Məhkəmə qərarları › İş №1(010)-209/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-209/2021

05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-209/2021 05.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,059 qram və 0, 178 qram, ümumi təmiz çəkisi 0,237 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış və 24 mart 2021-ci il tarixdə, saat 00:20-də Bakı Şəhər Suraxanı Rayon Polis İdarəsinin X8 Alayının 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsində həyət evləri yerləşən ünvanda narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli bilinərək saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Suraxanı RPİnin 33-cü PB-nə gətirilib, üzərində şəxsi axtarış həyata keçirilən zaman, üzərində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,059 qram və 0, 178 qram, ümumi təmiz çəkisi 0,237 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, bir müddət olar ki, mütəmadi olmasa da, ara-sıra şüşə kimi tanıdığı narkotik maddəni çəkmək yolu ilə istifadə etmişdir. Həmin narkotik maddəni Bakı şəhəri, Papanin adlanan ərazidə Elşən adı ilə tanıdığı, təxminən 27-28 yaşlarında, arıq bədən quruluşuna malik, təxminən 170 sm boyunda, uzun saçlı şəxsdən öz şəxsi istifadəsi üçün alıb istifadə etmişdir. Həmin şəxs barəsində heç bir başqa məlumatı yoxdur. Sonuncu dəfə 24.03.2021-ci il tarixdə, saat təxminən 19 radələrində Bakı şəhəri, Papanin adlanan ərazidə bu şəxslə görüşüb, öz istifadəsi üçün 20 manat müqabilində iki bükümdə olan şüşə kimi tanıdığı narkotik vasitəni alıb, sərnişin avtobusları işləmədiyi üçün müxtəlif taksilərlər saat təxminən 00:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsində yerləşən həyət evlərinə gəlmişdir. Həmin evlərin birində yaşayan Hüseyn adlı dostunun evinə getməyi planlaşdırmışdır. Getmə səbəbi isə onların evinin yanından keçməyi olmuşdur. Çünki Nizami rayonunda yerləşən Neftçilər metrostansiyasının yanından 1 manatlıq taksi ilə Xətai rayonu, Köhnə Günəşli qəsəbəsinə getmək üçün minsə də, yalnışlıqla onu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə gətirib çıxartmışdır. O, da bu əraziyə gəldiyi üçün, dostuna baş çəkmək istəmişdir. Elə həmin vaxt küçədə gəzən zaman X9 avtomobili ona yaxınlaşmışdır. Avtomobildən iki nəfər polis formasında olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə ondan şəxsiyyətini təsdiq edən sənədin olub-olmadığını soruşmuşlar. Sənəd üzərində olmadığı üçün bu zaman onun üzərində narkotik vasitə olduğundan qorxduğu üçün özünü itirmiş və çaşqın halda həyəcanlı şəkildə cavab vermişdir. Bundan şübhələnən polis əməkdaşları onunla sorğu-sual etməyə başlamışlar. O, da səmimi olaraq həyəcanlı olmağının səbəbini üzərində özünə məxsus öz şəxsi istifadəsi üçün saxlamaqla daşıdığı şüşə kimi tanıdığı narkotik maddə olması ilə izah etmiş, həmçinin həmin narkotik vasitəni polis əməkdaşlarına təqdim edə biləcəyini demişdir. Buna görə də, polis əməkdaşları onu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən Suraxanı RPİ-nin 33-cü PB-yə gətirərək təhvil vermişlər. PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, da əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd siqaret cığarasına bükülmüş ağ rəngli maddəni və özünə məxsus olduğunu dediyi “XEOMİ 4” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi siqaret cığarasını açmış və içərisində şüşə kimi tanıdığı narkotik vasitəni aşkar etmişlər. Sorğu zamanı o, bildirmişdir ki, aşkar edilmiş maddə şüşə kimi tanıdığı narkotik vasitədir, təxminən 03 ay olar ki, mütəmadi olmasa da, ara-sıra şüşə kimi tanıdığı narkotik vasitəni çəkmək yolu ilə istifadə etmişdir. Ondan aşkar edilmiş 02 ədəd siqaret cığarasına bükülmüş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, və iştirakçılar tərəfindən imzalanaraq, tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. 0, narkotik vasitə olan şüşədən istifadə etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, öz istifadəsi üçün narkotik vasitə şüşə əldə etmiş və istifadə etmişdir. O. polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hazırda Azərbaycan Respublikası DİN-nin X8 Alayının 7-ci patrul bölüyünün polis nəfəri vəzifəsində çalışır və polis serjantı xüsusi rütbəsi daşıyır. 24 mart 2021-ci i tarixdə iş yoldaşı Şahid1 ilə birlikdə 2477 çağırışlı avtopatrulla onlara təhkim olunmuş Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən həyət evlərinin qarşısında xidmət aparan zaman, bir nəfər şəxsin qaranlıq yerdə dayandığını və özünü şübhəli apardığını görmüşlər. Onlar bu şəxsə yaxınlaşmış və özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra həmin şəxsdən şəxsiyyəti barədə məlumat verməsini istəmişlər və bu zaman həmin şəxs suallara ziddiyyətli cavablar verərək, özünü şübhəli aparmağa davam etmiş və verdikləri suallardan yayınmaq istəmişdir. Bu anda həmin şəxsdən üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşmuşlar. Həmin şəxs əynindəki şalvarının cibindən iki ədəd içərisində narkotik vasitə kokos olduğunu bildirdiyi büküm olmasını demişdir. Bu səbəbdən həmin şəxsi ərazi aidiyyəti üzrə Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Həmin şəxs də razı olaraq, onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. PB-də həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. 33-cü PB-də xidməti otaqların birində sonunjuya hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs Sərxan oğlunun üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa, bu əşyanı təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd siqaret cığarasına bükülmüş içərisində ağ maddə olan bükümləri və 01 ədəd özünə məxsus olduğunu bildirdiyi “Xiaomi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində metamfetamin kimi tanıdığı narkotik maddə olduğunu və ona məxsus olduğunu, həmin narkotik maddələri 24 mart 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda “Papanin” adlanan həyət evlərindən birində “Elşən” adı ilə tanıdığı şəxsdən 20 manat ödəməklə aldığını, həmin aldığı narkotik maddədən bir hissəsini istifadə etdiyini, qalanını da sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 02 ədəd büküm götürülərək qablaşdırılmış və üzəri bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsi ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 24 mart 2021-cı il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs Sərxan oğlu həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan 25 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Suraxanı rayon prokurorluğu qarşısında vəsatət qaldırılmış, lakin Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən həmin vəsatətin təmin edilməsindən imtina olunması barədə qərar qəbul edilmiş, buna görə də, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 24 mart 2021-ci il tarixli 6/1168 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №171” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.059 qram, 0,178 qram ümumi təmiz çəkisi 0,237 qram ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına aiddir. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X4 X5 Komissiyasının verdiyi 26 may 2021-ci il tarixli 1598 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs Nərimanov rayon Məhkəməsinin 22.05.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci madəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 30.01.2009-cu ildə jəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə və ibtidai istintaq dövründə dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı metanfetamin olan psixotrop maddənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı, külli miqdarın aşağı həddi kimi 2 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah –tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş iki ədəd bükümdə, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,157 qram olan ağ kristalik maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan metamfetamin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 mart 2021-cı il tarixdən 25 mart 2021-cı il tarixədək tutuldugu 01 gün müddəti azadlıgın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıgın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,157 qram qalmış narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar