Məhkəmə qərarları › İş №1(010)-197/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-197/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-197/2021 01.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Əliyev Kəramət Fətəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3, Müdafiəçi2 iştirakları ilə məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3- 2-ci maddələri ilə ittiham olunmalarına dair işə baxaraq m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3- 2-ci maddələri ilə təqsirləndirilmişlər ona görə ki, onlar özgənin əmlakını gizli olaraq talama məqsədilə əlbir olub, bir qrup şəxs halında birləşərək 15 mart 2021-ci il tarixdən 16 mart 2021-ci il tarixə keçən gecə saat 03 radələrində “X5 Company S.A.” şirkətinə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X. Ələkbərov küçəsində yerləşən 4 saylı neft və qazçıxarma sexinin1698 saylı neft quyusunun atqı xəttindən bir metri 4 manata olmaqla cəmi 240 manat dəyərində olan 60 metr uzunluğunda 73 mm diametrli dəmir boru, bir metri 8 manat olmaqla cəmi 320 manat dəyərində olan 40 metr uzunluğunda 114 mm diametrli dəmir boru və bir metri 4 manat olmaqla cəmi 240 manat dəyərində olan 60 metr uzunluğunda 73 mm diametrli dəmir borunu sındıraraq gizli olaraq talamış və nəticədə zərərçəkmiş “X5 Company S.A.” şirkətinə ümumilikdə 800 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Hazırlıq iclasında tərəflər çıxış edərək işin məhkəmə baxışına verilməsini bildirsələr də, məhkəmə hesab edir ki, aparılmış ibtidai istintaq zamanı CPM-nin tələbləri kobud pozulmuş, ifadələr səthi alınmış, oğurluq hadisəsinin baş verməsi şəraiti, oğurlanmış boruların miqdarı araşdırılmamış, 3 nəfər şəxs oğurlanmış borularla birlikdə polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsində aşkar edilərək polis şöbəsinə gətirilsələr də nəqliyyat vasitəsinə baxış keçirilməmiş, foto şəkilləri çəkilməmiş, ittiham istintaq zamanı əldə edilmiş sübutlara deyil ehtimallara əsaslanmış, təqsirləndirilən şəxslərin müdafiə hüquqları pozulmuş, ittiham aktının prosessual formasına riayət olunmamış və digər qanun pozuntusu hallarına yol verilmişdir. Məhkəmə göstərilənləri və tərəflərin fikirlərini dinləyib belə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 19.7, 59.1.5, 85.2.1, 91.5.10, 92.12, 99-1.1.1, 114.1.2, 223.3.2, 232, 233, 236.1, 248.1.1, 260, 289.3.4, 289.7-ci maddələrində göstərilən kobud qanun pozuntularına yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 85.2.1-ci maddəsində göstərilir ki, müstəntiq törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmalı, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamalı, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görməli, səlahiyyəti daxilində bütün istintaq və digər prosessual hərəkətləri yerinə yetirməlidir. Lakin cinayət işinin materiallarından görünür ki, Suraxanı RPİ-nin PPXB-nin 3 polis nəfərinin yazdığı 16.03.2021-ci il tarixli raportla Vaz-2102 markalı ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 31-ci polis Bölməsinə gətirilsə də, materialın hansı sənədlə, kim tərəfindən Suraxanı RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X2 icraatına verilməsi görünmür. Cinayət Prosessual Məcəlləsinin 236.1-ci maddəsində göstərilir ki, cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və ya iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Suraxanı RPİ-nin PPXB-nin 3 polis nəfəri tərəfindən 16.03.2021-ci il tarixdə Vaz- 2102 markalı ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi içərisində kəsilmiş borularla birlikdə 31-ci polis Bölməsinə gətirilsə də, nəqliyyat vasitəsinə baxış keçirilməmiş, hansı ölçüdə, neçə ədəd və neçə metr borunun kəsilməsi müəyyən olunmamış, boruların kəsilməsində istifadə olunan alət müəyyən edilərək götürülməmiş, istintaqın sonrakı mərhələsində də bu faktlar araşdırılmamış, ziddiyyətlərə qiymət verilməmişdir. Əksinə müstəntiq tərəfindən 16.03.2021-ci il tarixdə saat 12:30-da başlayıb 12:55də qurtarmaqla 25 dəqiqəyə hadisə yerinə baxış keçirmişdir. Faktiki olaraq baxış keçirilməmiş, baxış formal aparılmış, ayrı-ayrı əşyaların ölçüləri, yerin və əşyaların planı, sxemi və cizgiləri tərtib olunmamış, hansı sahədən, neçə metr ölçüdə borunun kəsilməsi aydınlaşdırılaraq göstərilməmiş, hadisə yerində borular kəsilmişsə və ya qırılmışsa, kəsilməyə-qırılmaya xarakterik olan hallar, izlər, zədələr göstərilməmiş, protokolun giriş hissəsində iştirakı göstərilməsə də, məzmununda “X5 Company S.A.” şirkətinin nümayəndəsi Nümayəndə iştirak etdiyi göstərilmiş, heç bir hesablama, ölçü aparmadan 885,52 manat dəyərində borunun oğurlandığı göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 223.3.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarda cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməlidir. “X5 Company S.A.” şirkəti əməkdaşları tərəfindən tərtib olunan 16.03.2021ci il tarixli aktda göstərilmişdir ki, 4 saylı NQÇS-nin balansında olan 1698 saylı quyunun qəbul körpüsündən 6 ədəd hər birinin uzunluğu 10 metr, çəkisi cəmi 0,588 ton olan 73 mm-lik nasos-kompressor borusu qaynaq yerindən sındırılaraq, atqı xəttindən uzunluğu 60 metr, çəkisi 0,588 ton olan 73 mm-lik nasos-kompressor borusu və 1698 saylı quyunun yanından keçən su xəttindən isə uzunluğu 40 metr, çəkisi 0,760 ton olan 114 mm-lik nasos-kompressor borusu dəmir mişarla kəsilərək oğurlanmışdır. Təqsirləndirilən şəxslərə elan edilən ittihamda isə göstərilir ki, “...X5 Company S.A.” şirkətinə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X. Ələkbərov küçəsində yerləşən 4 saylı neft və qazçıxarma sexinin1698 saylı neft quyusunun atqı xəttindən bir metri 4 manata olmaqla cəmi 240 manat dəyərində olan 60 metr uzunluğunda 73 mm diametrli dəmir boru, bir metri 8 manat olmaqla cəmi 320 manat dəyərində olan 40 metr uzunluğunda 114 mm diametrli dəmir boru və bir metri 4 manat olmaqla cəmi 240 manat dəyərində olan 60 metr uzunluğunda 73 mm diametrli dəmir borunu sındıraraq gizli olaraq talamış...”. Göründüyü kimi ittihamda boruların ancaq atqı xəttindən və sındırılaraq oğurlandığı qeyd edilmişdir ki, məktubda isə boruların quyunun qəbul körpüsündən sındırılaraq, atqı xəttı və su xəttindən kəsilərək oğurlanması qeyd edilmişdir. İbtidai istintaq zamanı göstərilən ölçüdə və çəkidə boruların Vaz-2102 markalı nəqliyyat vasitəsi ilə aparılmasının mümkünlüyü araşdırılmamış, cinayət hadisəsinin törədilməsində istifadə olunan nəqliyyat vasitəsinin taleyi həll olunmamışdır. Azərbaycan Respublikası CM-nin 99-1.1.1-ci maddəsində göstərilir ki, şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanunla sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) müsadirə edilir. Azərbaycan Respublikası CPM-nin 248.1.1-ci maddəsində isə göstərilir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə əmlak üzərinə həbs qoyulur. Cinayət işinin materiallarından aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 16.03.2021-ci il tarixdə saat 04-05 radələrində 31-ci polis bölməsinə gətirilsə də, faktiki olaraq onların sərbəst hərəkət etmələri məhdudlaşdırılmış, şübhəli şəxs statusunda olmuşlar. Lakin “şübhəli şəxsin tutulması haqqında” protokollardan aydın olur ki, Təqsirləndirilən şəxs2 saat 15:00-da, Təqsirləndirilən şəxs1 saat 15:40-da, Təqsirləndirilən şəxs3 saat 16:30-da şübhəli şəxs kimi saxlanmışlar. Suraxanı RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən təqsirləndirilən şəxslər saxlanaraq 31-ci polis bölməsinə gətirilsələr də, ibtidai istintaq zamanı polis nəfərlərinin heç biri dəvət olunaraq şahid qismində dindirilməmiş, iş üçün əhəmiyyətli olan faktlar aydınlaşdırılmamışdır. “X5 Company S.A.” şirkətinin təqdim etdiyi 16.03.2021-ci il tarixli etibarnaməyə əsasən Nümayəndə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində işə buraxılmış və 16.03.2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsi ilə bağlı olaraq dindirilmişdir. Azərbaycan Respublikası CPM-nin 114.1.2-ci maddəsində nümayəndənin dindirilməsi, onun cinayət prosesində sonrakı iştirakını istisna edən hal kimi göstərilmişdir. Cinayət işinin materiallarından aydın olur ki, 16.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi ifadələri alınmışdır. İfadələr alınarkən Azərbaycan Respublikası CPM-nin 232-ci maddəsinin tələbləri pozulmuş, ifadələr orfoqrafik səhvlərlə birlikdə kompüterin yaddaşından götürülərək bir ifadədən digərinə atılmış, şübhəli şəxslərdən biri dindirilsə də faktiki olaraq digər iki nəfərin dindirilməsi keçirilməmiş, ifadələri kompüterin yaddaşından köçürülmüşdür. Gözləmək olardı ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ittiham elan edilərkən ittihamın mahiyyəti və iş üçün əhəmiyyətli olan hallar üzrə ətraflı dindiriləcəklər. Lakin 17.03.2021-ci il tarixdə elan edilmiş ittiham üzrə dindirilərkən CPM-nin 233-cü maddəsinin tələbləri pozulmuş, faktiki olaraq dindirilmə aparılmamış, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində dindirilmələrinə dair dindirmə protokolunda qeyd olunan ifadələri olduğu kimi, orfoqrafik səhvlərlə birlikdə 17.03.2021-ci il və 02.06.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirilmələrinə dair protokollara köçürülmüşdür. İbtidai istintaq zamanı 20.05.2021-ci il tarixdə tərtib olunmuş protokollardan aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ifadələri hadisə yerində yoxlanmışdır. Azərbaycan Respublikası CPM-nin 260-cı maddəsinə əsasən ifadənin yerində yoxlanması dəqiq məlum olan yerdə baş vermiş hadisə ilə bağlı ifadələrin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədilə aparılır. CPM-nin 260.4-cü maddəsinə əsasən müstəntiq ifadə verən şəxslə göstərdiyi yerə gəlməli, ona əvvəllər haqqında ifadə verdiyi və ya hazırda verə biləcəyi şəraiti, əşyanı göstərməsi təklif olunur. Bu halda dindirilmiş şəxs hadisə yerinə gedən yolu, əvvəllər haqqında ifadə verdiyi və ya hazırda ifadə verə biləcəyi şəraiti və əşyaları göstərir, həmçinin müstəntiqin suallarını cavablandırır. Lakin ifadə yerində yoxlanılarkən göstərilənlərə əməl olunmamış, təqsirləndirilən şəxslərin ifadələri qısa formada cüzi dəyişiklik edilməklə kompüterin yaddaşından protokola atılmış, heç bir dəqiqləşdirmə aparılmamış, boruların haradan kəsilməsi, həmin sahənin neçə metr olması və s. araşdırılmamışdır. Təqsirləndirilən şəxslərin ifadələri hadisə yerində yoxlanılarkən onlara bilə-bilə yalan xəbərçilik etməyə görə CM-nin 296-cı maddəsinin məsuliyyətinin elan edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinin, CPM-nin 91.5.10-ci maddəsinin tələblərinin, o cümlədən təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, təqsirləndirilən şəxs özünü və yaxın qohumlarını ifşa etməkdə sərbəstdir. İfadə vermək onun vəzifəsi yox, hüququdur. Təqsirləndirilən şəxs ifadə verməkdən imtinaya, verdiyi ifadənin məzmununa görə heç bir məsuliyyət daşımır. Azərbaycan Respublikası CPM-nin 19.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxs ifadə verməyə, cinayət prosesini həyata keçirən orqana hər hansı materiallar təqdim etməyə və onlara hər hansı yardım göstərməyə məcbur edilə bilməz. Təqsirləndirilən şəxslərə bilə-bilə yalan xəbərçilik etməyə görə CM-nin 296-cı maddəsində nəzərdə tutulan məsuliyyətin elan olunması İnsan Hüquqları və Əsas Azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi ilə nəzərdə tutulmuş susmaq və özünə qarşı ifadə verməmək hüquqlarının pozulması deməkdir. Avropa Məhkəməsinin “A.G.Zayçenko Rusiya Federasiyasına qarşı” işi üzrə 11.02.2010-cu il tarixli qərarında göstərilir ki, susmaq və özünə qarşı ifadə verməmək hüququ Avropa Məhkəməsi tərəfindən ədalətli məhkəmə araşdırması hüququnun mühüm tərkib elementi kimi nəzərdən keçirilir. Bununla əlaqədar qərarın 38-ci bəndində qeyd olunur ki, susmaq və özünə qarşı ifadə verməmək hüquqları Konvensiyanın 6-cı maddəsinə əsasən ədalətli prosedurun təməlini təşkil edən beynəlxalq standartlar kimi tanınmışlar. Onların məqsədi hakimiyyətin qanunsuz məcburetmə tədbirlərindən təqsirləndirilən şəxsin müdafiəsini təmin etmək və beləliklə ədalət mühakiməsindən suiistifadə olunmasını istisna etməklə Konvensiyanın 6-cı maddəsinin məqsədlərini həyata keçirməkdir. Özünə qarşı ifadə verməmək hüququ ilk növbədə təqsirləndirilən şəxsin susmaq niyyətinə hörməti nümayiş etdirir və ittiham tərəfinin şəxsin iradəsi ziddinə məcburetmə vasitələri ilə əldə olunmuş sübutlara əl atmadan təqsirləndirilən şəxsə qarşı sübutlar təqdim etmək vəzifəsini ehtiva edir. Bu mənada qeyd edilən hüquq Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası ilə sıx bağlıdır. Qərarın 39-cu bəndində isə Avropa Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətliliyə dair ümumi tələblər konkret cinayətin xüsusiyyətlərindən asılı olmayaraq istənilən cinayət proseduralarına şamil olunur. Ümumi maraq Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ərizəçinin müdafiə olunmaq, o cümlədən özünə qarşı ifadə verməmək hüququnun mahiyyətinə toxunan tədbirlərə bəraət qazandırıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsində heç kəsin özünə, arvadına (ərinə), övladlarına valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilmədiyi, “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 14-cü maddəsində hər kəs ona qarşı irəli sürülən hər hansı bir ittihama baxılması zamanı tam bərabərlik əsasında digər təminatlarla yanaşı, özünə qarşı ifadə verməyə və ya təqsirini boynuna almağa məcbur edilməməsi, CPM-in 20-ci maddəsində heç kəsin şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməməsi və buna görə hər hansı təqibə məruz qala bilmədiyi göstərilmişdir. “X5 Company S.A.” şirkətinə məxsus əmlak gizli olaraq oğurlanmasına və həmin faktla bağlı ibtidai istintaq aparılmasına baxmayaraq, ifadələrin hadisə yerində yoxlanmasına dair tərtib olunmuş 20.05.2021-ci il tarixli hər üç protokolda göstərilmişdir ki, “təqsirləndirilən şəxs etdiyi soyğunçuluq əməlinin baş verdiyi yeri əyani şəkildə, dəqiq olaraq göstərdi”. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı şübhəli şəxs və iki dəfə təqsirləndirilən şəxs qismində müdafiəçilərinin iştirakları ilə dindirilərkən ifadələrində göstərmişlər ki, “... bir-birinə bərkidilmiş təxminən 7 metr uzunluğunda olan boruları söküb çıxardıqdan sonra avtomobilin salonuna yükləmək üçün dəmir kəsən ilə həmin boruları kəsmişlər”. Nəqliyyat vasitəsinə baxış keçirilərək çəmi neçə ədəd, hansı ölçüdə borunun olması müəyyənləşdirilməsə də, gözləmək olardı ki, ibtidai istintaqın sonrakı mərhələsində bu ziddiyyətlər aradan qaldırılacaq, ifadələrlə cəmi neçə ədəd və neçə metr borunun qırılaraq-kəsilərək oğurlanması aydınlaşdırılacaq. Lakin istintaq sənədlərindən aydın olur ki, bu barədə istər müstəntiq və istərsə də müdafiəçilər tərəfindən suallar verilməmiş, istintaq orqanı 160 metr borunun oğurlanmasına görə ittiham elan etdiyi, təqsirləndirilən şəxslər 7 metr uzunluqda olan boruları oğurladıqlarını göstərdikləri halda obyektiv həqiqətin meydana çıxmasına təşəbbüs göstərilməmişdir. İbtidai istintaqın gedişində müdafiəçilər tərəfindən təqsirləndirilən şəxslər dindirilərkən, ifadələri yerində yoxlanılarkən, ziddiyyətlərin aradan qaldırılması üçün heç bir təşəbbüs göstərməmələri, suallar və vəsatətlər verilməmələri, təqsirləndirilənlərə CMnin 296-cı maddəsinin məsuliyyəti elan edilərkən, həmin protokollarda “soyğunçuluq” cinayətinin törədilməsi qeyd edilərkən münasibət bildirməmələri bunu deməyə əsas verir ki, təqsirləndirilən şəxslərin müdafiəsi lazımı şəkildə həyata keçirilməmiş, müdafiə formal olmuş, onların müdafiə hüquqları pozulmuşdur. “Azərbaycan Respublikası CPM-nin 92.12-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20.05.2011-ci il tarixli qərarında deyilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Cinayət işində olan “Məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında” 29.03.2021-ci il tarixli qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən saxlanılaraq 60 metr uzunluğunda 73 mm-lik, 40 metr uzunluğunda 114 mm-lik və 560 metr uzunluğunda 73 mm-lik borular götürülərək istintaqa təqdim edilmişdir. Lakin cinayət işinin materiallarında qeyd olunan boruların götürülməsi və istintaqa təqdim edilməsinə dair heç bir sənəd yoxdur. “Məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında” 29.03.2021-ci il tarixli qərarın Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsinə dair 29.03.2021-ci il tarixli ***-*******56 saylı məktubda ekspertə 16 ədəd borunun göndərildiyi göstərilsə də, ekspertizanın 19.04.2021-ci il tarixli 9/12840 saylı rəyində ekspertizaya 60 metr uzunluğunda 73 mm-lik, 40 metr uzunluğunda 114 mm-lik, 60 metr uzunluğunda 73 mm-lik boruların təqdim edildiyi göstərilmişdir. “X5 Company S.A.” şirkətinin nümayəndəsi 23.04.2021-ci il tarixli ərizəsində boruların şirkətə qaytarıldığını, heç bir tələb və şikayətlərinin olmadıqlarını göstərsə də, hansı ölçüdə neçə ədəd və neçə metr uzunluğunda boruları təhvil aldığı göstərilməmişdir. Azərbaycan Respublikası CPM-nin 289.3.4-cü maddəsində göstərilir ki, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsi səçiyyələndirən hallar göstərilməlidir. Lakin istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin yaşayış yerindən və ailə tərkibi haqqında arayışlar və xasiyyətnamələr alınaraq cinayət işinin materiallarına əlavə olunmamış, təqsirləndirilən şəxsi səciyyələndirən hallar tam göstərilməmişdir. İttiham aktında təqsirləndirilən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 özlərinin müdafiələri üçün dəlillər gətirməmişlər nəticəsinə gəlinməklə CPM-nin 289-cu maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası CPM-in 289.3.3-cü maddəsində göstərilir ki, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanması zamanı toplanmış sübutlar ittiham aktında göstərilməlidir. İstintaq sənədlərindən aydın olur ki, hər üç təqsirləndirilən ifadələrində “Sərxanın uşağı xəstə olub müalicəsi üçün təcili pul lazım olduğundan oğurluq cinayəti törətdiklərini, həmçinin 160 metr deyil, 7 metr uzunluğunda boruları söküb çılxardıqlarını” göstərdikləri halda bunlar yoxlanmamış, yoxlamanın nəticəsi olaraq toplanmış sübutlar ittiham aktında göstərilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.5-ci maddəsində göstərilir ki, cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası CPM-nin 289.7-ci maddəsində göstərilir ki, ittiham aktına müstəntiqin mülahizələrinə görə məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı əlavə edilir. Həmin siyahıda müstəntiq cağrılmalı olan şəxslərin olduqları yeri və onların ifadələri və ya rəyləri olan işin vərəqələrini qeyd edir. Göstərilən iş üzrə tərtib olunan ittiham aktına da müstəntiq tərəfindən məhkəməyə dəvət olunan şəxslərin siyahısı əlavə olunmuşdur. Lakin məhkəməyə dəvət olunan 3 təqsirləndirilən şəxs və 1 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri olan işin vərəqəsi 66-68 göstərilmiş, həmin səhifələrə isə müdafiəçi dəvət etmək haqqında qərar, qərarın 9 saylı vəkil bürosuna göndərilməsinə dair məktub və Müdafiəçi2 şəxsiyyət vəsiqəsinin sürəti tikilmişdir. Yəni ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsində göstərilir ki, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, CPM-in 303.3.6-cı maddəsinə görə “cinayət işi üzrə ittiham aktının həmin məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmamağı” kimi kobud pozuntulara yol verildikdə çıxarılır. Göstərilənlərdən başqa ibtidai istintaq orqanı tərəfindən qərarlar qəbul edilərkən (cinayət işi başlamaq və icraata qəbul etmək haqqında, ekspertizalar təyin etmək haqqında və s.) Cinayət Prosessual Qanunvericiliyin tələbləri pozulmuş, qərarların çıxarılma tarixləri göstərilsə də vaxtlar göstərilməmiş, müstəntiq tərəfindən qərarlar qəbul edilərək konkret maddələrə deyil, ümumi normalara istinad edilmiş, istintaq hərəkəti protokollarının qeydiyyatdan keçməsinə dair protokolların üzərinə nömrələr vurulsa da, nə vaxt qeydiyyatdan keçirilməsi qeyd olunmamışdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 300.4.1, 303.1, 303.3.1 və 303.3.6-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı:

1. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı Rayon Prokuroruna qaytarılsın.

2. Qərarın surəti təqsirləndirilən şəxslərə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin.

3. Cinayət işinin ibtidai istintaqı zamanı kobud qanun pozuntusu hallarına yol verdiyindən Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 barəsində qərar çıxarılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin.

Sədrlik edən hakim: Kəramət Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar