Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-211/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azad oğlunun iştirakları ilə xx xxxxxx 1999-cu ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2də yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə saat 20:00 radələrində etibarnamə əsasında idarə etdiyi «Toyota Prius» minik markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Koroğlu” metrostansiyası istiqamətindən Heydər Əliyev adına X4 istiqamətində 91 km/saat sürətlə hərəkətdə olarkən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Buta Palace” şadlıq sarayının qarşısında olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə riayət etməmiş və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək, habelə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub yolu sağdan sola keçən piyada 21 avqust 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol ağciyərin zədələnməsi, hər iki ağciyərin əzilməsi, sağ baldır sümüklərinin qapah sınıqları, sol dirsək sümüyünün qapalı sınığı, solda İİİ, İV qabırğaların yerinidəyişən sınıqları, bədənin çoxsaylı səthi əzilmiş yaraları və sıyrıqları ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq skelet sümüklərinin çoxsaylı sınıqları, sol ağciyərin zədələnməsi nəticəsində inkişaf etmiş travmatik şok, qanitirmə səbəbindən hadisə yerində ölümünə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 4-5 aydır ki, “Toyota Prius” minik markalı ** UK *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə etmişdir. Təxminən 2 ay müddətdir ki, “Bolt” taksi şirkətində sürücü kimi fəaliyyət göstərir. 27 noyabr 2023-cü il tarixdə saat 19:00 radələrində sonuncu müştərini Binəqədi rayonu ərazisində düşürdükdən sonra evə getmək qərarına gəlmişdir. “Koroğl”u metrosundan Heydər Əliyev adına X4 istiqamətində hərəkət etmişdir. Magistiralda 2-ci zolaqda 90-91 km saat sürətlə avtomobili idarə etmişdir. Təxminən saat 20:00 radələrində “Buta” şadlıq sarayına çatmağa az qalmış onun nəqliyyat vasitəsinin önündə hərərkət edən “VAZ 2107” minik markalı ağ rəngli avtomobil anidən zolaq dəyişərərk birinci zolaqa keçmişdir. Bu zaman onun qarşısında dayanan şəxsi görmüşdür. Həmin şəxs ikinci zolaqda olmuş və yolu keçməyə çalışmışdır. O, həmin şəxsi vurmamaq üçün birinci zolaqa sükanı döndərərək birinci zolağa çıxmışdır. Həmin şəxs onun zolaq dəyişdirdiyini görüb qaçaraq yolu keçməyə çalışaraq birinci zolaqa keçmişdir. Bu zaman o, həmin şəxsi vurmamaq üçün əks istiqamətli yolları ayıran dəmir maneəyə tərəf sükanı çevirmiş, lakin həmin şəxs onun qarşısında olmuşdur. O, həmin şəxsi maşınının sağ nahiyəsi ilə vurmuşdur. Sonra avtomobili sol tərəfdən dəmir maneəyə dəymişdir. O, avtomobili saxlayıb, maşından düşüb həmin şəxsə tibbi yardım göstərmək istəmişdir. Lakin həmin şəxsin artıq öldüyünü görmüşdür. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərmişdir ki, 27 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, “Buta Palace” şadlıq sarayının yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölmüş Zərərçəkmiş şəxs onun qardaşıdır. Qardaşı 21 avqust 1964-cü il təvəllüdlü idi. 28 noyabr 2023-cü il tarixdə təxminən saat 13:00 radələrində böyük qardaşı Şıxəli ona məlumat vermişdir ki, “Buta Palace” şadlıq sarayının yaxınlığında Elşəni maşın vurmuş, qardaşı xəsarət alaraq hadisə yerində ölmüşdür. Məhkəmə-tibb ekspertizası müayinəsindən sonra meyiti qəbul etmiş və həmin gün qardaşı qəbristanlıqda dəfn edilmişdir. Sonradan ona məlum olmuşdur ki, qardaşı Elşən “Buta Palace”şadlıq sarayının yaxınlığında yolu keçən zaman onu avtomobil vurmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 Bakı şəhəri 10 saylı notariat ofisinin xüsusi notarisu tərəfindən notarial qaydasında təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Ərizəsini nəzərə almaqla təqsirləndirilən şəxsə yüngül həddə cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 28 noyabr 2023-cü il tarixli 147 saylı rəyindən görünür ki, 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmətibbi müayinəsinə, laborator müayinələrin nəticələrinə, ilk məlumata əsaslanaraq və qərarda qoyulmuş suallara cavab olaraq nəticəyə gəlir: Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər akşar olundu: sol ağciyərin zədələnməsi, hər iki ağciyərin əzilməsi, sağ baldır sümüklərinin qapalı sınıqları, sol dirsək sümüyünün qapalı sınığı, solda İİİ, İV qabırğaların yerinidəyişən sınıqları, bədənin çoxsaylı səthi əzilmiş yaraları və sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissəsinin təsiri nəticəsində əmələ gələ bilərlər, alınma müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə skelet sümüklərinin çoxsaylı sınıqları, sol ağciyərin zədələnməsi nəticəsində inkişaf etmiş travmatik şok, qanitirmə səbəb olmuşdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatdığı -0,44%-dir. Bu miqdar canlı şəxslərdə praktik ayıq alkaqol sərxoşluğuna uyğun gəlir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 09 yanvar 2024-cü il tarixli, 3-16-16/2-8/3906 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən: Toyota Prius markalı, ** UK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilmiş məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan AE041827 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur. Onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 fevral 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 27 noyabr 2023-cü il tarixli, 1/6760 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqındaqərardan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri, hadisə yerinin videogörüntüsü, baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 aprel 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin əmələ görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X1 barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət nəticəsində vurulmuş zərəri aradan qaldıraraq, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Lakin məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cəzasını yungülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə təyin edilməsinə əsas görmür. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-211/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-211/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver