Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-201/2021 11.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 15 avqust 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (bu cəzanın 01 il 05 ay 01 günlük hissəsini çəkib), Suraxanı Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərarına əsasən barəsində əvvəli 17 mart 2021-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və göstərilən tarixdən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,302 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlayaraq daşımış, 17 mart 2021-ci ildə saat 18:50-də Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Zığ bağları ərazisində yerləşən elektrik stansiyasının yaxınlığında saxlanılaraq göstərilən polis şöbəsinə gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,302 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək qeyd etmişdir ki, rəsmi nikahı olmadığına baxmayaraq faktik olaraq ailəlidir. 3 nəfər yetkinlik yaşına çatmamış uşağı var. Sürücü işləyir. 5 ilə yaxındır ki, narkotik vasitə heroindən istifadə edir. Həmin narkotik vasitəni Bakı şəhərinin müxtəlif yerlərindən tanımadığı şəxslərdən alırdı. 17 mart 2021-ci ildə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Naximov küçəsində tanımadığı şəxsə 20 manat pul verib şəxsi istifadəsi üçün 1 büküm narkotik vasitə heroin alaraq sonradan istifadə etməsi üçün əynində olan cins şalvarın sağ cibinə qoymuşdur. Həmin gün bacısı oğlu Şahid1 ilə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Zığ bağlarında yerləşən elektrik stansiyasının yaxınlığında görüşmüş, söhbət etdikləri vaxt – saat 18:50-də onlara iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib, narkotik vasitələri istifadə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirərək Suraxanı Rayon Polis İdarəsinin 30cu polis şöbəsinə dəvət etmişlər. Beləliklə, o, və bacısı oğlu polis əməkdaşları ilə birlikdə 30-cu polis şöbəsinə gəlmişlər. Polis şöbəsində ona hüquqları və vəzifələri izah edilmiş, dövlət büdcəsinin vəsaiti hesabına vəkil dəvət olunmuş və bildirilmişdir ki, videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçiriləcək. Ona təklif olunmuşdur ki, üzərində saxlanılması qadağan edilmiş əşya varsa təqdim etsin. Bu təklifə əsasən əynindəki göy rəngli cins şalvarın sağ cibində saxladığı, yuxarıda qeyd olunan narkotik vasitə heroini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Eyni zamanda polis əməkdaşlarının suallarını cavablandıraraq bildirmişdir ki, narkotik vasitə heroini bu gün səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Naximov küçəsində tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün alıb. Üzərindən başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Göstərilənlər protokollaşdırılmış, aşkar edilmiş narkotik vasitə zərfə qablaşdırılmış, daha sonra isə onun razılığı ilə yaşadığı evdə axtarış aparılmışdır. Qeyd edir ki, evinə baxış zamanı oradan narkotik vasitə və ya başqa qanunsuz əşya aşkar edilməyib. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, saxlanıldığı vaxt polis əməkdaşları onu ərazidə baş vermiş oğurluq hadisələri ilə bağlı da sorğu-sual edib bununla bağlı araşdırmalar aparıblar. Lakin araşdırma nəticəsində müəyyən edilmişdir ki, o, heç bir oğurluq cinayəti törətməyib. Bacısı oğlu Şahid1 ona (təqsirləndirilən şəxsə) işgəncə verilməsi ilə bağlı məhkəməyə bildirdikləri ilə bağlı qeyd edir ki, polis şöbəsində ona qarşı heç bir işgəncə tətbiq olunmamış, şəxsiyyəti alçaldan və ya qeyri-insani rəftara, qanunsuz təzyiqə məruz qalmamışdır. Ona görə də bacısı oğlunun bununla bağlı məhkəməyə bildirdikləri həqiqətə uyğun deyil. Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməliyyat müvəkkilidir. 17 mart 2021-ci ildə Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələr qəbul etməsi, narkotik vasitələri qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın araşdırılması məqsədilə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 həvalə edilmişdir. O, isə həmin qrupa üzv kimi daxil edilib. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid1 ətrafında tədbirlər keçirilməsinə başlanmış, həmin şəxsləri 17 mart 2021-ci ildə saat 18:50-də Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Zığ bağlarında yerləşən elektrik stansiyasının yaxınlığında aşkar edərək onlara yaxınlaşmışlar. Həmin şəxslərə özlərini təqdim etdikdən sonra onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib məsələni araşdırmaq üçün Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs və Şahid1 buna etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs dövlət büdcəsinin vəsaiti hesabına ayrılmış müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, hüquqları və vəzifələri izah olunmuş, üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Bu zaman Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanması qanunla qadağan olunmuş əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, o, həmin təklifə əsasən əynindəki göy rəngli cins şalvarının sağ cibindən yaşıl rəngli polietilen büküm çıxarıb təqdim edərək bildirmişdir ki, bükümün içərisindəki narkotik vasitə heroindir və bu narkotik vasitəni 17 mart 2021-ci ildə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Naximov küçəsində tanımadığı şəxsə 20 manat ödəməklə şəxsi istifadəsi üçün alıb. Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya aşkar edilməyib. Daha sonra təqsirləndirilən şəxsin öz razılığı ilə onun yaşayış yerinə baxış keçirilmiş, müvafiq evdən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlar qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilib. Şahid göstərilənlərlə yanaşı qeyd edir ki, müvafiq ərəfədə şöbənin xidməti ərazisində oğurluq hadisələri də baş vermişdir. Həmin cinayətlərin təqsirləndirilən şəxs və bacısı oğlu tərəfindən törədilib-törədilməməsi ilə bağlı da araşdırma aparılmış, lakin təqsirləndirilən şəxsin oğurluq cinayəti törətməsi halı müəyyən edilməmişdir. Şahid həmçinin bildirir ki, əməliyyat tədbirləri zamanı və sonradan Təqsirləndirilən şəxs qarşı heç bir işgəncə tətbiq olunmamış, o, şəxsiyyəti alçaldan və ya qeyri-insani rəftara, qanunsuz təzyiqə məruz qalmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dayısıdır. 17 mart 2021-ci ildə axşam çağı o, dayısı ilə Suraxanı rayonu, Hovsan qəsəbəsi, Zığ bağlarında yerləşən elektrik stansiyasının yaxınlığında görüşmüş və söhbət etməyə başlamışlar. Bu zaman onlara mülki geyimli şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və 30-cu polis şöbəsinə aparmışlar. Polis şöbəsində o, və dayısı ayrı-ayrı otaqlarda saxlanılıb. Onun üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, lakin üzərində saxlanılması qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Dayısının üzərinə şəxsi axtarış keçirildiyini, həmçinin ondan narkotik vasitə aşkar olunub-olunmadığını görməyib. Sonradan dayısının sözlərindən ona məlum olmuşdur ki, dayısı polis əməkdaşları tərəfindən döyülmüş, ona qarşı işgəncələr tətbiq olunmuşdur. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayəti törətməsi faktı özünün səmimi etirafı və şahid ifadəsi ilə yanaşı, iş üzrə toplanmış sənədlər, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. 18 mart 2021-ci il tarixli 6/1096 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 194» dairəvi möhür əksi olan, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,302 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir». 10 iyun 2021-ci il tarixli 1827 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Şahid1 bildirdikləri ilə əlaqədar qeyd olunur ki, təqsirləndirilən şəxsə qarşı polis orqanında işgəncə tətbiq edilib-edilməməsi məsələsi ilə əlaqədar işin məhkəmə baxışı zamanı araşdırma aparılmış, bununla əlaqədar təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı 3 saylı İstintaq Təcridxanasına sorğu ilə müraciət edilmişdir. Həmin sorğuya İstintaq Təcridxanası tərəfindən verilmiş cavabla müəyyən olunur ki, təcridxanaya qəbul edildiyi vaxt Təqsirləndirilən şəxs həqiqətən bədən xəsarətləri aşkar edilib. Bu faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılıb. Prokurorluğun müstəntiqinin 22 aprel 2021-ci il tarixli qərarının məzmunu ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs əvvəl polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını bildirdiyinə baxmayaraq, sonradan müvafiq məzmunlu ərizəsini əsəbiləşməsi səbəbindən yazdığını və əslində döyülmədiyini bildirmiş, həkim müayinəsindən keçməkdən imtina edərək araşdırmanın dayandırılmasını xahiş etmişdir. Prokurorluqda aparılmış araşdırma zamanı izahatları alınmış polis əməkdaşları da təqsirləndirilən şəxsə qarşı işgəncə tətbiq olunmadığını bildirmişlər. Beləliklə, Təqsirləndirilən şəxs döyülməsi halı müəyyən edilməmiş və Suraxanı Rayon Prokurorluğunun müstəntiqinin yuxarıda göstərilən 22 aprel 2021-ci il tarixli qərarı ilə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göstərilən qərar təqsirləndirilən şəxs və ya hər hansı digər şəxs mübahisələndirilməyib və hazırda qüvvədədir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə məhkəmə iclasında da bildirmişdir ki, ona polis əməkdaşları tərəfindən işgəncə tətbiq olunmamış, o, şəxsiyyəti alçaldan və ya qeyri-insani rəftara, qanunsuz təzyiqə məruz qalmamışdır. Beləliklə, Şahid1 təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı məhkəməyə bildirdikləri təsdiq olunmur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində üç nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Ağayev X1 Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, azadlığın məhdudlaşdırılması cəzasının 01 il 05 ay 01 günlük hissəsini çəkmiş (probasiya qurumunda qeydə alındığı 16 oktyabr 2019-cu il tarixindən barəsində hazırkı iş üzrə «həbs» növündə qətimkan tədbiri seçildiyi 17 mart 2021-ci il tarixinədək olan müddət), həmin cəzanın 01 il 06 ay 23 günlük hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə göstərilənləri qeyd etməklə yanaşı vurğulayır ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən hökm üzrə çəkilməmiş cəzası qaldığına baxmayaraq, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin qüvvəsinə görə əməlində residiv yoxdur. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıra biləcək başqa hal da işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,252 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay 23 (iyirmi üç) günlük hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablansın, alınan 09 (doqquz) ay 11 (on bir) gün hazırkı hökmlə təyin olunan cəzaya Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 17 mart 2021-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,252 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-201/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-201/2021
11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver