Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-202/2020 29.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi, vəkili Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 iştirakı ilə xx xxxxxx 1975-ci ildə Laçın rayonu, Qoşasu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Laçın rayonu, Qoşasu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan X5 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X5 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. X6 məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 uşağı X8 həmin məktəbin şagirdi olmuş, 2019 – 2020-ci tədris ilində məktəbin İX «B» sinfində təhsil almışdır. Onun təhsilə münasibəti mənfi olub. Tədris olunan fənlər üzrə zəruri biliklərə yiyələnə bilmədiyinə görə 2019 – 2020-ci tədris ilinin birinci yarımilində aşağı qiymətlər, o cümlədən bir sıra fənn üzrə «2» qiyməti almışdır. Şikayətçi qeyd edir ki, şagirdlərin biliyinin konkret fənlər üzrə qiymətləndirilməsi məktəbin rəhbərliyi tərəfindən deyil, müvafiq fənləri tədris edən müəllimlər tərəfindən həyata keçirilir. Mövcud vəziyyətlə əlaqədar Təhsil Nazirliyi tərəfindən verilmiş təlimatlara əsasən bütün şagirdlərin birinci yarımil üzrə qiymətləri illik qiymətlər kimi yazılmış, bu səbəbdən X4 da adına birinci yarımildə aldığı qiymətlərlə ümumi orta təhsil haqqında attestat verilmişdir. Sonradan məlum olmuşdur ki, şagirdin atası X9 «Facebook» sosial şəbəkəsindəki səhifəsində guya məktəb rəhbərliyinin ondan 1.000 manat məbləğində pul tələb etməsinə və həmin pulu vermədiyinə görə məktəb rəhbərliyinin onun uşağına aşağı qiymətlərlə attestat verməsinə dair həqiqətə uyğun olmayan, yalan və böhtan xarakterli məlumatlarla dolu yazı yerləşdirib. X6 göstərilənləri nəzərə alaraq X5 cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, uşağı X8 2019 – 2020-ci tədris ilində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 saylı tam orta məktəbin İX «B» sinfində təhsil alıb. Uşağın yekun qiymətləri aşağı olmuş, həmçinin 8 fənn üzrə ona «2» qiyməti yazılmışdır. Bu səbəbdən uşağını hətta peşə məktəbinə belə düzəltməkdə çətinliklər yaranır. On görə də qardaşı məktəbə gedib direktor müavini ilə görüşmüş və qayıtdıqdan sonra ona (barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə) bildirmişdir ki, ondan uşağın qiymətlərinin «qaydasına salınması» müqabilində 1.000 manat məbləğində pul tələb olunur. Bu məbləği vermək imkanı olmayıb. Ona görə də hiddətlənmiş və «Facebook» sosial şəbəkəsindəki səhifəsində müvafiq məzmunlu yazı paylaşmışdır. X9 həmçinin qeyd edir ki, məktəbin direktoru X6 şəxsən ondan heç vaxt pul tələb etməyib. Qardaşından konkret olaraq kimin pul tələb etməsini isə qardaşının özü bilir. X9 qeyd edir ki, «Facebook» sosial şəbəkəsindəki səhifəsində ondan pulu konkret olaraq X2 tələb etdiyinə dair heç bir məlumat paylaşmayıb. Göstərilənlərə əsasən şikayəti əsassız sayır və xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunmasına dair qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Məhkəmə proses tərəflərini dinləyib, iş materiallarını nəzərdən keçirib, işin faktik hallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. X5 «Facebook» sosial şəbəkəsindəki səhifəsində paylaşdığı mətn aşağıdakı məzmundadır (mətn müəllifin yazdığı redaksiyada, yəni orfoqrafik və s. səhvlərlə verilir): «Hövsanda 280 nömrəli cındırxana məktəbin mənim oğluma verdiyi şədatnaməyə siz baxın 1000 manat pul isdəyiblər verməmişəm mənimlə pirinsip aparıb yazdıqları qiymətlərə siz baxın mənim oğluma elə bir qiymət verdilərki sabah əsgərliyə belə yaramır yəni sabah vayınkamat aparsa əsgər mən oğlumu bu dövlət üçün verməyəcəm məni qınamayın cünki hər bir məsələni pul həl edir burda pulun yoxdusa vermirsənsə işin keçmir mart ayınan məktəbləri bağladılar imtahansız qiymət yazıldı 1000 azn gətir deyirdi vördü vermədim etdilər bumu ədalət dediyiniz ölkə». Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan böhtan cinayəti obyektiv cəhətdən «yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma»da ifadə olunur. Həmin Məcəllənin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli obyektiv cəhətdən «Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma»da ifadə olunur. Eyni Məcəllənin 148-ci maddəsində nəzərdə tutulan təhqir cinayəti obyektiv cəhətdən «kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma»da ifadə olunur. Göründüyü kimi yuxarıda qeyd olunan cinayətlərin hamısının obyektiv cəhətinin mühüm əlamətlərindən biri maddələrin dispozisiyalarında təsvir olunan qanunazidd əməllərin konkret şəxsə qarşı yönəlməsidir. Bu hərəkətlər konkret şəxsə qarşı yönəlmədikdə, yəni Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələrində təsvir olunan əməllər (hərəkətlər) ümumi xarakterli olduqda, həmin maddələrin tərkibinin obyektiv cəhətdən mövcud olmasından söhbət gedə bilməz. Cinayətin obyektiv cəhətinin mövcud olmaması faktı isə cinayətin mövcudluğunu istisna edir. Göründüyü kimi, X5 «Facebook» sosial şəbəkəsindəki səhifəsində paylaşdığı mətndə X2 adı çəkilməyib. X1 məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, X6 şəxsən ondan heç vaxt pul tələb etməyib. Göstərilənlərdən məlum olur ki, X5 internet informasiya ehtiyatında yaydığı məlumat şəxsən X3 qarşı yönəlməmişdir. Belə olan halda X2 xüsusi ittihamçı qismində X7 qarşı cinayət təqibinə başlamaq hüququ da əmələ gəlmiş hesab oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 302.1.2 və 302.1.6-cı maddələrinə əsasən «şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə» və «cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinin mənasına görə CPM-nin 302.1.2 və 302.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən X2 X7 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 X7 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-202/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-202/2020
29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver