Məhkəmə qərarları › İş №1(010)-192/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-192/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-192/2025 14.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Ağstafa rayonunda anadan olmış, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Köçəskər kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdə saat 20:00 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» minik markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində 5 km/saat sürətlə arxaya doğru hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 14-cü hissəsinin tələblərini pozmuş, yəni piyada keçidlərində geriyə hərəkət qadağan olunduğu halda, buna əməl etməyərək, yol hərəkəti qaydalarını pozub arxada piyada keçidi olduğu şəraitdə avtomobili geriyə hərəkət etdirərək hərəkət hissəsini nizamlanmayan piyada keçidi ilə keçməkdə olan xx.xx.1974-cü il təvəllüdlü piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxa hissəsi ilə vurması nəticəsində Zərərçəkmiş şəxs sol mil-bilək oynağında kapsul-bağ aparatının çıxığı, gərilməsi və həddən artıq gərginləşməsi, meniskin təzə cırılması ilə müşayiət olunan sol diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilməsi və və həddən artıq gərginləşməsi ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuş, bundan sonra isə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələbini pozmuş, yəni nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərərçəkmiş şəxsə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, «Təcili tibbi yardım» maşını çağırmalı və ya zərərçəkmiş şəxsi səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, onu özü xəstəxanaya aparıb yenidən hadisə yerinə qayıtmalı, hadisə barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməli olduğunu bildiyi halda, buna riayət etməmiş, nəqliyyat hadisəsini törətdikdən sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublika Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, lakin Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, idarə etdiyi “Toyota Prius” minik markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. 18 aprel 2024-cü il tarixdə saat 20:00 radələrində idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində olan zamanı avtomobili yolun kənarında saxlamış, avtomobildə əyləşərək mobil telefonda müştəri sifarişi gözləmişdir. Müştəri qəbul edə bilmədiyi üçün yaşadığı evə getmək qərarına gəlmişdir. Onun avtomobilinin önündə “Zil” markalı yük avtomobili olduğu üçün o, avtomobili geriyə verərək “Zil” markalı yük avtomobilin sol hissəsindən keçib getmək istəmiş, bu zamanı avtomobili arxa arxaya verən zamam sol yan güzgüdən bir nəfər qara rəngli paltar geyinmiş qadını görmüş, arxadan gələn avtomobil işıq siqnalı verdiyi üçün o avtomobili saxlayaraq yerə düşmüş, həmin qadının yanına gələrək bu zamam həmin qadın ona avtomobilin arxa hissəsi ilə ona çırpıldığını bildirmişdir. O, həmin qadını avtomobilinə əyləşdirərək yaşadığı evə aparmışdır. Evə çatdıqdan sonra qadının həyat yoldaşı ilə birlikdə “X7” xəstəxanasına getmişlər. Xəstəxanada qadına ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmasını və müvafiq cinayət təqibinə xitam verilməsini, lakin Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə isə bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, 5 ildir ki, avtomobil idarə edir. Hadisə aprel ayında baş vermiş və həmin günü hava qaranlıq olmuşdur. Hadisə günü maşıdan düşərək görmüşdür ki, bir xanım səkinin qırağında oturmuş, ona vurulduğunu demişdir, o, həmin qadına həkimə getməsini təklif etmişdir, qadın yoldaşını da götürərək xəstəxanaya getməsini istəmiş, bu zaman evə gedib yoldaşını da götürərək xanımı “X7” xəstəxanasına aparmış, sonra qadını evə qaytarmışdır. Zərərçəkmiş şəxsin yaşadığı ünvanı Dədə Qorqud qəsəbəsi olmuşdur. Zərərçəkmiş şəxsin yaşadığı evinə çatanda qapını döymüş, yoldaşı çıxmış, maşına oturub xəstəxanaya getmişlər. Həkimin pulunu xanım ödəmiş, resepti alıb xanıma vermişdir. Pul tapıb resepti alıb vermişdir. Hadisə vaxtı ətrafda heç kim olmamışdır. Xanımı xəstəxanadan gətirib evə düşürtmüş, adını və soyadını demiş,şəxsiyyət vəsiqəsini və telefon nömrəsini vermişdir. O, qaçmamış, hadisədən sonra xəstəliyi ağırlaşmış, ona görə əlaqə saxlaya bilməmiş, onkoloji xəstədir. İki gün sonra təhqiqatçı çağırmış, necə var izahatını vermişdir. Polisin necə məlumatı olduğunu bilmir. Zərərçəkmiş şəxsə nömrəsini vermiş, səhəri gün ona zəng vurmuşdur. Zərərçəkmiş şəxsi evinə düşürəndən sonra gedib pul tapmış, maz və bandaş alıb gətirmiş, həmçinin 30 manat pul vermişdir. Dəri xərçəngindən əziyyət çəkir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 18 aprel 2024-cü il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsində yerləşən “Araz” marketin qarşısında yerləşən piyada keçidindən yolu keçən zaman yolunun yarısını keçdikdən sonra sol tərəfdə dayanan “Toyota Prius” minik markalı avtomobil qarşında dayanan “Zil” yük avtomobilini ötmək üçün arxaya verən zaman piyada keçidində dayanan zaman onu vurmuşdur. Bu zaman o, maşının arxa nahiyəsinə dəyib maşından tutmuşdur. O, sol qolunda və sol ayağında ağrı hiss etmişdir. Bu zaman sürücü düşüb yanına gəlmişdir. Onu maşına qoyub evə aparmışdır. Həmin şəxs ona öz əlaqə nömrəsini vermişdir. O, həmin gün ağrıları artdığı üçün xəstəxanaya müraciət etmişdir. Həmin şəxs ona maşın vurmağı barədə deməməyi üçün yalvarmışdır. O, xəstəxanada bu barədədə deməmişdir. Sonradan həmin şəxsin nömrəsinə zəng vuran zaman əlaqə saxlaya bilməmişdir. O, həmin şəxsin ad soyadını bilməmidir. Həmin gündən sonra həmin şəxslə əlaqə saxlaya bilməmişdir. Bu barədə polisə məlumat vermişdir. O, polis idarəsində olan zaman həmin şəxsin anket məlumatlarını öyrənmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, istintaqda verdiyi ifadəsi tam olaraq məhkəmə iclasında verdiyi kimidir. Təqsirləndirlən şəxsin dediyi hər cümləni təsdiq edir. Hadisə baş verən günü təqsirləndirilən şəxs onu (özünün xahişi ilə) birinci evinə aparmışdır ki, yoldaşı da onunla birlikdə xəstəxanaya getsin, xəstəxanadan qayıtdıqdan sonra ona maz və bandaş alıb gətirmiş, sonra təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini də ona təqdim etmiş və nömrəsini də vermişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 18 aprel 2024-cü ildə saat 20:00 radələrində o, evdə olan zaman həyat yoldaşı Reyhan bir nəfər tanımadığı şəxslə evə gəlmişdir. Zərərçəkmiş şəxs ona həmin şəxsin onu maşınla vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ilə birlikdə onlar sürücünün maşını ilə xəstəxanaya getmişlər. Xəstəxanada Zərərçəkmiş şəxs müalicə olunmuş, sürücü ağrıkəsici və bind almışdır. Onları evə düşürüb getmək istəyən zaman həmin şəxsdən əlaqə nömrəsi istəmişdir. O, həmin şəxsin ad və soyadı barədə məlumatı olmamışdır. Sonradan onunla əlaqə saxlamaq istəyən zaman onun zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs bu barədə dedikdə, həmin şəxslə danışdığını, gəlməyəcəyini bildirdiyi demişdir. Sonra Zərərçəkmiş şəxs polisə müraciət etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, hadisənin səhərisi günü qızı sürücü ilə əlaqə saxlamışdır. Hadisədən sonra təqsirləndirilən şəxs yoldaşını həkimə aparmış, dərmanları alıb gətirmiş, telefonun nömrəsini və adını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məkəmə yol-nəqliyyat hadisələri barədə 20 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-8/1832 nömrəli rəydən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Toyota Prius markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 14-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli 283 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına, adına tərtib olunmuş tibbi sənədlərə əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara əsasən Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol mil-bilək oynağında kapsul-bağ aparatının çıxığı, gərilməsi və həddən artıq gərginləşməsi; meniskin təzə cırılması ilə müşayiət olunan sol diz oynağının kapsulbağ aparatının çıxığı, gərilməsi və həddən artıq gərginləşməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş 18 aprel 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşın vurması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarında olan BDYPİ Tovuz RQİTBŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AE seriyalı 318826 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsi xx.xx.2025-ci il tarixədək aktivdir. İş materiallarında olan ƏN-Vİ seriyalı 677495 nömrəli etibarnamənin surətindən müəyyən edilir ki, ** NP *** dövlət nömrə nişanlı “Toyota Prius (Hibrid)” minik markalı avtomaşın 05 sentyabr 2023-cü ildə Təqsirləndirilən şəxs adına dövlət qeydiyyatına alınmış və avtomobilin üzərində hüquqlar Təqsirləndirilən şəxs 05 sentyabr 2024-cü ilədək X1 tərəfindən etibar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş şəxsdir. İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İlk növbədə məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə araşdırma aparır və məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin ekspertiza rəyləri və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ərizələrini tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyindən o cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə elan edilmiş ittiham üzrə araşdırma apararaq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən ona həmin ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, iş üzrə toplanmış sübutları həm ayrı-ayrılıqda, həm də məcmu halda qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Əvvəla, məhkəmə qeyd edir ki, yol nəqliyyat hadisəsi yerinə baxış, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin istintaqı zamanı sübut mənbəyi ola biləcək maddi obyektlərin, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi üçün zəruri əhəmiyyət kəsb edən istintaq hərəkətidir. Qanunvericilik sübutların sübut mənbələri ilə müəyyən edilməsini qeyd edərkən həmin sübutların rəsmiləşdirilməsini də nəzərdə tutur. Hər hansı mənbədən alınan faktik məlumatlar qanunla müəyyən edilmiş qaydada rəsmiyyətə salındıqdan sonra iş üzrə sübut əhəmiyyəti kəsb edə bilər. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdə, saat 20:00-da «Toyota Prius» minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi istiqamətində törətdiyi yol nəqliyyat hadisəsindən sonra hadisə yerindən qaçması sübuta yetirilmir. Belə ki, məhkəmə, bununla bağlı mövqeyini belə əsaslandırır: məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs hadisə baş verdikdən sonra zərərçəkmiş şəxsi avtomobilinə əyləşdirərək yaşadığı evə apardığını, zərərçəkmiş şəxsin yaşadığı evə çatdıqdan sonra zərərçəkmiş şəxsin həyat yoldaşı ilə birlikdə “X7” xəstəxanasına getdiklərini, xəstəxanada qadına ilkin tibbi yardım göstərildikdən sonra yenidən evə gətirərək lazımi dərmanlar aldığını, şəxsiyyət vəsiqəsini və mobil nömrəsini zərərçəkmiş şəxsə verərək çıxıb getdiyini qeyd etmişdir. Həmçinin, məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs da təqsirləndirlən şəxsin dediyi hər cümləni təsdiq etdiyini bildirmişdir. Bundan başqa Şahid ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadəsindən də müəyyən olunur ki, hadisədən sonra təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun iştirakı ilə xəstəxanaya aparmış, xəstəxanadan qayıtdıqdan sonra dərmanlarını alıb gətirmiş, adını və soyadını bildirərək şəxsiyyət vəsiqəsini və telefon nömrəsini bildirmişdir. Beləliklə də görünür ki, məhkəmə istintaqında aparılan araşdırma zamanı da Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi yerindən qaçması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur, əksinə zərərçəkmiş şəxsin və şahidin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri ilə təkzib olunur. Beləliklə, məhkəmə istintaqında əldə edilmiş və araşdırılmış sübutlara, o cümlədən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinə hüquqi qiymət verib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 264-cü ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyi nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Beləliklə də, məhkəmə araşdırması zamanı işin faktiki halları və sübutların məcmusu ilə Təqsirləndirilən şəxs 18 aprel 2024-cü ildə saat 20:00 radələrində «Toyota Prius» minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi istiqamətində törətdiyi yol nəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxsi avtomobilinə əyləşdirərək yaşadığı evə apardığı, zərərçəkmiş şəxsin yaşadığı evə çatdıqdan sonra zərərçəkmiş şəxsin həyat yoldaşı ilə birlikdə “X7” xəstəxanasına getdiklərini, xəstəxanada qadına ilkin tibbi yardım göstərildikdən sonra yenidən evə gətirərək lazımi dərmanlar aldığını, şəxsiyyət vəsiqəsini və mobil nömrəsini zərərçəkmiş şəxsə verərək çıxıb getdiyi öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, sübutetmə predmeti ilə sübutetmə həddi bir-birilə sıx surətdə bağlıdır. Əgər sübuetmə predmeti tədqiqat obyektidirsə, sübutetmə həddi sübutemə predmetinə daxil olan halların tam əminliklə müəyyən edilməsi üçün zəruri olan sübut materiallarının məcmusudur. Lakin, hazırki halda proses iştirakçılarının ifadələri, ekspertiza rəyləri sübutetmə predmetinə daxil olan bütün halları müəyyən etmədiyindən, verilmiş ittiham üzrə sübutetmə həddi tamamlanmır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli 4 saylı qərarında göstərilmişdir ki, yol-nəqliyyat hadisəsi daha ağır nəticələrə səbəb olduqda isə ictimai münasibətlər artıq cinayət qanununun müddəaları ilə tənzimlənir. Belə ki, CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, cinayət məsuliyyəti yaranır. Bununla yanaşı, həmin Məcəllənin 264-cü maddəsi bu Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçmasını cinayət əməli kimi müəyyən edir. CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yolnəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yolnəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. CM-in 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsini hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına” dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CMnin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum qərarlarında ortaya qoyulan mövqedən aydın olur ki, yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirkar olan sürücü məsuliyyətdən kənarda qalmaq məqsədi ilə hadisə yerindən yayındıqda CM-in 264-cü maddəsi üzrə məsuliyyət mövcud olur. Yayınma belə məqsəd olmadan digər zərurətlə bağlı olduqda isə bu maddə üzrə məsuliyyət istisna edilir. Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin dispozisiyasından göründüyü kimi, nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxs yol nəqliyyat hadisəsi yerindən qaçdığı halda, həmin maddənin tərkib hissəsi yaranır. Qeyd edilən cinayət əməlinin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olan ictimai münasibətlərdir. Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti CM-in 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulması, zərərçəkmiş şəxsin ölümü, yaxud iki və ya daha çox şəxsin ölümü baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçmasında ifadə olunur. Cinayət qanunvericiliyin tələblərinə əsasən qeyd edilən cinayət əməli subyektiv cəhətdən təqsirin qəsd forması ilə törədilir. Azərbaycan Respublikası CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət dedikdə, qanunla qadağan edilən, ictimai təhlükəli, təqsirli, cəzalanmalı olan əməl başa düşülür. Göründüyü kimi, əməlin cinayət sayılması üçün mühüm şərtlərdən biri də əməlin təqsirli olaraq törədilməsidir. Digər sözlə şəxsin törətdiyi əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti müəyyən edildikdə o, təqsirli hesab edilərək cinayət məsuliyyətinə cəlb edilə bilər. Azərbaycan Respublikası CM-nin 24.1-ci maddəsinə əsasən əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Göründüyü kimi, təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti başa düşülür. Yəni cinayət qanunvericiliyinə görə şəxs yalnız o cinayət törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törətməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs yol-nəqliyyat hadisəsini törətdiyini və hadisə yerindən qaçdığını dərk etməlidir. Sürücü yol-nəqliyyat hadisəsinin baş verdiyini və belə hadisənin Azərbaycan Respublikası CM-in 263 və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olduğunu dərk etməmişdirsə, həmin şəxs Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Beləliklə məhkəmə, ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı toplanmış sübutları əhatəli şəkildə tədqiq edərək qanunvericiliyin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs məsuliyyətdən kənarda qalmaq məqsədi ilə hadisə yerindən yayınmamış, əksinə zərərçəkmiş şəxsi yoldaşının iştirakı ilə xəstəxanaya aparmış, xəstəxanadan evə gətirərək dərmanlarını almış, faktiki olaraq öz şəxsiyyəti barədə məlumat verərək şəxsiyyət vəsiqəsini və mobil nömrəsini bildirərək çıxıb getmişdir. Bundan əlavə, məhkəmə xüsusilə qeyd edir ki, cinayət-prosessual qanunvericilik növündən və xarakterindən asılı olmayaraq bütün cinayət işləri üzrə mütləq sübuta yetirilməli olan halların dairəsini müəyyən edir (CPM-in 139-cu mad.). Cinayət hadisəsinin baş vermə faktı və hallarının (cinayətin törədilmə vaxtı, yeri, üsulu və digər halların) iş üzrə toplanmış mötəbər, şəxsin təqsirliliyi barədə qəti nəticəyə gəlməyə imkan verən sübutlarla müəyyən edilməsi cinayət-prosessual qanunvericiliyin imperativ tələbidir. Məhkəmə, iş üzrə əhəmiyyətli olan digər bir məqamı vurğulayaraq qeyd edir ki, təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 №-li Qərarı). Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən faydalanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilən şəxsin cəzalandırılması, təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsi zamanı mümkündür. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq ittiham hökmü çıxarıla bilməz. İttiham hökmü, araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edərək çıxarılan ehtimali qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq, cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə əsaslanan hökm vermək deməkdir. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün hallar tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin əməlinə qiymət verərkən sübutlara və sair materiallara qərəzli münasibət bəsləməni, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsini CPM-nin 33.4cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər; 28.1 və 28.5-ci maddələrinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri sırasında «cınayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək də» göstərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət törətməsini, həmçinin onun zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş hökm, onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 264cü maddəsi ilə ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Buna görə də, ibtidai araşdırma orqanının Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin həmin maddə üzrə cinayət əməlində təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə istinad edilən ittiham üzrə bəraət verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə verilmiş ittiham üzrə bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş hökm, onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar qəbul edilsin. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar