Məhkəmə qərarları › İş №1(010)-200/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-200/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-200/2024 08.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ. Əhlimanov küçəsi, ev 8, mənzil 59 qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu 1 nömrəli evdə yaşayan, barəsində 12 dekabr 2023-cü il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 09 dekabr 2023-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5.57 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin PPX-nin əməkdaşları tərəfindən 11 dekabr 2023-cü tarixdə saat 08 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda olan Zeytun dairəsinin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparılmış və orada üzərində şəxsi axtarış apararkən əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5.57 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi,ev 8,mənzil 59 qeydiyyatda olsa da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu 1 nömrəsiz evdə yaşayır. O rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Təxminən 9 ay müddətdir ki, narkotik vasitə olan marixuana qəbul edir. Təxminən saxlanılmazdan 2 gün öncə Hövsan qəsəbəsi yaxınlığında tanımadığı şəxsdən 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı 10 manat ödəməklə almışdır. 11 dekabr 2023-cü il tarixdə saat 08 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda ərazisində olan Zeytun dairəsinin yaxınlığında dayanan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim etmişlər. Onu 30-cu polis şöbəsinə dəvət edərək orada şəxsiyyəti müəyyən olunduqdan sonra həmin idarənin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən üzərində Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılacağının zəruri olmasını bildirərək ona Azərbaycan Respublikası CPMnin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrim izah olunmuşdur. O da buna etiraz etməmişdir. Həmçinin üzərində şəxsi axtarış aparılmadan Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı vəkil bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuşdur, bu barədə ərizə alındıqdan sonra dəvət olunmuş vəkil Müdafiəçi ona bir daha hüquq və vəzifələrini izah etdikdən sonra təhqiqatçı tərəfindən xidməti otaqların birində video çəkiliş aparılmaqla 3 nəfər polis işçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. O da əynindəki göy rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra isə üzərində şəxsi axtarış aparılsa da başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Onunla sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə olan qurudulmuş marixuanadır. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarınin iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana zərfə qoyulub, qablaşdırılmışdır. Qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edildi, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və digər iştirakçılar, tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Keçirilən bütün prosesslər videoçəkilişlə qeydə alınmışdır. Daha sonra isə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci cinayət işi başlanıldığını və toplanmış materialların Suraxanı RPİ-nin istintaq şöbəsinə təqdim olunduğunu bilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında təqsirini etiraf etdiyini, lakin ittiham aktında narkotik vasitəsinin çəkisinin hədsiz dərəcədə çox qeyd edildiyini, belə ki, üstündə o qədər narkotik vasitəsinin olmadığını, bundan başqa o, toyda və yaxud bayramda narkotik vasitələrindən istifadə etdiyini, axırıncı dəfə tutulmazdan əvvəl 2 ay bundan qabaq 10 manat məbləğində almış olduğu narkotik vasitəsini evdən çıxarkən cibinə qoymuş olduğunu, yaşayış yerinin yanında polis əməkdaşlarının ona yaxınlaşmış olduğunu, ona təzyiq və yaxud fiziki zorakılıq edilmədiyini, narkomaniya xəstəliyindən əziyyət çəkmədiyini, ikinci dəfə ailə qurduğunu 2 uşağının olduğunu, ana və atasının xəstə olduğunu, ailəsinin yeganə qazanc mənbəyi olduğunu və əməlindən səmimi peşman olduğunu bildirərək, yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ildən DİO-da xidmətə başlamışdır. Həmin müddətdən də Suraxanı RPİ-nin PPXBnin polis nəfəri vəzifəsində işləmiş, polis serjantıdır. Gündüz növbəsində xidmət edir. İş saatları 08:00-dan 20:00-dək davam edir. “Mercedes Çitan” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı 5671 çağırışlı avtopatrul ilə PPXB-nin polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə xidmət aparır. 11 dekabr 2023-cü il tarixdə saat 08 radələrində Hövsan qəsəbəsində, Zeytun dairəsi ərazisində xidmət aparan zaman 1 nəfər şəxsin özünü şübhəli apardığını aşkar etmişdirlər. Bu səbəbdən ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Həmin şəxsə yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənədi tələb etdikdə üzərində olmamasını bildirmişdir. Ondan burada nə etdiyini soruşduqda səmimi olaraq üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Onlar həmin şəxsi 30-cu PŞnə dəvət etmişlər. Həmin şəxs heç bir etiraz etmədən, müqavimət göstərmədən onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəlmişdir. Burada olan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. O və mənimlə xidmət aparan digər əməkdaş bu barədə raportla bölmə rəisinin vəzifəsini müvəqqəti icra edən Namiq Məmmədova məruzə etmiş və həmin raport əsasında bölmənin təhqiqatçısı X2 RPİ-nin 30-cu PŞ- nin xidməti otaqların birində videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəyini bildirmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, da üzərində özü istifadə etmək üçün bir ədəd şəffaf sellofan bükümdə “marixuana” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və əynində olan göy rəngli şalvarının sol cibindən bir ədəd şəffaf sellofana bükümdə içərisində narkotik vasitə olan marixuananı çıxarıb təqdim etmişdir. Bundan sonra onlar onun üzərində şəxsi axtarış aparmışdır. Anar İsmayılovun üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilinmişdir. Sonra onun təqdim etdiyi bükümə baxış keçirilmişdir. Baxış zamanı həmin bükümdə narkotik vasitə olan marixuanaya bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə “marixuana” kimi tanıdığı narkotik vasitə olan marixuanadır həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Hövsan kəndində tanımadığı şəxsdən 10 manat ödəməklə öz istifadəsi üçün almış və özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalandı və bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin 15-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 11 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2023-cü il tarixdə, saat 08:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 66-67-ci vərəqlərində olan 12 dekabr 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Azim Bayramovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 69-70-ci vərəqlərində olan 12 dekabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 26-27-ci vərəqində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 11 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, o, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda məlum olur ki, bükümün arasında narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün arasında narkotik vasitə qurudulmuş marixuana olduğunu, narkotik vasitə qurudulmuş marixuananı 09 dekabr 2023-cü il tarixdə Hövsan kəndi yaxınlığında tanımadığı şəxsdən 10 manata alaraq öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Cinayət işinin 34-37-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 7/1680 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində «... Təqsirləndirilən şəxs üzərindən...” və s. sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 5.57 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadir. Cinayət işinin 79-80-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X3-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2023-cü il tarixli 8201 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 102-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 04 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Kamran Mehdiyev xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 və polis nəfəri Şahid1 iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü, çıxarıb təqdim edir. Həmin 01 ədəd bükümün içərisində kustar üsulla narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən çıxaraq təqdim etdiyi 01 ədəd bükümün içərisindəki «marixuana» kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadir və həmin narkotik vasitəni 09 dekabr 2023-cü il tarixdə Hövsan kəndinin yaxınlığında tanımadığı şəxsdən 10 manata alıb özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilir və onun üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənərək götürülür. Cinayət işinin 82-84-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiva İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkum olunmuşdur. Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306-cı maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2023-ci ildə cəzasının sonu ilə azad edilib. Cinayət işinin 85-92-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-14/2022 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla və cəzaçəkmə müddətinin başlanğıcı, həbs edilərək istintaq təcridxanasına yerləşdirildiyi vaxtdan, yəni 19 noyabr 2021-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri tədbiri qüvvəsində saxlanılması hökm edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5.57 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuananın təmiz çəkisi 5,57 qram Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-14/2022 saylı hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Təqsirləndirilən şəxs Bakı şəhər, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-14/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilib, onun cəzasının sonu xx.xx.2023-ci ildən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2023-cü il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs 11 dekabr 2023-cü il tarixdən 12 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmaqla azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 24 saatdan artıq müddət 02 (iki) gün hesab edilməklə həmin müddət cəzasından çıxılmaqla və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 08 oktyabr 2024-cü ildən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs məhkəmə iclasında dərhal həbs edilməli, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 11 dekabr 2023-cü il tarixdən 12 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmaqla azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 24 saatdan artıq müddət 02 (iki) gün hesab edilməklə həmin müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 08 oktyabr 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 5,52 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar