Məhkəmə qərarları › İş №1(010)-196/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-196/2021

14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-196/2021 14.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X2 qızının katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1992-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 17 – 18 mart 2021-ci il tarixləri üzrə tutulmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 20 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,573 qram çəkidə psixotrop maddə metamfetamin alaraq əldə edib, əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxlayıb, daşımış, 17 mart 2021-ci ildə saat 02 radələrində Suraxanı Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsində tibbi qoruyucu vasitələrdən istifadə edib-etməməsi yoxlanılarkən özünü şübhəli apardığına görə saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasına gətirilmiş, videoçəklişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,573 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə – kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 17 mart 2021-ci ildə saat 01 – 02 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən “onlayn” qaydada şəxsi istifadəsi üçün bir ədəd polietilen bükümdə narkotik maddə şüşə almışdır. Belə ki, terminal vasitəsilə həmin şəxsin hesabına 20 manat pul köçürdükdən sonra bu şəxs psixotrop vasitəni qoyduğu yeri demiş, o, isə həmin yerə gedərək ittiham aktının nəticəvi hissəsində göstərilən psixotrop vasitəni götürüb, əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyub, yaşadığı ünvan istiqamətində getməyə başlamışdır. Evi istiqamətində getdiyi zaman Suraxanı rayonu, Z.Əliyev küçəsində, “Bərdə ət məhsulları” mağazasının yaxınlığında post patrul xidməti əməkdaşları ona yaxınlaşmış, onun kim olması və hansı səbəbdən qoruyucu vasitə olan tibbi maskadan istifadə etməməsi barədə soruşmuşlarlar. Üzərində psixotrop maddə olduğuna görə özünü itirib həyəcanlanmış və verilən suallara şübhəli şəkildə cavablar verməyə başlamışdır. Polis əməkdaşları onun danışığından və hərəkətlərindən şübhələnib sorğu-sual etmişlər. Qorxduğu üçün polis əməkdaşlarına üzərində öz şəxsi istifadəsi üçün aldığı psixotrop maddə olan şüşə olduğunu demiş və onu könüllü olaraq təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu yaxınlıqda yerləşən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasına dəvət etmişlər. Razılaşaraq polis əməkdaşları ilə birlikdə 31-ci polis bölməsinə getmişdir. Polis bölməsində ona hüquqları və vəzifələri izah olunduqdan sonra dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. Axtarış zamanı ona əvvəlcədən üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. Əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən öz istifadəsi üçün əldə etdiyi bir ədəd içərisində metamfetamin olan bükümü təqdim etmişdir. Həmin büküm açıldıqdan sonra verilmiş sualları cavablandıraraq metamfetamini necə əldə etdiyini bildirmişdir. Ondan aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların gözü qarşısında zərfə qablaşdırılaraq möhürlənmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərinə baxılmış, qanunsuz başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Sonra protokol tərtib edilmiş, protokol və qablaşdırılmış zərf o, və digər iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, 17 mart 2021-ci ildə Post-patrul xidməti bölüyündə iş yoldaşları ilə birlikdə xidmətdə olduğu vaxt bir nəfərin tibbi maskadan istifadə etmədiyini görüb ona yaxınlaşmışlar. Həmin şəxs özünü şübhəli apardığına görə onu sorğu-sual etməyə başlamış, bu zaman sonuncu bildirmişdir ki, üzərində şüşə kimi tanıdığı psixotrop maddə var. Bundan sonra həmin şəxsi Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasına dəvət etmişlər. Məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs Məmmədəmin oğludur. Onlar Təqsirləndirilən şəxs polis bölməsinə gətirəndən sonra xidməti otaqlardan birində polis əməkdaşları Şahid3 və Şahid2 həmçinin dəvət edilmiş vəkil Müdafiəçi iştirakı ilə 31-ci polis bölməsinin təhqiqatçısı Elşən İsmayılov tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs özü könüllü olaraq üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmiş və həmin büküm təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs cibindən çıxararaq təqdim etdiyi bükümün içərisindəki maddənin psixotrop vasitə metamfetamin olmasını, həmin maddəni Suraxanı rayonu ərazisində “onlayn” qaydada 20 manata aldığını bildirmişdir. Aşkar edilmiş metamfetamin yuxarıda adları göstərilən polis əməkdaşları və vəkilin iştirakı ilə bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid4 bildirdiyinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 18 mart 2021-cı il tarixli 6/1091 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində: “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,573 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir”. 05 iyun 2021-ci il tarixli 1764 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalı, həmçinin o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,523 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 – 18 mart 2021-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli yaşadığı yer üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,523 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar