Məhkəmə qərarları › İş №1(010)-212/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-212/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-212/2022 05.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Arif oğlunun iştirakı ilə, saat 10:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1995-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Nəsimi küçəsi, 2/3 nömrəli evdə qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, ünvan 1 ünvanında yerləşən “Ballı” marketin sahibkarı fiziki şəxs Zərərçəkmiş şəxs ilə bağlanmış 25 yanvar 2021-ci il tarixli əmək müqaviləsinə əsasən kassir vəzifəsində işləyərkən, marketdə malların satışından qəbul edilmiş pul vəsaitini ona təhkim edilmiş kassaya mədaxil etməli və qəbul edilmiş nağd pul vəsaitlərini rəhbərliyin nümayəndəsinə təhvil verilənə qədər yoxlamalı və təhlükəsiz şəkildə saxlamalı şəxs olduğu halda ona etibar edilmiş özgə əmlakını talama məqsədi ilə öz qulluq mövqeyindən qulluq mənafeyinə zidd istifadə edərək, 13 fevral 2021-ci il tarixdə, saat 22 radələrində təhkim edildiyi 4 nömrəli kassaya saat 09-dan saat 22-dək olan vaxt ərzində mədaxil olmuş və ona etibar olunmuş nağd şəkildə 4.993 manat 48 qəpik, nağdsız şəkildə 1.693 manat 75 qəpiklik qəbzlər ümumilikdə 6.687 manat 23 qəpik pul vəsaitinin 4.270 manatın məbləğini götürüb şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə etməklə özgəyə yəni Zərərçəkmiş şəxs məxsus əmlakı mənimsəməklə talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, əvvəllər Ağdaş rayonunda yaşasa da, təxminən 2020-ci il tarixdən işləmək məqsədi ilə Bakı şəhərinə gəlmiş, Bakı şəhərinə gəldikdən sonra müxtəlif yerlərdə süfrəçi və soyuducu zavodunda fəhlə işləmiş, bir müddət sonra “Ballı” marketlər şəbəkəsinin müxtəlif mağazalarında kassir kimi fəaliyyətə başlamışdır. İlk öncə Ballı marketin Köhnə Suraxanı qəsəbəsində, daha sonra isə Günəşli və Hövsan qəsəbələrindəki mağazalarında kassir kimi fəaliyət göstərmiş, ən son olaraq “Ballı” marketin ünvan 1 ünvanında yerləşən mağazasında kassir kimi fəaliyyətə başlamışdır. O, sonuncu iş yerində təxminən 2020-ci ilin dekabr ayından işləməyə başlamışdır. 13 fevral 2021-ci il tarixdə o, kassir vəzifəsində işlədiyi “Ballı” marketin ünvan 1 ünvanında yerləşən mağazasına işə gəlmiş, həmin gün öz fəaliyyətinə marketin 4 nömrəli kassasında başlamışdır. O, kassir kimi satılan malların müqabilində pul vəsaitlərini kassaya yerləşdirmiş, həm nağd formada, həm də ki, kartla ödənişlər qəbul etmişdir. 13 fevral 2021-ci il tarixdə, saat 23 radələrində kassada yığılan pulu “Ballı” marketdə işləyən Seymura sayıb təhvil verdikdən sonra onun iş saatı bitməli olmuşdur. O, saat 22 radələrində kassada növbədə olan müştəriləri yola saldıqdan sonra kassa aparatını açmış, bundan sonra kassanın içərisində olan 100 manatlıq və 50 manatlıq əskinazrdan ibarət ümumilikdə 4.250 manatı götürərək əynində olan boz rəngli işçi gödəkcəsi ilə köynəyin arasına yerləşdirmiş, bundan sonra kassanı yenidən bağlayıb açarı kassanın üzərində qoymuş və marketin mühafizəçisindən siqaret çəkmək bəhanəsi ilə icazə alaraq marketin 1-ci qapısından çıxıb oradan uzaqlaşmışdır. Ona etibar edilmiş kassada olan pulları götürməyi hadisə baş verməmişdən bir neçə gün əvvəldən düşünmüş və əlverişli şəraitin olmasını gözləmişdir. Hadisə baş verən günü işçi az olduğuna görə əlverişli şəraitin yarandığını, ona kiminsə mane ola bilməyəcəyini gördüyü üçün pulları götürmüşdür. Pulu götürərəkən saymamış, sonradan sayanda pulun məbləğinin 4.250 manat olduğunu görmüşdür. Götürdüyü 4.250 manat pul vəsaitini 15 gün ərzində yeməyə, içkiyə və müxtəlif qızlarla birlikdə otellərdə xərcləmişdir. Axtarışda olduğunu polis əməkdaşlarının dəfələrlə Ağdaş rayonunda olan atası və anasının yaşadığı evə gedib sonunculara onun axtarışda olduğunu dediklərindən bilmişdir. 27 mart 2022-ci il tarixdə atası ona polislərin hər gün gəlib onu axtardıqlarını demiş və buna görə də o, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gedərək təslim olmuşdur. Pul qazanmaqda çətinlik çəkmiş və aldığı maaş ona kifayət etməmişdir. Bu səbəbdən də ehtiyaclarını ödəyə bilməmiş və belə bir hərəkət edərək ona məxsus olmayan pul vəsaitini ona tapşırılmış kassadan mənimsəmişdir. “Ballı” marketdə fəaliyyət göstərən bütün kassalar eləcə də hadisə günü onun işlədiyi 4 nömrəli kassa açarla açılıb bağlanmışdır. Onun kassir kimi vəzifəsi verilən avansı kassaya sayaraq yerləşdirmək, kassada çıxan əskiyə görə cavabdehlik daşımaq, nəzarətçinin icazəsi olmadan kassanı tərk etməmək, iş saatı bitdikdən sonra kassanı təhvil verib, işə gecikməmək, işə daxil olan zaman lazımi ehtiyatlar və avadanlıqları yoxlamaq, işə tələb olunan iş geyimində gəlmək və sair vəzifələri olmuşdur. İş saatı bitdikdən sonra ondan, eləcə də digər kassirlərdən pulu Seymur sayaraq təhvil almış, kassirlərin iş saatı bitdikdən sonra kassada olan pulu sayaraq onlardan təhvil almaq vəzifəsi Seymura həvalə olunmuşdur. Kassada olan pul Seymur tərəfindən sayılıb təhvil alındıqdan sonra onlar qeydiyyat dəftərinə imza çəkmişdirlər. Hadisə 13 fevral 2021-ci il tarixdə baş verdiyindən hazırki vaxtadək həmin qeydiyyatın aparıldığı sənədlərin hazırda mövcud olub-olmaması barədə məlumatı yoxdur. Əmək müqaviləsinin surəti ona təqdim olunmuş, “Ballı” marketə işə daxil olduğu gündən onunla əmək müqaviləsi bağlanmışdır. Ona təqdim olunan əmək müqaviləsindəki imza onun tərəfindən icra edilmiş və ona məxsus olmuşdur. Marketin daxilində hadisəni qeydə alan kamera görüntüntüləri olmuşdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, maddi imkanı olmadığına görə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilmədiyini bildirdi və barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərdi ki, 2017-ci il tarixdən Bakı şəhəri, Suraxani rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev 21 ünvanında yerləşən “Ballı” marketin sahibkarlıq fəaliyyətini ********** saylı VÖEN nömrəsi ilə həyata keçirir. Qeyd etdiyi ünvandaki “Ballı” market 5 kassadan ibarət olmuşdur. Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixli əmək müqaviləsinə əsasən marketdə kassir vəzifəsində işə başlamışdır. Kassirlər hər gün müxtəlif kassalarda xidmət aparmışlar. Kassirlər növbəli iş rejimində xidmət göstərmişlər. Növbələr hər gün saat 09:00 dan 16:00-a qədər və 16:00-dan 00:00-a qədər davam etmişdir. Növbədən asılı olaraq kassirlərin yeri hər gün dəyişilmişdir. Kassirlər iş vaxtı bitəndə öz iş saatlarında kassaya daxil olmuş pul məbləğini Şahid1 təhvil verirmişlər. 13 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 2-ci növbədə işləmiş və 4 nömrəli kassda xidmət aparmışdır. Şamxalın həmin gün iş vaxtı saat 16:00-da başlayıb 00:00-da bitməli olsa da marketin kamera görüntülərinə baxarkən sonuncunun saat 21:57 radələrində 4 saylı kassa aparatını açdığını və içərisində olan pulları əynində olan marketə məxsus işçi gödəkcəsinin cibinə qoyduqdan sonra mühafizəçidən siqaret çəkmək adı ilə icazə alıb marketdən çıxdığı və geri qayıtmadığı müəyyən edilmişdir. Hadisədən dərhal sonra Seymur zəng edib bu barədə ona məlumat vermişdir və o da dərhal marketə gəlmişdir. Bundan sonra Şahid4 Ələmdar oğlu, Şahid1 və Şahid2 iştirakı ilə Şamxalın 13 fevral 2021-ci il tarixdə saat 16:00-dan pulu götürüb getdiyi vaxtadək xidmət apardığı 4 nömrəli kassanın inventarizasiyası aparılmışdır. Belə ki, kassanın hesabatında 6.687 manat 23 qəpik dövriyyə göstərməsinə baxmayaraq kassanın pul qabından nağdsız şəkildə 1.693 manat 75 qəpik qəbz və 723 manat 48 qəpik nağd pul aşkar edilmiş və ümumilikdə Təqsirləndirilən şəxs kassada xidmət apardığı 16:00-21:57 aralığında 4.270 manat çatmamazlıq aşkar edilmişdir. Hadisə baş verən gün yəni 13 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs kassada olan pulu götürüb getməsinə kassir Şahid3 Vidadi oğlu, Şahid1 və mühafizəçi Şahid2 şahid olmuşdur. Kassir Təqsirləndirilən şəxs eləcə də digər kassirlərin vəzifəsi verilən avansı kassaya sayaraq yerləşdirmək, kassada çıxan əskiyə görə cavabdehlik daşımaq, nəzarətçinin icazəsi olmadan kassanı tərk etməmək, iş saatı bitdikdən sonra kassanı təhvil verib, qeyd kağızını imzalamamış iş yerini tərk etməmək, işə gecikməmək, işə daxil olan zaman lazımi ehtiyatlar və avadanlıqları yoxlamaq, işə tələb olunan iş geyimində gəlmək və sair olmuşdur. İş saatı bitdikdən sonra kassirlərdən pulu Şahid1 sayaraq təhvil almış, kassirlərin iş saatı bitdikdən sonra kassada olan pulu sayaraq təhvil almaq vəzifəsi Seymura həvalə olunmuşdur. Kassalarda olan pul sayılıb təhvil alındıqdan sonra qeydiyyat aparılsa da həmin qeydiyyat uzun zaman saxlanılmamış, hadisə 13 fevral 2021-ci il tarixdə baş verdiyindən hazırki vaxtadək həmin qeydiyyatın aparıldığı sənədlərin hazırda mövcud olub-olmaması barədə məlumatı yoxdur. Sonda Zərərçəkmiş şəxs cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, Bakı şəhəri, Suraxani rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev 21 ünvanında yerləşən “Ballı” marketdə mühafizəçi işləmiş, Təqsirləndirilən şəxs iş yerindən tanımış, sonuncu marketdə kassir vəzifəsində işləmişdir. Kassirlər hər gün müxtəlif kassalarda xidmət aparmış, növbəli iş rejimində xidmət göstərmişdirlər. Növbələr hər gün saat 09:00 dan 16:00-a qədər və 16:00-dan 00:00-a qədər davam etmiş, növbədən asılı olaraq kassirlərin yeri hər gün dəyişilmişdir. Kassirlər iş vaxtı bitəndə öz iş saatlarında kassaya daxil olmuş pul məbləğini Şahid1 təhvil vermişlər. 13 fevral 2021-ci il tarixdə, saat 09:00-dan 16:00-dək 4 nömrəli kassada kassir Yusif Baxışlı xidmət aparmış, Təqsirləndirilən şəxs 2-ci növbədə işləmişdir. Kassalardan pulları sayaraq təhvil almaq vəzifəsi Şahid1 tapşırılmışdır. Çox vaxt marketdə müştərilərin çox olması səbəbindən Seymur gün ərzində kassada yığılmış pulu kassirlərdən təhvil aldıqdan sonra hesabatın düzgünlüyü barədə müvafiq qeydiyyat aparıb yenidən kassaya yerləşdirmişdir. Hadisə günü, yəni 13 fevral 2021-ci il tarixdə Şamxal 4 nömrəli kassada xidmət aparmış, Şamxalın iş vaxtı saat 16:00-da başlayıb 00:00-da bitməli olmuş, lakin həmin günü təxminən 22 radələrində sonuncu siqaret çəkmək üçün ondan icazə alıb marketdən çölə çıxmışdır. Bir müddət keçdikdən sonra onlar Şamxalın yoxluğundan şübhələnib onu axtarmağa başlamışlar, bundan sonra marketin kamera görüntülərinə baxarkən sonuncunun saat 21:57-də 4 saylı kassa aparatını açdığını və içərisində olan pulları əynində olan marketə məxsus işçi gödəkcəsinin cibinə qoyaraq marketdən çıxdığını və geri qayıtmadığını müəyyən etmişlər. Hadisədən dərhal sonra onlar marketin sahibkarı Zərərçəkmiş şəxs zəng edib bu barədə məlumat vermişlər. Bundan sonra Şamxalın 13 fevral 2021-ci il tarixdə, saat 16:00-dan pulu götürüb getdiyi vaxtadək onun xidmət apardığı 4 nömrəli kassada olan vəsaitin inventarizasiyası aparılmış, sonuncunun 16:00-21:57 aralığında xidmət apardığı kassada 4.270 manat pul vəsaitinin yerində olmadığı aşkar edilmişdir. Marketin daxilində hadisəni qeydə alan kamera görüntüləri olmuşdur. Şahid3 Vidadi oğlu 13 fevral 2021-ci il tarixdə Şamxalla qonşu kassalarda xidmət aparmış, baş verənlərə sonuncu da şahid olmuşdur. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, təxminən 05 ildən artıq müddətdir Bakı şəhəri, Suraxani rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev 21 ünvanında yerləşən “Ballı” marketdə kassir vəzifəsində işləmişdir. Onun vəzifəsi gündəlik olaraq satılmış malların müqabilində pul vəsaitlərini kassaya mədaxil etmək olmuşdur. Qeyd edilən ünvandakı “Ballı” market 5 kassadan ibarət olmuşdur. Təqsirləndirilən şəxs o, iş yerindən tanımış, sonuncuyla onun arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Kassirlər hər gün müxtəlif kassalarda xidmət aparmış, kassir kimi növbəli iş rejimində xidmət göstərmişlər. Növbələr hər gün saat 09:00-dan 16:00-a qədər və 16:00-dan 00:00-a qədər davam etmiş, növbədən asılı olaraq kassirlərin yeri hər gün dəyişilmiş, onlar eləcə də digər kassirlər iş vaxtı bitəndə kassaya daxil olmuş pulları Şahid1 təhvil vermişlər. Çox vaxt marketdə müştərilərin çox olması səbəbindən Seymur gün ərzində kassada yığılmış pulu kassirlərdən təhvil aldıqdan sonra hesabatın düzgünlüyü barədə müvafiq qeydiyyat aparıb yenidən kassaya yerləşdirmişdir. O, 13 fevral 2021-ci il tarixdə saat 16:00-dan 00:00-dək 5 nömrəli kassada,Şamxal isə 4 nömrəli kassada xidmət aparmış, sonuncunun həmin gün iş vaxtı saat 16:00-da başlayıb 00:00-da bitməli olmuşdur. Həmin gün, təxminən saat 22 radələrində Şamxal siqaret çəkmək üçün mühafizəçi Orxandan icazə alıb marketdən çölə çıxmış, bir müddət keçdikdən sonra onlar sonuncunun yoxluğundan şübhələnib onu axtarmağa başlamışdırlar. Bundan sonra marketin kamera görüntülərinə baxarkən onlar Şamxalın saat 21:57 radələrində 4 saylı kassa aparatını açdığını və içərisində olan pulları əynində olan marketə məxsus işçi gödəkcəsinin cibinə qoyaraq marketdən çıxdığını və geri qayıtmadığını müəyyən etmişlər. Qəbul edilmiş ümumi qaydalara görə kassir kimi onun eləcə də Təqsirləndirilən şəxs və digər kassirlərin vəzifəsi verilən avansı kassaya sayaraq yerləşdirmək, kassada çıxan əskiyə görə cavabdehlik daşımaq, nəzarətçinin icazəsi olmadan kassanı tərk etməmək, iş saatı bitdikdən sonra kassanı təhvil verib, qeyd kağızını imzalamamış iş yerini tərk etməmək, işə gecikməmək, işə daxil olan zaman lazımi ehtiyatlar və avadanlıqları yoxlamaq, işə tələb olunan iş geyimində gəlmək və sair vəzifələri olmuşdur. İş saatı bitdikdən Seymur kassanın sisteminə daxil olaraq qeydiyyatdan hansı məbləğdə nağd və ya nağdsız vəsaitin kassaya daxil olmasını müəyyən etmiş, bundan sonra kassada olan vəsaiti sayıb düzgünlüyünü yoxladıqdan sonra təhvil almışdır. Marketdə müştərilər çox olan zaman Seymur kassada olan pulu saydıqdan sonra yenidən kassaya yerləşdirib növbədə olan digər kassirə təhvil vermişdir. Edilmiş alış-verişlərə görə kassaya daxil olmuş məbləğ onların kassanın ‘‘qeydiyyat" adlandırdıqları sistemində öz əksini tapmış, həmin qeydiyyata günün istənilən saatı kart vasitəsi ilə baxmaq mümkün olmuşdur. Həmin kartlar mühafizəçilərdə olmuş, kassirlərə verilməmiş, lakin kassaya daxil olmuş məbləğin qeydiyyatı az müddət qalmış və sonradan silinmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Ələmdar oğlu göstərdi ki, 05 ildən artıq müddətdir Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev 21 ünvanında yerləşən “Ballı” marketdə operator vəzifəsində işləyir və vəzifəsi gündəlik olaraq malların qəbul edilməsi ilə bağlı firmalarla hesablamaların aparılmasından ibarətdir. Təqsirləndirilən şəxs iş yerindən kassir kimi tanımış, və aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Hadisənin baş verdiyi gün 13 verdiyi 2021-ci il tarixdə o, marketdə işdə olmuş, axşam saat təxminən 23 radələrində marketdə işləyən hazırda adını xatırlamadığım şəxslərdən biri ona Şamxalın kassadakı pul vəsaitlərini götürərək siqaret çəkmək bəhanəsi ilə mühafizəçidən icazə alaraq uzaqlaşdığını bildirmişdir. Bundan sonra onlar hadisə barədə mağazanın rəhbərliyinə məlumat vermiş, rəhbərlik onlara kassanı sayıb hansı miqdarda pul vəsaitinin əksik olmasını yoxlamasını tapşırmışdır. Onlar Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs hadisə günü xidmət göstərdiyi 4 nömrəli kassanın inventarizasiyasım aparmışlar və Təqsirləndirilən şəxs xidmət apardığı müddətdə 4.270 manat pul vəsaitinin çatışmadığını müəyyən etmişlər. Bundan sonra dəfələrlə Şamxala zəng etsələr də o, zənglərə cavab vermədiyi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişlər. Hadisə günü, yəni 13 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs kassada olan pulu götürüb getməsinə Şahid3 Vidadi oğlu və mühafizəçi Şahid2 da şahid olmuş, və hadisəni qeydə alan kamera görüntüləri də vardır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 21 may 2020-ci il tarixdən Bakı şəhəri, Suraxani rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev 21 ünvanında yerləşən “Ballı” marketə əmək müqaviləsi üzrə mühafizəçi kimi daxil olmuş, marketdə mühafizəçi vəzifəsində işləməsinə baxmayaraq marketdə olan kassaların fəaliyyətinə nəzarəti sahibkar Zərərçəkmiş şəxs şifahi tapşırığına əsasən o, həyata keçirmişdir. Gündəlik olaraq alış veriş əsasında kassaya mədaxil olunan məbləğləri kassirlərdən sayaraq o, təhvil almış, pulu kassalardan təhvil aldıqdan sonra günün sonunda seyfə qoymuş və bir gün sonra müdriyyətə təhvil vermişdir. Göstərilən ünvandaki “Ballı” market 5 kassadan ibarət olmuş, Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixli əmək müqaviləsinə əsasən marketdə kassir vəzifəsində işə başlamışdır. Kassirlər hər gün müxtəlif kassalarda xidmət aparmış, kassirlər növbəli iş rejimində xidmət göstərmişlər. Növbələr hər gün saat 09:00dan 16:00-a qədər və 16:00- dan 00:00-a qədər davam etmiş, növbədən asılı olaraq kassirlərin yeri hər gün dəyişilmişdir. Kassirlər iş vaxtı bitəndə öz iş saatlarında kassaya daxil olmuş pul məbləğini ona təhvil vermişlər. 13 fevral 2021-ci il tarixdə, saat 09:00-dan 16:00-dək 4 nömrəli kassada kassir Yusif Baxışlı, Təqsirləndirilən şəxs isə 2-ci növbədə işləmişdir. Hadisə günü o, Yusif Baxışlıdan kassanı yerində sayaraq təhvil almış, həmin pul vəsaitini marketdə müştərilərin çox olması səbəbindən seyfə aparmamış, yenidən 4 nömrəli kassaya yerləşdirmişdir. Hadisə günü, yəni 13 fevral 2021-ci il tarixdə Şamxal 4 nömrəli kassda xidmət aparmış, sonuncunun həmin gün iş vaxtı saat 16:00-da başlayıb 00:00-da bitməli olmuşdur. Həmin gün təxminən saat 22 radələrində o, Şamxalın kassanın başında olmadığını görüb marketin mühafizəçisi Orxandan sonuncunun harada olmasını soruşmuş. Orxan ona Şamxalın siqaret çəkmək üçün çölə çıxdığını bildirmişdir. Bir müddət keçdikdən sonra o, Şamxalın yoxluğundan şübhələndiyindən marketin kamera görüntülərinə baxmış, marketin kamera görüntülərinə baxarkən sonuncunun saat 21:57 radələrində 4 saylı kassa aparatını açdığını və içərisində olan pulları əynində olan marketə məxsus işçi gödəkcəsinin cibinə qoyaraq marketdən çıxdığını və geri qayıtmadığı müəyyən etmişdir. Hadisədən dərhal sonra o, marketin sahibkarı Zərərçəkmiş şəxs zəng edib bu barədə məlumat vermiş, bundan sonra Şahid4 Ələmdar oğlu, Şahid1 və Şahid2 iştirakı ilə Şamxalın 13 fevral 2021-ci il tarixdə, saat 16:00-dan pulu götürüb getdiyi vaxtadək sonuncunun xidmət apardığı 4 nömrəli kassada olan vəsaitin inventarizasiyası aparılmışdır. Belə ki, kassanın “Z” hesabatında 6.687 manat 23 qəpik dövriyyə göstərməsinə baxmayaraq kassanın pul qabından nağdsız şəkildə 1.693 manat 75 qəpik qəbz və 723 manat 48 qəpik nağd pul aşkar edilmiş və ümumilikdə Təqsirləndirilən şəxs kassada xidmət apardığı 16:00-21:57 aralığında kassada olan 4.270 manat pul vəsaitinin çatışmadığı aşkar edilmişdir. Marketin daxilində hadisəni qeydə alan kamera görüntüləri olmuşdur. Hadisəyə kassir Şahid3 Vidadi oğlu və mühafizəçi Şahid2 şahid olmuşdur. Kassir Təqsirləndirilən şəxs, eləcə də digər kassirlərin vəzifəsi verilən avansı kassaya sayaraq yerləşdirmək, kassada çıxan əskiyə görə cavabdehlik daşımaq, nəzarətçinin icazəsi olmadan kassanı tərk etməmək, iş saatı bitdikdən sonra kassanı təhvil verib, qeyd kağızını imzalamamış iş yerini tərk etməmək, işə gecikməmək, işə daxil olan zaman lazımi ehtiyatlar və avadanlıqları yoxlamaq, işə tələb olunan iş geyimində gəlmək və sair vəzifələr olmuşdur. İş saatı bitdikdən sonra kassirlərdən pulu o, sayaraq təhvil almış, kassirlərin iş saatı bitdikdən sonra kassada olan pulu sayaraq onlardan təhvil almaq vəzifəsi şifahi formada sahibkar Zərərçəkmiş şəxs tərəfindən ona həvalə olunmuşdur. O, kassalarda olan pullar sayılıb təhvil alındıqdan sonra qeydiyyatını aparsa da həmin qeydiyyat uzun zaman saxlanılmamışdır. Hadisə 13 fevral 2021-ci il tarixdə baş verdiyindən hazırki vaxtadək həmin qeydiyyatın aparıldığı sənədlər hazırda mövcud olmamışdır. “Z” hesabat gündəlik olaraq marketdə edilmiş alış veriş nəticəsində 09:00-dan 00:00-a dək kassaya mədaxil olmuş həm nağd, həmdə ki, nağdsız vəsaitlərin hesabatı olmuşdur. 13 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs saat 16:00-da kassada xidmətə başlayarkən saat 09:00-dan 16:00-dək kassaya mədaxil olunmuş vəsait də 4 nömrəli kassada olmuşdur. İş materialarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 13 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 1 ünvanında yerləşən “Ballı” marketə baxış keçirilmişdir. Baxış zamanı marketdə olan 4 kassa aparatlarından birində pulların saxlanılması üçün nəzrədə tutulmuş yerin boş olduğu müəyyən edilmişdir. İş materiallarında olan 10 may 2021-ci il tarixli müstəqil auditor rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən “Ballı” marketdə sahibkarlıq fəaliyyətini həyata keçirən ********** saylı VÖEN-in sahibi, sahibkar fiziki şəxs Zərərçəkmiş şəxs kassiri Təqsirləndirilən şəxs işlədiyi 4-cü kassada aparılmış inventarizasiya nəticəsində 4.270 manat məbləğində satış pulunun çatışmazlığı aşkar edilmiş, son nəticədə sonuncu tərəfindən həmin məbləğ qədər sahibkar Zərərçəkmiş şəxs ziyan vurulmuşdur. İş materiallarında olan 10 iyun 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, X3 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 26 avqust 2011-ci il tarixdə verilmiş **********86-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 1850.1 kv/m olan əmlak kompleksinin 500 kv/m hissəsini 10 iyun 2023-cü il tarixədək Zərərçəkmiş şəxs icarəyə vermişdir. İşdə olan Zərərçəkmiş şəxs 25 yanvar 2021-ci il tarixli, 1159/21 nömrəli əmrinin, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında bağlanmış eyni tarixli əmək müqaviləsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixdən fiziki şəxs Zərərçəkmiş şəxs tərəfindən kassir vəzifısinə işə qəbul olunmuşdur. Təqsirləndirilən şəxs iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsal vasitələrinin – maşın, mexanizm, avadanlıq, cihaz və alətlərin, qurğu, habelə işə götürənin mülkiyyətində olan digər əmlakın qorunmasına cavabdehlik barədə öhdəlik götürmüşdür. İşdə olan Zərərçəkmiş şəxs 20 fevral 2021-ci il tarixli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndinə əsasən iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdiyinə görə işdən kənar edilmişdir. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının 27 sentyabr 2021-ci il tarixli, 9/6024 nömrəli rəyindən görünür ki, iş materiallarında olan inventarizasiya aktı və auditor rəyi məlumatları nəzərə alınmaqla kassir Təqsirləndirilən şəxs işlədiyi dövrdə hesabında 4.270 manat məbləğində satış pulu çatışmazlığı qalması müəyyən edilir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 30 mart 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdə olan Təqsirləndirilən şəxs xidmət apardığı 4 nömrəli kassanın üzərində quraşdırılmış 13 fevral 2021-ci il, saat 21:55-dən 22:00-dək olan vaxtı və “Ballı” marketin əsas giriş qapısının üzərində quraşdırılmış 13 fevral 2021-ci il, saat 22:13:17-22:13:38 vaxtı əhatə edən kamera görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs xidmət apardığı 4 nömrəli kassaya müxtəlif müştərilər yaxınlaşaraq müxtəlif çeşiddə məhsullar alıb əvəzində pul verirlər, kassir Təqsirləndirilən şəxs isə həmin pulları kassaya yerləşdirir. 4 nömrəli kassanın üzərində quraşdırılmış kamera görüntüsünün 21:57:30-cu saniyəsində isə görünür ki, Təqsirləndirilən şəxs müştərini yola saldıqdan sonra kassanı bağlamır, ətrafa bir neçə dəfə baxdıqdan sonra kassa rəfini qaldırıb oradakı pulları götürür, yenidən sağasola baxdıqdan sonra həmin pulları əynində olan boz rəngli gödəkcənin içərisinə yerləşdirir, bundan sonra Təqsirləndirilən şəxs xidmət apardığı kassaya yenidən müştərilər gəlir. 13 fevral 2021-ci il tarixdə saat 22:13:17-22:13:38-də isə əynində boz rəngli gödəkcə olan Təqsirləndirilən şəxs “Ballı” marketin əsas giriş qapısından çıxaraq oradan uzaqlaşır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, pulu götürdükdən sonra onun xidmət göstərdiyi 4 nömrəli kassaya müştərilər yaxınlaşdığından həmin vaxt marketdə şübhə çəkməməsi üçün kassaya yaxınlaşan müştəriləri yola saldıqdan sonra marketin mühafizəçisindən siqaret çəkmək bəhanəsi ilə icazə alıb pulları da götürərək marketdən uzaqlaşmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsinin sanksiyası ilə nəzərdə tutulmasa da, Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumunu hesab etmişdir ki, əlavə cəzalar cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Həmin Qərarının 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə hesab edir ki, öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı mənimsəməklə talamış Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməsi, cəzanın tənbeh təsirinin gücləndirilməsi və cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsini təmin etmək baxımından zəruridir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 4(010)-185/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 13 iyun 2022-ci il tarixinədək müəyən edilmiş, həbs etmənin əvvəli 28 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 1(010)-212/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə məhkəməyə verilmiş, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 mart 2022ci il tarixli, 4(010)-185/2022 nömrəli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı 28 mart 2022-ci il tarixdən 05 iyul 2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 07 (yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 06 (altı) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-mühasibat ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Cinayət işinə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs 4.270 manat maddi ziyan vurulmuş və həmin maddi zuayn hal-hazıradək ödənilməmiş, habelə cinayət mühakimə icraatı zamanı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə mülki iddia verilməmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında, Təqsirləndirilən şəxs rəsmi qeydə alındığı yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququnun olduğu Zərərçəkmiş şəxs izah edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Arif oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi Arif oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı 28 mart 2022-ci il tarixdən 05 iyul 2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 07 (yeddi) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay 14 (on dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 05 (beş) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Ağdaş rayon İcra və Probasya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. İş üzrə məhkəmə-mühasibat ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında, Təqsirləndirilən şəxs rəsmi qeydə alındığı yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququnun olduğu Zərərçəkmiş şəxs izah edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi Arif oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar