Məhkəmə qərarları › İş №1(010)-201/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-201/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-201/2022 07.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, sonuncu dəfə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 sentyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 29 gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 14 nömrəli evin 5 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, 19 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda – 01 (bir) bükümdə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0.214 qram narkotik vasitə - heroini 15 manata əldə edib üzərində saxlayaraq daşımış, 20 yanvar 2022-ci il tarixdə həmin narkotik vasitəni özü ilə daşıyaraq, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 14 nömrəli evin qarşısına gətirmiş, narkotik vasitənin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:30-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 14 nömrəli evin qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən baxış zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 (bir) bükümdə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0.214 qram narkotik vasitə - heroin aşkar edilərək götürülmüş və həmin gün əməliyyat-axtarış tədbirinin davamı olaraq, saat 12:20-də Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 14 nömrəli evin 5 nömrəli mənzilin yataq otağında olan oturacağın üzərindən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda saxladığı 01 (bir) bükümdə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0.186 qram narkotik vasitə heroin və 01 (bir) bükümdə ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0.103 qram psixotrop maddə-metemfetamin aşkar edilərək götürülmüşdür. Ümumilikdə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş 02 (iki) ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 15 ilə yaxındır narkotik vasitə heroindən istifadə edir. Heroini Bakı şəhərinin müxtəlif rayonunlarından, əsasən isə Nəsimi rayonunda “Papanin” kimi tanınan ərazidə tanımadığı şəxslərdən alır. 19 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində “Papanin” kimi tanınan ərazidən şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən şəxsi istifadəsi üçün 15 manata heroin almış və onu daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. 20 yanvar 2022-ci il tarixdə, saat 10:30-da yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 14 saylı evin qarşısında olan zaman mülki geyimdə olan iki nəfər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ondan da özünü təqdim etməsini tələb etmişlər. Üzərində narkotik vasitə olduğundan özünü təqdim edərkən həyəcanlanmışdır. Polis əməkdaşları bundan şübhələnərək sorğu-sual edib onu, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə dəvət etmişlər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə həmin polis bölməsinə getmiş, orada xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə heroindir, onu 19 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonunda “Papanin” kimi tanınan ərazidən şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 15 manata şəxsi istifadəsi üçün almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Bundan başqa, həmin gün, saat 12:20-də onun icazəsi və iştirakı ilə polis əməkdaşları tərəfindən yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 14 nömrəli evin 5 nömrəli mənzilinə baxış keçirilmiş, baxış zamanı yataq otağında olan oturacağın üzərindən, qanunsuz olaraq əldə etdiyi 01 (bir) bükümdə olan qəhvəyi rəngli narkotik vasitə heroin və 01 (bir) bükümdə olan metemfetamin aşkar edilərək götürülmüşdür. Aşkar edilərək götürülmüş həmin narkotik vasitə və psixotrop maddəni ara-sıra mənzildə istifadə etmək üçün xatırlamadığı vaxtda alıb evdə saxlamışdır. Üzərindən və mənzilindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərində və mənzilində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, “Rasim” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, narkotik vasitələrdən istifadə etməsi və məşğul olması barədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə agentur əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması, “Rasim” adlı şəxsin şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədi ilə 20 yanvar 2022ci il tarixdə tərəfindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi Samir Quliyevin adına raport tərtib edilmişdir. Həmin raport əsasında ondan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin polis sahə inspektoru Şahid2 ibarət tərkibdə əməliyyat qrupunun yaradılması barədə əmr verilmiş və elə həmin tarixdə “Rasim” adlı şəxsin şəxsiyyətini, narkotik vasitələrin, psixotrop maddələrin əldə edə biləcəyi və saxlayacağı ehtimal olunan yerləri müəyyənləşdirmək məqsədi ilə tərəfindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin polis sahə inspektoru Şahid2 ibarət əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə də 20 yanvar 2022-ci il tarixdə, saat 10:30 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru Şahid2 ilə birlikdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatının bir daha yoxlanılması məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 14 nömrəli evin qarşısında “Rasim” adlı şəxs ətrafında əməliyyat tədbiri keçirilmişdir. Həmin ünvanda “Rasim” adlı şəxsin əlamətlərinə uyğun olan şəxsə yaxınlaşaraq özlərini təqdim edib, ondan şəxsiyyəti barədə onlara məlumat verməsini xahiş etmişdir. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən həmin şəxs özünü şübhəli apardığına görə onu, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də öz növbəsində etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümü təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə heroindir, onu 19 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonunda “Papanin” kimi tanınan ərazidən şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 15 manata şəxsi istifadəsi üçün almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmamışdır. Bununla yanaşı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 14 saylı evin 5 saylı mənzilində şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə heroin və metamfetamin olduğunu bildirmişdir. Buna görə də həmin gün, yəni 20 yanvar 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirinin davamı olaraq saat 12:20-də Təqsirləndirilən şəxs icazəsi və özünü, həmçinin müdafiəçisinin iştirakı ilə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 14 saylı evin 5 saylı mənzilinə baxış keçirilmiş, baxış zamanı mənzilin yataq otağında olan oturacağın üzərindən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda saxladığı 01 (bir) bükümdə narkotik vasitə heroin 01 (bir) bükümdə psixotrop maddə metemfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddə qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərində və mənzilində axtarış aparılan zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru Şahid2 və həmin polis bölməsinin operatoru Şahid3, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, əri Təqsirləndirilən şəxs uzun illərdir narkotik vasitə olan heroindən istifadə edir. Belə ki, X3 13 may 2009-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (biri) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 yanvar 2010-cu il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəza müəssiəsinə keçirilmiş, 27 iyul 2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, 30 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 noyabr 2015-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 (iki) ay 29 (iyirmi doqquz) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci il tarixdə, saat 10:30-da Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadıqları Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 14 saylı evin qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə keçirilən baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) bükümdə heroinin aşkar edilərək götürülmüş və həmin gün, saat 12:20-də Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadıqları Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 14 saylı evin 5 saylı mənzilinə baxış keçiirlmiş, baxış zamanı yataq otağında olan oturacağın üzərindən Təqsirləndirilən şəxs məxsus 01 (bir) bükümdə heroin və 01 (bir) bükümdə psixotrop maddə metemfetamin aşkar edilərək götürülmüşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 20 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə heroindir, onu 19 yanvar 2022ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonunda “Papanin” kimi tanınan ərazidən şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 15 manata şəxsi istifadəsi üçün almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümdəki narkotik vasitə heroin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Baxışın nəticələrinə dair tərtib edilmiş protokol baxışda iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan mənzilə baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında 20 yanvar 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 14 nömrəli evin 5 nömrəli mənzilinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı yataq otağında olan oturacağın üzərindəki siqaret qutusunun içərisindən 02 büküm aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 yanvar 2022-ci il tarixli, 6/387 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Din Zərflər üçün №-171” dairəvi möhür əksləri olan iki ədəd zərfdə: üzərində “Təqsirləndirilən şəxs aşkar edilərək...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.214 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinir. Üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilərək...” sözləri, qeyd edilmiş bir ədəd zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.186 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.103 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim edilmiş 02 (iki) ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin və metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısına daxildirlər. Ümumi təmiz çəkisi 0.400 qram olan heroinin 0.1 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.300 qram təşkil etmişdir. Təmiz çəkisi 0.103 qram olan metamfetaminin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.053 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 28 yanvar 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin inzibati binasında, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümü polis əməkdaşlarına təqdim edir və bildirir ki, həmin bükümdə olan maddə narkotik vasitə heroindir, onu 19 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonunda “Papanin” kimi tanınan ərazidən şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 15 manata şəxsi istifadəsi üçün almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmur. Bundan başqa, həmin gün, saat 12:20-də onun icazəsi və iştirakı ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 14 nömrəli evin 5 nömrəli mənzilinə baxış keçirilir, baxış zamanı yataq otağında olan oturacağın üzərindən, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi 01 (bir) bükümdə olan qəhvəyi rəngli narkotik vasitə heroin və 01 (bir) bükümdə olan metemfetamin aşkar edilərək götürülür. Təqsirləndirilən şəxs mənzilində axtarış zamanı dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülür və baxışın nəticələrinə dair protokol tərtib edilir, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 mart 2022-ci il tarixli, 1250 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi” X4 12 mart 2022-ci il tarixli, 634 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci və İİ siyahısının 67-ci bəndlərinə əsasən həm heroinin, həm də metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla ayrı-ayrılıqda yuxarı hədləri 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilərək götürülmüş heroinin ümumilikdə 0.400 qram çəkidə, yəni şəxsi istehlak miqdarından artıq olması cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət etsə də, mənzilindən aşkar edilərək götürülmüş metamfetaminin 0.103 qram çəkidə, yəni şəxsi istehlak miqdarından az olması cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət etmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs mənzilindən 0.103 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edilməsinə dair müddəalar ona elan edilmiş ittihamdan xaric edilməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşını, əvvəllər dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunmasını, məhkumluğunun olmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 aprel 2022-ci il tarixli məlumatından və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 sentyabr 2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 25 fevral 2014-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 aprel 2022-ci il tarixli məlumatından həmçinin görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 sentyabr 2014-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 ay 29 gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, cəza müddəti 25 fevral 2016-cı ildə başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 20 yanvar 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması və qətimkan tədbirinin seçilməsi haqqında 22 yanvar 2022ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilərək, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmış və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci il tarixdən 22 yanvar 2022-ci il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.300 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 0.053 qram olan psixotrop maddə - metamfetamin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 20 yanvar 2022-ci il tarixdən 22 yanvar 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, xalis çəkisi 0.300 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 0.053 qram olan psixotrop maddə - metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar