Məhkəmə qərarları › İş №1(010)-190/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-190/2021

18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-190/2021 18.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1985-ci ildə Yardımlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz evdə yaşayan, 06 – 08 fevral 2021-ci il tarixləri üzrə tutulmuş, müstəntiqin 08 fevral 2021-ci il tarixli qərarı ilə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilmiş və həmin qərara əsasən 15 avqust 2021-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,395 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik maddə heroini qanunsuz olaraq əldə edib qara rəngli şalvarının sağ yan cibində saxlayaraq daşımış, 06 fevral 2021-ci ildə saat 17.00-da Suraxanı Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinib ünvan 3 ünvanının qarşısında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirilmiş, video çəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,395 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, narkotik vasitə sayılan heroindən istifadə edirdi. 06 fevral 2021-ci ildə saat 17 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi ilə tanışları Murad və Elçinlə birlikdə gedərkən mülki geyimli şəxslər onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş, həmçinin narkotik vasitələrin əldə edilməsində və daşınmasında şübhəli olduqlarını deyərək Surxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə dəvət etmişlər. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsində ona hüquqları və vəzifələri izah olunduqdan sonra təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü təqdim etsin. Bundan sonra əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş vəziyyətdə olan narkotik vasitə heroini çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitəni bir neçə saat əvvəli Əmircan qəsəbəsində üzdən tanıdığı şəxsdən 15 manat ödəməklə şəxsi istifadəsi üçün alıb. Sonra həmin narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinə İlqar, Murad və Elçin adlı şəxslərin narkotik vasitə əldə etdikləri barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün raportla Suraxanı Rayon Polis İdarəsinin rəhbərliyinə məruzə olunmuş və zəruri sənədləşmə işləri aparıldıqdan sonra əməliyyat tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Əməliyyat tədbirləri çərçivəsində o, və digər polis əməkdaşları 06 fevral 2021-ci ildə saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində Təqsirləndirilən şəxs və daha iki nəfəri müəyyən edib saxlamış, özlərini təqdim edərək onlara narkotik vasitələrin əldə olunmasında saxlanmasında, gəzdirilməsində və daşımasında şübhəli olduqlarını bildirərək 31-ci polis bölməsinə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs hüquqları və vəzifələri izah edilmiş, vəkil dəvət olunmuş və videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz əşya varsa, təqdim etsin. Bundan sonra təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş heroinə bənzər maddəni masanın üzərinə qoymuş, həmin bükümün nə olduğu soruşulduqda bildirmişdir ki, bükümdəki maddə narkotik vasitə heroindir və onu tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə edib. Daha sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edilərək imzalanmışdır. Şahid X2 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 07 fevral 2021-cı il tarixli 6/555 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim edilmiş, üzərilərində “...Vətəndaş Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,395 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir». 14 aprel 2021-cı il tarixli 1088 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-ci il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, özünün İİ qrup əlil olmasını, himayəsində 1 nəfər yetkinlik yaşına çatmamış uşağının xəstəlikdən əziyyət çəkdiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmaq, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,345 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 – 08 fevral 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün, həmçinin Suraxanı Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərarına əsasən 15 avqust 2021-ci il tarixindən bu günədək həbsdə saxlanıldığı 02 (iki) ay 03 (üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli yaşadığı yer üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, ərazi üzrə narkoloji dinspanserdə qeydiyyata alınmaq, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,345 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar