Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-205/2024 02.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1986-cı ildə Kəlbəcər rayonu, Kərəmli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)- 612/2010 nömrəli iş üzrə 13 aprel 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 03 noyabr 2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, hazırkı iş üzrə 30 avqust– 01 sentyabr 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə 25 iyun 2024-cü il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,627 qram olan qəvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 30 avqust 2023-cü il tarixdə saat 15:40 radələrində Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və istifadəsində şübhəli hesab edilərək ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,627 qram olan qəvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində adını bilmədiyi şəxsdən 01 büküm heroini özü istifadə etmək üçün 20 manat pul verməklə əldə etmişdir. 30 avqust 2023-cü il tarixdə saat 15:40 radələrində ünvan 4 ünvanının yaxınlığında olan zaman ona iki nəfər mülki geyimli şəxs yaxınlaşmış və özlərini təqdim etdikdən sonra onu Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. O, Suraxanı Rayon Polis İdarəsində üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Üzərinə təhqiqatçının otağında baxış keçirilən zamanı o əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi büküm yanında qablaşdırılaraq möhürlənmişdir. O təxminən iki ildir ki, narkotik vasitənin heroin növündən istifadə edir. Onun üzərindən aşkar olunmuş narkotik vasitəni hər hansı bir şəxsə satmaq və ya pay vermək fikri olmamış, o narkotik vasitəni qəbul edir, həmin narkotik vasitəni özü istifadə etmək üçün almışdır. Narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması üzərində gəzdirilməsi, eləcə də istifadəsinin qadağan olunması barədə məlumatı olmuşdur. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin söbə rəisinin müavini vəzifəsində işləyir. Etimad doğuran qərəzsiz mənbədən daxil olmuş məlumatda X1 qanunsız olaraq narkotik vasitələrin saxlaması və istifadə etməsi bildirilmişdir. Məlumatın yoxlanılması və əməliyyat axtarış tədbirinin həyata keçirilməsi barədə tərəfindən idarənin rəhbərliyinə raportla müraciət olunmuş və şöbənin əməkdaşından ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023- cü il tarixdə saat 15:40 radələrində onun və şöbənin digər əməkdaşı X4 tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli bilinən xüsusi əlamətləri və geyimi Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxs ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinə gətirilmiş, orada məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra xidməti iş otaqların birində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə ararılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, qanunla dövriyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü sürətdə təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitəyə oxşar kütlə olan bükümü çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan kütlə narkotik vasitə heroindir, həmin heroini adını və ünvanın bilmədiyi şəxsdən Suraxanı rayonu, Suraxanı qəsəbəsində 20 manata əldə etmiş və öz istifadəsi üçün üzərində saxlamaqla daşımışdır. Narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmiş, daha sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və dəlil aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini haradan əldə etdiyini müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs narkotik vasitə heroinin satışı ilə məşğul olması barədə hər hansı bir məlumatları olmamış, həmin xüsusatın müəyyən edilməsi məqsədi ilə tərəflərindən tədbirlər davam etdirilr. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı bir müqavimət və ya zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsi cinayət axtarış üzrə kiçik inspektoru X5 da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış keçirilməsi, ona üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya narkotik vasitə olub-olmaması, əgər varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirməsi və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitəyə oxşar kütlə olan bükümü çıxarıb təqdim etməsi, Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan kütlənin nə olması, nə vaxt, kimdən, nə məqsədlə əldə etdiyi barədə soruşulduqda, Təqsirləndirilən şəxs bir ədəd bükümdə olan kütlənin narkotik vasitə heroini olduğunu, 30 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində adını bilmədiyi şəxsdən 01 ədəd büküm heroini 20 manat pul verməklə aldığını, şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirməsi, üzərində şəxsi axtarış davam etdirilməsi və başqa hər hansı bir kütlə-əşya aşkar edilməməsi, Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə heroin olan 01 ədəd büküm təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılması, zərfin üzəri Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalarla təsdiq olunduqdan və möhürləndikdən sonra götürülməsi müəyyən olunur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4622 N°li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 45...” dairəvi möhür əksi və “...Şübhəli şəxs: Qarayev N-imza, ...iki-imza, tərtib etdi: Z.Eyvazov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi -0,627 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-0,627 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq- 0,577 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7675 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə iltizam qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X2 götürülmüş ilkin çəkisi 0,765 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,715 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetam maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X3 üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-612/2010 nömrəli iş üzrə 13 aprel 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 03 noyabr 2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2 və 234.4.3, 206.3.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək növündə qətimkan tədbiri dəyişdirilərək, “həbs növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin məktubundan və “axtarışda olan şəxsin tutulması” barədə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixdə saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2007-ci il təvəllüdlü X6 və 16 oktyabr 2017-ci il təvəllüdlü X8 adlı uşaqları var. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 30 avqust– 01 sentyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 25 iyun 2024-cü ildən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,577 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 avqust– 01 sentyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 25 iyun 2024-cü ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,577 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-205/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-205/2024
02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver