Məhkəmə qərarları › İş №1(010)-206/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-206/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-206/2022 06.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:30-da, Bakı şəhərində, Təqsirləndirilən şəxs, 18 avqust 1997-ci ildə İsmayıllı rayonu, İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, İsmayıllı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 18 nömrəli evdə yaşamış, ibtidai istintaq orqanı tərəfindən barəsində hazırki iş üzrə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 4(010)-376/2022 nömrəli qərarı ilə əvvəli 19 iyun 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 12 aprel 2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində, satış məqsədi olmadan qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda - 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.801 qram, 0.370 qram və 0.043 qram olmaqla ümumi təmiz çəkisi 1.214 qram olan qəhvəyi rəngli, toz şəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə edərək, üzərində saxlamaqla daşımış, 08 yanvar 2022-ci il tarixdə, saat 02:20-də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitəlrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində yerləşən “Aura” şadlıq sarayının qarşısında saxlanılaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparılmış, orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən zaman həmin 03 (üç) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.801 qram, 0.370 qram və 0.043 qram olmaqla ümumi təmiz çəkisi 1.214 qram olan narkotik vasitə - heroin Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, bir müddətdir ki, kokos və şüşə kimi tanıdığı narkotik maddələrdən istifadə edir. O, həmin maddəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alıb əldə edərək istifadə etmişdir. 07 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün kokos kimi tanıdığı narkotik maddələr almış və sonra istifadə etməyi üçün üzərində saxlamışdır. 08 yanvar 2022-ci il tarixdə, gecə saat 02:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində yerləşən “Aura” şadlıq sarayının qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında, gəzdirilməsində və istifadəsində şübhəli olduğunu bildirib onu, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət etmişlər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə həmin polis bölməsinə getmiş, orada xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı 05 ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddələr narkotik vasitə heroindir, onları saxlanılmamışdan bir gün əvvəl, yəni 07 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamamışdır. Həmin narkotik vasitə heroini sonra istifadə etməyi üçün üzərində saxlamış, lakin polis əməkdaşları tərəfindən saxlanıldığı üçün ondan istifadə etmək imkanı olmamışdır. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 08 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə ondan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 02:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində yerləşən “Aura” şadlıq sarayının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını bildirib, onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxs razı olaraq onlarla birlikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gəlmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs, əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı olan 03 (üç) ədəd ağ və şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddəni və 02 (iki) ədəd gümüşü rəngli kağız parçasında olan bükümləri təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə heroindir, onları 07 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə heroin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzərində axtarış həyata keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 08 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı, içərisində toz şəkilli maddə olan 03 (üç) ədəd ağ və şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddəni və 02 (iki) ədəd gümüşü rəngli kağız parçasında olan bükümləri polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə heroindir, onları 07 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən almışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 08 yanvar 2022-ci il tarixli, 6/88 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 196 dairəvi möhür əksi və “İştirak etdi Təqsirləndirilən şəxs... 08 yanvar 2022-ci il..” yazıları olan zərfdəki iki ədəd sellofan bükülüdə və bir ədəd siqaret kağızı bükümündə çəkiləri 0.801 qram, 0.370 qram və 0.043 qram olmaqla ümumi təmiz çəkisi 1.214 qram qəhvəyi maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindirlər və heroinlər xarici əlamətlərnə, kimyəvi tərkibinə görə eynidirlər; bir ədəd bükümdə təmiz çəkisi 0,016 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim olunmuş zərfdəki bir ədəd sellofan bükülüdə təmiz çəkisi 1.575 qram olan qəhvəyi maddə narkotik vasitə və psixotrop maddələrə aid deyildir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop vasitələr”in İ siyahısına daxildir. Ümumi çəkisi 1.214 qram heroinin 0.15 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1.064 qram təşkil etmişdir. Təmiz çəkisi 0.016 qram metamfetaminin 0.01 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.006 qram təşkil etmişdir. Maddənin təmiz çəkisi 1.575 qram, təhqiqata sərf olundu 0.1 qram, qalıq 1.475 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 09 yanvar 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı, içərisində toz şəkilli maddə olan 03 (üç) ədəd ağ və şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddəni və 02 (iki) ədəd gümüşü rəngli kağız parçasında olan bükümləri polis əməkdaşlarına təqdim edir və bildirir ki, həmin bükümlərdə olan maddə, narkotik vasitə heroindir, onları 07 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən almışdır. Həmin bükümlərdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülür və baxışın nəticələrinə dair protokol tərtib edilir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin sonuncunun üzərindən dövriyyəsi qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmur. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16 mart 2022-ci il tarixli, 1337 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulytorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi 10 yanvar 2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinin ümumilikdə 1.214 qram çəkidə, yəni şəxsi istehlak miqdarından artıq olması cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət etsə də, üzərindən aşkar edilərək götürülmüş metamfetaminin 0.016 qram çəkidə, yəni şəxsi istehlak miqdarından az olması cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət etmədiyindən ibtidai istintaq orqanı tərəfindən 0.016 qram metamfetamin ittihama daxil edilməmişdir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 08 yanvar 2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 09 yanvar 2022-ci il tarixli qərardan, habelə vəsatətin müdafiə edilməsindən imtina olunması barədə Bakı şəhəri Suraxanı rayon prokurorunun 09 yanvar 2022-ci il tarixli qərarından və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, qərarın surəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 08 yanvar 2022-ci il tarixdən 09 yanvar 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, hökmün icrasını təmin edilməsi məqsədilə hazırki iş üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 4(010)-376/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlamanın əvvəli 19 iyun 2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 4(010)-376/2022 nömrəli qərarı ilə, Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə nisbətdə daha ciddi, həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdığından, həmin qətimkan tədbiri ləğv edilməlidir. Çünki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1.064 qram olan narkotik vasitə - heroin, xalis çəkisi 0.006 qram olan psixotrop maddə - metamfetamin və xalis çəkisi 1.475 qram olan narkotik vasitə və psixotrop maddələrə aid olmayan maddə məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 08 yanvar 2022-ci il tarixdən 09 yanvar 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökm elan olunduğu 06 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 4(010)-376/2022 nömrəli qərarı ilə daha ciddi, həbs qətimkan tədbiri seçildiyinə görə Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1.064 qram olan narkotik vasitə - heroin, xalis çəkisi 0.006 qram olan psixotrop maddə - metamfetamin və xalis çəkisi 1.475 qram olan narkotik vasitə və psixotrop maddələrə aid olmayan maddə məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar