Məhkəmə qərarları › İş №1(010)-204/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-204/2020

30.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-204/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay (boşanıb), fərdi əməklə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, Suraxanı Rayon Məhkəməsinin 1(010)- 127/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib eyni Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (həmin cəzanın icrası ilə əlaqədar xx xxxx 2018-ci ildə Suraxanı rayon İcra və probasiya şöbəsində qeydiyyata alınıb), barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə saat 02 – 03 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsində yerləşən 1 nömrəli evin həyətinə hasardan aşıb qanunsuz daxil olaraq həyətdə evin divarına quraşdırılmış 1 ədəd 450 manat dəyərində “Ariston” markalı “Clas Evo” modelli kombi aparatını söküb çıxararaq gizli olaraq talayıb Zərərçəkmiş şəxs 450 manat miqdarında ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, X3 ilə nikah bağlamış, həmin nikahdan xx xxx 2016-cı ildə Məmmədov Ömər Elçin oğlu və xx xxxxxx 2018-ci ildə X5 adlı uşaqları doğulmuşdur. Sonradan – 2019-cu ildə X3 ilə boşanmış, keçmiş arvadı hər iki uşağı onun himayəsinə ataraq birlikdə yaşadıqları evdən çıxıb getmişdir. Keçmiş arvadının hazırda harada olduğunu bilmir. X1 valideynləri belə, onun harada olduğunu bilmirlər. Beləliklə, azyaşlı uşaqlarını təkbaşına saxlayır. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, ailəsinin maddi vəziyyəti çox ağırdır. Belə ki, küçədən və məişət tullantılarının toplandığı yerlərdən istifadə olunmuş plastik materialları (plastik paketlər və s.) toplayıb satmaqla məşğul olur. Satdığı hər bir kiloqram plastik materiala görə 30 qəpik alır. Qazancı cüzi olduğundan bəzən evində hətta çörək pulu belə olmur. Cari ilin mart ayında da ailəsinin maddi vəziyyəti çox ağır olmuşdur. Bu səbəbdən oğurluq edib, ailəsi üçün zəruri qida məhsulları almaq qərarına gəlmişdir. xx xxxx 2020-ci ildə qərarını qətiləşdirmiş, oğurluq etmək məqsədi ilə əvvəllər fəhlə işlədiyi E.Bəkirli küçəsi, ev 1 ünvanına getmişdir. Saat 02 – 03 radələrində həmin ünvana çatıb ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra həyət qapısının üzərindən aşıb həyətə düşmüşdür. Evin işıqları yanmadığına görə düşünmüşdür ki, evdə heç kəs yoxdur. Həyətdə baxıb divara quraşdırılmış bir ədəd kombi istilik cihazını görmüş, onu sökərək həyət qapısından çölə çıxmışdır. Sonra kombi cihazını gizlətmək üçün Əmircan qəbiristanlığına getmiş, oğurladığı əşyanı orada gizlədib yaşadığı evə gəlmişdir. Səhər hava işıqlandıqdan sonra kombini gizlətdiyi yerə getmiş, onu götürüb küçədən tapdığı kisəyə qoyaraq Suraxanı qəsəbəsinə aparmışdır. Həmin kombi cihazını Suraxanı rayonu ərazisində mühafizəçi işləyən Ramin kimi tanıdığı şəxsə özünə məxsus olduğunu deyərək 300 manata satmışdır. Əldə etdiyi pulun bir hissəsini ailəsinin ehtiyaclarına xərcləyib. Sonradan etdiyi əməldən peşman olmuş və yenidən Ramin adlı şəxsin yanına gedərək ona 300 manat verib kombini geri almışdır. Kombi cihazını götürüb oğurluq etdiyi evə aparmış, orada zərərçəkmiş şəxslə görüşüb əməlini etiraf etmiş və əməlindən peşman olduğunu bildirərək oğurladığı əşyanı geri qaytarmışdır. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, yaşadığı evin həyətində bir ədəd kombi istilik cihazı quraşdırmışdır. xx xxxx 2020-ci ildə saat 01 radələrində yuxudan oyanıb siqaret çəkmək üçün həyətə çıxmışdır. Həmin vaxt kombi aparatı yerində idi. Siqaret çəkdikdən sonra evə gedib yatmış, saat 03:30 radələrində yenidən yuxudan oyanaraq həyətə çıxmışdır, bu zaman həyət qapısının açıq vəziyyətdə olduğunu görüb ətrafa nəzər saldıqda kombi cihazının yerində olmadığını aşkar etmişdir. Bununla bağlı DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gələrək evə baxış keçirmişlər. Bu hadisədən bir neçə gün sonra əvvəllər evində fəhlə işləmiş Elçin adlı şəxs onun yaşadığı evə gəlmişdir. Elçinin əlində bir kisə var idi. O, etiraf etmişdir ki, kisənin içərisindəki kombi cihazını xx xxxx 2020-ci ildə onun evinin həyətindən oğurlamış, sonra isə əməlindən peşman olmuşdur. Kisənin içərisinə baxdıqda orada özünə məxsus kombi cihazını görmüş və götürüb yerinə quraşdırmışdır. Qeyd edir ki, təqsirləndirilən şəxs müvafiq əşyanı ona saz və işlək vəziyyətdə qaytarıb. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş materialları ilə də təsdiq edilir. xx xxxxxxxx 2020-ci il tarixli 9/3630 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Ariston” markalı “Clas Evo” modelli kombinin istifadədə olunması nəzərə alınmaqla 2020-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 450 manat müəyyən edilir”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayəti törətdikdən sonra onun nəticələrini könüllü aradan qaldırdığını, yəni oğurladığı əşyanı gətirib könüllü olaraq zərərçəkmiş şəxsə təqdim etdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını, ailə vəziyyətini, o cümlədən 2 nəfər azyaşlı uşağını təkbaşına saxladığını, cinayəti maddi vəziyyətinin ağır olması səbəbindən törətdiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Məmmədov X4 Rayon Məhkəməsinin 1(010)-127/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinib eyni Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cəzanın icrası ilə əlaqədar xx xxxx 2018-ci ildə Suraxanı rayon İcra və probasiya şöbəsində qeydiyyata alınmış və hazırda həmin cəzasını çəkməkdə davam edir. Buna baxmayaraq, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin qüvvəsinə görə Təqsirləndirilən şəxs əməlində residiv yoxdur. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıra biləcək başqa hal da mövcud deyil. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Bununla yanaşı, iş üzrə maddi sübut kimi tanınmış, 1 ədəd “Ariston” markalı “Clas Evo” modelli kombi Zərərçəkmiş şəxs qaytarıldığından zərərçəkmiş şəxsin sərəncamına verilmiş hesab olunmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Suraxanı Rayon Məhkəməsinin 1(010)-127/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının bu gün üçün çəkilməmiş 07 (yeddi) ay 23 (iyirmi üç) günlük hissəsi hazırkı hökmlə təyin olunan cəzaya Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırda azadlığın məhdudlaşdırılması növündə cinayət cəzası çəkdiyi, bununla əlaqədar Suraxanı rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı nəzərə alınaraq ona hazırkı hökmlə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının əvvəli bu gün – xx xxxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, 1 ədəd “Ariston” markalı “Clas Evo” modelli kombi Zərərçəkmiş şəxs qaytarıldığından zərərçəkmiş şəxsin sərəncamına verilmiş hesab olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar