Məhkəmə qərarları › İş №1(010)-203/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-203/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-203/2025 04.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 07 avqust 1986-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 avqust 2024-cü il tarixdə saat 20:00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla müvafiq etibarnamə olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «ZİL-130» markalı, ** CF *** dövlət qeydiyyatı nişanlı yük avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi ilə “MS Oil” yanacaqdoldurma məntəqəsi istiqamətindən Xəzər rayonu, Türkan qəsəbəsi istiqamətində saatda 25-30 kilometr sürətlə hərəkətdə olarkən həmin küçədə nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə riayət etməmiş və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək, yol hərəkəti qaydalarını pozub yolun sağından soluna doğru keçən xx.xx.1959-cu il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyinin ağır dərəcəli əzilməsi, sağ gicgah-təpə sümüyünün xətti sınığı, başın yumşaq örtük toxumasına qansızma, hər iki ağciyərin əzilmələri, bədənin çoxsaylı qançırları və sıyrığı ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq baş beyinin ağır dərəcəli əzilməsi nəticəsində baş beyinin travmadan sonrakı ödemi və dislokasiyası səbəbindən 04 sentyabr 2024-cü il tarixdə saat 03:30-da ünvan 2 ünvanında yerləşən X9 ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, su çəni ilə olan «Zil-130» markalı 77-CF-87 dövlət qeydiyyat avtomobili idarə edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində və digər yerlərdə su daşıyıb satmaqla məşğul olmuşdur. 29 avqust 2024-cü il tarixdə saat 20:00 radələrində idarə etdiyi «Zil 130» markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə yaşadığı evə getmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi ilə “MS Oil” Yanacaq doldurma məntəqəsi tərəfdən Türkan qəsəbəsi istiqamətində saatda 25-30 km surətlə hərəkətdə olduğu zamanı hərəkət istiqamətinin sağ hissəsində, yəni asfalt örtüyünün tam qırağında əlində köməkçi vasitə olan şəxs yolda dayanmasını görmüşdür. Həmin şəxsin yanına çatan zamanı yolda onun hərəkətdə olduğu yola addımlamış, bu zaman o, avtomobilin əyləcini sıxaraq avtomobili sağa doğru hərəkət etdirərək avtomobili saxlamışdır. Həmin zamanı avtomobilin sol ön hissəsi piyadaya çırpılmış və həmin piyada yerə yıxılmışdır. Həmin zamanı avtomobili saxlayaraq vurulan piyadaya ilkin yardım göstərmiş, sonra təcili tibbi yardım çağırıb piyadanı xəstəxanaya göndərmişdir. Xəstəxanaya gəlib xəsarət alanın qohumlarına lazımı dərmanların alınmasında maddi yardım etmişdir. Sonra məlum olmuşdur ki, bədən xəsarətləri almış piyadanın soyadı və adı Zərərçəkmiş şəxsdur. 04 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs xəstəxanada vəfat etmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X4 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qardaşıdır. 29 avqust 2024-cü il tarixdə ona məlum olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Dənizkənarı küçəsində qardaşı Zərərçəkmiş şəxs yolu keçən zaman sonradan adını bildiyi, Təqsirləndirilən şəxs idarə etdiyi «Zil 130» markalı ** CF *** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə vurulmuş və X13 müalicə olunması üçün aparılmışdır. Xəstəxanada qardaşı huşsuz olmuş və heçnə deyə bilməmişdir. 04 sentyabr 2024-cü il tarixdə qardaşı Zərərçəkmiş şəxs aldığı bədən xəsarətlərindən xəstəxanada ölmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət bə tələbi yoxdur, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində tanınmış Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşına özünə məxsus olan «Zil 130» markalı ** CF *** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə əsasında vermiş, etibarnamənin vaxtının xx.xx.2024-cü il tarixdə bitməsini bilməmişdir. Bilsə idi, yeni etibarnamə verərdi. 29 avqust 2024-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs həmin avtomobili idarə edərkən, piyada adını sonra bildiyi Nahiq Məmmədovu vurmuş və sonuncu 04 sentyabr 2024-cü il tarixdə xəstəxanada vəfat etmişdir. Özü hadisəni görməmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 04 oktyabr 2024-cü il tarixli 109 saylı rəyindən görünür ki, 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına, ilk məlumata və qərarda qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlir: mərhum Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: baş beyinin ağır dərəcəli əzilməsi, sağ gicgah-təpə sümüyünün xətti sınığı, başın yumşaq örtük toxumasına qansızma, hər iki ağciyərin əzilmələri, bədənin çoxsaylı qançırları və sıyrığı. Qeyd edilən xəsarətlər həyatidirlər, şəxsin xəstəxanaya daxil olmasından az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə baş beyinin ağır dərəcəli əzilməsi nəticəsində baş beyinin travmadan sonrakı ödəmi və dislokasiyası səbəb olmuşdur. X17 Mərkəzində 04 sentyabr 2024-cü il tarixdə saat 03:30-da baş vermişdir, hansıki meyitin məhkəmə-tibbi müayinəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs klinikada 6 gün stasionar müalicəsi aldığından meyitin müayinəsi zamanı məhkəmə-kimyəvi təhqiqat üçün qan nümunəsi götürülmədi. Mərhumun adına tərtib edilmiş tibbi sənədlərdə şəxsin spirtli içki qəbul etməsi barədə hər hanıs bir qeydiyyat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının 25 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-8/2612 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən: 1,2. Zil-130 markalı, 77CF087 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs BB 145826 nömrəli “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan ƏN-V seriyalı 823035 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən müəyyən edilir ki, ** CF *** dövlət nömrə nişanlı “Zil 130 Ş-də ATSPT 4.1” yük markalı avtomaşın 29 oktyabr 2021-ci ildə Təqsirləndirilən şəxs adına dövlət qeydiyyatına alınmış və avtomobilin üzərində hüquqlar Təqsirləndirilən şəxs 01 avqust 2024-cü ilədək Şahid tərəfindən etibar edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 noyabr 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 29 avqust 2024-cü il tarixli, 1/7851 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185, 263-1, 264-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Suraxanı ƏSMM tərəfindən 16 noyabr 2005-ci ildə 3-cü dərəcəli əlil kimi 077816 nömrəli vəsiqə verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 675504 nömrəli 22 iyun 2011-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs ilə X2 arasında 22 iyun 2011-ci il tarixdə nikah bağlanаraq bu barədə Suraxanı rayon Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında 863 saylı qeyd aparılmışdır. İş materiallarına olan AZ-İİ seriyalı 883945 nömrəli, AZ-İİİ seriyalı 658592 nömrəli və AZ-İV seriyalı 138414 nömrəli «doğum haqqında» şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahlarından 19 may 2012-ci ildə X7, 19 noyabr 2015-ci ildə X5 və 10 iyun 2018-ci ildə X8 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 453648 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs 04 sentyabr 2024-cü ildə ölmüşdür. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri, hadisə yerinin videogörüntüsü, baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 aprel 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin əmələ görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X3 barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət nəticəsində vurulmuş zərəri aradan qaldıraraq, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, himayəsində üç nəfər yetkinlik yaşına çatmamış uşaqlarının olmasını, ailəni yeganə dolandıran şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Lakin məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cəzasını yungülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə təyin edilməsinə əsas görmür. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işindən müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar