Məhkəmə qərarları › İş №1(010)-207/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-207/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-207/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1992-ci ildə Gürcüstan Respublikası Rustavi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsi ev 37, mənzil 58 qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi, Qum adası yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, o, 27 iyun 2024-cü il tarixdə saat 20:30 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi, Qum adası yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı, yəni sonuncuya hadisədən az əvvəl anasının ünvanına nalayiq ifadələr işlətməsinə görə irad bildirdikdə Zərərçəkmiş şəxs qanunsuz hərəkətlər edərək onu yumruq zərbələri ilə vuraraq sağ bazunun qançırı və sol saidin sıyrığı əmələ gəlməsi ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməsindən əsəbiləşərək evin mətbəxinə keçib zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb həyətə qayıtdıqdan sonra sonuncuya qəsdən sol bud nahiyyəsindən və doş qəfəsinin sol nahiyyəsindən qəsdən bir dəfə zərbə vuraraq ona sol budun bir ədəd kəsilmiş yarası, solda V qabırğanın, döş və qabırğaarası əzələlərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin 1 ədəd daxilə nüfüz etməyən kəsilmiş yarası əmələ gəlməsi ilə müşayiət edilən, dərəcəsinə görə ümümilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirib zərərəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, Suraxanı rayonu Hövsan qəsəbəsi Qum adası yaşayış massivində nömrəsiz fərdi yaşayış evində anası Şahid2, yoldaşı X2 və 2022-ci il təvəllüdlü övladı Yusif Güləhmədzadə ilə birlikdə yaşayır. Bundan başqa birinci həyat yoldaşından 2017-ci il təvəllüdlü Emil adlı övladı vardır. Halhazırda birinci həyat yoldaşından rəsmi qaydada boşanmış və övladına aliment ödəyir. Ayrı-ayrı yerlərdə fəhləlik etməklə ailəsini dolandırır. Ayaq altı düzlüyü və diz qapaqlarında olan xəstəliklə əlaqədar olaraq hərbi xidmətdə olmamış və hərbi xidmətə yararsızdır. Başından heç vaxt xəsarət almamış və heç bir psixi xəstəlikdən müalicə olmamışdır. Zərərçəkmiş şəxs və Şahid1 uşaqlıqdan tanıyır. Belə ki, əvvəllər Nizami rayonu Çobanzadə küçəsi 37 ünvanında yaşamışdır. Elçin ilə qapı bir qonşu olmuşdur. Zaur ilə isə eyni binada yaşamışlar. Uşaqlıqdan bir yerdə böyüdüklərinə görə üçünün arasında dostluq münasibətləri olmuşdur. Sonradan hər üçü həmin ünvandan köçmüş və ayrı yerlərdə yaşamışlar. Buna baxmayaraq münasibətləri həmişə davam etmiş və mütəmadi olaraq oturub bir yerdə çörək yemişlər. Elçin ilə daha yaxın münasibətdə olmuşdur. 27 iyun 2024-cü il tarixdə axşam saatlarında Elçin və Zaur ilə birlikdə görüşüb pivə içməyi planlaşdırmışlar. Elçin ilə danışan zaman Zaur ilə birlikdə olduğunu və NZS qəsəbəsində yerləşən Kosmos kafesində oturduqlarını bildirmişdir. O da həmin yerə getmişdir. Elçingilin yanına gedənə qədər 2 bokal pivə içmişdir. Oraya çatan zaman Elçin, Zaur və Lətif adlı oğlanın üçünün birlikdə oturub pivə içdiklərini görmüşdür. O da onların yanında oturub birlikdə pivə içməyə davam eləmişlər. Bir qədər oturduqdan sonra Lətif yanlarından getmişdir. Lətif getdikdən sonra Elçin onunla şit-şit zarafatlar edərək söyüşlü zarafat eləmişdir. Ona irad bildirsə də, Elçin söyüşlü zarafatları davam eləmişdir. Həmin vaxtı təxminən 3-4 bakal pivə içmişdir. Ona görə də getmək istəyirmiş. Bu səbəbdən hesabın özünə aid olan hissəsini ödəyərək stoldan qalxıb sağollaşaraq ayrılmışdır. Yolda olan zaman Elçin ona zəng edərək onu nalayiq söyüşlə söymüşdür. O da Elçini söyüşünü icra eləməyəcəyi halda onu söymüşdür. Elçin ona evdə olmağını deyərək evinə gəlib anasının ünvanına söyüş söymüşdür. O da Elçinə evdə gözlədiyini demişdir. Evə çatdıqdan sonra evə girərək şalvarını dəyişib ev şortiki geyinmişdir. Elçinin ona qarşı ana söyüşü işlətdiyinə görə mətbəxdən bıçaq götürüb Elçini gözləmişdir ki, ona qarşı ana söyüşü işlətdiyinə görə gələndə onu vurar. Bir neçə dəqiqə sonra Elçin Zaurla birlikdə gəlmişdir. Bıçaq əlində onları qarşılayaraq həyətə keçməklərini demişdir. Elçin və Zaur həyətə keçmişdir. Həmin vaxt saat 20:30 radələri olmuşdur. Həyətə girdikdən sonra Zaur həyətdə olan stolda oturmuşdur. Elçin ilə söhbət edən zaman ona bildirmişdir ki, bıçağı yığışdırsın və normal qaydada söhbətə aydınlıq gətirsinlər. Ona görə də bıçağı götürüb əynindəki şortikin arxa cibinə qoymuşdur. Həmin vaxtı Zaur arxa tərəfdən ona yaxınlaşaraq bıçağı götürüb qonşunun həyətinə atmışdır. Bıçaq qonşunun evinin divarına dəyib hasarla evin divarının arasında düşmüşdür. Zaur bıçağı götürüb atdıqdan sonra Elçin üstünə cumub onu qucaqlamışdır. Qucaqlayan zaman onun da ayağı sürüşdüyünə görə arxa tərəfdə olan dəmir setkanın üzərinə yıxılmışdır. Elçin onu qucaqladığına görə o da üstünə yıxılmışdır. Həmin vaxtı özü altda, Elçin isə onun üstündə olmuşdur. Elçin yuxarıdan aşağı onu vurmağa başlamışdır. O da öz növbəsində altdan yuxarı onu vurmağa başlamışdır. Bundan sonra Elçin onu buraxaraq üstündən qalxmışdır. Bundan sonra evə qaçaraq mətbəxdən bıçaq götürüb həyətə çıxmışdır. Həmin vaxtı Elçin və Zaur da həyətdə darvazanın yanında olmuşdur. Elçinin üstünə cumaraq bıçaqla birinci sol bud nahiyyəsindən zərbə vurmuşdur. İkinci zərbəni isə döş qəfəsinin sol tərəfindən vurmuşdur. Zərbədən sonra Elçin sol tərəfindən çoxlu qan axdığını görmüşdür. Zərbədən sonra Elçin çökərək həyətdə olan daşın üstündə oturmuşdur. Bundan sonra mobil telefonu ilə 103-ə zəng edərək yaralı olduğunu deyib yaşadığı evin ünvanını vermişdir. Bundan sonra anasına da zəng edərək hadisə barədə məlumat verib Elçini bıçaqla vurduğunu bildirmişdir. Bir qədər keçmiş təcili yardım avtomobili gəlmişdir. Elçini təcili yardım avtomobilinə mindirən zaman anası da gəlib çatmışdır. Həmin vaxtı Zaur da Elçinlə birlikdə təcili yardım avtomobilinə minmişdir. Elçin yola düşən zaman bildirmişdir ki, polisə təslim olmasın və ondan şikayət etməyəcəkdir. Daha sonra təcili yardım avtomobili Elçini aparmışdır. Bundan sonra həyətdə əl-üzünü yuyub bir qədər oturmuşdur. Daha sonra həyətdə Elçinin qanı töküldüyünə görə həyətdəki qanı yumuşdur. Həmçinin Elçini vurduğu bıçağı da su ilə yuyub həyətdə yerə atmışdır. Daha sonra evdən çıxıb getmişdir. Bir neçə saat sonra anası zəng edərək polislərin evə gəldiyini və onu axtardıqlarını bildirmişdir. Polis əməkdaşı ilə danışaraq evindən getməklərini xahiş edərək yarım saat ərzində özünün gəlib təslim olacağını bildirmişdir. Bundan sonra birbaşa 30-cu polis şöbəsinə gələrək təslim olmuşdur. Elçin ona qarşı ana söyüşü söydüyünə görə onu vurmuşdur. Elçini də vurmaqda məqsədi ana söyüşü söydüyünə görə onu cəzalandırmaq olmuşdur. Elçini öldürmək kimi bir niyyəti olmamışdır. Elçini vurduqdan sonra o taqətsiz halda oturmuş və ona müqavimət göstərmək imkanında olmamışdır. Əgər istəsəymiş ona əlavə bıçaq zərbələri də vurmağa imkanı olmuşdur. Lakin Elçini öldürmək kimi bir niyyəti olmadığına görə ona əlavə bıçaq zərbələri vurmamışdır. Hadisə zamanı Zauru vurmamışdır. Elçini vurduğu bıçaq mətbəxdə istifadə olunan bıçaq olmuşdur. Həmin bıçaq qara rəngli dəstək və tiyə hissəsindən ibarət olmaqla üzərində ağ ləkələr olmuşdur. Elçin ona qarşı telefonda ana söyüşü işlədib və evinə gələrək anasına qarşı nalayiq ifadə işlədəcəyini demişdir. Ona görə də ona qarşı nalayiq ifadə işlədərək gəlməyəni söymüşdür. Elçin anasını söydüyünə görə onu cəzalandırmaq üçün əlində bıçaq gözləmiş və gəldikdən sonra da yuxarıda göstərdiyi qaydada onu bıçaqla vurmuşdur. Elçin əvvəllər Zaurun arvadı haqqında xoşagəlməz sözlər işlətmişdir. Ona görə də Elçinə demişdir ki, “Zaur olmayanda onun arxasınca danışırsan indi necə oldu ki, bir yerdə oturub pivə içirsən”. Ona görə də Elçin ona telefonda zəng edən zaman ona bildirmişdir ki, birlikdə evinə gəlsinlər və bu söhbətə onlara tam aydınlıq verəcəkdir. Lakin Elçin ona qarşı ana söyüşü işlətdiyinə görə də Zaurla bağlı olan söhbət yaddan çıxmış və Elçini cəzalandırmaq qərarına gəlmişdir. Elçini bıçaqla vuran zaman ailə üzvlərindən evlərində heç kim olmamışdır. Belə ki, yoldaşı və uşağı qaynatasının evində olmuş, anası isə evdə olmamışdır. Sonradan anasına zəng edərək evə çağırmışdır. Elçin ilə yerdə süpürləşən zaman qollarında sıyrıqlar yaranmışdır. Hadisəni yalnız Zaur görmüş, başqa heç kim olmamışdır. Hadisə zamanı da səs-küyə qonşulardan və ya digər şəxslərdən heç kim gəlməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək özünü təqsirli bildiyini, hadisə üzrə danışmaq istəmədiyini, içkili olduğunu və dalaşdıqlarını bildirmişdir. O, suallara cavab verərək bildirmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs NZS qəsəbəsində, o isə Qum adasında yaşayır. Onlar həftədə 1-2 dəfə görüşürlər, həmin gün də NZS qəsəbəsində görüşmüşlər. Həmin vaxt 3 nəfərə 0,7 qram araq içmişlər, çörək yemişlər. O, içkili olmuş, evə çıxıb getmişdir. Sonradan Elçin ona zəng edərək söyüş söymüş, Zaurla birlikdə Qum adasına - onun evinə gəlmişdir. Onlar uşaqlıq dostu olmuşlar, həmin vaxt içkili olmuşlar. Onlar gələndə həyətin içərisinə girmişlər, birbirlərinə yumruq vurmuşlar, dostları Zaur onları aralamağa çalışmışdır. Ona 2 dəfə sinə və bud nahiyəsinə vurmuşdur. O da bıçaq götürmüş, pilləkəndən düşmüşdür. Bu zaman Elçin onun üstünə gəlmiş, bıçağı əlindən almağa çalışmışdır. Həmin vaxt Zaur, deyəsən, çöldə olmuş, ona irad bildirməmişdir. Elçin onu vuracağına inanmamışdır. Bu zaman o, Elçini vurmuşdur, həmin an içkili olmuş, düşünməmiş, sadəcə qorxutmaq istəmişdir. Vurduqdan sonra özləri aralanmış, Elçinə tibbi yardımı özləri etmişdir. Daha sonra təcili tibbi yardıma zəng etmiş və 10 dəqiqə sonra tibbi yardım işçiləri gəlmişdir. Onlar məhkəməyə gəlmədən barışmışlar, danışmışlar, məhkəmə gedişində də notarial qaydada ərizə təqdim etmişlər. Sonda, Təqsirləndirilən şəxs ifadəsində əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxs ilə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Xətai rayonu NZS qəsəbəsi, A.Səhhət küçəsi 2/1-də yaşayır. Təqsirləndirilən şəxs və Şahid1 uşaqlıqdan tanıyır. Belə ki, əvvəllər Nizami rayonu Çobanzadə küçəsi 37 ünvanında yaşamışdır. Elvar ilə qapı bir qonşu olmuş, Zaur ilə isə eyni binada yaşamışlar. Uşaqlıqdan bir yerdə böyüdüklərinə görə üçünün arasında dostluq münasibətləri olmuşdur. Sonradan hər üçü həmin ünvandan köçmüş və ayrı yerlərdə yaşamışlar. Buna baxmayaraq münasibətləri həmişə davam edib və mütəmadi olaraq oturub bir yerdə çörək yemişlər. Elvar ilə daha yaxın münasibətdə olmuşdur. 27 iyun 2024-cü il tarixdə axşam saatlarında Elvar və Zaur ilə birlikdə görüşüb pivə içməyi planlaşdırmışlar. Axşam saatlarında Elvar ona zəng eləmişdir. Həmin vaxtı Zaur ilə birlikdə olduğunu və NZS qəsəbəsində yerləşən Kosmos kafesində oturduqlarını demişdir. Az sonra Elvar da həmin yerə gəlmişdir. Həmin vaxtı Lətif adlı başqa bir tanışları da onlarla birlikdə olmuşdur. Elvar gəldikdən sonra hamısı birlikdə pivə içmişlər. Bir qədər oturduqdan sonra Lətif yanlarından getmişdir. Lətif getdikdən sonra Elvar onunla şit-şit zarafatlar edərək söyüşülü zarafat eləmişdir. Elvar da ona söyüşlü zarafat etdiyinə görə ona qarşı söyüşlü zarafat etmişdir. Həmin vaxtı bir-birlərinə söyüşlü zarafat etməməyimi bildirmişlər. Elvar getmək istədiyini bildirmişdir. Bundan sonra o hesabın özünə aid olan hissəsini ödəyərək getmişdir. Elvarın stoldan qalxıb getməsi xoşuna gəlməmişdir. Həmçinin içkili olduğu üçün onun bu hərəkətini özünə təhqir hesab etmişdir. Ona görə də sərxoş vəziyyətdə olduğundan Elvara zəng edərək ona qarşı söyüş söymüşdür. Elvar da ona qarşı söyüş söydüyünə görə ona evdə olmasını və evlərinə gələcəyini bildirmişdir. Bundan sonra Zaurla birlikdə taksi ilə Elvarın evinə gəlmişlər. Yolda olan zaman Elvar ilə telefonla danışdıqda evdə olduğunu və onu gözlədiyini bildirmişdir. Elvarın həyətinə çatan zaman Elvar əlində mətbəx bıçağı ilə onları qarşılamışdır. Elvar həyət darvazasının qabağında dayanmışdır. Elvar onları görən kimi həyətə keçməklərini bildirmişdir. Bundan sonra Zaurla həyətə keçmişdir. Həmin vaxt saat 20:30 radələri olmuşdur. Həyətə girdikdən sonra Zaur həyətdə olan stolda oturmuşdur. Elvarın əlində bıçaq olduğuna görə ona bıçağı yığışdırmasını və normal qaydada söhbətə aydınlıq gətirməklərini demişdir. Bundan sonra Elvar əlindəki bıçağı əynində olan şortikinin arxa cibinə qoymuşdur. Həmin vaxtı Zaur arxa tərəfdən Elvara yaxınlaşaraq bıçağı götürüb qonşunun həyətinə atmışdır. Bıçaq qonşunun evinin divarına dəyib hasarla evin divarının arasında düşmüşdür. Zaur bıçağı götürüb atdıqdan sonra o, Elvarın üstünə cumub onu qucaqlamışdır ki, sakitləşsin. Həmin vaxtı hər ikisinin ayağı sürüşdüyünə görə arxa tərəfdə olan dəmir setkanın üzərinə yıxılmışlar. Yıxılan zaman Elvar altda, o isə üstdə olmuşdur. Elvar onu vurduğuna görə o da Elvarı vurmuşdur. Bir-birlərini yumruqladıqdan sonra onun üstündən qalxmışdır. Elvar qalxan kimi evə doğru qaçmışdır. Az sonra Elvar evdən çıxmışdır. Həmin vaxtı onun əlində qara rəngli mətbəx bıçağı olmuşdur. Elvar evdən çıxan zaman Zaurla birlikdə həyət darvazasının yanında olmuşdur. Elvar üzərinə cumaraq əlindəki bıçaqla birinci sol bud nahiyyəsindən zərbə vurmuşdur. İkinci zərbəni isə döş qəfəsinin sol tərəfindən vurmuşdur. Zərbənin təsirindən taqətdən düşdüyünə görə çökərək həyətdə olan daşın üstə oturmuşdur. Elvar qan itirdiyini gördüyünə görə mobil telefonu ilə 103-ə zəng edərək məlumat verib yaşadığı evin ünvanını demişdir. Bundan sonra Elvar anası Aybənizə zəng edərək bıçaqla vurduğunu bildirmişdir. Bir qədər keçmiş təcili yardım avtomobili gəlmişdir. Təcili yardım avtomobilinə mindirən zaman Aybəniz gəlmişdir. Elvar anasına onu bıçaqla vurduğunu bildirmişdir. Aybəniz onu qan içində görən zaman nə baş verdiyini soruşduqda o hər ikisinin səhv etdiklərini, lakin, Elvara qarşı şikayət etməyəcəyini demişdir. Bundan sonra onu təcili-tibbi yardım avtomobilinə mindirmişlər. Zaur da təcili yardım avtomobilinə minmişdir. Aybəniz də minmək istəsə də onun gəlməsinə icazə verməmişlər. Bundan sonra onu Əfəndiyev adına Xətai tibb mərkəzinə gətirmişlər. Hadisə vaxtı hər ikisi sərxoş vəziyyətdə olmuşdur. Bir-birlərinə qarşı söyüşlü zarafat etmişlər. Sərxoş olduqlarına görə də zarafatları bir-birinin xoşuna gəlməmişdir. Ona görə də Elvar onu bıçaqla vuraraq xəsarət yetirmişdir. Elvar onu vurduqdan sonra taqətsiz halda oturmuş və Elvara müqavimət göstərmək imkanı olmamışdır. Elvar istəsə ona əlavə bıçaq zərbələri də vura bilərmiş. Elvarın onu vurduğu bıçaq mətbəx bıçağı olmuşdur. Həmin bıçaq qara rəngli dəstək və tiyədən ibarət olmaqla üzərində ağ ləkələr olmuşdur. Hadisə vaxtı hər ikisi sərxoş vəziyyətdə olduqlarından bir-birlərinə qarşı söyüş işlətmişlər. Hadisə zamanı başqa kənar şəxslər olmamışdır. Hadisəni yalnız Zaur görmüşdür. Hadisə zamanı da səs-küyə qonşulardan və ya digər şəxslərdən heç kim gəlməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, NZS qəsəbəsində 3 nəfər – o, Zaur və Elvar oturub içki içmişlər. Həmin vaxt içkili olduqları üçün aralarında şit zarafat olmuş, zarafatın belə nəticələnəcəyini bilməmişlər. O, oturub içki içdikləri yerdən çıxıb Elvargilin evinə getmiş, yanında Zaur olmuş, Elvargildə isə Elvardan başqa heç kim olmamışdır. O, müstəntiqə də barışdıqlarını demişdir. Sonda o, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Suraxanı rayonu Hövsan qəsəbəsi Qum adası yaşayış massivində oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Elvar böyük oğludur. Elvar əvvəllər bir dəfə ailəli olmuş və bu nikahdan Emil Güləhmədzadə adlı bir övladı vardır. Hal-hazırda Elvar arvadından boşanmış və 7 yaşlı oğlu Emilə aliment ödəyir. Sonradan Elvar yenidən ikinci dəfə ailə həyatı qurmuş və bu nikahdan Yusif Güləhmədzadə adlı oğlu vardır. Elvar ikinci arvadından da rəsmi qaydada boşanmışdır. Hal-hazırda Elvar hər iki övladına aliment ödəyir. Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Elçin ilə əvvəllər Nizami rayonu Çobanzadə küçəsi 37 ünvanında qapı bir qonşu olmuşlar. Əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Qonşu kimi yaxın münasibətdə olmuşlar. Sonradan Elçinin ailəsi başqa ünvana köçmüşdür. O da ailəsi ilə birlikdə Qum adasına köçüb orada yaşamışlar. Elvar ilə Elçin lap uşaqlıqdan yaxın dost olmuşdur. Hal-hazırda da yaxın münasibətləri davam edir. Elçin və Elvar mütəmadi olaraq görüşüb söhbətləşmişlər. X1 da onlarla qonşu olmuşdur. Elçin və Elvar da Zaur ilə uşaqlıqdan dost olmuşdur. 27 iyun 2024-cü il tarixdə Elvar ona bildirmişdir ki, Elçin və Zaur ilə görüşəcəklər. Elvar onun kartına 15 manat pul atmağını və Elçin və Zaur ilə birlikdə dənizə gedəcəklərini bildirmişdir. O da Elçinə 15 manat pul göndərmişdir. Həmin günü saat 17 radələrində evə gəlmişdir. Evə gəldikdən sonra Elvarın evdə olmadığını görmüşdür. Yas məclislərində mərsiyə oxuduğuna görə evdə olduğu zaman onu yas məclisinə çağırırmışlar. Axşam saat 20:30 radələrində yas məclisində olduğu zaman qızı Elvira ona zəng edərək evlərinin həyətində Elçin ilə Elvarın dalaşdıqlarını və Elvar ilə telefonla danışan zaman bunu eşitdiyini bildirmişdir. Bundan sonra dərhal hüzür yerindən çıxaraq yaşadığı evə doğru gəlmişdir. Evə çatan zaman Elçinin həyətlərində qan içində oturduğunu görüb nə baş verdiyini soruşmuş, Elçini qan içində gördüyünə görə ağlamağa başlamışdır. Elçin ona “Aybəniz xala ağlama hər ikimiz qələt eləmişik” demişdir. Həmin vaxtı Elvar da ona ağlamamağmı deyib Elçini göstərərək “bu şərəfsiz dostum səni söydüyünə görə bıçaqla vurmuşam” demişdir. Evə çatdıqdan az sonra təcili yardım avtomobili gəlmişdir. Elçin ona yenə də “Aybəniz xala ağlama mən şikayət etməyəcəm” demişdir. Bundan sonra Elçini təcili tibbi yardım avtomobilinə mindirib aparmışlar. Zaur da Elçin ilə birlikdə getmişdir. O da getmək istəyən zaman Elçin onun gəlməməyini və Elvardan şikayət etməyəcəyini deyib Elvarın polisə təslim olmamağını demişdir. Elçingil getdikdən sonra Elvar da nənəsinin evinə getmişdir. Elçin şikayət etməyəcəyini bildirdiyinə görə fikirləşmişdir ki, bununla bağlı araşdırma olmaz. Ona görə də həyətdə olan qanı, həmçinin Elvarın Elçini vurub xəsarət yetirdiyi bıçağın qanını yumuşdur. Bıçağı yuyub təmizlədikdən sonra evə qoymuşdur. Bundan sonra evdən çıxıb qonşuya keçmişdir. Az sonra polis əməkdaşlarının qapısına gəldiklərini görmüşdür. Bundan sonra evə gəlmişdir. Evə gəldikdən sonra polislər Elvarın harada olmasını soruşduqda Elvarın evdə olmadığını bildirmişdir. Bundan sonra Elvar ilə mobil telefonda polis işçiləri danışmışdır. Elvar özü 30-cu polis şöbəsinə gedəcəyini bildirmişdir. Bundan sonra polislər Elvarın Elçini vurduğu bıçağın harada olmasını soruşduqda bıçağın evdə olmasını deyərək həmin bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bıçaq götürülmüşdür. Həmin günü gecə vaxtı Elvar özü 30-cu Polis şöbəsinə gedərək təslim olmuşdur. Sonradan Elvar həbs olunaraq istintaq təcridxanasına aparılmışdır. Həmçinin Elçin də Əfəndiyev adına xəstəxanada əməliyyat olunduqdan sonra evə buraxılmışdır. Bundan sonra Elçin ilə mütəmadi olaraq maraqlanmışdır. Elçin xəstəxanadan çıxdıqdan sonra da Elvara qarşı heç bir şikayət və tələbi olmayacağını bildirmişdir. Hadisənin baş verməsini görməmişdir. Evə çatan zaman artıq Elvar Elçini bıçaqla vurmuşdur. Evə gəldikdən sonra nə baş verdiyini soruşduqda Elvar ona bildirmişdir ki, Elçin ilə arasında yaranmış mübahisə zamanı Elçin onu, yəni Elvarın anasını söyüşlə söydüyünə görə Elvar onu bıçaqla vurmuşdur. Hadisədən sonra Elçin özü də ondan üzr istəyərək içkili olduğuna görə Elvara qarşı söyüş işlətdiyini və Elvarın bu səbəbdən onu vurduğunu deyərək onu bağışlamağını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə proseslərinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri, Əlişir Nəvai küçəsi, döngə 2, ev 1-də yaşayır. Ailəli olmaqla iki azyaşlı övladı vardır. Ayrı-ayrı yerlərdə ustalıq etməklə ailəsini dolandırır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Belə ki, əvvəllər hər üçün ünvan 1 ünvanında qonşuluqda yaşamışlar. Elvar və Elçin ilə bir məhəllədə böyüməklə uşaqlıqdan aralarında yaxşı münasibət olmuş və dostluq etmişlər. Aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Sonradan hamısı həmin ünvandan köçmüş və ayrı-ayrı yerlərdə yaşamışlar. Buna baxmayaraq uşaqlıq dostları olaraq münasibətləri kəsməyərək həmişə bir yerdə görüşüb oturub çörək yemişlər. 27 iyun 2024-cü il tarixdə axşam saatlarında Elçin ilə birlikdə onun yaşadığı NZS qəsəbəsində oturub pivə içmişlər. Həmin vaxtı Lətif adlı dostu da yanında olmuşdur. Həmin vaxtı Elvar Elçinə zəng edərək harada olmağı ilə maraqlanmışdır. Elçin də NZS qəsəbəsində pivəxanada olduğunu və pivə içdiklərini bildirmişdir. Az sonra Elvar həmin yerə gəlmişdir. Elvar özü oraya gələn zaman spirtli içki qəbul etdiyi hiss olunmuşdur. Bir qədər oturduqdan sonra Lətif çıxıb getmişdir. Hamısı birlikdə hərəsinə 3 bakal pivə qəbul etmişlər. Həmin vaxtı Elçin və Elvar bir-birləri ilə söyüşlə zarafat etmişlər. Lakin onlar əvvəlcədən bir birləri ilə söyüşlü zarafat etdiklərinə heç birinin sözü digərinin xətrinə dəyməmişdir. Qəfildən Elvar stoldan qalxaraq taksi sifariş verdiyini və evə getdiyini demişdir. Elvar ayağa qalxan zaman “mən gedirəm ama Elçin sən peysərsən” demişdir. Elçin ona “nə deyirsən” dedikdə Elvar ona “Zaur bizim stolda olmayanda sən həmişə onun haqqında danışaraq onun arvadı haqqında nalayiq ifadə işlətmisən” demişdir. Elvar bu sözü dəyərək stoldan qalxıb getmişdir. Elvar gedikdən sonra Elçin onun arxasınca çıxmışdır. Elçin Elvarla telefonda danışaraq uca səslə qayıdıb gəlməsini deməsini eşitmişdir. Ona görə də Elçinin arxasınca çıxmışdır. Elçin ona demişdir ki, Elvar ona deyib ki, onun evinə gedərək çay stolu arxasında söhbəti aydınlaşdırsınlar və dedikləri sözlərin açıqlamasını verəcəkdir. Ona görə də Elçin ilə birlikdə taksi sifariş verərək Elvarın arxasınca getmişlər. Elvarın qapısına çatan zaman Elvar gəldiyi taksini yola salmasını görmüşlər. Həmin vaxtı Elvarm əlində qara rəngli dəstəkli böyük mətbəx bıçağı olmuşdur. Elvar bir əlində bıçaq Elçinə nalayiq ifadələrlə təhqir edərək həyətə girməklərini demişdir. Elvarı sakitləşdirməyə çalışaraq ona bıçağı yığışdırmasını və söyüş söyməməsini xahiş etmişdir. X8 söyməyə davam etmişdir. Elvarı bir təhər sakitləşdirib həyətə salmışlar. Həm Elçin, həm də ki, o, Elvarı sakitləşdirərək bıçağı yığışdırmasını xahiş etmişlər. Lakin Elçin sakitləşməmişdir. Bir qədər mübahisə olandan sonra Elvar bıçağı əynində olan şortikin arxa cibinə qoymuşdur. Həmin vaxtı Elçin ilə Elvar yenə də sözlə mübahisə etmişlər. Həmin vaxtı Elvara arxa tərəfdən yaxınlaşaraq cibinə qoyduğu bıçağı götürüb əli ilə kənara tullamışdır. Bıçaq qonşunun evinin divarına dəyib qonşunun həyətinə düşmüşdür. Həmin vaxtı yer palçıqlı olduğundan Elvarın ayağı sürüşərək arxa tərəfdə olan dəmir setkanın üzərinə yıxılmışdır. Həmin vaxtı Elçin Elvarın yaxasından tutduğuna görə o da Elvarın üstünə yıxılmışdır. Elçin Elvarın yaxasından tutub silkələyərək sakitləşməsini və özünə gəlməsini deyərək ayılmağını demişdir. Elvar isə Elçinin nalayiq ifadələrlə təhqir etməyə davam edərək onu buraxmağını demişdir. Həmin vaxtı Elçin Elvarı buraxmışdır. Elvar yerdən qalxdıqdan sora evə tərəf qaçmışdır. Evə girdikdən dərhal sonra Elvar əlində qara rəngli bıçaqla geri qayıtmışdır. Həmin vaxtı Elçin ilə birlikdə Elvarın həyətində darvazanın içəri tərəfində dayanmışlar. Elvar Elçinin üzərinə cumaraq onu bıçaqla vurmağa başlamışdır. Həmin vaxtı Elçin özünü müdafiə etməyə çalışmışdır. Elçin həmin vaxtı sol döş qəfəsini nahiyəsini tutaraq bıçağın ona batdığını bildirmişdir. Həmin vaxtı Elçinin sol tərəfindən çoxlu qan getdiyini görmüşdür. Elçin çoxlu qan itirdiyinə görə taqətdən düşdüyündən dizləri üstə çökmüşdür. Dərhal əynindəki maykanı çıxarıb bükərək Elçinin sol ayağından çoxlu qan gəldiyinə görə onun ayağında olan yarasının qanını kəsmək üçün yaranın üstünə sıxmışdır. Elçin özü də sol döş qəfəsi nahiyyəsinin alt hssəsini tutub sıxmışdır. Başa düşmüşdür ki, bıçaq Elçinin sol ayağının bud nahiyyəsinə və döş qəfəsinin sol tərəfinə dəymişdir. Həmin vaxtı Elvar Elçinə “sənə lazım idi bunlar” deyərək həbs olunacağını demişdir. O, 103 xidmətinə zəng edərək hadisə barədə məlumat verib təcili yardım gəlməsini xahiş etmişdir. Hadisənin harda olmasını soruşduqda bilmədiyinə görə Elvar ona telefonu söndürməyi və özünün zəng edib məlumat verəcəyini bildirmişdir. Bundan sonra Elvar 103 xidmətinə zəng edərək adam bıçaqladığını və evinin ünvanını bildirmişdir. Daha sonra isə o anası Aybənizə zəng edərək Elçini bıçaqladığını və həyətdə olduğunu deyərək tez gəlməsini bildirmişdir. Təcili yardım avtomobili gec gələcəyindən küçəyə çıxaraq ətrafa baxmışdır ki, kimsə öz maşını ilə Elvarı xəstəxanaya aparar. Lakin orada olan tanımadığı adamlara Elvarın bıçaqlandığını və kömək edərək maşınla aparmaqlarını desə də heç kim apara bilməyəcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra təcili yardım avtomobili gəlmişdir. Onun ardınca Aybəniz də gəlmişdir. Elçini təcili yardım avtomobilinə mindirmişlər. Elçin ilə birlikdə təcili yardım avtomobilinə minmişdir. Aybəniz də onunla birlikdə gəlmək istədiyini desə avtomobildə yer olmadığına görə onun gəlməməsini bildirmişdir. Bundan sonra təcili yardım avtomobili Elçini Əfəndiyev adına 2 nömrəli xəstəxanaya aparmışdır. Orada həkimlər Elçini təcili əməliyyata götürmüşlər. Az sonra Elçinin qohumları da xəstəxanaya gəlmişdir. Daha sonra isə polis əməkdaşları xəstəxanaya gəlmişdir. Baş verənlər haqqında polis əməkdaşlarına danışmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Elvarın həyətinə gəlmişlər. Elvarın həyətinə baxış keçirərkən hadisənin baş verdiyini olduğu kimi polislərə danışmışdır. Hadisə yerində fotoşəkilləri çəkilmişdir. Polis əməkdaşlarına Elvarın cibindən bıçaq götürüb qonşunun həyətinə atdığını bildirmişdir. Daha sonra qonşunun həyətinə baxış keçirilərkən həmin bıçaq qonşunun evinin divarı ilə hasarı arasında aşkar edilərək polislər tərəfindən götürülmüşdür. Bundan başqa həmin vaxtı evdə olan Elvarın anası Aybəniz evdən Elvarın Elçini vurduğu digər bıçağı gətirib polislərə təqdim etmişdir. Elvar Elçini heç bir səbəb olmadan vurmuşdur. Belə ki, o, sərxoş vəziyyətdə olduğundan öz hərəkətlərini idarə edə bilməmişdir. Elvarın Elçini vurması üçün heç bir səbəb olmamışdır. Elçinin Elvara qarşı söyüş söymədiyini, nə də ki, onu vurmadığını göstərmişdir. Əksinə Elvar sərxoş vəziyyətdə söyüş söydüyünə görə Elçin onu sakitləşdirməyə çalışmışdır. Hadisə zamanı özü heç bir xəsarət almamışdır. Hadisə zamanı Elçinin Elvarı vurmadığını, nə də ki, vurmağa cəhd etmədiyini göstərmişdir. Hadisə zamanı Elvar Elçinə əlavə bıçaq zərbələri vurmağa imkanı olmuşdur. Çünki həmin vaxtı Elçin ona müqavimət göstərmək imkanında olmamış və taqətsiz halda oturmuşdur. Lakin Elvar ona əlavə bıçaq zərbələri vurmağa cəhd etməmişdir. Elvarın Elçini vurduğu həmin bıçaq qara rəngli dəstək və tiyə hissəsi olan üzərində ağ ləkələri olan təxminən 20 santimetr uzunluğunda olan bıçaq olmuşdur. Həmin bıçağı hadisədən sonra Elvar həyətə atmış və bıçağın üzəri qanlı olmuşdur. Lakin polis əməkdaşları ilə birlikdə Elvarın evində olan zaman Elvarın anası Aybəniz həmin bıçağı evdən gətirib təhvil vermiş və bıçaq yuyulduğuna görə təmiz olmuşdur. Hadisə zamanı həyətdə tək olmuş və hadisəni heç kim görməmişdir. Bundan başqa da hadisə yerinə heç kim gəlməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ərizə yazaraq Bakı şəhərindən kənarda işlədiyi üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəni tam təsdiq etdiyini, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini, Elvar Güləhmədova qarşı şikayət və iddiası olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Cinayət işinin materiallarının 151-152-ci vərəqlərində olan 28 oktyabr 2024-cü il tarixli “təqsirləndirlən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən, zərər çəkmiş şəxs və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 220 (iki yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar