Məhkəmə qərarları › İş №1(010)-207/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-207/2022

31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-207/2022 31.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxx 1986-cı ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayonu, Qarabucaq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, H.Əliyev küçəsində yerləşən fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdə saat 18:30-da «BC» dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mitsubishi Lancer» minik markalı 90XF414 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsindən Sabunçu qəsəbəsi istiqamətində saatda 50 km sürətlə hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərini pozmuş (həmin normaya əsasən «… Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir»), hadisənin qarşısını almağa texniki imkanı olduğu halda idarə etdiyi avtomobilin sol qanad hissəsi ilə yolu soldan sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq sonuncuya canlı şəxslərdə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilən bədən xəsarətləri yetirərək ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, «Mitsubishi Lancer» markalı 90XF414 dövlət qeydiyyat nişanlı avtomobil onun özünə məxsusdur. 31 yanvar 2022-ci ildə saat 18:30 radələrində 90 saylı orta məktəbin yaxınlığında yerləşən marketdəki terminaldan qaz kartına ödəniş etmək üçün idarə etdiyi avtomobilin sükanı arxasına əyləşərək həmin istiqamətdə hərəkət etməyə başlamışdır. Hava qaranlıq, yer isə quru idi. Hərəkət etdiyi asfalt yol iki istiqamətlidir. Avtomobilini yolun sağ hərəkət zolağı ilə saatda təxminən 50 km sürətlə idarə edərkən hərəkət etdiyi yolla əks istiqamətdə 106 saylı marşrut avtobusu dayanacaqdan hərəkətə başlamışdır. Avtobus onun idarə etdiyi avtomobilə çatan anda avtobusun arxa hissəsindən təxminən 30 yaşında bir kişinin adi yerişlə yolun sağına keçmək istədiyini qəfildən görmüş, həmin adam onun idarə etdiyi avtomobilin sol qanad hissəsinə dəyərək başı avtomobilin alın şüşəsinin sol hissəsinə çırpılmış və aldığı zərbə nəticəsində asfaltın üzərinə yıxılmışdır. O, isə idarəetməni itirib, avtomobilin qabaq orta hissəsini yolun sağ hissəsinin kənarındakı ağaca vuraraq saxlamış, tez avtomobildən aşağı düşərək asfaltın üzərində yıxılmış vəziyyətdə olan piyadaya yaxınlaşmışdır. Həmin şəxsin baş nahiyəsindən qan gəldiyini görüb və yol ilə hərəkətdə olan dövlət qeydiyyat nişanını və markasını bilmədiyi avtomobili saxladaraq xəsarət almış şəxsi qucağına götürərək avtomobilin arxa oturacağına qoyub, sürücüdən təcili olaraq 3 saylı şəhər kliniki xəstəxanasına sürməsini xahiş etmişdir. O, xəsarət almış şəxsi xəstəxanaya çatdırmış və həkimlərə təhvil verərək, özü də xəstəxanada qalıb xəstənin vəziyyəti ilə maraqlanmışdır. Bir neçə dəqiqədən sonra bilmişdir ki, həmin şəxs ölüb. Sonra polis əməkdaşları xəstəxanaya gəlmiş, o, törətdiyi nəqliyyat hadisəsi ilə bağlı polisə məlumat verərək avtomobilə və özünə aid sənədləri polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. 31 yanvar 2022-ci il tarixdə saat 19 radələrində onun mobil nömrəsinə zəng gələrək, əri Xudaverdini maşın vurduğu və sonuncunun 3 saylı şəhər kliniki xəstəxanasında olduğu bildirildi. Bir neçə dəqiqədən sonra ona məlum olmuşdur ki, əri yol nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayəti törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sənədlərlə təsdiq olunur. 01 aprel 2022-ci il tarixli 8/598 saylı nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Mitsubishi Lancer” markalı 90XF414 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 31 yanvar 2022-ci il tarixli 13 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, mərhum Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- baş beyin toxumasının əzilməsi, sol alın-təpə-gicgah sümüklərinin qapalı-qəlpəli sınığı, sol alın nahiyəsinin əzilmiş-cırılmış yarası, bədənin sıyrıqları həyatı olub, bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa «Ağır» zərər vurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu açıq kəllə beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və sonuncunun ona qarşı şikayətinin və tələbinin olmadığını, himayəsində 2 nəfər azyaşlı uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar