Məhkəmə qərarları › İş №1(010)-2/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-2/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-2/2025 31.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X21 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçiləri-Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 azyaşlı övladı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Kərim oğlu xx.xx.2013-cü il tarixdə saat 19-30 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivində yerləşən 44 saylı binanın yaxınlığında əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs onun işlətdiyi dükana mobil telefonlar üçün verdiyi danışıq konturlarına görə olan borcunu vermədiyi üçün aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq etməklə Zərərçəkmiş şəxs hadisə yerində olan vətəndaşların gözü qarşısında nalayiq sözlərlə söyərək yumruqla onun sifət nahiyyəsindən xuliqanlıq niyyəti ilə qəsdən zərbələr vuraraq ona Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş-burun tənəffüsünün ikitərəfli pozulması ilə müşayiət olunan burun sümüklərinin yerdəyişməyən sınığı və burun çəpərinin əyriliyi, hər iki gözaltı nahiyyənin qançırları, üzün sol yarısının, sağ gözaltı nahiyyənin, boyunun sağ yan səthinin, sol körpücük nahiyyəsinin sınığlannda ifadə olunan qəsdən sağlamlığa az-ağır zərər vurmaya səbəb olan xəsarət yetirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində xx.xx.2013-cü il tarixdə saat 19-30 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivində yerləşən 44 saylı evin yaxınlığında əvvəlcədən tanıdığı və onun atası ilə birlikdə işlətdiyi dükana mobil telefonları üçün kartlar gətirib verən Zərərçəkmiş şəxs ilə kartların pulunun ödənilmədiyi səbəbindən dalaşaraq yumruqla onun sifət nahiyyəsindən zərbə vuraraq xəsarət yetirdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həmin vaxt tam nə olduğunu deyə bilmir, anlaşılmazlıq yaşamış, bir səhv etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini hazırda da təsdiq edir. O, həyat yoldaşının xəstə olduğunu, başında şiş olduğunu, xəstəliyi ilə əlaqədar Türkiyəyə, İrana getdiklərini və hər yerdə yoldaşı barəsində fərqli diaqnozlar qoyulduğunu bildirdi. Həmin vaxtlar heç övladı da olmamış, özü barəsində axtarış verilməsini, məhkəmə iclasının vaxtını bilməmişdir. O, həyat yoldaşını müalicə elətdirmək üçün Avstriyaya, sonra da Fransaya getmişdir. Onların Avstriyada 1 övladları olmuş, orada qalmışlar və yoldaşı müalicə almışdır. Hazırda da həyat yoldaşı müalicə alır və şiş beyninin daxilində olduğu üçün əməliyyat olunmur. Həmçinin, gözündə və ürəyində də problem var, dərmansız yaşaya bilmir, 2 aydan bir kontrol edilir. Hazırda həyat yoldaşı Fransada təkdir, o özü isə anası xəstə olduğu üçün iş yerindən 10 günlük icazə alaraq Bakıya gəlirmiş. Bu zaman onu Gürcüstanda saxlayıblar. Sərhədi maşın yolu ilə keçib. Həyat yoldaşı beyində şiş - hipofizin makroadenoması xəstəliyindən əziyyət çəkir. Həmin xəstəlik nəticəsində onun digər orqanları zərər görürlər, həmçinin xəstəlik nəticəsində görmə qabiliyyəti zəifləmiş, hətta itirilmə dərəcəsinə çatmışdır. Bu məqsədlə də o, həyat yoldaşının müayinə və müalicələrini həyata keçirmək üçün ölkə xaricinə getmək məcburiyyətində qalmışdır. Həyat yoldaşı uzun müddət xarici ölkədə müalicələr aldığından onun respublikaya qayıtması mümkün olmamışdır. Hal-hazırda da həyat yoldaşı və uşaqları xarici ölkədədir və onun müalicəsi orada davam etdirilir, lakin, həyat yoldaşı yanında olmadığından və xəstəliyin mənfi nəticələri səbəbindən özünü və uşaqlarını sərbəst şəkildə idarə edə bilmir. Ailəsini dolandıran yeganə şəxs o olduğu üçün ailənin ona ehtiyacı vardır. Əgər onun barəsində həbslə bağlı cəza təyin olunarsa, ailəsinin xarici ölkədə başsız qalması, maddi təminatının olmaması nəticəsində onların həyat şəraitləri çətinləşəcək, həmçinin həyat yoldaşının müalicəsi və müayinələri davam etdirilməsi mümkünsüz olacaq və nəticədə həyat yoldaşının həyatını itirməsi riski artacaqdır. Onun həyat yoldaşında sağalmaz xəstəlik olduğu üçün Avstriyada və Fransada yaşamaq üçün icazə verilib. O, zərərçəkmişlə barışıb və onun barəsində şikayət yoxdur. O, himayəsində 3 azyaşlı övladının olduğunu, hazırda uşaqlarının xarici ölkədə - Fransada anasının yanında qaldığını, həyat yoldaşının orada tək olduğunu və onun ağır xəstə (beynində şiş – hipofizin makroadenoması) olmasını, həmin ölkədə müalicə aldığını, özünün ailənin yeganə qazanc mənbəyi olmasının nəzərə alınmasını xahiş etdi. İbtidai sitintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində xx.xx.2013-cü il tarixdə saat 19-30 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivində yerləşən evlərin yaxınlığında əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsin işlətdiyi dükana mobil telefonlar üçün verdiyi 646 manat 50 qəpik pulu vermədiyi üçün onunla aralarında mübahisə baş verdiyini və Elnurun yumruqla onun sifət nahiyyəsindən zərbə vuraraq xəsarət yetirdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs həm şifahi həm də yazılı şəkildə bildirmişdir ki, ona Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi və mənəvi ziyan tam ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur. Onlar həmin vaxtdan barışmışlar, Təqsirləndirilən şəxs cavanlıqda səhv edib, o da onunla barışmışdır, bunu ərizəsi ilə təsdiqləyir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X10 ifadəsində Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayıb yaxın münasibətdə olduqlarını, xx.xx.2013-cü il tarixdə saat 19-30 radələrində dostluq etdiyi Cavid adlı şəxslə Elnurun işlətdiyi mağazanın qarşısında dayanıb birlikdə söhbət etdikləri zaman sonradan adı ona məlum olan Elçin adlı şəxsin onlara yaxınlaşaraq kartların pulunun istədiyi zaman onların mübahisə edib dalaşaraq biri-birilərinə yumruqla zərbə vurduqlarını görüb onları ayırdıqlarını göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid qismində dindirilən X8 ifadəsində Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayıb yaxın münasibətdə olduqlarını,xx.xx.2013-cü il tarixdə saat 19-30 radələrində dostluq etdiyi Əli adlı şəxslə Elnurun işlətdiyi mağazanın qarşısında dayanıb birlikdə söhbət etdikləri zaman sonradan adı ona məlum olan Elçin adlı şəxsin onlara yaxınlaşaraq kartların pulunun istədiyi zaman onların mübahisə edib dalaşaraq biri-birilərinə yumruqla zərbə vurduqlarını görüb onları ayırdıqlarını göstərmişdir. İbtidai istintaq zamanı toplanmış materiallar: Cinayət işinin başlanmasına əsas və səbəb Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə saat 19-30 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivində yerləşən 44 saylı evin yaxınlığında aralarında olan mübahisə nəticəsində yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsindən zərbə vuraraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş az-ağır zərər vurmaya səbəb olan xəsarət yetirməsi faktı ilə əlaqədar toplanmış material olmuşdur. Cinayət əməli 15 yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 127.2.3. və 221 -1 ci maddələrinə tövsif olunmuşdur. 15 yanvar 2014-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 127.2.3.və 221-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə tibbi ekspertizasının 17 dekabr 2014-cü il tarixli 65/855 N°-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində burun tənəffüsünün ikitərəfli pozulması ilə müşayiət olunan burun sümüklərinin yerdəyişməyən sınığı və burun çəpərinin əyriliyi, hər iki güzaltı nahiyyənin qançırları, üzün sol yarısının, sağ gözaltı nahiyyənin, boyunun sağ yan səthinin, sol körpücük nahiyyəsinin smığlannda ifadə olunan qəsdən sağlamlığa azağır zərər vurmaya səbəb olan xəsarət yetirilmişdir. Məhkəmə istintaq zamanı toplamış sübutlar: Təqdim edilmiş xarici pasportun surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə Avstriyada anadan olmuşdur. Avstriya səfirliyi tərəfindən verilmiş doğum qeydləri kitabından çıxarışa əsasən X9 xx.xx.2017-ci il tarixdə Yudenburqda anadan olmuş, ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında Süleymanov Tünzalə qeyd edilmişdir. Təqdim edilmiş xarici pasportun surətindən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə Fransada anadan olmuşdur. Təqdim edilmiş xarici pasportun surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə Fransada anadan olmuşdur. Fransanın Angers şəhərinin Vətəndaşlıq vəziyyəti aktları qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhdətnaməyə əsasən Süleymanov Elif xx.xx.2021-ci il tarixdə Anqers şəhərində anadan olmuşdur. Ata qrafasında Təqsirləndirilən şəxs və ana qrafasında X2 qeyd edilmişdir. Fransanın Angers şəhərinin Vətəndaşlıq vəziyyəti aktları qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhdətnaməyə əsasən Süleymanov Musa 23 yanvar 2020-ci il tarixdə Anqers şəhərində anadan olmuşdur. Ata qrafasında Təqsirləndirilən şəxs Qüdərt oğlu və ana qrafasında X2 qeyd edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən 17 iyul 2025-ci il tarixdə təsdiq olunmuş ərizədən görünür ki, ona Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-68/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və tutulduqda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Cinayət işinin materiallarında olan Suraxanı rayon Məhkəməsinə 25 iyul 2025-ci il tarixdə daxil olmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasının 14 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində Gürcüstan Respublikası DİO-nun əməkdaşları tərəfindən tutulmuş, saxlanılması üçün xx.xx.2025-ci il tarixdə 03 saylı istintaq təcridxanasına gətirilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında “Elektron Məhkəmə” sisteminə baxış keçirilmiş və verilmiş sorğuya əsasən Təqsirləndirilən şəxs barəsində hər-hansı açılmış cinayət işi aşkar olunmamış, məhkumluqla əlaqəli məlumatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan X3 Diaqnostika İnstitutu tərəfindən 23 mart 2015ci il tarixdə aparılmış müayinə nəticəsindən görünür ki, X1 diaqnozu qoyulmuş, Hipofizin solunda tra 10 mm x saqittal 7 mm x cc 10 mm ölçüsündə mikroadenoma müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Fransanın Angers CHU xəstəxanası tərəfindən 24 avqust 2021-ci il tarixdə aparılmış müayinə nəticəsindən görünür ki, X4 makroadenomasının həcminin xüsusən hündürlününün azalması kraniokaudal oxda 15mm < 6mm və sagittal müstəvidə 11mm (yanvarda 12x15x13 mm və niyabrda 19x11 mm) ölçülür, Hipofiz makroadenomasının, xüsusən də kraniokaudal müstəvidə ölçüsünün azalması müəyyən edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin ifadəsini, cinayət işinin materiallarında olan şahid ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətdə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirmişdir. Bu normanı tətbiq edərkən, təqsirkarın hərəkətlərini xarakterizə edən maddənin dispozisiyasında göstərilən əlamətlərin mövcudluğu mütləqdir. Həmin normaya əsasən xuliqanlıq cinayətinin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığı, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Həmçinin, təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Eyni zamanda, "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv ve məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş vermesini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya həmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2-ci maddəsinə əsasən eyni əməllər; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 1 №-li Qərarının 7-ci bəndində göstərilir ki, xuliqanlıq zamanı hakimiyyət nümayəndəsinə qarşı onun həyatıvə sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə müşayiət olunan müqavimət göstərildikdə də əməl cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin221.2.2 və 315.2-ci maddələri ilə tövsif olunmalıdır. Hakimiyyət nümayəndəsi olmayan, lakin xuliqanlıq hərəkətlərinin qarşısını alan şəxsə onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilərsə, yenə də əməl cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 221-ci və şəxsiyyətə vurulan zərərin dərəcəsindən asılı olaraq Cinayət Məcəlləsinin 126-cı və ya 127-ci maddələri ilə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 127.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 221.1 və 127.2.3-cü maddələri ilə ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməllərdən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayətin və tələbin olmadığını və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 3 azyaşlı övladının olduğunu, hazırda uşaqlarının xarici ölkədə - Fransada anasının yanında qaldığını, həyat yoldaşının orada tək olduğunu və onun ağır xəstə (beynində şiş – hipofizin makroadenoması) olmasını, həmin ölkədə müalicə aldığını, özünün ailənin yeganə qazanc mənbəyi olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 07 noyabr 2017-ci il tarixli qanuna əsasən Cinayət Məcəlləsinin 127.1-maddəsinin sanksiyasında “və ya” sözlərindən sonra “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilməsi və həmin məcəllənin 127.2-ci maddəsinin sanksiyasında “beş” sözündən əvvəl “bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən” sözlərinin əlavə edilməsi qərara alınmışdır. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CMnin 10-cu maddəsinin müddəaları nəzərə alınaraq daha yeni qanunvericiliyin müddəaları tətbiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1 və 62.2-ci maddələrinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində törətdiyi əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayətin və tələbin olmadığını və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 3 azyaşlı uşaqların olduğunu, həyat yoldaşının beynində şiş (hipofizin makroadenoması) xəstəliyi ilə əlaqədar ağır xəstə, daimi müalicə alınmasında ehtiyacı olan insanın olduğunu, o azadlıqan məhrum olunduğu təqdirdə, həmin səbəbdən – daimi müalicənin alınması üçün - ailənin xarici ölkədə yaşadığını, ailə yeganə qazanc mənbəyini itirilmiş olacağını kimi cəzasını yüngülləşdirən halları olduğunu, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də işin hallarını və təqsirləndirilən şəxsin müsbət xarakterizə olunan şəxsiyyəti barədə məlumatları nəzərə alaraq, ayrı-ayrılıqda yuxarıda sadalanan cəzanı yüngülləşdirən həmin halların məcmusunu müstəsna hal hesab edir və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsini, yəni cərimə cəzasının təyin edilməsini mümkün sayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, cərimə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999- cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 127.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə cərimə cəzası təyin edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların məcmusu və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı həbsdə saxlanıldığı 03 iyun 2025-ci il tarixdən 31 iyul 2025ci il tarixədək 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddət nəzərə alınmaqla, təyin edilən cərimə cəzası yüngülləşdirilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 2000 (iki min) manat məbləğində cərimə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, ona 4000 (dörd min) manat məbləğində cərimə növündə cəza, növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsi ilə təyin edilmiş cəzalar qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 5000 (beş min) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 iyun 2025-ci il tarixdən 31 iyul 2025-ci il tarixədək 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddət nəzərə alınmaqla təyin edilmiş 5000 (beş min) manat məbləğində cərimə cəzası qəti olaraq 3000 (üç min) manat məbləğində cərimə növündə cəza ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h**********9212327214 SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar