Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-192/2021 13.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1957-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 noyabr 2020-ci ildə saat 17:55-də texniki cəhətdən saz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 MMC-yə məxsus «DAEWOO BS090» markalı 10TG373 dövlət qeydiyyat nişanlı 113 nömrəli avtobusu «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinin tələbini pozmaqla, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi ilə Suraxanı Rayon Polis İdarəsi istiqamətində saatda 30 – 35 km sürətlə idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərini pozmuş (həmin normaya əsasən yol hərəkətinin iştirakçıları «yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar»), hadisənin qarşısını almağa texniki imkanı olduğu halda hərəkət etdiyi yolun hərəkət hissəsinin sağ tərəfi ilə əks istiqamətdə düzünə hərəkət edən piyada Zərərçəkmiş şəxs1 avtobusun ön sağ hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncuya ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş və sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirmiş, həmçinin Zərərçəkmiş şəxs2 MMC-yə məxsus «DAEWOO BS090» markalı 10TG373 dövlət qeydiyyat nişanlı avtobusa 100 (yüz) manat miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. 40 il sürücülük stajı var. Üç ilə yaxın idi ki, 113 nömrəli marşrut üzrə avtobus sürücü işləyirdi. 06 noyabr 2020-ci ildə verilən cədvəl üzrə saat 07:08-də marşrut xəttinin başlanğıc məntəqəsi olan «Qara Qarayev» metro stansiyasının yanından çıxaraq ona təhkim olunmuş «DAEWOO BS090» markalı 10TG373 dövlət qeydiyyat nişanlı avtobusla hərəkətə başlamışdır. Saat 17:55 radələrində Suraxanı rayon İcra şöbəsinə yaxınlaşmışdır. Sərnişinlərin avtobusa minməsi və avtobusdan enməsi üçün avtobusu dayanacağa istiqamətləndirmək istəmiş, dayanacağa təxminən 10 metr qalmış bir nəfər şəxsin iti addımlarla qəfildən avtobusun qarşısına çıxdığını görmüşdür. Həmin vaxt o, avtobusu saatda 30 – 35 km sürətlə idarə edirdi. Piyada ağacın arxasından çıxaraq düz yol istiqamətində ona tərəf baxaraq hərəkətin əksi istiqamətində düzünə addımladı. Onu görəndə aralarında təxminən 5 metr məsafə var idi. Piyadanın hərəkətini gördükdə əyləci sıxmağa macal tapmadan avtomobili sola doğru döndərdiyinə baxmayaraq avtomobilin sağ tin hissəsi həmin şəxsə dəymişdir. Həmin şəxs ön şüşəyə və maşının künc hissəsinə dəyərək yerə yıxıldı. Bundan sonra avtobusu dayandıraraq yerə enmiş və təcili tibbi yardıma zəng etmişdir. Daha sonra isə özü piyadanı avtobusa mindirib təcili tibbi yardım məntəqəsinə çatdırmış, oradan isə yenə avtobusa mindirib Bakı şəhəri 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X4 bildirmişdir ki, oğlu X2 anadangəlmə psixi pozuntudan əziyyət çəkir. Oğlu Suraxanı Rayon Məhkəməsinin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və Suraxanı Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən o, X2 qəyyumu təyin edilmişdir. X5 və digər oğlu ilə birlikdə ünvan 3 ünvanında yaşayır. 06 noyabr 2020-ci il tarixdə o, evdən çıxıb getmişdir. Evdən çıxarkən oğlu Qalib hələ evdə idi. Həmin gün saat 18 radələrində yaşadığı evə qayıdarkən qardaşı ona zəng edərək bildirmişdir ki, oğlunu 113 nömrəli marşrut üzrə hərəkət edən avtobus vurub və o, Bakı şəhər 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə ibtidai araşdırma dövründə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 MMC məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə məlumatlandırıldığına baxmayaraq nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyinə baxmayaraq, onun ittiham aktının nəticəvi hissəsində təsvir olunmuş cinayət əməlini törətməsi faktı yuxarıda göstərilən ifadələrlə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 05 mart 2021-ci il tarixli 8/414 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Daewoo markalı, 10TF373 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs Ağaəli oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur». 20 noyabr 2020-ci il tarixli 1056 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 aşkar edilmiş «xəsarətlər – döş qəfəsinin sağ yarısında İV qabırğanın yerdəyişən və İX qabırğanın xətti sınığı, solda İV, V, Vİ, Vİİ qabırğalarının yerdəyişən sınıqları, sol baldır sümüklərinin orta 1/3-nin qapalı yerdəyişən sınığı, sağ bazu oynağının əziyi, burunun və ənsə nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd edilən müddətdə və şəraitdə, yəni 06.11.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir». Məhkəmə iş üzrə yekun qənaətə gələrkən həmçinin aşağıdakıları qeyd etməyi zəruri sayır. Babayev X3 Rayon Məhkəməsinin inzibati xəta haqqında 3(010)-1244/2019 nömrəli iş üzrə 26 noyabr 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. 26 noyabr 2019-cu il tarixli qərar qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilmiş, lakin müvafiq polis orqanı tərəfindən məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında materiala Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin əlavə edilməməsi, həmçinin Təqsirləndirilən şəxs sürücülük vəsiqəsini məhkəməyə təqdim etməməsi səbəbindən (inzibati xəta haqqında iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Təqsirləndirilən şəxs gəlməmişdir), həmin sürücülük vəsiqəsinin məhkəmə tərəfindən alınaraq qərarla birlikdə DYPİ-nə göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 152.1-ci maddəsinə əsasən «Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir». Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən «Nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir». Eyni Məcəllənin 153.2-ci maddəsinə əsasən «Xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 152.2 – 152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir». İşin faktik hallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin inzibati xəta haqqında 3(010)-1244/2019 nömrəli iş üzrə 26 noyabr 2019-cu il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, lakin Təqsirləndirilən şəxs sürücülük vəsiqəsini istər X8 orqanına, istərsə də məhkəməyə təqdim etməmiş, həmçinin həmin polis orqanı ondan sürücülük vəsiqəsini almamışdır (təqsirləndirilən şəxsin sürücülük vəsiqəsi hazırkı iş üzrə məhkəmə baxışı dövründə ondan alınaraq, cinayət işinin materiallarına əlavə olunub). Azərbaycan Respublikası İXM-nin 153.1-ci maddəsinə əsasən «Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur». Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən «Xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır». İşin faktik hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda istinad edilən müddəalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, Suraxanı Rayon Məhkəməsinin inzibati xəta haqqında 3(010)-1244/2019 nömrəli iş üzrə 26 noyabr 2019-cu il tarixli qərarı qanuni qüvvəyə mindiyi gündən etibarən Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış sayılmalıdır. O, özünə məxsus sürücülük vəsiqəsini təqdim etməməsi səbəbindən nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehinin axımı dayanmış, beləliklə də cinayətin baş verdiyi 06 noyabr 2020-ci il tarixində onun nəqliyyat vasitələrini idarə etmək hüququ olmamışdır. Məhkəmə yuxarıda göstərilən qənaətə gələrkən həmçinin nəzərə alır ki, cinayətin baş verdiyi tarix üçün Azərbaycan Respublikası İXM-nin 38.5-ci maddəsində nəzərdə tutulan bir illik müddət də keçməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin cinayət əməlini Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinə tövsif etməkdə haqlı olub. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətdiyini, hadisədən bilavasitə sonra Zərərçəkmiş şəxs1 zəruri tibbi yardım göstərilməsi üçün özündən asılı olan tədbirləri gördüyünü, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-192/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-192/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver