Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-208/2023 15.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 30 oktyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 avqust 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu. Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi 12 saylı yaşayış binasının həyətindən Zərərçəkmiş şəxs2 məxsus 600 manat dəyərində markası istintaqa məlum olmayan 29 düyünlü velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 600 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 avqust 2022-ci il tarixdə saat 03:20 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2, 9 saylı mənzilin qarşısındakı dəhlizdən sonuncuya məxsus 650 manat dəyərində 29 düyünlü «Start» markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 650 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrlə tələbatını ödəmək üçün pula ehtiyacı olmuş və buna görə müəyyən yerlərdən velosiped oğurlayıb satıb pul əldə etmək qərarına gəlmişdir. Belə ki, 10 avqust 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu. Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi 12 saylı yaşayış binasının qarşısından keçən zaman bir nəfər azyaşlı uşağın sürdüyü velosipedin binanın qarşısında küçədə saxlayıb binanın blokundan içəri girməsini görmüşdür. O,qərara gəlmişdir ki, tez həmin velosipedi oğurlayıb oradan uzaqlaşsın. Bu məqsədlə ətrafda heç kimin olmadığını görüb həmin velosipedi oğurlayıb sürərək ərazidən uzaqlaşmışdır. Həmin velosipedi səhəri gün Sabunçu qəsəbəsində rus bazarı adlanan yerdə tanımadığı şəxsə 100 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyacına və narkotik vasitə alınmasına sərf etmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixində Suraxanı rayonu,Yeni Günəşlidə olan zaman təxminən gecə 02 radələrində oğurluq məqsədilə gəzintiyə çıxmışdır. Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi, AB Y/S, 16A saylı binanın qarşısından keçən zaman binanın gözətçisinin yatmasından istifadə edərək binanın parkinq mərtəbəsinə enib lift vasitəsi ilə 1-ci blokun 3-cü mərtəbəsinə qalxaraq sağ tərəfə dönmüşdür. Qapıdan içəri girən kimi 2 evin qapısının ortasında olan velosipedi götürərək lift vasitəsi ilə binanın parkinq mərtəbəsinə enmiş və gəldiyi yol vasitəsi ilə də binadan çıxmışdır. Bundan sonra öz yaşadığı evə gəlmiş və velosipedi şkafın yanına qoymuşdur. Təxminən səhər saat 7 radələrində velosipedi götürərək Yeni Günəşlidən sürə-sürə Sabunçu rayonunda yerləşən rus bazarı adlanan yerə aparmış və velosipedlə birlikdə 30 dəqiqə dayandıqdan sonra cavan yaşlarında bir oğlan yaxınlaşıb velosipedlə maraqlanmışdır. Aralarında velosipedi 100 manat dəyərləndirib həmin şəxsə velosipedi salmışdır. Daha sonra əldə etdiyi puldan 90 manat dəyərində ərzaq aldıqdan sonra qalan pula özünə narkotik vasitə alaraq istifadə etmişdir Etdiyi oğurluğu tək törətmiş, ona heç kim köməklik etməmişdir. Velosipedləri satdığı şəxsləri tanımamış, velosipedi özünə məxsus olduğunu,pula ehtiyacı olduğundan satdığını bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs2 01 may 2023-cü il tarixində məhkəməyə teleqramla müraciət edərək, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs şikayəti olmadığını bildirmişdir. Həmçinin, məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixində evində olarkən təxminən saat 18 radələrində oğlu evə gələrək onun üçün aldığı 29 ölçülü velosipedin həyətdə olmadığını bildirmişdir.O,həmin vaxt aşağı düşmüş və həqiqətən velosipedin orada olmadığını görmüşdür.Oğlundan velosipedi başqa yerdə saxlamısım soruşmuş,oğlu isə velosipedi həyətdə saxlayıb dostlatrı ilə 2 dəqiqəliyinə yuxarı çıxıb düşdüyü vaxt orada olmadlığım bildirmişdir.Bundan sonra kameralara baxmış, lakin görə bilməmişdir. Velosipedin oğurlanması nəticəsində ona 600 manat maddi zərər dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki,2021-ci ilin may ayında azyaşlı qızına 29 ölçülü “Start” markalı velosiped almış, qızı velosipedi istifadə etdikdən sonra adətən yaşadığı binanın 4-cü mərtəbənin blokunun dəhlizində saxlamışdır. Həmin blokun dəhlizi ümumi istifadəsindədir. xx.xx.2022-ci il tarixində saat 11 radələrində evdən işə getmək üçün çıxan zaman yuxarıda adı gedən velosipedin həmişə dayandığı yerdə olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir.O, bununla bağlı "xxxx" MTK-nın məsul şəxsi Farizə zəng edərək ona məxsus velosipedin oğurlandığını bildirmişdir. Fariz isə onu binanın təhlükəsizliyinin rəisi Valeh adlı şəxslə əlaqə saxlamağı xahiş etmişdir. O, Valeh adlı şəxslə əlaqə saxladığı zaman Valeh ona kamera görüntülərinə baxıb məlumat verəcəyini söyləmişdir. xx.xx.2022-ci il tarixində Valeh ona zəng vuraraq görüntülərin əldə olnduğunu bildirmiş, o, Valehə video görüntülərin whatsapp nömrəsinə göndərməsini xahiş etmişdir.O,görüntülərə baxdığı zaman əvvəllər tanımadığı naməlum şəxs tərəfindən ona aid olan velosipedin ümumi yaşayış sahəsinin blokundan liftə qoyularaq oğurlandığını aşkar etmişdir. Sonra isə DİN-nin 102 zəng xidməti ilə əlaqə saxlayaraq şikayətinə baxılmasını xahiş etmiş, onu ərazi aidiyyatı üzrə 33-cü PB-nə yönləndirmişlər. Velosipedin oğurlanması nəticəsində ona 650 manat maddi zərər dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2015-ci ildən "xxxx" MTK-a binasının mühafizə xidmətinin rəisi vəzifəsində çalışır. Daha əvvəllərdə həmin binanın təhlükəsizliyini qorumuş, lakin belə hal ilə rastlaşmamışdır. İlqarda binanın sakini kimi tanımışdır.28 avqust 2022-ci il tarixində İlqar adlı şəxs 12 radələrində zəng vuraraq özünə məxsus olan “START” markalı velosipedinin oğurlanması barədə məlunmat verərək təhlükəsizlik kameralarına baxmağını xahiş etmişdir.O, kameralara görüntülərinə baxmaq istədiyi vaxt elektrik naqillərinin nasazlığı səbəbindən görüntülərə baxa bilməmiş, bununla bağlı əvvəllər olduğu kimi qonşu uşaqların bir-biri ilə zarafat edərək velosipedlərini dəyişdirdiyini zənn etsə də sonra 12 sentyabr 2022-ci il tarixində kamera görüntülərinə baxdığı zaman bir nəfər naməlum şəxsin qarajın liftinə girərək 4-cü mərtəbəyə qalxıb həmin velosiped ilə liftə girib binanın mənfi 3 yəni qarajına düşərək çıxdığını müşahidə etmişdir. Həmin şəxs arıq bədən quruluşlu, əynində yarımqol qara kofta, sol qolunda isə böyük döyməsi olan şəxs kimi xarakterizə etmişdir. Həmçinin istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 xx.xx.2023-cü il tarixində məhkəməyə teleqramla müraciət edərək, ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ildən "xxxx" MTK-a binasının məsul şəxs vəzifəsində çalışır. Adətən binanın təhlükəsizliyi yüksək səviyyədə qorunmuşdur. Zərərçəkmiş şəxs1 da bu binanın sakindir, onu 2020-ci ildən tanımışdır. 28 avqust 2022-ci il tarixində təxminən saat 11 radələrində İlqar adlı şəxs zəng vuraraq özünə aid olan «START» markalı velosipedinin oğurlandığını söyləmişdir. Lakin bu barədə binanın təhlükəsizliyin rəisi Valeh adlı şəxslə əlaqə saxlamağını xahiş etmişdir. Təxminən 06 sentyabr 2022-ci il tarixində İlqar yenidən zəng vuraraq baş vermiş hadisənin nəticəsi barədə maraqlandığı vaxt ona bu məsələ ilə bağlı polisə şifahi məlumat verməyini, sonra isə yazılı surətdə polisə ərizə yazmasını xahiş etmişdir. Cinayət işinin 9-10-cu vərəqlərində olan Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı, polis leytinantı Tural Şəfiyev tərəfindən tərtib edilmiş 15 sentyabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkildən görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşir. Həmin ünvanın giriş qapısı tünd qırmızı rəngli dəmir qapıdır. Oğurluq hadiəsi binanın 4-cü mərtəbəsində baş verib. Liftdən çıxdıqda sağda dəmir qapı yerləşir. Qapıdan içəri daxil olduqda solda qəhvəyi rəngli bir qapı, giriş qapısına paralel qəhvəyi rəngli üzərində sellofan olan, natamam quraşdırılmış qapı yerləşir. Girişdən sağda bir ədəd qapı aşkar edildi. Giriş qapısından sağda bir ədəd qırmızı çərçivəli, yanğın təhlükəsizliyi üçün nəzərdə tutulmuş rəf, onun aşağısında isə bir ədəd ağ rəngli plasmas qapı ilə bağlanan rəf yerləşdiyi müəyyən edilmişdir. Cinayət işinin 65-66-cı vərəqlərində olan Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı, polis mayoru Vaqif Əliyev tərəfindən tərtib edilmiş 10 avqust 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və fotoşəkildən görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşir. Cinayət işinin 92-ci vərəqində olan cinayət işinin istintaq zamanı Zərərçəkmiş şəxs1 tərəfindən velosipedin oğurlamasını əks etdirən bir ədəd DVD diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və baxış zamanı xx.xx.2022-ci il tarixində bir nəfər təxminən 20- 25 yaşlarında, əynində qara rəngli qolu qısa köynək geyinmiş, arıq bədən quruluşlu şəxsin təxminən saat 03:21 radələrində blokun 4-cü mərtəbəsinə aid olan liftə qara rəngdə olan üzərində sarı rənglərlə “START” yazısı olan velosipedlə daxil olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxsin özü olmasını təsdiq edir. Cinayət işinin 40-cı vərəqində olan “axtarışda olan şəxsin tutulması haqqında” 29 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2022-ci il tarixdə, saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 101-ci vərəqində olan 30 oktyabr 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” haqqında qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 96-100-cü vərəqlərində olan ifadənin yerində yoxlanılması haqqında 30 oktyabr 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin yoxlanılması zamanı təqsirləndirlən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadədə göstərilən xüsusatların hadisə yerində göstərsin. Bundan sonra Təqsirləndirilən şəxs göstərməsinə əsasən Suraxanı RPİ-dən xidməti avtomobilə əyləşərək ünvan 5 ünvanının qarşısına düşən hissəsində həyətdə Təqsirləndirilən şəxs avtomobili saxlanmasım xahiş etdi və avtomobildən düşərək binanın 4-cü mərtəbəsinə qalxıb 116 nömrəli evin künc hissəni göstərərək 28 avqust 2022-ci il tarixdə gecə saat 03:20 radələrində orada olan «Start» markalı velosipedi götürərək hadisə yerindən getdiyini və Sabunçu rayonunda yerləşən rus bazarı adlanan yerdə 100 manata satmasını əldə edilən pulu şəxsi ehtiyaclarına sərf etdiyini bildirdi. Bundan sonra istintaq hərəkəti davam olundu və xidməti avtomobilə əyləşərək ünvan 6 ünvanının qarşısına düşən hissəsində həyətdə Təqsirləndirilən şəxs avtomobili saxlanmasını xahiş etdi və avtomobildən düşərək binanın həyətində dəmir darvazaların qarşısında markasını dəqiq xatırlamadığı velosipedi götürərək hadisə yerindən getdiyini və Sabunçu rayonunda yerləşən rus bazarı adlanan yerdə 100 manat satdığını, əldə etdiyi pulu pulu şəxsi ehtiyaclarına sərf etdiyini bildirdi. Cinayət işinin 106-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmədiyi müəyyən edilmişdir . Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş velosipedin oğurlamasını əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı xx.xx.2022-ci il tarixində bir nəfər təxminən 20-25 yaşlarında, əynində qara rəngli qolu qısa köynək geyinmiş, arıq bədən quruluşlu şəxsin təxminən saat 03:21 radələrində blokun 4-cü mərtəbəsinə aid olan liftə qara rəngdə olan üzərində sarı rənglərlə “START” yazısı olan velosipedlə daxil olduğu müəyyən edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.2 maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayətin və tələbin olmadığını, təqsirləndirlən şəxsin gənc olduğunu, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 1(011)-252/2023 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının çəkilməsi ümumi rejimli olmaqla, cəza çəkmənin əvvəli 13 fevral 2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 1(011)-252/2023 saylı hökmü ilə X3 təyin edilmiş 09 ay azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təyin edilmiş, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 1(011)-252/2023 saylı hökmü ilə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı, cəzaçəkmə müddətinin əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 13 fevral 2023-ci il tarixindən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və İş üzrə maddi sübut olan 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 il (üç) müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təyin edilmiş, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 1(011)-252/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 13 fevral 2023-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-113/2023 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-208/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-208/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver