Məhkəmə qərarları › İş №1(010)-200/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-200/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-200/2023 03.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 03 oktyabr 2023-cü il tarixdə, saat 10:20-də, Bakı şəhərində, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 06 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 sentyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, ibtidai istintaq orqanı tərəfindən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 1(010)-200/2023 nömrəli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,966 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 06 sentyabr 2022-ci il tarixdə saat 16:30-da Suraxanı RPİ-nin NMB-nin və Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən məscidin yaxınlığında narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi 25 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,966 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 2 ilə yaxındır ki, narkotik vasitələrin heroin və “patı” kimi tanıdığı növündən çəkmək yolu ilə istifadə edir. Həmin narkotik vasitəni isə Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alırmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən 15 (on beş) manat ödəməklə 01 ədəd şəffaf rəngli selofana bükülmüş vəziyyətdə almışdır. O, aldığı narkotik vasitənin bir hissəsini istifadə etmiş və bir qədərin də daha sonra istifadə etməyi üçün üzərində saxlamaqla daşımışdır. xx.xx.2022-ci il tarixdə saat 16:30 dəqiqədə Suraxanı rayonu, Bül-bülə qəsəbəsində yerləşən məsçidin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt o, polis əməkdaşlarına özünü təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitənin qanunsuz istifadəsində şübhəli olduğunu bildirib onlarla birlikdə Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə getməyə heç bir etiraz etməyərək 33-cü polis bölməsinə getmişdir. Polis Bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, o, üzərində yəni əynində olan açıq-göy rəngli cins şalvarının sol yan cibində saxlamaqla daşıdığı içərisində narkotik vasitə olan 01 ədəd bükümü təqdim etmiş, aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun özü və iştirakçılar, tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan əlavə üzərində olan 02 ədəd “Samsung” markalı mobil telefon qablaşdırılaraq möhürlənmiş zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun özü və iştirakçılar tərəfindən imzalanmışdır. O, ümumiyyətlə, narkotik vasitənin satışı ilə məşğul olmayıb, ona narkotik vasitə satan şəxsi tanımayıb. Sonda o, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 və onun özü daxil edilmiş, yaradılmış əməliyyat qrupuna rəhbərlik etmək Şahid1 həvalə olunmuşdur. 06 sentyabr 2022-ci il tarixdə, saat 16:30-də tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsində yerləşən məscidin yaxınlığında görüb sonuncuya yaxınlaşmış və xidməti vəsiqələri ilə özlərini təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs də özünü təqdim etdikdən sonra sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişdir. 33-cü polis bölməsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədi ilə Bakı şəhər 9 saylı Vəkil bürosunun vəkili Müdafiəçi dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş, bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, daha sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan açıq-göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm “kakos” kimi tanıdığı narkotik vasitədir, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manat pul ödəməklə şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs üzərinə tərəflərindən üzərinə şəxsi axtarış keçirilsə də, qanunla qadağan edilmiş başqa heç bir şey aşkar olunmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən 2 ədəd Samsung markalı mobil telefon aşkar edilmiş, bütün hərəkətlər protokollaşdırılmış, onların və Təqsirləndirilən şəxs iştirakı ilə həmin maddələr zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, onların özləri və Təqsirləndirilən şəxs tərəfindən imzalarla zərfi və protokolun doğruluğunu təsdiq etmişlər. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 06 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-ci Polis Bölməsinin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut sübut əhəmiyyətinə malik ola bilərək hər hansı bir əşya və ya sənədləri könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan açıq-göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmiş, bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdəki “kakos” adlanan narkotik vasitədir. Həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manat müqabilində alıb. Aşkar olunmuş 01 ədəd şəffaf sellofonun içərisində narkotik vasitə olan heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinəə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar olunmamışdır. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 07 sentyabr 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, baxış zamanı təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edilir. Təqsirləndirilən şəxs əynində olan açıq-göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs bildirir ki, üzərindən aşkar edilmiş həmin 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdəki “kakos” adlanan narkotik vasitədir. Həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manat müqabilində aldığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparması müşahidə olunur, lakin sonuncunun üzərindən heç bir əşya aşkar edilmir. Həmin büküm zərfə qoyularaq möhürlənməsi video görüntü zamanı qeydə almır. İş materiallarında olan materiallarında məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 07 sentyabr 2022-ci il tarixli, 6/4836 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №194” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,966 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təmiz çəkisi 0,966 qram olan heroinin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0,916 qram təşkil etmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 5078 saylı, 09 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 06 sentyabr 2022-ci il protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 08 sentyabr 2022-ci il tarixli qərardan, habelə təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd olunması haqqında Bakı şəhəri Suraxanı rayon prokurorunun 08 sentyabr 2022-ci il tarixli qərarından, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında 08 sentyabr 2022-ci il tarixli qərarından, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)- 200/2023 saylı, 17 may 2023-cü il tarixli qərarından, Azərbaycan Respubilikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, 08 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin şərtlərini pozduğuna görə məhkəmənin qərarl ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, 16 iyun 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin tarixdə saxlanılması üçün Azərbaycan Respubilikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı Təcridxanasına təhvil vermişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 06 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 16 iyun 2023-cü il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,916 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materiallarında məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 18 (on səkkiz) iş saatı üçün 108 (yüz səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 06 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 16 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,916 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 18 (on səkkiz) iş saatı üçün 108 (yüz səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar