mart 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları, adlarını sonradan bildiyi Şahid1, Şahid3 və X2 xidmətdə olduqları zaman saat 13:35-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Ələkbərov küçəsində yolun kənarında “Mercedes” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görüb həmin avtomobilə yaxınlaşmışlar. Avtomobildə olan 2 nəfər şəxsdən şübhələndikləri üçün onlardan yolun kənarında dayanmalarının səbəbini soruşmuşlar. Adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs avtomobilin yanacağının qurtardığını bildirdikdə polis əməkdaşları ondan avtomobilin mühərrikini işə salmasını istəmişlər və sonuncu avtomobilin açarını buran kimi avtomobil işə düşmüşdür. Bu hal və avtomobildə olan şəxslərin hərəkətləri və davranışları polis əməkdaşlarının şübhələrini daha da artırdığı üçün Təqsirləndirilən şəxs və sonuncunun idarə etdiyi avtomobildə olmuş sərnişin, adını sonradan bildiyi X6 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilmişdir. Bölmədə hər iki şəxsin üzərinə müdafiəçilərinin iştirakı ilə iştirakı ilə baxış keçirilmiş, lakin onların üzərindən qanunsuz heç nə aşkar edilməmişdir. Bundan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilərəkən avtomobilin qabaq oturacağının üzərindən bir büküm aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğu soruşulduqda o, bükümdəki maddənin “şüşə” kimi tanıdığı metamfetamin olduğunu, onu bir gün əvvəl tanımadığı şəxdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa, avtomobilin qabaq sağ qapısının cibliyindən bir ədəd bıçaq, bir ədəd beşbarmaq, arxa yük yerindən isə bir ədəd bıçaq aşkar edilmişdir. Həmin büküməki psixotrop maddə metamfetamin, habelə yuxarıda qeyd olunan digər əşyalar qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid4, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Şahidlər Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid3 və Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, onlar, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 17 mart 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında, müdafiəçsnin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs, polis əməkdaşlarına üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirdikdən sonra sonuncular tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. İş materiallarında olan baxış və götürmə haqqında 17 mart 2021-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşalrı tərəfindən, müdafiəçisinin və Təqsirləndirilən şəxs iştirakı ilə, sonuncunun idarə etdiyi “Mercedes” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq sağ qapısının cibliyindən bir ədəd bıçaq, bir ədəd beşbarmaq və arxa yük yerindən bir ədəd bıçaq, habelə sürücünün oturacağı üzərindən isə bir bükümdə narkotik vasitəyə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs, sürücünün oturacağı üzərindən aşkar edilmiş bükümdə “şüşə” kimi tanıdığı metamfetamin olduğunu, onu bir gün əvvəl tanımadığı şəxdən öz istifadəsi üçün aldığını bildirmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 18 mart 2021-ci il tarixli, 6/1090 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “..Vət. Təqsirləndirilən şəxs avtomaşınından ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1.553 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxildir. Təmiz çəkisi 1.553 qram olan metamfetaminin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1.503 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 20 mart 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında, müdafiəçisinin iştirakı ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərlərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs, polis əməkdaşlarına üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmur. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 20 mart 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, polis əməkdaşalrı tərəfindən, müdafiəçisinin və Təqsirləndirilən şəxs iştirakı ilə, sonuncunun idarə etdiyi “Mercedes” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilir. Baxış zamanı avtomobilin qabaq sağ qapısının cibliyindən bir ədəd bıçaq, bir ədəd beşbarmaq və arxa yük yerindən bir ədəd bıçaq, habelə sürücünün oturacağı üzərindən isə bir bükümdə narkotik vasitəyə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs, sürücünün oturacağı üzərindən aşkar edilmiş bükümdə “şüşə” kimi tanıdığı metamfetamin olduğunu, onu bir gün əvvəl tanımadığı şəxdən öz istifadəsi üçün aldığını bildirir. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 08 aprel 2021-ci il tarixli, 3/655 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq, zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov” konustruksiyalı avtomat slahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçağıdır və soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş və şərti olaraq “2” rəqəmi ilə işarələnmiş 01 (bir) ədəd bıçaq, kustar üsulla hazırlanmış deşici, kəsici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu əzici xassəyə malik soyuq silahdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 iyun 2021-ci il tarixli, 1765 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metemfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlaməıtlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İİ siyahısının 67-ci bəndinə əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla ayrı-ayrılıqda yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxs X4 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, törətdiyi əməldən səmimi peşman olmasını, yəni cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 17 mart 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan və təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması barədə 19 mart 2021-ci il tarixli qərardan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Bakı şəhəri Suraxanı rayon prokurorunun qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə olunmasından imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 17 mart 2021-ci il tarixdən 19 mart 2021-ci il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunsa da narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirin təyin edilməsinə zərurət yoxdur, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.7-ci maddələrinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1.503 qram olan psixotrop maddə - metamfetamin və 01 (bir) ədəd predmet kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu əzici xassəyə malik predmet dəyəri olmadığına görə məhv edilməli, zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov” konustruksiyalı avtomat slahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan 01 (bir) ədəd süngü bıçağı isə dövlət nəfinə müsadirə edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə və məhkəmə-bioloji ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 145 (yüz qırx beş) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə, 234.1-ci maddəsi ilə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 17 mart 2021-ci il tarixdən 19 mart 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə və məhkəmə-bioloji ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 145 (yüz qırx beş) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1.503 qram olan psixotrop maddə - metamfetamin və 01 (bir) ədəd predmet kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu əzici xassəyə malik predmet dəyəri olmadığına görə məhv edilsin, zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov” konustruksiyalı avtomat slahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan 01 (bir) ədəd süngü bıçağı isə dövlət nəfinə müsadirə edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar