Məhkəmə qərarları › İş №1(010)-205/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-205/2020

24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-205/2020 24.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.2000-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “ATEF" şirkətlər qrupunda operator vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Mazutlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Tucson” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi istiqamətindən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi istiqamətinə saatda 20 km sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosiped idarə edənlərə yol verməli olduğu halda buna riayət etməyərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, 20 saylı ünvanda yerləşən “Tatlı” un məmulatları mağazasının qarşısında ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin ön sağ künc hissəsi ilə yolu sağdan sola keçməyə çalışan piyada, 1943-cü təvəllüdlü Zərərçəkmiş şəxs Gülhüseyn qızını vuraraq yol hərəkəti qaydasını pozmaqla yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində Zərərçəkmiş şəxs Gülhüseyn qızının baş beyin silkələnməsi və təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan qapalı kəllə beyin travması, çoxsaylı qabırğa sınıqları, ağ ciyərin kontuziyası ilə müşayiət olunan döş qəfəsinin küt travması, sol dirsək, sol baldır, ikitərəfli oturaq-qasıq sümüklərinin sınıqları ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almış və ehtiyatsızlıqdan sonuncunun aldığı çoxsaylı sınıq xəsarətləri nəticəsində inkişaf etmiş ürək-ağciyər çatmamazlığı xəsarətlərindən xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, M.Mirqasımov küçəsi, 1 saylı ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi X6 ölümünə səbəb olmuşdur. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin aprel ayından etibarən “Hyundai Tucson” markalı, **-FA-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında “BG” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. xx xxxx 2020-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi həmin avtomobil ilə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən “Tatlı” un məmulatlarının satışı dükanının yaxınlığında “Aura” şadlıq evi istiqamətinə təxminən 20 km/s sürətlə hərəkət edib evinə getmək üçün yol kəsişməsində dönən zaman bir nəfər qadını, adını sonradan bildiyi, hazırki iş üzrə Zərərçəkmiş şəxs Gülhüseyn qızını vurmuş, qadın müvazimətini itirib yerə yıxılmışdır. Avtomobildən düşüb arvada yaxınlaşmış, həmin vaxt qorxu və təlaş içində olmuş və orada olan şəxslərdən kimsə təcili tibbi yardım çağırmışdır. Bu zaman birtəhər özünü toparlayaraq yaxınlarından kiməsə zəng etməsi üçün arvadın çantasından mobil telefonunu götürmüşdür. Mobil telefonda Samir adlı şəxsin adının zənglərin siyahısında görüb, elə həmin şəxsə də zəng edərək, xanımın nəyi olduğunu soruşduqda, telefon zənginə cavab vermiş şəxs qadının oğlu olduğunu bildirmişdir. Həmin şəxsə Qaraçuxur qəsəbəsində yerləşən “Tatlı” un məmulatlarının qarşısına gəlməsini xahiş etmişdir. Az sonra həmin şəxs təlaş içində qeyd edilən ünvana gəlmiş, bu şəxsin qadının oğlu olan, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi olan X5 olduğunu başa düşmüşdür. O, Samirə yaxınlaşıb, qəzanın hansı şəraitdə baş verdiyini bildirmişdir. Samir anasına yaxınlaşmış, həmin an hadisə yerinə təcili tibbi yardım avtomaşını gəlmişdir. Təcili tibbi yardım avtomobilinə arvadı yerləşdirdikdən sonra öz valideynlərinə hadisə barədə məlumat vermək üçün evə getmişdir. Hadisə barədə atasına məlumat verən zaman X3 atasına zəng gəlmişdir. Daha sonra o, Polis İdarəsinə getmiş, atası isə tez xəstəxanaya yollanmışdır. Polisdə olan zaman, avtomobili idarə etmək üçün bütün lazımi sənədlərinin qaydasında olduğunu bildirmişdir. Bundan sonra o, sərxoşluq testindən keçmiş, araşdırmanın nəticəsi olaraq onun nəqliyyat hadisəsini törətdiyi zaman ayıq vəziyyətdə olduğu müəyyən olmuşdur. Hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Tatlı” un məmulatlarının qarşısında olmuşdur. O, avtomobil ilə Günəşli istiqamətinə gedən yola tərəf döndükdə, təhlükəni hiss etmiş və həmin andan hadisənin baş verməsinədək təqribən 3 metr məsafə qalmışdır. Hadisə zamanı avtomobildə ondan başqa heç kim və hansısa yük olmamışdır. Cinayət əməlini törətdikdən sonra o, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. İş üzrə məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, hadisə nəticəsində ölən Zərərçəkmiş şəxs Gülhüseyn qızı onun anasıdır. Anası Sabunçu rayonu Bakıxanov qəsəbəsində tək yaşamışdır. xx xxxx 2020-ci il tarixdə saat 19:10 radələrində onun istifadəsində olan 055 *** ** ** mobil nömrəsinə anasının istifadəsində olan 051 *** ** ** mobil nömrəsindən zəng gəlmişdir. Zəngə cavab verdikdə, tanımadığı orta yaşlı kişi cinsindən olan bir şəxsin danışdığını eşitmişdir. Həmin şəxs ona həyəcanlı olmamağa xahiş etmiş və Qaraçuxur qəsəbəsində yerləşən “Tatlı” un məmulatları məntəqəsinin qarşısına gəlməyini istəmişdir. Həmin əraziyə bələd olduğundan, dərhal söhbətin hansı məkandan getməsini anlamışdır. Həmin şəxsdən nə baş verməsini soruşduqda, bu şəxs onun anasının halının pisləşdiyini bildirmişdir. Bu zaman o, öz istifadəsində olan avtomobil ilə yola çıxıb tez həmin əraziyə getmişdir. “Tatlı” un məmulatlarının qarşısına çatdıqda, ərazidə adamların toplaşdığını görmüş, həmin vaxt bir nəfər orta yaşlı, sonradan tanıdığı hazırki iş üzrə Təqsirləndirilən şəxs ona yaxınlaşaraq, anasının nömrəsi ilə ona zəng edən şəxs olduğunu bildirmişdir. Həmin şəxsi səsindən tanımışdır. Bu zaman Şəhriyar ona anasını ehtiyatsızlıqdan istifadəsində olan avtomobil ilə vurulmasını bildirmişdir. O, ilkin olaraq əsəbləşmiş, lakin dərhal anasına yaxınlaşmalı olduğundan, Şəhriyara baş qoşmamışdır. Anasına yaxınlaşdıqda, sonuncunun vəziyyətinin yaxşı olmadığını görmüşdür. Bu zaman həmin əraziyə təcili tibbi yardım avtomaşını yaxınlaşmışdır. Təcili tibbi yardımın kimin tərəfindən çağırıldığını bilməmişdir. Təcili tibbi yardımın işçiləri anasını avtomobilə yerləşdirmişlər. O, Şəhriyar və başqa şəxslər buna kömək etmişlər, daha sonra o, istifadəsində olan avtomobil ilə təcili tibbi yardım avtomaşınının arxasınca getmişdir. İlkin olaraq anasını Sabunçu xəstəxanasına aparmışlar. Xəstəxanaya çatdıqdan az sonra Şəhriyarın valideynləri də ora gəlmişlər. Şəhriyarın özü isə polis tərəfindən çağırıldığından, həmin vaxt polisə getmişdir. Sabunçu xəstəxanasında bir neçə saat qaldıqdan sonra anasını “Semaşko” adlanan xəstəxanaya yerləşdirmək qərarına gəlmişlər. “Semaşko” xəstəxanasından göndərilən tibbi avtomobil ilə anasını həmin xəstəxanaya aparmışlar. xx xxxxx 2020-ci il tarixdə anasını xəstəxanaya yerləşdirmişlər. xx xxxxx 2020-ci il tarixdə isə anası aldığı xəsarətlərdən rəhmətə getmişdir. Hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Tatlı” un məmulatlarının qarşısında olmuşdur. İlkin olaraq hadisə yerinə gəldikdə, Şəhriyar orada olmuş və hətta ona zəng edərək, hadisənin baş verdiyi ünvana çağıran şəxs də Şəhriyar olmuşdur. Təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir, sonuncuya qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirərək, bu məzmunda ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə adətən olduğu kimi Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən “Əlillər Parkı” kimi tanınan parkda oturub istirahət etmiş, saat təqribən 18.30 radələrindən həmin parka gəlib orada oturmuşdur. O, parkın aşağı başında “Tatlı” un məmulatları tərəfdə oturmuş, yarım saat oturduqdan sonra birdə yola baxanda, “Elvin” şadlıq sarayı tərəfdən məsçidə tərəf gedən qara rəngli markasını bilmədiyi hündür avtomobilin sola üzü “Aura” şadlıq sarayı tərəfə döndüyünü və bu zaman lahmacun satılan restoranın yanından üzü parka tərəf yolu keçməkdə olan yaşlı qadına yavaşca dəydiyini görmüşdür. Hadisə nəticəsində arvad yerə yıxılmış, bundan sonra hadisə yerinə insanlar toplaşmağa başlamışlar. Avtomobil ilə arvadı vuran şəxs, sonradan tanıdığı hazırki iş üzrə Təqsirləndirilən şəxs dərhal avtomobili saxlamış və düşüb onların yanma gəlmişdir. Bir az sonra hadisə yerinə təcili tibbi yardım gəlmişdir. Onlar Şəhriyarla birlikdə köməkləşib arvadı təcili tibbi yardım yerləşdirən zaman, bir nəfər özünü həmin xəsarət alan arvadın oğlu kimi qələmə verən şəxs onlara yaxınlaşmışdır. Hadisənin törədən avtomobilin sürücüsü olan Şəhriyarla xəsarət alan arvadın oğlu olan Samir bir az söhbət etmişlər. Ancaq arvadın oğlu tez anasının yanına gəlmişdir. Təcili tibbi yardım avtomobili arvadı xəstəxanaya çatdırmaq üçün aparmışdır. Bundan sonra hamı hadisə yerindən dağılışmış, o, isə qayıtdıb parkda oturmuşdur. Hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Tatlı” un məmulatlarının qarşısında, saat təqribən 19 radələrində baş vermişdir. Hadisəni törədən Şəhriyar avtomobili saxlamış və arvada yaxınlaşmışdır. Həmin cavan oğlanın özü çox həyəcanlı olmuş, lakin kömək etməyə çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs onun doğma oğludur. 2020-ci ilin aprel ayında “Hyundai Tucson” markalı, **-FA-*** dövlət nömrə nişanlı avtomobili alıb öz adına rəsmiləşdirmiş və avtomaşının istismarı üçün oğlu Şəhriyara etibarnamə vermişdir. Həmin vaxtdan Şəhriyar etibarnamə əsasında özünə məxsus olan “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə “Hyundai Tucson” markalı, 90- FA-160 dövlət nömrə nişanlı avtomobili idarə edir. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində evdə olduğu zaman oğlu Təqsirləndirilən şəxs çox narahat və həyəcanlı halda evə gəlib ona yaxınlaşaraq, idarə etdiyi həmin avtomobillə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Tatlı” un məmulatlarının satışı dükanının qarşısında bir nəfər qadını yavaş vurması, qadının müvazimətini itirib yerə yıxılması, ətrafdakı insanların TTY-a zəng etməsi, onun da qadının telefonunu götürüb oğluna zəng edərək, hadisə yerinə çağırması və oğlu hadisə yerinə gəldikdən sonra hadisəni törətdiyini həmin qadının oğluna bildirməsi, TTY gəlib həmin qadını xəstəxanaya apardıqdan sonra hadisə barədə xəbər vermək üçün evə gəlməsi barədə bildirmişdir. Bu vaxt onun əlaqə nömrəsinə polis əməkdaşı zəng edərək, hadisə barədə məlumat vermişdir. O, da oğlunun məlumat vermək üçün evə gəldiyini bildirmiş və bundan sonra yoldaşını götürərək, tez xəstəxanaya getmiş, oğlu Şəhriyar isə idarə etdiyi “Hyundai Tucson” markalı, **-FA-*** dövlət nömrə nişanlı avtomobil ilə polisə getmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikas Narkoloci Mərkəzinin xx.xx.2020-ci il tarixli 1/3303 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X7 22 saylı şöbəsinin verdiyi xx xxxx 2020-ci il tarixli 75 saylı rəydən görünür ki, “1943-cü təvəllüdlü mərhum Zərərçəkmiş şəxs Gülhüseyn qızının bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi və təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan qapalı kəllə beyin travması, çoxsaylı qabırğa sınıqları, ağ ciyərin kontuziyası ilə müşayiət olunan döş qəfəsinin küt travması, sol dirsək, sol baldır, ikitərəfli oturaq-qasıq sümüklərinin sınıqları həyati olub, mərhumun xəstəxanaya müraciət etməsindən bir qədər əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat qəzası zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və ölümlə birbaşa əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb aldığı çoxsaylı sınıq xəsarətləri nəticəsində inkişaf etmiş ürək-ağciyər çatmamazlığı olmuşdur. Ölüm xx.xx.2020-ci il tarixdə xəstəxanada baş vermişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-avtotexniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx xxxxxxxx 2020-ci il tarixli 8/1568 saylı rəydən görünür ki, 1-2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Hyundai Tucson” markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ərizəsindən müəyyən olunur ki, onun xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. İş materiallarında olan Suraxanı rayon Polis İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamış və məhrum edilməmişdir. Azərbaycan Respublikası DGN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Suraxanı Rayon İcra Hakimiyyəti Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətdiyini, törətmiş olduğu cinayət əməlini etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və tələbinin olmadığını, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmədə göstərmişdir ki, təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbləri yoxdur. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi, onun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar