Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-192/2020 05.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Tekfen” şirkətində dizayner işləyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, X5, Xırmandalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 31 nömrəli evin 20 nömrəli mənzilində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 21 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz C 230” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi istiqamətindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi istiqamətində saatda 50-60 kilometr sürətlə hərəkətdə olarkən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən “Qovurma” restoranının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozaraq, yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda göstərilənlərə riayət etməyərək, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə yolu sağ tərəfdən sol tərəfə keçən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə Zərərçəkmiş şəxs baş beyinin ağır dərəcəli əzilməsi, hər iki beyin yarımkürəsində kontuzion sahələr, solyarımkürə üzərində epidural subdural hematoma, pnevmosefaliya, sol təpə-gicgah sümüklərini qəlpəli sınığı, sol tərəfli otohemolikvoriya, sol baldır sümüklərinin açıq sınığı, sol üz sinirinin postravmatik nevriti, sol tərəfli hemiparez ilə müşayiət olunan, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, “Mercedes-Benz C230” markalı, ** CJ *** dövlət nömrə nişanlı avtomobil atası X1 məxsusdur və həmin avtomobili etibarnamə əsasında idarə edir. xx xxxx 2020-ci il tarixdə, saat 21 radələrində qeyd etdiyi avtomobillə yaşadığı məhlədən çıxıb Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən məscidin yanında olan çayxanaya gedərkən həmin vaxt yanında tanışı Cavid də olmuşdur. Yolda avtomobili saatda 50-60 kilometr sürətlə hərəkət etdirmiş, həmin vaxt ondan sağ tərəfdə markasını və dövlət nömrə nişanını xatırlamadığı sedan tipli avtomobil, qarşısında isə tanışı Paşanın idarə etdiyi “Hyundai” markalı avtomobil hərəkətdə olmuşdur. Onlar “Qovurma” restoranının qarşısına çatanda qəflətən yolun sağ tərəfindən bir nəfər piyada qaçaraq yolun sol tərəfinə keçmək istəyəndə tanışı Paşa idarə etdiyi avtomobili yolun soluna tərəf çəkmiş, bu zaman həmin piyada onun qarşısına tullanmışdır. İdarə etdiyi avtomobilin əyləcini sıxmasına baxmayaraq piyada ilə onun arasında olan məsafə az olduğundan avtomobilin qabaq sol tərəfi ilə həmin piyadanı vurmuşdur. Zərbənin təsirindən piyada onun avtomobilinin qabaq kapotunun üstünə düşümüş, sonra isə ön şüşəyə çırpılaraq yerə yıxılmışdır. Bundan sonra avtomobildən yerə düşüb hadisə yerinə toplaşan şəxslərin köməkliyi ilə piyadanı yerdən qaldırıb taksi ilə “Azərsutikinti” xəstəxanasına aparmış, oradan isə 3 saylı X4 aparmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödədiyini, onun hüquqi varisi ilə barışıq əldə etdiyini, buna görə də sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. xx xxxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə göstərmişdir ki, oğlu Ozal təxminən 2015-ci ildə işləmək üçün Bakı şəhərinə gəlmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 23 radələrində Bakı şəhərində yaşayan qohumu Ziyad ona zəng edib bildirmişdir ki, həmin gün saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə oğlu Ozalı vurmuş və sonuncunu 3 saylı 3 saylı X4 aparmışdır. Bundan sonra o, təcili Bakı şəhərinə gəlmiş, 3 saylı X2 Ozalın vəziyyətinin yaxşı olmadığını görmüş, 3 ay həmin xəstəxananın reanimasiya şöbəsində qaldıqdan sonra Ozal palataya köçürülmüşdür. xx xxxx 2020-ci il tarixdə isə Ozalı xəstəxanadan çıxarıb yaşadığı Ağcəbədi rayonunda yerləşən evinə aparmışdır. Hazırda Ozal şüursuz vəziyyətdədir, yerindən qalxıb yeriyə də bilmir. Sonda Qanuni nümayəndə, yolnəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri tam ödədiyinə görə Təqsirləndirilən şəxsla barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmişin hüquqi varisini və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı, cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs cinayət-prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İş materiallarından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində fəaliyyət qabiliyyəti olmayan Zərərçəkmiş şəxs vurulmuş zərər tam ödənildiyinə görə Zərərçəkmiş şəxs hüquqi varisi Qanuni nümayəndə Təqsirləndirilən şəxs ilə barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. Cinayət işinin materiallarından, o cümlədən cinayət işinə məhkəmədə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, fəaliyyət qabiliyyəti olmayan zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödəyərək, onun hüquqi varisi ilə barışdığına görə cinayət məsuliyyətindən azad edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Qərar tərəfə rəsmi qaydada verildikdən sonra ondan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-192/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-192/2020
05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver