Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-203/2021 16.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1989-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2anında yaşayan, 02 – 04 may 2021-ci il tarixləri üzrə tutulmuş, barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 02 may 2021-ci ildə istintaqa məlum olmayan mənbədən 10 manat pul müqabilində bir ədəd bükümdə təmiz çəkisi 0,933 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış, 02 may 2021-ci ildə saat 18:10 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində saxlanılaraq həmin polis bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,933 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, rəsmi subay olduğuna baxmayaraq, faktik olaraq evlidir və himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağı var. Ailəsi ilə birlikdə Ukraynada yaşayırdı. Bakıya valideyninə baş çəkmək üçün gəlmiş, lakin sonradan Koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar Ukraynaya qayıda bilməmişdir. Hazırda Bakıda taksi fəaliyyəti ilə məşğul olur, əldə etdiyi qazancın bir qismini Ukraynaya – ailəsinə göndərir, digər qismini isə öz ehtiyaclarına xərcləyir. Bronxial astma xəstəliyindən əziyyət çəkir. Bir müddətdir ki, narkotik vasitə heroindən istifadə edirdi. Həmin narkotik vasitəni Bakı şəhərində müxtəlif yerlərdə tanımadığı şəxslərdən əldə edirdi. 02 may 2021-ci ildə günorta saatlarında Zığ qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində bir büküm narkotik vasitə heroin almış və sonra istifadə etməsi üçün özündə saxlamışdır. Həmin gün saat 18:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsində piyada gedərkən mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş və şəxsiyyəti ilə maraqlanaraq şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Şəxsiyyət vəsiqəsinin üzərində olmadığını və Təqsirləndirilən şəxs olduğunu bildirdikdə polis əməkdaşları onun narkotik vasitələrinin gəzdirilməsi və istifadəsində şübhəli olduğunu bildirərək Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə dəvət etdilər. Razılaşıb polis əməkdaşları ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə getmişdir. Həmin bölmədə hüquqları və vəzifələri izah olunduqdan sonra ona dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilmiş və videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, bununla əlaqədar əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Suallara cavab olaraq o, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, onu həmin gün səhər saatlarında Suraxanı rayonu, Zığ qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində alıb əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin büküm götürülərək zərfə qablaşdırılmış, zərfin üzəri o, və digər iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Bundan başqa üzərində axtarış həyata keçirilsə də hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və ya götürülməmişdir. Axırda isə üzərində şəxsi axtarış həyata keçirilməsi barədə protokol tərtib olunaraq həmin protokol ucadan oxunmuş və düzgünlüyü bütün iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və qanunsuz olaraq daşıyıb üzərində saxlaması ilə bağlı polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması, təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı polis bölməsinin rəhbərliyinə raportla məruzə edilmiş, məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. 02 may 2021-ci ildə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş, qərarın surəti Suraxanı Rayon Prokurorluğuna və Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılaraq, qrupa rəhbərlik ona həvalə edilib. Əməliyyat müvəkkili Şahid2 isə qrupun üzvü olub. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməsinə başlandı. Həmin gün polis əməkdaşı Şahid2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsinə gəlib saat 18:10 radələrində həmin yerdə Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə dəvət etmiş, təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsinə vəkil dəvət edilmiş, xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş aparılaraq üzərinə baxış keçirilməsinə başlanmışdır. Bu zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qanunla qadağan edilmiş əşya varsa, təqdim etməsi təklif olunmuş, o, da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümün içərisində “heroin” adlanan narkotik vasitə var və onu şəxsi istifadəsi üçün Zığ qəsəbəsində adını bilmədiyi, yalnız üzdən tanıdığı şəxsdən 10 manata alıb. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxsdə aşkar edilmiş büküm kağız zərfə qablaşdırılmış, üzəri möhürlənərək baxışda iştirak edən bütün şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunub ucadan oxunmuş və həmin protokolun düzgünlüyü bütün iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 03 may 2021-cı il tarixli 6/1778 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 171” dairəvi möhür əksi olan, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,933 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir». 05 may 2021-ci il tarixli 1383 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs Salman oğlunda tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, astma xəstəliyindən əziyyət çəkdiyini, himayəsində 2 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalı, o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,883 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 – 04 may 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli yaşadığı yer üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,883 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-203/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-203/2021
16.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver