Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-201/2024 16.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1995-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Arvana kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz evdə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam növündə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 30 may 2022-ci il tarixdə saat 18:00 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21074” minik markalı, P928OC63 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı istiqamətindən Sabunçu dairəsi istiqamətinə doğru H.Əliyev prospektinin 17-ci kilometrliyində yerləşən yolun sağdan birinci hərəkət zolağı ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna riayət etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobili sürətdən və hərəkət şəraitindən asılı olaraq düzgün ara məsafəsi saxlamayaraq qarşısında eyni hərəkət zolağı ilə hərəkət edən “HONDA-CRV” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasından toqquşduraraq, ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək oynağının əzilmiş-cırılmış yarası, postravmatik ostefiti, sinastozları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək bildirmişdir ki, P928OC63 dövlət qeydiyyat nişanlı “VAZ 21074” minik markalı avtomaşını 3 ildir ki, etibarnamə əsasında idarə edir. 30 may 2022-ci il tarixdə Şahid3, Şahid2, Şahid1 və Şahid4 “Ağ şəhər” deyilən ərazidə idarə etdiyi avtomaşınına əyləşmişlər. 30 may 2022-ci il tarixdə təxminən saat 17:00 radələrində idarə etdiyi P928OC63 dövlət qeydiyyat nişanlı “VAZ 21074” minik markalı avtomaşınla yaşadığı ünvana getmək üçün saatda 110 km sürətlə hərəkət etmişdir. “Buta Palace” yaxınlığında hərəkətdə olan zaman ara məsafəsi saxlamadığı üçün qarşısında hərəkət edən **-NK-*** dövlət qeydiyyat nişanlı “Honda CRV” minik markalı avtomaşının arxa sağ tərəfi ilə toqquşmuşdur. Toqquşma nəticəsində **-NK-*** dövlət qeydiyyat nişanlı “Honda CRV” minik markalı avtomaşın sağ tərəfdə dəmir arakəsməyə dəymiş və dayanmışdır. Sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişlər. İdarə etdiyi avtomaşın texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə günü hava aydın və asfalt örtüyü isə quru idi. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyib. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu zərəri ödədiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və müvafiq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, **-NK-*** dövlət qeydiyyat nişanlı “Honda CRV” minik markalı avtomaşını etibarnamə əsasında idarə edir. 30 may 2022-ci il tarixdə təxminən saat 17:00 radələrində **-NK-*** dövlət qeydiyyat nişanlı “Honda CRV” minik markalı avtomaşınla Bakı şəhəri, Sabunçu dairəsi istiqamətindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi istiqamətinə saatda 110 km sürətlə sol zolaqla hərəkət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən evinə gedirdi. Hərəkət edən zaman “Buta Palace” yaxınlığında yol eniş olduğundan 110 km sürətini sabit saxlamışdır ki, sürəti atmasın. Bu zaman arxadan gələn “VAZ-21074” minik markalı avtomaşın yüksək sürətlə hərəkət edərək onun idarə etdiyi **-NK-*** dövlət qeydiyyat nişanlı “Honda CRV” minik markalı avtomaşını arxa tərəfdən vurmuş, toqquşma nəticəsində idarə etməni itirmişdir. **- NK-*** dövlət qeydiyyat nişanlı “Honda CRV” minik markalı avtomaşın ilkin olaraq sol dəmir arakəsməyə, sonra isə sağ tərəf arakəsməyə dəymiş və avtomaşın aşmışdır. O, hadisə zamanı xəsarət aldığı üçün 1 saylı KTM-ə müraciət etmişdir. Həmin günü hava işıqlı olmaqla asfalt örtüyü quru olmuşdur. Əlavə olaraq ərizə təqdim edərək qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam olaraq ödənilib. Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını bildirir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun zamandır ki, tanıyır və onunla birlikdə işləyir. O, da Binə qəsəbəsində yaşadığı üçün hər gün işə Təqsirləndirilən şəxs ilə birlikdə gedibgəlir. 30 may 2022-ci il tarixdə təxminən saat 17:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21074” minik markalı P928OC63 dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadığı ünvana getmək üçün arxa oturacaqda o, Şahid4, Şahid2, qabaq oturacaqda isə Şahid3 əyləşmişlər. “Buta Palace” yaxınlığında hərəkətdə olan zaman Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21074” minik markalı, P928OC63 dövlət qeydiyyat nişanlı avtomaşın arxadan “Honda CRV” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Toqquşma nəticəsində “Honda CRV” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomaşın sağ tərəfdə dəmir arakəsməyə dəymiş, sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişlər. Həmin zaman hava aydın, asfalt örtüyü isə quru olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid3 və Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı, onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 02 may 2023-cü il tarixli 8/1082 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur: “İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21074 markalı, P928OC63 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Honda CRV markalı 10NK017 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir”. Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 10 iyun 2022-ci il tarixli 645 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədən səthində oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək oynağının əzilmişcırılmış yarası, postravmatik ostefiti, sinastozları kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 30 may 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir”. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Həmçinin məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, barəsində cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödəməsini və onunla barışmağını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin ekspertiza rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyindən o cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 90 (doxsan) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-201/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-201/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver