Məhkəmə qərarları › İş №1(010)-205/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-205/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-205/2023 20.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 20 aprel 2023-cü il tarixdə, saat 11:20-də, Bakı şəhərində, xx xxxx 1990-cı ildə Lerik rayonunun Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Lerik rayonu, Tülüconu ərazi dairəsi, Qışlaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz evdə yaşamış, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)- 504/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 20 avqust 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-652/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 20 dekabr 2022-ci il tarixədək uzadılmış, həmin məhkəmənin 4(010)-714/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 08 yanvar 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 1(010)-205/2023 saylı, 05 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah məqsədilə özgəsinin əmlakını gizli olaraq talama niyyətilə 13 avqust 2022-ci il tarixdə, saat 22:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus tikintisi davam edən Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük savxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz olaraq daxil olmaqla həmin həyətdə olan evin taxta pəncərəsinin üzərində olan dəmir barmaqlığı yerdən tapdığı çəkiclə yerindən çıxarıb pəncərənin şüşəsini sındırmaq yolu ilə evə qanunsuz daxil olub 510 manat dəyərində bir ədəd qaynaq aparatı, 1200 manat dəyərində bir ədəd “Bosch” markalı preferator, hər biri 75 manat olmaqla cəmi 150 manat dəyərində olan iki ədəd drel və 45 manat dəyərində bir ədəd təzə ventilyatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1.905 (min doqquz yüz beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 17 avqust 2022-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus tikintisi davam edən Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz olaraq daxil olmaqla həmin həyətdə olan evə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olub 750 manat dəyərində səkkiz top elektrik naqilləri, bir ədəd 250 manat dəyərində perfarator, bir ədəd 200 manat dəyərində elektrik mişarı, hər biri 100 manat olan, 3 ədəd 300 manat dəyərində drelləri və fərdi yaşayış evinin həyətyanı sahəsinin giriş darvazasının yanında şəhid Abbas Qəhrəmanovun adına olan xatirə bulağın işıqlandırılması üçün çəkilmiş 50 manat dəyərində 20 metr uzunluğunda elektrik naqilini kəsib gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 1550 (min beş yüz əlli) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2ci və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ittihamda ona qarşı irəli sürülən oğurluq cinayətlərinin heç birini törətməmişdir. Belə ki, 20 avqust 2022-ci il tarixdə onu yaşadığı evdən Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirmişlər. Burada onu döyərək və hədə-qorxu gələrək iki epizod üzrə oğurluq cinayətini boynuna almasını tələb etmişlər. Məruz qaldığı fiziki və psikoloji zorakılığa tab gətirməyərək ona qarşı irəli sürülmüş ittihamı qəbul etməklə etirafedici ifadə vermişdir. Buna baxmayaraq azadlığa çıxacağı təqdirdə Zərərçəkmiş şəxs1 dəymiş zərəri ödəyəcəkdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, ailəsi ilə birlikdə Binəqədi rayonu, ünvan 3 ünvanda yaşayır. Suraxanı rayonu, Hövsan Südçülük sovxozunda olan bağ evinin girişində Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə şəhid olmuş oğlu Turan Şərifovun xatirə guşəsi qoyulmuşdur və demək olar ki, hər gün bağ evinə gedib orada qalır. 13 avqust 2022-ci il tarixdə bağ evinə getməmiş, 14 avqust 2022-ci il tarixdə saat 12:00 radələrində bağ evinə gələndə evinin pəncərəsinin dəmir barmaqcıqlarının və pəncərənin şüşəsinin sındırıldığını gördükdə kiminsə evinin pəncərəsinin dəmir barmaqlıqlarını və pəncərəsinin şüşəsini sındırıb evinə girdiyini başa düşmüşdür. Evinə daxil olub evdə olan əşyalarını nəzərdə keçirməyə başlamış, evindən 150 manat dəyərində bir ədəd qaynaq aparatının, 1200 manat dəyərində bir ədəd «Bosch» markalı preferatorunun, hər birinin qiyməti 75 manat olan iki ədəd olmaqla 150 manat dəyərində iki ədəd drelinin və 45 manat dəyərində vintilyatorunun oğurlandığını bilmişdir. Əşyalarının oğurlanması nəticəsində ona ümumilikdə 1.905 manat ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxslə aralarında razılıq əldə etdiyini, sonuncunun azadlığa çıxarsa ona dəymiş zərəri ödəyəcəyini, bu səbəbdən məhkəmədən təqsirləndirilən şəxsə qarşı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin 29 mart 2023-cü il tarixli iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, hazırda Bakı şəhəri, Suraxanı rayonu Binə Südçülük sovxozunda kirayədə yaşayır, gələcəkdə ailəsi ilə birlikdə yaşaması üçün Binə Südçülük sovxozunda fərdi yaşayış evi tikdirib başa çatdırmışdır və həmin evdə təmir işləri gedir. Tikdirdiyi evin qarşısında darvazanın yan tərəfində Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş qardaşı Abbas Qəhrəmanovun şəkli olan xatirə bulağı yaradıblar. Evinin elektik xətləri çəkilmiş, amma suvağı vurulmamışdır. Həyətin dəmir darvazasını da təmir məqsədi ilə çıxarmışlar. Evdə təmir işləri getdiyi üçün özünə məxsus olan tikinti alətlərini və elektrik naqillərini evin içində saxlamışdır. 18 avqust 2022-ci il tarixdə səhər saat 05:30 radələrində evinə gedərkən evinin birinci mərtəbəsinin həyətə açılan plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, qapını açıb evə daxil olaraq ikinci mərtəbəyə qalxmış, evin ikinci mərtəbəsində saxladığı 750 manat dəyərində səkkiz top elektrik naqilləri, bir ədəd 250 manat dəyərində perfarator, bir ədəd 200 manat dəyərində elektrik mişarı, hər biri 100 manat olan 300 manat dəyərində drellərin oğurlandığını bilmişdir. Bundan başqa oğurluq edən şəxs (lər) şəhid qardaşının adına olan bulağın işıqlandırılması üçün çəkilmiş 50 manat dəyərində 20 metr uzunluğunda elektrik naqilini də kəsib oğurlamışdır. Hadisə nəticəsində ona cəmi 1.550 manat maddi ziyan dəymişdir. Oğurluq etmiş şəxsin şəhid olmuş qardaşının adına olan bulağın elektrik xəttini kəsməsi ona daha çox mənəvi təsir etmişdir. Sonda o, dəymiş ziyanın ödənilməyini, lakin təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirmişdir. İş materiallarında olan Hadisə yerinə baxış keçirilməsi haqqında” 18 avqust 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, sonuncu səkkiz top elektrik naqilin, bir ədəd perfaratorun, bir ədəd elektrik mişarının, 3 ədəd drelin və şəhidin adına olan xatirə bulağın işıqlandırılması üçün çəkilmiş 20 metr uzunluğunda elektrik naqilini kəsib gizli olaraq talandığını bildirmişdir, oğurlanmış əşyaların yerini əyani şəkildə göstərmişdir. İş materiallarında olan “İfadələrin yerində yoxlanması haqqında” 22 avqust 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evlərinə daxil olduğu giriş darvazasını, özünün yaşadığı və oğurladığı naqilləri yandırıb əritdiyi yeri əyani olaraq göstərmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 30 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lerik Rayon Məhkəməsinin 22 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2.000 manat cərimə cəzasına məhkum edilmiş, 22 noyabr 2014-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğurluq etməməsi, həmçinin polis şöbəsində döyüldüyü və hədə-qorxuya məruz qaldığı üçün ona qarşı irəli sürülmüş ittihamı qəbul etməsinə dair ifadəsi işdə olan sübutlarla, o cümlədən zərərçəkmişlərin ifadələri ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2013-cü ildə ailə qurmuşdur, bir azyaşlı oğlu vardır. Sonradan xasiyyətləri tutmadığından arvadı oğlunu da götürərək atası evinə getsə də rəsmi olaraq boşanmamışlar. Evlərdə ustalıq edərək dolanır və imkanı daxilində uşağın ehtiyaclarını ödəyir. Son vaxtlar iş tapa bilmədiyinə görə ehtiyaclarını ödəyə bilməmiş, buna görə də oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə südçülük sovxozunda yerləşən fərdi yaşayış evindən çıxaraq yaşadığı məhəllədə piyada gəzdiyi zaman evlərindən təxminən 100 metr irəlidə yerləşən təmiri davam edən evin işıqlarının yanmadığını gördükdə evdə heç kimin olmadığını başa düşmüş və həmin evdən oğurluq etməyi planlaşdırmışdır. Ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra hasara qalxaraq həmin həyətə düşüb evə yaxınlaşmış, köhnə bir çəkic tapıb çəkiclə pəncərənin dəmir barmaqlıqlarını dartıb yerindən çıxarmış, pəncərənin şüşəsini sındıraraq oradan evə daxil olmuşdur. Evdə təmir işləri getdyi üçün evdə təmir alətlərindən başqa heç nə olmadığından, bir ədəd preferator, iki ədəd drel, bir ədəd qaynaq aparatı və bir ədəd vintilyatoru götürərək evə daxil olduğu pəncərədən həmin əşyaları çıxarıb həyətə yığmış, evdən çıxaraq oğurladığı əşyaları iki dəfəyə gətirib yaşadığı evin həyətində gizlətmişdi. Oğurladığı əşyaları səhəri gün tanımadığı taksi ilə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr bazarına aparıb orada hamısını tanımadığı bir nəfər şəxsə cəmi 150 manata satmış, əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində yenə də oğurluq edib ehtiyaclarını ödəmək üçün yaşadığı evdən çıxmış, oğurluq etmək üçün əlverişli ev axtaran zaman yaşadığı evindən təxminən 150 metr irəlidə yerləşən təmiri tamamlanmamış evin işığının yanmadığını gördükdə evdə heç kimin olmadığını bilmiş, ətrafda da heç kimin olmadığına tam əminq olduqdan sonra hasardan aşaraq həyətə daxil olub evə yaxınlaşmış, evin plastik materialdan olan pəncərəsinin birinin kilid hissəsini sıxıb açaraq evə daxil olmuş, evdə təmir işləri getdiyi üçün evdə təmir əşyalarından başqa qiymətli bir əşya olmadığından həmin evdən səkkiz top elektrik naqili, bir ədəd preferator, bir ədəd elektrik mişarı və üç ədəd drel götürərək evə daxil olduğu pəncərədən də evdən çıxmış, həmin evin qarşısında istifadə olunmuş, təxminən 15-20 metr uzunluğunda elekrtik naqilini görüb özündə olan bıçaqla kəsib götürərək hasardan çölə yığmış, oradan da yaşadığı evə gətirib həyətində gizlətmişdir. Oğlurladığı əşyaları səhəri gün tanımadığı taksi ilə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr bazarına aparıb orada hamısını tanımadığı bir nəfər şəxsə cəmi 200 manata satmış, əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Oğurluğu tək törətmiş, bu işdə ona heç kim köməklik etməmiş, oğurladığı əşyaları satdığı şəxsləri tanımır, həmin şəxslərin aldıqları əşyaların oğurluq olmasından xəbərləri olmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə habelə Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən döyülməsi məhz bunun nəticəsində etirafedici izahat verməsi barədə müdafiəçisinə xəbər vermək, həmçinin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxarkən məhkəməyə şikayət etmək imkanı olduğu halda, bunları etməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs ifadəsini inandırıcı hesab etmir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, evli və himayəsindən 1 nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsindən 1 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, qardaşı X2 “Vətən müharibəsi” iştirakçısı olmaqla “Vətən müharibəsi iştirakçısı” və Azərbaycan Respublikası Prezidentinin “Cəsur döyüşçü” medalları ilə təltif olunmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 895451 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Kərimov X5 Aygün Nurəddin qızı ilə evlidir. İş materiallarında olan AZ-İİİ seriyalı 424858 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 birgə nikahlarından 15 dekabr 2014-cü il təvəllüdlü X10 anadan olmuşdur. İş materiallarında olan Azərbacyan Respublikası medalının vəsiqəsinin surətlərindən görünür ki, X3 “Cəsur döyüşçü” Azərbaycan Respublikası Prezidentinin “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 20 avqust 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 22 avqust 2022-ci il tarixli qərardan, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-504/2022 saylı, 22 avqust 2022-ci il tarixli, 4(010)-652/2022 saylı, 17 noyabr 2022-ci il tarixli, 4(010)-714/2022 saylı, 19 dekabr 2022-ci il tarixli, 1(010)-205/2023 saylı, 05 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 avqust 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-504/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 20 avqust 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)- 652/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 20 dekabr 2022-ci il tarixədək uzadılmış, həmin məhkəmənin 4(010)-714/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 08 yanvar 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 1(010)-205/2023 saylı, 05 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 20 avqust 2022-ci il tarixdən 20 aprel 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 08 ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 01 il 04 ay azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onlara dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 96 (doxsan altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı 20 avqust 2022-ci il tarixdən 20 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 08 (səkkiz) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 04 (dörd) ay çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onlara dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 96 (doxsan altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar