Məhkəmə qərarları › İş №1(010)-193/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-193/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-193/2021 21.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:35-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1988-ci ildə Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11 aprel 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinin qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla, 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarı ilə həmin tarixdə qeydiyyatdan çıxarılmış, məhkumluğu olmayan, Qobustan rayonunun Ərəbqədim kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 59 nömrəli evin 25 nömrəli mənzilində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, gəlir və sair üstünlük əldə etmək məqsədi ilə sərtləşdirilmiş karantin rejimi dövründə sərbəst hərəkət etmələrindən ötrü qanunvericiliklə müəyyən edilmiş qaydalardan kənar şəkildə ayrı-ayrı şəxslərə elektron icazələri qanunsuz təşkil edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rezervuar küçəsində yerləşən qeyri-yaşayış binasında tanışları Şahid6, Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5 və qeyrilərini, ümumilikdə 212 nəfər şəxsi fiziki şəxs kimi öz adına olan ********** nömrəli VÖEN-lə “Bol taksi 7555” taksi xidmətinə taksi sürücüsü adı ilə işə götürmə barədə “icazə.e-gov.az” portalına yalnış məlumatlar daxil edib qeyd olunan şəxslərə 15 aprel 2020-ci il tarixdən həmin ilin avqust ayının sonunadək olan müddət ərzində müxtəlif vaxtlarda 212 ədəd elektron icazənin qanunsuz verilməsini təşkil etməklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 30 mart 2020-ci il tarixli, 120 nömrəli Qərarının, Nazirlər Kabinetinin “Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 02 aprel 2020-ci il tarixli, 124 nömrəli Qərarının, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” 18 aprel 2020-ci il tarixli, 144 nömrəli Qərarının, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” 01 may 2020-ci il tarixli, 163 nömrəli Qərarının və Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” 17 iyul 2020-ci il tarixli, 255 nömrəli Qərarının tələblərinə riayət etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni Koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 2017-ci ilin iyul ayından etibarən “Bol taxi 7555” adı altında taksi fəaliyyəti ilə məşğul olmuş, vergi ödəyicisi kimi qeydiyyatda olmaqla vergi ödəmiş, hazırda adına VÖEN mövcud olmuşdur. O, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsləri öz adına olan VÖEN-lə “icazə.e-gov az” portalında qeydiyyatdan keçirirmiş, həmin şəxslər də Bakı Nəqliyyat Agentliyindən fərqlənmə nişanı alıb özlərinə məxsus olan avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşlar. Lakin o, bəzən taksi fəaliyyəti ilə məşğul olmayan şəxslərin karantin rejimi dövründə qanunsuz olaraq sərbəst hərəkət etmələrinə şərait yaratmaq üçün onları öz adına olan VÖEN-lə “icazə.e-gov az” portalında qeydiyyatdan keçirirmişdir. Karantin rejimi dövründə virusun yayılmasının qarşısının alınması üçün insanların sərbəst hərəkət etmələri qanunla məhdudlaşdırılmış, lakin taksi fəaliyyəti ilə məşğul olan şəxslərin hərəkətinə icazə verildiyinə görə bəzən tanış şəxslər sərbəst hərəkət edə bilmələri üçün onlarıda “icazə.e-gov az” portalında qeydiyyatdan keçirmələrini xahiş etmişlər. Buna görə də o, pul müqabilində bir neçə nəfər şəxsi və onların idarə etdikləri avtomobilləri öz adına olan VÖEN-lə “icazə.e-gov az” portalında taksi sürücüsü kimi qeydiyyatdan keçirmiş, lakin əslində həmin şəxslər taksi fəaliyyəti ilə məşğul olmamışlar. Həmin şəxsləri “icazə.e-gov az” portalında qeydiyyatdan keçirməkdə məqsədi onların karantin rejimi dövründə sərbəst hərəkət edə bilmələrinə şərait yaratmaq olmuşdur. Onun “icazə.e-gov az” portalında qeydiyyatdan keçirdiyi şəxsləri karantin postlarında saxlayanda həmin şəxslər taksi fəaliyyəti ilə məşğul olduqlarını bildirmiş, həmin şəxslərin anket məlumatlarını “icazə.e-gov az” portalının bazasında yoxlanıldıqda həqiqətən də onların taksi sürücüsü kimi “icazə.egov az” portalında qeydiyyatdan keçirildikləri görünmüşdür. Elə şəxslərdən biri də tanışı Şahid6 olmuşdur. Rövşən ona 2020-ci ilin aprel ayında karantin rejimi ilə bağlı olaraq şəhərdə sərbəst hərəkət edə bilmədiyini, bütün işlərinin yarımçıq qaldığını bildirmişdir. Bu səbədən də Rövşən ona köməklik etməsini xahiş etmiş, ona kömək edə biləcəyini demişdir. Beləliklə o, Rövşəni və onun idarə etdiyi **-RX-*** nömrə nişanlı avtomobili öz adına olan VÖEN-lə “icazə.e-gov az” portalında qeydiyyatdan keçirmiş, portalda Rövşənin vəzifəsini taksi sürücüsü kimi qeyd etmişdir. Həmin portalda Rövşənə verilən icazənin müddəti 15 aprel 2020-ci ildən 31 may 2020-ci il tarixə qədər yazılmışdır. Əslində isə Rövşən taksi fəaliyyəti ilə məşğul olmamış, idarə etdiyi avtomobillə öz şəxsi işləri ilə məşğul olmuşdur. Karantin postlarında saxlanıldıqda Rövşən özünü taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim etmiş, polis əməkdaşları da portal bazasına baxanda həqiqətən də Rövşənin adının taksi sürücüsü kimi “icazə.e-gov az” portalında qeydiyyatdan keçirildiyini görmüşlər. Rövşəni “icazə.e-gov az” portalında taksi sürücüsü kimi qeydiyyatdan keçirməkdə məqsədi karantin rejimi dövründə Rövşənin qanunsuz olaraq sərbəst hərəkət edə bilməsinə şərait yaratmaq olmuş, bu məqsədlə Rövşəndən 20 manat almışdır. Eyni zamanda həmin üsulla o, Şahid5, Şahid4, Şahid3, Şahid2, Şahid1 da “icazə.e-gov az” portalına daxil etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, ölkədə karantin rejimi tətbiq edildiyinə görə vətəndaşların sərbəst hərəkəti qanunla məhdudlaşdırıldığı zaman şəxsi işləri ilə bağlı olaraq bir neçə yerə getmək istəmiş, lakin rəsmi icazəsi olmadığına görə hərəkət edə bilməmişdir. O, Həsrət adlı bir nəfərin “Bol taksi 7555” adlı taksi xidmətinin sahibi olduğunu, istənilən şəxsin adını “icazə.e-gov az” portalında qeydiyyatdan keçirdiyini eşitmişdir. Buna görə də “Bol taksi 7555” xidmətinin Bakı şəhərində yerləşən ofisinə gedib orada Həsrətlə görüşmüş, sonuncu 20 manat müqabilində onu “Bol taksi 7555” adlı taksi xidmətinin taksi sürücüsü kimi “icazə.e-gov az” portalında qeydiyyatdan keçirtmişdir. Bundan sonra Dövlət Sosial Müdafiə Fondunun və taksi fərqlənmə nişanlarının ödənişlərini ödəyib çekləri Həsrətə vermişdir. Taksi sürücüsü olmadığı halda Həsrət ona məxsus olan “Mercedes Vito” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobili də taksi maşını kimi qeydiyyatdan keçirtmiş, guya onun həmin maşınla taksi fəaliyyəti ilə məşğul olduğunu göstərmişdir. Lakin o, bir gün də olsun taksi sürücüsü kimi işləməmiş, nə də ki, “Bol taksi 7555” adlı taksi xidməti ona hər hansı bir müştəri verməmişdir. O, həmin icazəni taksi fəaliyyəti ilə məşğul olmaq üçün deyil, karantin rejimi vaxtında sərbəst hərəkət etmək üçün almışdır. Karantin postlarında onu saxladıqda o, “Bol taksi 7555” adlı taksi xidmətinin taksi sürücüsü olduğunu bildirmiş, polis əməkdaşları da icazə sisteminə onun anket məlumatlarını yazanda onun həmin xidmətin işçisi olduğunu görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, ölkədə karantin rejimi tətbiq edildiyinə görə vətəndaşların sərbəst hərəkəti qanunla məhdudlaşdırıldığı zaman o, taksi fəaliyyəti ilə məşğul olmaq istəmiş, lakin məlum olduğu kimi karantin rejimi ilə bağlı olaraq heç bir yerə çıxa bilməmiş, çünki sərbəst hərəkət etmək üçün hər hansı bir icazəsi olmamışdır. Həmin ərəfədə “Bol taksi 7555” xidmətində istənilən şəxsin “icazə.egov az” portalında qeydiyyatdan keçirildiyini, bundan sonra sərbəst hərəkət etməyin mümkün olduğunu eşitmişdir. Buna görə də “Bol taksi 7555” xidmətinin Bakı şəhərində yerləşən ofisinə gedib orada Həsrətlə görüşmüş, sonuncu 30 manat müqabilində onu “icazə.e-gov az” portalında taksi sürücüsü kimi qeydiyyatdan keçirtmişdir. Lakin o, bir gün də olsun həmin şirkətdə taksi sürücüsü işləməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, ölkədə karantin rejimi tətbiq edildiyinə görə vətəndaşların sərbəst hərəkəti qanunla məhdudlaşdırıldığı zaman idarə etdiyi “VAZ 2114” markalı, **-RG-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmaq istəmiş, lakin kimi karantin rejimi ilə bağlı olaraq heç bir yerə çıxa bilməmiş, çünki sərbəst hərəkət etmək üçün hər hansı bir icazəsi olmamışdır. Həmin ərəfədə “Bol taksi 7555” xidmətində istənilən şəxsin “icazə.e-gov az” portalında qeydiyyatdan keçirildiyini, bundan sonra sərbəst hərəkət etməyin mümkün olduğunu eşitmişdir. 2020-ci ilin avqust ayında həmin xidmətin sahibi Həsrətlə telefonla danışmış, Həsrətlə Sumqayıt şəhərində yerləşən avtovağzalda görüşmüş, görüş zamanı Həsrətə karantin rejimi vaxtı sərbəst hərəkət etmək istədiyini, lakin hər hansı bir icazəsinin olmadığını bildirib adının “icazə.e-gov az” portalında qeydiyyatdan keçirilməsini xahiş etmişdir. Həsrət 60 manat müqabilində adını “icazə.e-gov az” portalına “Bol taksi 7555” xidmətinin taksi sürücüsü kimi daxil edəcəyini, bundan sonra sərbəst şəkildə istənilən yerə gedib-gələ biləcəyini demişdir. Buna görə də o, həmin vaxt Həsrətə 60 manat vermişdir. Bundan sonra Həsrət onun adını “icazə.e-gov az” portalına “Bol taksi 7555” xidmətinin taksi sürücüsü kimi daxil etmiş, həmin vaxtdan sonra o, karantin rejimi vaxtı şəxsi işləri ilə bağlı olaraq sərbəst şəkildə hərəkət edə bilmiş, eyni zamanda “VAZ 2114” markalı, **-RG- *** dövlət nömrə nişanlı avtomobili ilə fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Lakin o, bir gün də olsun “Bol taksi 7555” xidmətində taksi sürücüsü işləməmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifafəsindən görünür ki, ölkədə karantin rejimi tətbiq edildiyinə görə vətəndaşların sərbəst hərəkəti qanunla məhdudlaşdırıldığı zaman işləmək istəmiş, lakin karantin rejimi ilə bağlı olaraq heç bir yerə çıxa bilməmiş, belə ki, sərbəst hərəkət etmək üçün hər hansı bir icazəsi olmamışdır. Həmin ərəfədə “Bol taksi 7555” xidmətində istənilən şəxsin “icazə.egov az” portalında qeydiyyatdan keçirildiyini, bundan sonra sərbəst hərəkət etməyin mümkün olduğunu eşitmişdir. Buna görə də 2020-ci ilin aprel ayında Həsrətlə Bakı şəhərində görüşüb ona karantin rejimi vaxtı sərbəst hərəkət etmək istədiyini, lakin hər hansı bir icazəsinin olmadığını bildirib sonuncudan adını “icazə.e-gov az” portalına daxil etməklə sərbəst hərəkət edə bilməsinə şərait yaratmasını xahiş etmişdir. Həsrət buna görə ondan 30 manat istəmişdir. Həmin pulu verdikdən sonra Həsrət onun adını “icazə.e-gov az” portalına “Bol taksi 7555” xidmətinin taksi sürücüsü kimi daxil etmiş, bundan sonra o, karantin rejimi vaxtı şəxsi işləri ilə bağlı olaraq sərbəst şəkildə hərəkət edə bilmişdir. Həmin müddətdə o, şəxsi işləri ilə məşğul olmuş, lakin heç bir taksi xidmətində, o cümlədən “Bol taksi 7555” xidmətində işləməmişdir. İcazə portalında onun adı “Bol taksi 7555” xidmətinin taksi sürücüsü kimi qeyd edilsə də, həqiqətdə o, həmin taksi xidmətinin işçisi olmamış, bir gün də olsun “Bol taksi 7555” xidmətində taksi sürücüsü işləməmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifafəsindən görünür ki, ölkədə karantin rejimi tətbiq edildiyinə görə vətəndaşların sərbəst hərəkəti qanunla məhdudlaşdırıldığı zaman işləmək istəmiş, lakin karantin rejimi ilə bağlı olaraq heç bir yerə çıxa bilməmiş, belə ki, sərbəst hərəkət etmək üçün hər hansı bir icazəsi olmamışdır. “Bol taksi 7555” xidmətində istənilən şəxsin “icazə.e-gov az” portalında qeydiyyatdan keçirildiyini eşitmişdir. Buna görə də 2020-ci ilin iyul ayında həmin xidmətin sahibi Həsrət adlı şəxslə görüşüb ona karantin rejimi vaxtı sərbəst hərəkət etmək istədiyini, lakin hər hansı bir icazəsinin olmadığını bildirib sonuncudan adını “icazə.e-gov az” portalına daxil etməklə sərbəst hərəkət edə bilməsinə şərait yaratmasını xahiş etmişdir. Həsrət 50 manat müqabilində adını “icazə.e-gov az” portalına “Bol taksi 7555” xidmətinin taksi sürücüsü kimi daxil edəcəyini, bundan sonra sərbəst şəkildə istənilən yerə gedib-gələ biləcəyini demişdir. Qeyd edilən məbləği verdikdən sonra Həsrət onun adını “icazə.e-gov az” portalına “Bol taksi 7555” xidmətinin taksi sürücüsü kimi daxil etmiş, bundan sonra o, karantin rejimi vaxtı şəxsi işləri ilə bağlı olaraq sərbəst şəkildə hərəkət edə bilmişdir. Həmin müddətdə o, şəxsi işləri ilə məşğul olmuş, lakin heç bir taksi xidmətində, o cümlədən “Bol taksi 7555” xidmətində işləməmişdir. İcazə portalında onun adı “Bol taksi 7555” xidmətinin taksi sürücüsü kimi qeyd edilsə də, həqiqətdə o, həmin taksi xidmətinin işçisi olmamış, bir gün də olsun “Bol taksi 7555” xidmətində taksi sürücüsü işləməmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifafəsindən görünür ki, ölkədə karantin rejimi tətbiq edildiyinə görə vətəndaşların sərbəst hərəkəti qanunla məhdudlaşdırıldığı zaman “Toyota Corolla” markalı, **-TO-*** dövlət nömrə nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmaq istəmiş, lakin sərbəst hərəkət etmək üçün hər hansı bir icazəsi olmadığına görə karantin rejimi ilə bağlı olaraq heç bir yerə çıxa bilməmişdir. Həmin ərəfədə “Bol taksi 7555” xidmətində istənilən şəxsin “icazə.e-gov az” portalında qeydiyyatdan keçirildiyini, bundan sonra sərbəst hərəkət etməyin mümkün olduğunu eşitmişdir. Buna görə də 2020-ci ilin iyul ayında həmin xidmətin sahibi Həsrətlə Babək prospektində görüşüb ona karantin rejimi vaxtı sərbəst hərəkət etmək istədiyini, lakin hər hansı bir icazəsinin olmadığını bildirib sonuncudan adını “icazə.e-gov az” portalına daxil etməsini xahiş etmişdir. Həsrət 20 manat müqabilində adını “icazə.e-gov az” portalına “Bol taksi 7555” xidmətinin taksi sürücüsü kimi daxil edə biləcəyini demişdir. Qeyd edilən məbləği verdikdən sonra Həsrət onun adını “icazə.e-gov az” portalına “Bol taksi 7555” xidmətinin taksi sürücüsü kimi daxil etmiş, bundan sonra o, karantin rejimi vaxtı şəxsi işləri ilə bağlı olaraq sərbəst şəkildə hərəkət edə bilmişdir. Eyni zamanda həmin müddətdə öz şəxsi avtomobili ilə fərdi olaraq taksi fəaliyyəti ilə də məşğul olmuş, lakin heç bir taksi xidmətinə, o cümlədən “Bol taksi 7555” xidmətinə hər hansı bir tabeçiliyi olmamışdır. İcazə portalında onun adı “Bol taksi 7555” xidmətinin taksi sürücüsü kimi qeyd edilsə də, həqiqətdə o, həmin taksi xidmətinin işçisi olmamış, bir gün də olsun “Bol taksi 7555” xidmətində taksi sürücüsü işləməmişdir. İş materiallarında olan 10 avqust 2020-ci il tarixli raportdan görünür ki, xüsusi karantin rejimi dövründə respublika ərazisində sərbəst hərəkət etmək üçün Təqsirləndirilən şəxs çox saylı vətəndaşları “icazə.e-gov az” portalından qeydiyyatdan keçirməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat daxil olmuşdur. İş materiallarında olan “icazə.e-gov az” portalından çıxarışdan görünür ki, Şahid6 “Bol taksi” şirkətinin sürücüsü qismində 15 aprel 2020-ci il tarixdən 31 may 2020-ci il tarixədək, ** RX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ilə ölkə ərazisində taksi fəaliyyəti göstəməsinə dair məlumatlar “icazə.e-gov.az” portalına daxil edilməklə, Şahid6 xüsusi karantin rejimi dövründə respublika ərazisində sərbəst hərəkət edə bilməsinə icazə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin 25 noyabr 2020-ci il tarixli, 552/KEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2020-ci il tarixdə koronavirusa (COVİD-19) yoluxması ilə əlaqədar laborator müayinə cavabı olmadığından, həmin tarixdə onun qeyd olunan virusa yoluxub-yoluxmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs yoluxduğu halda sanitariya-gigiyena qaydaları pozmaqla bədənində, paltarında və ya sair formada koronavirusun (COVİD-19) bir yerdən başqa yerə daşımasının və digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin 25 noyabr 2020-ci il tarixli, 552.1/KEŞ saylı rəyindən görünür ki, Şahid6 15 aprel 2020-ci il tarixdə koronavirusa (COVİD-19) yoluxması ilə əlaqədar laborator müayinə cavabı olmadığından, həmin tarixdə onun qeyd olunan virusa yoluxub-yoluxmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. Şahid6 yoluxduğu halda sanitariya-gigiyena qaydaları pozmaqla bədənində, paltarında və ya sair formada koronavirusun (COVİD-19) bir yerdən başqa yerə daşımasının və digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. İş materiallarında olan “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi”nə dair “taxes.gov.az” internet saytından çıxarışdan ki, Təqsirləndirilən şəxs 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən fiziki şəxs kimi ********** nömrəli VÖEN-lə vergi uçotuna götürülmüşdür. İş materiallarında olan “icazə.e-gov.az” portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs öz adına olan ********** nömrəli VÖEN-lə 212 nəfər şəxsin adını taksi sürücüsü adı ilə “icazə.e-gov.az” portalına daxil etmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 27 may 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rezervuar küçəsində yerləşən qeyriyaşayış binasını göstərərək, pul müqabilində Şahid6 və qeyrilərinin “Bol taksi 7555” taksi xidmətində taksi sürücüsü kimi fəaliyyət göstərmələri barədə məlumatları “icazə.e-gov.az” portalına həmin binada daxil etdiyini, bununla da onlara 15 aprel 2020-ci il tarixdən həmin ilin avqust ayının sonunadək olan müddət ərzində elektron icazənin qanunsuz verilməsini təşkil etdiyini bildirməklə ibtidai isitintaq zamanı verdiyi ifadəsini əyani olaraq təsdiq etmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 27 may 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid6 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rezervuar küçəsində yerləşən qeyri-yaşayış binasını göstərərək, Təqsirləndirilən şəxs pul müqabilində onun “Bol taksi 7555” taksi xidmətində taksi sürücüsü kimi fəaliyyət göstərməsi barədə məlumatları “icazə.e-gov.az” portalına həmin binada daxil etdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 31 may 2021-ci il tarixli, **********204100 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs (VÖEN **********) 16 mart 2017-ci il tarixdə vergi orqanında vergi ödəyicisi kimi uçota alınmışdır. Təqsirləndirilən şəxs hər hansı müəssisənin rəhbəri kimi vergi orqanında qeydiyyatda olması barədə məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş 31 may 2021-ci il tarixli, **********179800 nömrəli məktubdan görünür ki, “Bol taxi” şirkətinin qeydiyyatda olması barədə məlumat yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon Bölməsinin 14 oktyabr 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına və Azərbaycan Respublikasının səfərbərlik hazırlığı və səfərbərlik haqqında Qanuna əsasən 30 sentyabr 2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və 30 sentyabr 2020-ci il tarixdə müvafiq hərbi hissəyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası medalının İ-6908 və İ-12112 nömrəli vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli, 2362 və 2364 nömrəli Sərəncamları ilə müvafiq olaraq “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində dörd azyaşlı uşağının olmasını, İİ Qarabağ müharibəsi (“Vətən müharibəsi”) iştirakçısı olmasını, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cərimə növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1 və 62.2-ci maddələrinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edir və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında müəyyən edilən cərimə növündə cəzadan daha yüngül cərimə cəzasının təyin edilməsini mümkün sayır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona, 1.000 (min) manat miqdarında cərimə növündə cəza təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h **********9212327214, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar