Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-212/2025 04.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 04 – 06 iyun 2024-cü il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən «Çardaq» kafesində Zərərçəkmiş şəxs ilə çörək yeyib spirtli içki qəbul edərkən sonuncuya məxsus mobil telefon aparatını xəbəri olmadan götürərək elektron məlumat daşıyıcısı hesab edilən «Leo Bank» tərəfindən verilmiş 4098 5844 9615 4111 nömrəli plastik kart hesabından mobil telefon tətbiqindən istifadə etməklə tanışı Şahid anası X1 məxsus «Leo Bank» tərəfindən verilmiş 4098 5844 7121 5101 nömrəli plastik kart hesabına, daha sonra isə həmin hesabdan Şahid məxsus kart hesabına 09 dekabr 2023-cü il tarixdə saat 18:46 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən «Çardaq» kafesində 102 manat məbləğində pulu, təkrarən 20 dekabr 2023-cü il tarixdə saat 22:14 radələrində 102 manat məbləğində pulu, təkrarən 29 dekabr 2023-cü il tarixdə saat 20:15 radələrində 101,23 manat məbləğində pulu, təkrarən 06 yanvar 2024-cü il tarixdə saat 21:00 radələrində 203.83 manat məbləğində pul vəsaiti köçürməklə həmin vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumiklidə 509,06 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla münasibətləri normal olmuşdur. Onlar ara bir Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən «Çardaq» kafesində oturub yeyib içirmişlər. O, Xalıqın mobil telefonunda olan “LeoBank” tətbiqini görmüş və həmin kartın kodunu bilmişdir. O, Xalıqla yeyib içərkən telefon həmişə masanın üzərində olmuşdur. O, qərara gəlmişdir ki, Xalıqın telefonunda olan «Leo Bank» tətbiqinə girərək oradan pul oğurlasın. Bu məqsədlə də o, tanışı olan və «Çardaq» kafesində ofisant işləyən Afiyə ilə danışmışdır ki, maşın ustası işləyir, müştərilər ona pul göndərirlər, ona görə də ona bir kart nömrəsi desin ki, həmin karta pul göndərsinlər. Afiyə də ona bildirmişdir ki, onun kartı vardır, lakin qırılmışdır, o isə bildirmiş ki, nağd pul çıxarmaq lazım olduğu halda onun kartından çıxara bilmərlər. Ona görə də Afiyə anasının kart nömrəsini ona göndərmiş və o, həmin kart nömrəsini özündə qeyd etmişdir. Daha sonra isə o, Xalıqla oturub yemək yeyəndə münasib vaxt tapıb pulu Xalıqın kartından çıxarmaq qərarına gəlmişdir. Bu məqsədlə də 09 dekabr 2023-cü il tarixdə saat 18:46 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən «Çardaq» kafesində Zərərçəkmiş şəxs ilə çörək yeyib spirtli içki qəbul edərkən Zərərçəkmiş şəxs məxsus mobil telefon aparatını sonuncunun xəbəri olmadan götürərək «Leo Bank» tətbiqindən istifadə etməklə 102 manat pulu tanışı Afiyənin anası Mehnigarın kart hesabına, daha sonra isə həmin hesabdan isə Şahid məxsus kart hesabına köçürmüşdür. Bundan sonra eyni üsulla, yəni 20 dekabr 2023-cü il tarixdə saat 22:14 radələrində «Leo Bank» tətbiqindən istifadə etməklə 102 manat pulu, 29 dekabr 2023-cü il tarixdə saat 20:15 radələrində «Leo Bank» tətbiqindən istifadə etməklə 101,23 manat pulu, 06 yanvar 2024-cü il tarixdə saat 21:00 radələrində «Leo Bank» tətbiqindən istifadə etməklə 203.83 manat pulu Afiyənin anasının kartına, daha sonra isə Afiyənin kartına köçürməklə Afiyənin telefonunda olan aviator oynunda uduzmuşdur. Şahid onun başqa şəxslərin kartından oğurluq edərək Afiyənin anasının kart hesabına pul göndərməsi barədə heç bir məlumatı olmamışdır. Belə ki, o Afiyəyə demişdir ki, müştəriləri ona pul göndərirlər. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, onun "xxxx" ASC tərəfindən verilmiş «Leo Bank» plastik kartı vardır. Həmin kartdan 09 dekabr 2023-cü il tarixdə 102 manat pulu, 20 dekabr 2023cü il tarixdə 102 manat pulu, 29 dekabr 2023-cü il tarixdə 101,23 manat pulu və sonuncu dəfə 06 yanvar 2024-cü il tarixdə isə 203,83 manat pulu naməlum şəraitdə kartından çıxarıldığı üçün o, məcbur qalıb Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə ərizə ilə bu barədə müraciət etmiş və izahat vermişdir. 03 iyun 2024-cü il tarixdə ona məlum olmuşdur ki, onun kart hesabından 508 manat pulu tanışı və bir yerdə yemək yediyi Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Belə ki, onun kart nömrəsini də Vüsal bilirmiş, o əvvəl elə başa düşmüşdür ki, banka kredit borcu olduğu üçün kreditin faizlərini tuturlar. Lakin o bankla maraqlandıqda ona bildirmişlər ki, onun kartından başqa bir karta pul köçürməsi olmuşdur. Başa düşmüşdür ki, kartından pul oğurlamışlar. Ona məxsus «Leo Bank» kart hesabından oğurlanmış pulun məbləği təxminən 508 manat olmuş və ona qeyd olunan məbləğdə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Şahid iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2 ilə yaxındır ki, işlədiyi restorandan tanımışdır. Təxminən 2023-cü ilin dekabr ayının ilk ongünlüyü olardı ki, Vüsal gecə saatlarında zəng edib demişdir ki, o Vüsala öz kart hesabını desin həmin karta pul göndərsin. O isə Vüsaldan nə pul göndərdiyini soruşduqda ona bildirmişdir ki, avtomobil ustası işləyir və müştəriləri ona pul göndərirlər. Bundan sonra onun kart qırıq olduğu üçün anası Mehnigarın kart hesabının nömrəsini Vüsala demişdir və Vüsal həmin kart hesabına 100 manat pul göndərmişdir. Vüsal sonra ona demişdir ki, həmin pulu anasının kart hesabından öz kart hesabına göndərsin. O da anasının telefonu vasitəsi ilə öz kart hesabına 100 manat pulu göndərmişdir. Səhəri gün o işlədiyi kafedə olduğu zaman Vüsal oraya gəlmiş, onun mobil telefonu ilə aviator oyununda qeydiyyatdan keçib oyun oynamışdır. Hər dəfəsində Vüsal ona deyirmiş ki, maşın düzəltmişdir, müştəri pul göndərməlidir kart hesabını soruşurmuş. O da hər dəfəsində Vüsala anası Mehnigarın kart hesabını deyirmiş, Vüsal isə karta pul göndərirmiş. Pul göndərdiyi günün səhəri kafeyə gələrək telefonunu götürüb oyun oynayırmış. Vüsal ona konkret olaraq oyun oynayacağını deməmiş, o elə bilirmiş ki, Vüsal pulu kartdan çıxaracaq, onun kartı qırıldığı üçün anasının kart hesab nömrəsini Vüsala demişdir. Sonradan isə ona deyirmiş ki, həmin pulu öz kart hesabına köçürsün və gəlib oyun oynayırmış. O Vüsalın həmin pulldan hər hansı bir şəxsin kart hesabından oğurladığını bilməmişdir. Vüsal barədə şikayət olduqdan sonra ona məlum olmuşdur ki, Vüsal müştəri kimi tanıdığı Zərərçəkmiş şəxs məxsus kart hesabından pulları oğurlamışdır. Anası Mehnigarın kart hesabına pul köçürülməsi barədə məlumatı olmamış, o özü anasının kart hesabını Vüsala deyirmiş və anasının kart hesabından da pulu öz kart hesabına anasının telefonu vasitəsi ilə köçürmüşdür. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında yaş fərqi çox olsa da onlar dostluq edirdilər və birlikdə o işlədiyi restoranda yemək yeyib çay içirmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan iş materiallarını da sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 06 iyun 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3, 177.2.4, 177.2.5 və 180-cı maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 07 may 2014-cü il təvəllüdlü X4 və 26 noyabr 2016-cı il təvəllüdlü X3 adlı uşaqları var. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsin təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, zərərçəkmiş şəxsin ifadəsini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 04 - 06 iyun 2024-cü il tarixinədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 - 06 iyun 2024-cü il tarixinədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 72 (yetmiş iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h **********9212327214, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-212/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-212/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver