Məhkəmə qərarları › İş №1(010)-203/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-203/2020

02.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-203/2020 02.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Əliyev Kəramət Fətəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə hazırlıq iclasında X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham olunmasına dair işə baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə təqsirləndirilmişdir ona görə ki, o, xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində Chevrolet Gruze markalı ** NV *** dövlət qeydiyyat nişanlı maşınla Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S,Bəhlulzadə küçəsi ilə hava limanı istiqamətində saatda 40-50 km sürətlə hərəkət edərkən, 71 saylı ünvanın qarşısında yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs görüb, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə görə hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa imkanı olduğu halda, qeyd olunan maddənin tələblərinə əməl etməməsi səbəbindən idarə etdiyi avtomobilin qabaq sağ künc hissəsi ilə yolun hərəkət hissəsinə çıxan piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə aldıqları xəsarətlərdən ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə xəstəxanada ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Hazırlıq iclasında tərəflər çıxış edərək işin məhkəmə baxışına verilməsini bildirsələr də, məhkəmə hesab edir ki, aparılmış ibtidai istintaq zamanı CPM-nin tələbləri pozulmuş, ifadələr səthi alınmış, yol-nəqliyyat hadisəsinin baş verməsi şəraiti araşdırılmamış, ittiham istintaq zamanı əldə edilmiş sübutlara deyil ehtimallara əsaslanmış, ittiham aktının prosessual formasına riayət olunmamış və digər qanun pozuntusu hallarına yol verilmişdir. Məhkəmə göstərilənləri və tərəflərin fikirlərini dinləyib belə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 48, 53.1.1, 227, 230, 233, 234, 264, 236.1, 236.2, 236.6.3, 236.7, 85.2.1, 121.2, 227, 236, 260.1 və 289.3.3-cü maddələrində göstərilən kobud qanun pozuntularına yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 85.2.1-ci maddəsində göstərilir ki, müstəntiq törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmalı, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamalı, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görməli, səlahiyyəti daxilində bütün istintaq və digər prosessual hərəkətləri yerinə yetirməlidir. Cinayət Prosessual Məcəlləsinin 236.1-ci maddəsində göstərilir ki, cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və ya iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin baxışını aparır. Cinayət işində olan xx.xx.2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan aydın olur ki, Suraxanı rayon Polis İdarəsinin müstəntiqi, polis baş leytenantı X4 tərəfindən fərqli qələm və fərqli xətlərlə protokol tərtib edərək, guya hadisə yerinə baxış keçirdiyini göstərmişdir. Azərbaycan Respublikası CPM-in 236.2-ci maddəsində göstərilir ki, hadisənin aşkar edilməsindən sonra hadisə yerinin təxirə salınmadan baxışı halları istisna olmaqla, baxış gündüz vaxtı aparılır. Protokoldan görünür ki, təxirəsalınmaz hal olmadığı halda baxış xx.xx.2020ci il tarixdə saat 00:05-də başlayıb, saat 00:40-da başa çatmışdır. Lakin protokola əlavə edilmiş foto şəkillərdən aydın olur ki, şəkillər gündüz çəkilmiş, çəkiliş zamanı hadisə yerinin xüsusiyyətləri öz əksini tapmamışdır. X1 tələbinə əsasən baxış zamanı cinayətin izləri və digər maddi obyektlər aşkar edilməli, cinayətin törədilməsi şəraiti, mexanizmi, iş üçün əhəmiyyətli olan digər hallar, ayrıca zolağın, üfüqi nişanlanma xətlərinin olub-olmaması, hadisənin hansı yol nişanının təsir zonasında, yaşayış məntəqəsində, yaxud da yaşayış məntəqəsindən kənarda baş verməsi, hadisə baş verən yerdə hadisə vaxtı maneənin və yolun görünüşü, nəqliyyat vasitəsinin və onun hissələrindən hadisə yerində qalan bütün izlərin olması müəyyən edilməli olduğu halda bunlar edilməmiş, sadəcə hazır protokolun sətirləri tam olmamış şəkildə doldurulmuş, nəqliyyat vasitələrinin texniki vəziyyəti ümumiyyətlə yoxlanmamış, nasazlıq varsa konkret olaraq nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikası CPM-nin 236.6.3-cü maddəsinə əsasən baxışda iştirak edən şəxslərin soyadı, adı, atasının adı, onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer göstərilməli olduğu halda göstərilməmiş, əksinə protokolun giriş hissəsində protokolun müstəntiq tərəfindən anket məlumatları tam olmayan iki hal şahidinin iştirakı ilə tərtib edildiyi göstərildiyi halda protokolun sonunda prokurorun müavini və sürücünün də iştirak etdiyi göstərilmiş, prokurorun müavini isə protokolu imzalamamışdır. CPM-nin 236.7-ci maddəsinə əsasən protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər vərəqi istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanmalıdır. Lakin protokoldan aydın olur ki, baxışda 5 nəfər iştirak etdiyi halda protokolun səhifələri 3 şəxs tərəfindən imzalanmışdır. Hadisə yerinin baxış protokolunda göstərilməsə və hadisə yerinin foto şəkli çəkilməsə də, protokola əlavə edilmiş S.Bəhlulzadə küçəsinin hər iki istiqamətdə çəkilmiş iki ədəd foto şəkilindən aydın olur ki, həmin yolun ətrafında ticarət obyektləri olmaqla həmin obyektlərə video kameralar quraşdırılmışdır. Lakin ibtidai istintaq orqanı tərəfindən yolda təhlükəsiz şəhər kameralarının mövcud olubolmadığı araşdırılmamış, ticarət obyektlərində olan kameraların yaddaşının götürülməsinə təşəbbüs göstərilməmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da tövsiyə olunmuşdur ki, yol nəqliyyat hadisəsinin baş verdiyi ərazi video müşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə edilməsi təmin edilməlidir. Cinayət işinin materiallarından aydın olur ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs izahatı alınmışdır. İzahat səthi alınmaqla hadisənin baş verməsi ilə bağlı zəruri olan məsələlər araşdırılmamış, izahatda olan ziddiyyətlər aradan qaldırılmamış, ümumi sözlər yazılmaqla kifayətlənilmişdir. Yəni piyadanın vurulması halında hərəkət üçün təhlükə yaranmazdan əvvəl piyadanın hərəkət istiqaməti, təhlükə yaranan anda piyadanın hərəkət istiqaməti, necə hərəkətdə olması, piyadanın hərəkət tempi, sərxoş olunb-olmaması, təhlükə yaranan andan piyada vurulduğu yerə qədər qət etdiyi məsafə, təhlükə yaranan andan piyadanın nəqliyyat vasitəsi ilə vurulduğu ana qədər keçən vaxt, piyada maneənin arxasından çıxırsa maneə ilə piyada arasındakı məsafə və s. araşdırılmamışdır. Həmçinin sürücü izahatının sərbəst hissəsində “hərəkətdə olarkən yolun sağ tərəfində iki avtomobilin dayanmasını gördüyünü, avtomobilə çatmağa bir neçə metr qalmış bir nəfər kişinin iki avtomobilin arasından çıxıb qaçaraq yola daxil olduğunu, əyləci sıxıb sükanı sola çəksə də piyadanı vurmasını”, izahatın sonunda verilən suala cavabında isə “həmin şəxsi ilk dəfə görən zaman aralarındakı məsafənin təxminən bir metr olduğunu, normalın həmin anda yola çıxmamasını” göstərmişdir ki, həmin ziddiyyət aradan qaldırılmamışdır. Gözləmək olardı ki, ibtidai istintaq orqanı tərəfindən sürücü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şahid qismində və xx.xx.2020-ci ildə təqsirləndirilən şəxs qismində dindirilərkən bu ziddiyyətlər aradan qaldırılacaq, hadisə ilə bağlı zəruri olan məlumatlar dəqiqləşdiriləcəkdir. Lakin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CPM-nin 227, 230, 233 və 234cü maddələrinin tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs faktiki elan edilən ittiham üzrə dindirilməmiş, kompüterin yaddaşında olan izahat orfoqrafik səhvlərlə birlikdə hər iki dindirmə protokoluna atılmışdır. Eyni zamanda iş materiallarından göründüyü kimi faktiki olaraq şübhəli şəxs statusuna malik olmuş Təqsirləndirilən şəxs onun tərəfindən törədilmiş cinayət barədə müstəntiq tərəfindən izahatı alınarkən cinayət təqibi orqanı ona şübhəli şəxs kimi yanaşmamış, şübhəli şəxsə aid olan hüquqi-müdafiə vasitələri ilə təmin olunmamış, əksinə bilə-bilə yalan xəbərçilik etməyə görə CM-nin 296-cı maddəsində nəzərdə tutulan məsuliyyət elan olunmuşdur ki, bununla da onun İnsan Hüquqları və Əsas Azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi ilə nəzərdə tutulmuş susmaq və özünə qarşı ifadə verməmək hüquqları pozulmuşdur. Avropa Məhkəməsinin “A.G.X2rşı” işi üzrə xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, susmaq və özünə qarşı ifadə verməmək hüququ Avropa Məhkəməsi tərəfindən ədalətli məhkəmə araşdırması hüququnun mühüm tərkib elementi kimi nəzərdən keçirilir. Bununla əlaqədar qərarın 38-ci bəndində qeyd olunur ki, susmaq və özünə qarşı ifadə verməmək hüquqları Konvensiyanın 6-cı maddəsinə əsasən ədalətli prosedurun təməlini təşkil edən beynəlxalq standartlar kimi tanınmışlar. Onların məqsədi hakimiyyətin qanunsuz məcburetmə tədbirlərindən təqsirləndirilən şəxsin müdafiəsini təmin etmək və beləliklə ədalət mühakiməsindən sui-istifadə olunmasını istisna etməklə Konvensiyanın 6-cı maddəsinin məqsədlərini həyata keçirməkdir. Özünə qarşı ifadə verməmək hüququ ilk növbədə təqsirləndirilən şəxsin susmaq niyyətinə hörməti nümayiş etdirir və ittiham tərəfinin şəxsin iradəsi ziddinə məcburetmə vasitələri ilə əldə olunmuş sübutlara əl atmadan təqsirləndirilən şəxsə qarşı sübutlar təqdim etmək vəzifəsini ehtiva edir. Bu mənada qeyd edilən hüquq Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası ilə sıx bağlıdır. Qərarın 39-cu bəndində isə Avropa Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6cı maddəsində nəzərdə tutulmuş ədalətliliyə dair ümumi tələblər konkret cinayətin xüsusiyyətlərindən asılı olmayaraq istənilən cinayət proseduralarına şamil olunur. Ümumi maraq Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ərizəçinin müdafiə olunmaq, o cümlədən özünə qarşı ifadə verməmək hüququnun mahiyyətinə toxunan tədbirlərə bəraət qazandırıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsində heç kəsin özünə, arvadına (ərinə), övladlarına valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilmədiyi, “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 14-cü maddəsində hər kəs ona qarşı irəli sürülən hər hansı bir ittihama baxılması zamanı tam bərabərlik əsasında digər təminatlarla yanaşı, özünə qarşı ifadə verməyə və ya təqsirini boynuna almağa məcbur edilməməsi, CPM-in 20-ci maddəsində heç kəsin şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməməsi və buna görə hər hansı təqibə məruz qala bilmədiyi göstərilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə yol-nəqliyyat hadisələri ekspertizası təyin olunarkən yol-nəqliyyat hadisəsi ilə bağlı hadisənin baş verməsinə zəmin yaradan şərait və hallar haqqında faktiki məlumatlar ekspertə təqdim edilməlidir. Azərbaycan Respublikası CPM-nin 264-cü maddəsinə əsasən ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertizanın təyin edilməsinə əsas verən obyektiv hallar və motivlər əsaslandırılmalı, ekspertiza iş materialları üzrə aparıldıqda ekspertin gəldiyi nəticənin əsaslana biləcəyi məlumatlar qərarda göstərilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş “Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin etmək barədə” xx.xx.2020-ci il tarixli qərarda göstərilmişdir ki, ”sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə piyada Zərərçəkmiş şəxs yolun sağdan sola doğru keçdiyi andan yaranmış və həmin anda piyada vurulma yerinə qədər çəpinə 6 metr məsafə qət etmiş, Zərərçəkmiş şəxs iti yerişlə hərəkətdə olmuşdur.” Cinayət işinə əlavə edilmiş “Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının” xx.xx.2020-ci il tarixli 8/1416 saylı rəyi həmin məlumatlara əsasən verilmiş, lakin nədənsə piyadanın adi yerişlə hərəkətdə olması göstərilmişdir. Cinayət işinin materialları öyrənərkən aydın olur ki, sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükənin “piyada Zərərçəkmiş şəxs yolun sağdan sola doğru keçdiyi andan yaranması və həmin anda piyadanın vurulma yerinə qədər çəpinə 6 metr məsafə qət etməsi” heç bir istintaq sənədində öz əksini tapmamış, həmin fikir müstəntiqin təxəyyülünün nəticəsi olaraq qərara salınmış, bunun əsasında da rəy verilmişdir. Bundan başqa sürücü Təqsirləndirilən şəxs izahatında və izahatı köçürülmüş ifadələrində piyadanın hansı qaçışla qaçmasını qeyd etməsə də, onun qaçaraq yola daxil olmasını göstərmişdir ki, bu hal ekspertiza təyini barədə qərarda “iti yeriş”, rəydə isə “adi yeriş” kimi göstərilmişdir. “Məhkəmə tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 78 saylı rəyində piyadanın yüngül dərəcəli sərxoşluq halında olması qeyd olunduğu halda bu hal da ekspertiza təyin etmək haqqında qərarda göstərilməmiş və rəy verilərkən nəzərə alınmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən ehtimallar əsasında “Məhkəmə yol-nəqliyyat ekspertizasının təyin edilməsi haqqında” qərar qəbul edərkən CPM-in 264.4-cü maddəsinin tələblərini pozaraq ekspertizanın təyin edilməsinə əsas verən obyektiv hallar və onun motivlərinin əsaslandırılması, ekspertin gəldiyi nəticənin əsaslana biləcəyi məlumatlar verilməmiş, qərarda da ehtimallara istinad olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən qərarının 12ci bəndində tövsiyə olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və sərxoşluq vəziyyətinin yoxlanması, ifadələrin yerində yoxlanması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması mühüm əhəmiyyət kəsb edir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı olaraq Şahid1 dindirilərkən də CPMin 227-cu maddəsinin tələbləri pozulmuş, şahid iş üzrə məlum olan hallar barədə ətraflı dindirilməmiş, suallar verilməklə ziddiyyətlər aradan qaldırılmamış, zərurət olarsa sürücü ilə birlikdə ifadəsi hadisə yerində yoxlanmamışdır. Sürücü Təqsirləndirilən şəxs ilkin izahatında və izahatı köçürülmüş ifadələrində “hərəkətdə olarkən piyadanın avtomobillərin arasından qaçaraq onun hərəkət hissəsinə daxil olduğunu, həmin şəxsi vurmamaq üçün əyləci basıb, sükanı sola istiqamətləndidiyini, buna baxmayaraq avtomobilin qabaq sağ künçü ilə piyadanı vurduğunu, həmin şəxsi görən anda da vurduğunu, ilk dəfə görən zaman aralarında təxminən bir metr məsafə olduğunu, normal insanın həmin anda yola çıxmamasını” göstərmişdir ki, ibtidai istintaq orqanı tərəfindən bu hallara qiymət verilməmiş, ittiham aktında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir nəticəsinə gəlməklə CPM-nin 289-cu maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası CPM-in 289.3.3-cü maddəsində göstərilir ki, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanması zamanı toplanmış sübutlar ittiham aktında göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsində göstərilir ki, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar CPM-in 303.3.6-cı maddəsinə görə “cinayət işi üzrə ittiham aktının həmin məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmamağı” kimi kobud pozuntulara yol verildikdə çıxarılır. Azərbaycan Respublikası CPM-nin 48-ci maddəsində göstərilir ki, cinayət təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror və məhkəmə tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanmalı və qurtarmalıdır ki, sübutların vaxtında əldə edilməsi və tədqiq edilməsi təmin edilsin, şəxslər onlara ittiham elan olunmasını, işlərin baxılmasını və pozulmuş hüquqularının bərpasını həddən artıq uzun müddət gözləməsinlər. Cinayət işinin materiallarından aydın olur ki, cinayət işi xx.xx.2020-ci il tarixdə başlansa da, həmin gün sürücü Təqsirləndirilən şəxs izahatı alınmış, 6 gündən sonra xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsinə baxış keçirilmiş, 28 gündən sonra sürücü nün ifadəsinin alınması göstərilsə də izahatı olduğu kimi ifadəsinə köçürülmüş, başqa heç bir istintaq hərəkəti aparmadan 40 gündən sonra xx.xx.2020-ci il tarixdə “Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası” təyin etmək barədə qərar qəbul edilmiş, cinayət işinin Məhkəmə Ekspertiza Mərkəzinə nə vaxt təqdim edilməsinə dair işdə məktub olmasa da, ekspert rəyindən aydın olur ki, cinayət işi xx.xx.2020-ci il tarixdə mərkəzə daxil olmuşdur. Vaxtında və fasiləsiz zəruri istintaq hərəkətləri aparılmadığından Azərbaycan Respublikası CPM-nin 218-ci maddəsinin tələblərinin pozulmasını görən müstəntiq xx.xx.2020-ci il tarixdə CPM-nin 53.1.1-ci maddəsinin də tələblərini pozaraq “Cinayət işinin istintaqının dayandırılması haqqında” qərar qəbul etmiş, ekspertin rəyini xx.xx.2020-ci il tarixdə aldıqdan sonra cinayət işinin istintaqını təzələnmişdir. Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsində qeyd edilir ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda cinayət təqibi üzrə icraat dayandırıla bilər. Lakin CPM-nin 53.5-ci maddəsində göstərilir ki, cinayət təqibi üzrə icraat dayandırılanadək cinayət prosesini həyata keçirən orqan təqsirləndirilən şəxs olmadan həyata keçirilməsi mümkün olan bütün prosessual hərəkətləri yerinə yetirməli, müstəntiq isə bundan əlavə, cinayət törətmiş şəxsin müəyyən edilməsi və tapılması üçün bütün tədbirləri görməlidir. Göstərilənlərdən başqa ibtidai istintaq orqanı tərəfindən qərarlar qəbul edilərkən (cinayət işi başlamaq və icraata qəbul etmək haqqında, ekspertizalar təyin etmək haqqında və s.) X1 tələbləri pozulmuş, qərarların çıxarılma tarixləri göstərilsə də vaxtlar göstərilməmiş, müstəntiq tərəfindən qərarlar qəbul edilərək konkret maddələrə deyil, ümumi normalara istinad edilmiş, istintaq hərəkəti protokollarının qeydiyyatdan keçməsinə dair protokolların üzərinə nömrələr vurulsa da, nə vaxt qeydiyyatdan keçirilməsi qeyd olunmamışdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 300.4.1, 303.1, 303.3.6-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon Prokuroruna qaytarılsın.

2. Qərarın surəti təqsirləndirilən şəxsə, zərərçəkmiş şəxslərin hüquqi varislərinə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin.

3. Cinayət işinin ibtidai istintaqı zamanı kobud qanun pozuntusu hallarına yol verdiyindən Bakı şəhəri, Suraxanı rayon X7 Şöbəsinin müstəntiqi polis baş leytenantı X4 barəsində qərar çıxarılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Sədrlik edən hakim: Kəramət Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar