Məhkəmə qərarları › İş №1(010)-198/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-198/2021

14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-198/2021 14.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X10 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, saat 12:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi, N nömrəli hərbi hissədə qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, keçid 23 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 19 fevral 2021-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Xəzər rayonu, Büzovna qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrıayrılıqda təmiz çəkisi 0.986 qram, 0.460 qram, 0.452 qram olmaqla ümumi təmiz çəkisi 1.898 qram təşkil edən 03 (üç) ədəd bükümdə ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 60 manata əldə edib saxlayaraq, üzərində və idarə etdiyi “Volkswagen Passat” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda daşımış, 21 fevral 2021-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bağlar massivində tibbi qoruyucu vasitələrdən istifadə edib-etməməsi yoxlanılan zaman özünü şübhəli apardığı üçün idarə etdiyi avtomobillə birlikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilmiş, orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0.986 qram, habelə idarə etdiyi “Volkswagen Passat” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının yan hissəsindən 02 ədəd şəffaf polietilen bükümündə ayrı-ayrılıqda 0.460 qram, 0.452 qram çəkidə olmaqla 03 ədəd bükümdəki ümumi təmiz çəkisi 1.898 qram olan xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, eyni tərkibli ağ kristallik maddə kustar üsulla hazırlanmış pxisotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, bir müddətdir psixotrop maddə olan metamfetamini çəkmək yolu ilə istifadə edir. Həmin psixotrop maddəni Bakı şəhərində müxtəlif tanımadığı şəxslərdən onlayn şəkildə sifariş verərək əldə edir. Sonuncu dəfə 19 fevral 2021-ci il tarixdə, təxminən saat 21 radələrində öz şəxsi istifadəsi üçün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən internet vasitəsilə 60 manat ödəyərək psixotrop maddə olan metamfetamin almışdır. Belə ki, o, terminal vasitəsilə həmin şəxsin hesabına 60 manat pul köçürdükdən sonra sonuncu 03 bükümdə psixotrop maddəni qoyduğu yeri ona demiş, o, da gedib həmin psixotrop maddəni Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində qoyulduğu yerdən götürmüşdür. Həmin vaxt qeyd etdiyi psixotrop maddənin bir qismini istifadə etdikdən sonra qalan hissəsini daha sonra istifadə etmək üçün üzərində və idarə etdiyi “Volkswagen Passat” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamışdır. 21 fevral 2021-ci il tarixdə, gecə təminən saat 01 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yuxarıda qeyd etdiyi özünə məxsus avtomobilində qeyri-rəsmi yaşadığı X11 və sonuncunun yanında olan iki rəfiqsi ilə birlikdə söhbət edən zaman polis əməkdaşları onlara yaxınlaşıb tibbi maskadan istifadə etməmələrinin səbəbini soruşmuşlar. Suallara həyəcanlı şəkildə cavab verməsi polis əməkdaşlarının onu daha çox sorğu-sual etməsinə səbəb olmuş, qorxduğu üçün polis əməkdaşlarına üzərində və idarə etdiyi avtomobildə öz şəxsi istifadəsi üçün aldığı psixotrop maddə metamfetamin olduğunu deimişdir. Buna görə də polis əməkdaşları onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə qeyd etdiyi polis bölməsinə getmişdir. Orada ona hüquq və vəzifələri izah olunduqdan sonra xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı, içərisində psixotrop maddə olan siqaretin gümüşü rəngli falqasına bükülmüş bir ədəd bükümü və psixotrop maddə qəbul etmək üçün olan boru şəklinə gətirilmiş 01 manatlıq pul əskinazını polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmamışdır. Bundan sonra onun razılıq ərizəsi əsasında idarə etdiyi “Volkswagen Passat” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilində axtarış aparılmış, axtarış zamanı avtomobilin qabaq sərnişin oturacağının yan hissəsindən 02 ədəd şəffaf polietilen bükümündə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Polis əməkdaşlarına üzərindən və avtomobilindən aşkar edilmiş psixotrop maddələri 19 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində tanımadığı şəxsdən onlayn şəkildə, yəni internet vasitəsilə 60 manat ödəyərək, öz şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmişdir. Aşkar edilmiş psixotrop maddələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərinə və avtomobilinə axtarış həyata keçirilən zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X13 göstərdi ki, 21 fevral 2021-ci il tarixdə növbədə olduğu zaman, saat 01:15-də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün 5661 çağırışlı patrul avtomobilində xidmət aparan polis nəfərləri, narkotik vasitələrin əldə dilməsində istifadə edilməsində və daşınmasında şübəli bilinən 01 kişi və 03 qadın olmaqla, 04 nəfər şəxsi, “Wolsvaqen Passat” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə şöbəyə gətirmişlər. Polis şöbəsində həmin şəxslərin Təqsirləndirilən şəxs, X11, X5 və X9 olduqları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibində saxladığı siqaretin gümüşü rəngli falqasına bükülmüş 01 ədəd bükümü və dairəvi şəkildə bükülmüş 01 manatlıq pul əskinazını onlara təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə psixotrop maddə metamfetamindir, onu 19 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində tanımadığı şəxsdən onlayn şəkildə, yəni internet vasitəsilə 60 manat ödəyərək, öz şəxsi istifadəsi üçün əldə etmiş, bir qismini istifadə etdikdən sonra üzərində saxlamış, digər qismini isə idarə etdiyi “Volkswagen Passat” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilində saxlayır. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında idarə etdiyi “Volkswagen Passat” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılmış, axtarış zamanı avtomobilin qabaq sərnişin oturacağının yan hissəsindən 02 ədəd şəffaf polietilen bükümü aşkar edilərək götürülmüş, həmin bükümlərə baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş 02 ədəd bükümdən başqa qanunla dövriyyəsi qadağan olunan əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş maddələr qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərinə və avtomobilinə axtarış həyata keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. X13 həmçinin göstərdi ki, dəvət olunmuş vəkillərin iştirakı ilə, videoçəkilişdən istifadə etməklə, ardıcıl olaraq, ayrı-ayrılıqda X6, X2 və X4 üzərlərində də axtarış aparılmış, lakin onların üzərlərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 21 fevral 2021ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibində saxladığı siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümü və dairəvi şəkildə bükülmüş 01 manatlıq pul əskinazını polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə psixotrop maddə metamfetamindir, onu 19 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində tanımadığı şəxsdən onlayn şəkildə, yəni internet vasitəsilə 60 manat ödəyərək, öz şəxsi istifadəsi məqsədilə əldə etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümdəki psixotrop maddə metamfetamin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Baxışın nəticələrinə dair tərtib edilmiş protokol baxışda iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirmə və götürmə haqqında 21 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen Passat” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı avtomobilin qabaq sərnişin oturacağının yan hissəsindən 02 ədəd şəffaf polietilen bükümündə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobilindən aşkar edilmiş bükümlərdəki maddələr metamfetamindir, onları 19 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində tanımadığı şəxsdən onlayn şəkildə, yəni internet vasitəsilə 60 manat ödəyərək, öz şəxsi istifadəsi məqsədilə əldə etmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 21 fevral 2021-ci il tarixli, 6/765 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-in Zərflər üçün N194 dairəvi möhürü olan soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0.986 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İİ) daxildir. Bir ədəd bir manatlıq əskinazda narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəkilində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. Təmiz çəkisi 0.986 qram olan metamfetaminin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, ümumi qalıq 0.936 qram təşkil etmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 21 fevral 2021ci il tarixli protokollardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, müdafiəçilərnin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən ayrı-ayrılıqda X8, X3 və X7, üzərlərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərlərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra X11, X5 və X9 üzərlərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın və ya predmetin olmadığını bildirmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən onların üzərlərində axtarış aparılmış, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 22 fevral 2021-ci il tarixli, 6/772 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz şəkiləri 0.460 qram, 0.452 qram ümumi təmiz çəkisi 0.912 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Bir ədəd kağız borucuğun daxilində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İİ) daxildir. Ümumi təmiz çəkisi 0.912 qram olan metamfetaminin 0.100 qram hissəsi tədqiqata sərf olunmuş, ümumi qalıq 0.812 qram təşkil etmişdir. İş materiallarında olan video görüntüyə baxış keçirilməsi haqqında 24 fevral 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq, əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibində saxladığı siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində krista çəkilli maddə olan 01 ədəd bükümü və dairəvi şəkildə bükülmüş 01 manatlıq pul əskinazını polis əməkdaşlarına təqdim edir və bildirir ki, həmin bükümdə olan maddə psixotrop maddə metamfetamindir, onu 19 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində tanımadığı şəxsdən onlayn şəkildə, yəni internet vasitəsilə 60 manat ödəyərək, öz şəxsi istifadəsi məqsədilə əldə etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılır, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmur. İş materiallarında olan video görüntüyə baxış keçirilməsi haqqında 26 fevral 2021-ci il tarixli protokolarldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD disklərdki video görüntülərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, müdafiəçlərinin iştirakı ilə polis əməkdaşları tərəfindən ayrı-ayrılıqda X8, X3 və X7, üzərlərinə şəxsi axtarış keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərlərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Bu təklifdən sonra X11, X5 və X9 üzərlərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın və ya predmetin olmadığını bildirirlər. Bundan sonra polis əməkdaşları tərəfindən onların üzərlərində axtarış aparılır, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan “Volkswagen Passat” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair DVD diskdədki video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Volkswagen Passat” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində süni işıqlandırma şəraitində onun iştirakı ilə polis əməkdaşları tərəfindən axtarış zamanı avtomobilin qabaq sərnişin oturacağının yan hissəsindən 02 (iki) ədəd şəffaf polietilen bükümü aşkar edilərək götürülür. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 mart 2021-ci il tarixli, 690 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 09 iyun 2021-ci il tarixli, 6/2302 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1№-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.936 qram olan psixotrop maddə metamfetamin və üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan bir ədəd zərfdəki iki ədəd bükümdə ümumi təmiz çəkisi 0.812 qram olan psixotrop maddə metamfetaminlə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İİ) daxildir. 1 №-li zərfdəki ümumi təmiz çəkisi 0.936 qram olan metamfetaminin 0.050 qram hissəsi tədqiqata sərf olunmuş, ümumi qalıq 0.886 qram təşkil etmişdir. 2 №-li zərfdəki ümumi təmiz çəkisi 0.812 qram olan metamfetaminin 0.100 qram hissəsi tədqiqata sərf olunmuş, ümumi qalıq 0.712 qram təşkil etmişdir. İş materiallarında olan toplanmış sübutların qiymətləndirilməsi haqqında 09 iyun 2021-ci il tarixli qərardan görünür ki, X11, X5 və X9 barəsində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İİ siyahısının 67-ci bəndlərinə əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla ayrı-ayrılıqda yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunan şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 21 fevral 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında və qətimkan tədbirinin seçilməsi haqqında 22 fevral 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 fevral 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon prokurorunun 22 fevral 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin təmin edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və həmin tarixdə sonuncunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 21 fevral 2021-ci il tarixdən 22 fevral 2021-ci il tarixədək tutulduğu 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 02 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1.598 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə axtarış aparılmasını əks etdirən 02 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə və məhkəmə fiziki-kimyəvi ekspertizaların keçirilməsinə xərclənmiş cəmi 228 (iki yüz iyirmi səkkiz) manat 64 (altmış dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 21 fevral 2021-ci il tarixdən 22 fevral 2021-ci il tarixədək tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə və məhkəmə fiziki-kimyəvi ekspertizaların keçirilməsinə xərclənmiş cəmi 228 (iki yüz iyirmi səkkiz) manat 64 (altmış dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ümumi xalis çəkisi – 1.598 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə axtarış aparılmasını əks etdirən 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar