Məhkəmə qərarları › İş №1(010)-214/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-214/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-214/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 11 oktyabr 2023-cü il tarixdə, saat 10:45-də Bakı şəhərində, xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 1(005)-46/2023 saylı, 01 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 10 sentyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdə saat 10:00 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “Q” yaşayış massivində Zərərçəkmiş şəxs2 “Prius” markalı avtomobili satacağını vəd edərək ondan ilkin ödəniş kimi 700 manat pulunu alaraq, avtomobilin sənədlərini gətirmək adı ilə aldadaraq ünvan 2 yaşayış binasının blokuna daxil olub digər çıxışından çıxıb uzaqlaşaraq özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrar olaraq 03 aprel 2022-ci ildə ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs1 “Hyundai 130” markalı avtomobili satacağım vəd edərək ondan 1200 manat dəyərində 1 cüt qızıl sırğa və 1 qızıl boyunbağını alıb avtomobilin sənədlərini gətirmək adı ilə aldadaraq yaşayış binasının blokuna daxil olub digər çıxışından çıxıb uzaqlaşaraq özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, taksi sürücüsü kimi tanıdığı X3 avtomobil kirayə verdiyini bildirmiş və ona müştəri tapmağını xahiş etmişdir. 09 fevral 2022-ci il tarixdə Natiq onunla əlaqə saxlayaraq bir nəfər tanışı avtomobil kirayə götürmək istədiyini bildirmiş və həmin şəxs sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlamışdır. O, özündə “Prius” markalı avtomobil olduğunu sonuncuya demişdir. Nağı ilə şərtləşmişlər ki, ilkin ödəniş kimi 1000 manat verməli və hər ay isə 500 manat ödəməlidir. Nağı bu şərtlə razılaşmış və 10 fevral 2022-ci ildə Nağının işlədiyi “Ulduz” metrosunun yaxınlığında görüşmüşlər. Sonuncuya avtomobilin sənədlərinin evdə olduğunu deyib Nağının sürdüyü avtomobillə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “Q” yaşayış massivinə gəlmişlər. Orada Nağı ona 700 manat pul vermiş və orada gözləməsini deyib avtomobilin sənədlərini gətirmək adı ilə 14 saylı yaşayış binasının blokuna daxil olub digər çıxışından çıxaraq kənarlaşıb getmişdir. Bundan sonra isə sonuncunun telefon zənglərinə cavab verməmiş və ələ keçirdiyi 700 manat pulu xərcləmişdir. Bundan sonra isə növbəti dəfə 03 aprel 2022-ci il tarixdə Xırdalan şəhərindən taksi ilə gələn zaman taksi sürücüsü, sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 da özünün “Hyundai 130” markalı avtomobili olduğunu və kirayə vermək istədiyini bildirmişdir. Onunla da ilkin ödəniş 1000 manat, 40 ay ərzində isə aylıq 500 manat ödəyərsə avtomobilin sonuncuya qalacağı barədə razılaşmışlar. Bundan sonra Daşqınla birlikdə sonuncunun yaşadığı Binəqədi qəsəbəsinə getmişlər. Daşqın evlərinə girib bir qədərdən sonra çıxmış və demişdir ki, hazırda nağd pulu yoxdur və bir neçə qızıl məmulatlarını lombarda girov qoyub pul götürərək ona vermək istəyir. O isə həmin qızılları pul əvəzinə özü qəbul etmək istədiyini demiş və sonuncu ilə razılaşmışlar. Beləliklə Daşqınla birlikdə yenə də Yeni Günəşli qəsəbəsinə gəlmişlər. Orada Daşqın ona bir cüt qızıl sırğa və 1 ədəd qızıl zəncir vermişdir. Özü isə güya avtomobilin sənədlərini götürmək üçün ondan aralaşıb binanın blokona girmiş və digər çıxışından çıxaraq aralaşmışdır. Daha sonra sonuncunun telefon zənglərinə cavab verməmişdir. Sonrakı gün isə həmin qızılları “Neftçilər” metrosunun yaxınlığında olan qızıl alqı-satqı köşkünə satıb 1080 manat pul almış və öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs2 aldadıb puulunu ələ keçirəcəyi barədə X3 bildirməmiş və həmin puldan ona verməmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 aldadıb ələ keçirdiyi qızıl əşyaları satdığı alqı-satqı köşünün satıcısına bildirməmiş, özünə məxsus olduğunu bildirib şəxsiyyət vəsiqəsini təqdim etməklə satmışdır. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-214/2023 saylı, 19 sentyabr 2023cü il tarixli qərarı ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasına məcburi qaydada gətirilməsi qərara alınsa da, sonuncuların məhkəmə iclasına məcburi qaydada gətirilməsi təmin edilməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 09 fevral 2022-ci il tarixdə tanışı X4 ilə söhbət əsnasında bildirmişdir ki, kiçik yükləri daşımaq üçün avtomobil almaq istəyir. O da tanışı “Əsgər” adlı şəxsin avtomobil kirayəsi ilə məşğul olduğunu deyib sonuncunun telefon nömrəsini ona vermişdir. O, “Əsgər” adlı şəxslə danışıb ona öz fikrini bildirmiş və Əsgər “Toyota Prius” markalı avtomobili olduğunu bildirib ilkin ödəniş 1000 manat, aylıq isə 500 manat pul istəmişdir. Onunla razılaşmışlar ki, 10 fevral 2022-ci ildə görüşsünlər, ona həmin məbləği versin. Beləliklə şərtləşdikləri kimi 10 fevral 2022-ci ildə özünün işlədiyi Nərimanov rayonu “Ulduz” metrostansiyasının yaxınlığında Əsgərlə görüşmüş və avtomobilin sənədləri götürmək üçün özünə məxsus «Mitsubishi» markalı avtomobillə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “Q” yaşayış sahəsinə getmişlər. Orada 14 saylı binanın yaxınlığında Əsgərə 700 manat pul vermiş və Əsgər avtomobildən düşərək orada gözləməyi deyib getmişdir. Təxminən 20 dəqiqə gözlədikdən sonra Əsgərin ***-***-**-** nömrəli telefona dəfələrlə zəng vursa da cavab verməmişdir. Bundan sonra başa düşmüşdür ki, Əsgər onu aldadıb pulunu ələ keçirmişdir. Dərhal DİN-nin 102 xidmətinə telefonla məlumat vermiş və sonra da gedib 33-cü PB-nə ərizə ilə müraciət etmişdir. Təhqiqat zamanı məlum olmuşdur ki, həmin şəxs Yeni Günəşli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxsdur. Bu günədək də Təqsirləndirilən şəxs ona vurduğu ziyandan ödəməmiş və ya vəd etməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, taksi fəaliyyəti ilə məşğul olur. 03 aprel 2022-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olduğu zaman Xırdalan şəhərində 1 nəfər tanımadığı şəxs onu Bakı şəhəri 20 yanvar dairəsinə aparmasını xahiş etmişdir. Yolda söhbət zamanı həmin şəxs bildirmişdir ki, onun “Hyundai 30” markalı avtomobili var və təklif etmişdir ki, həmin avtomobili kredit şərtləri ilə ona versin. Sonuncunun dediyi şərtə görə ilkin ödəniş 1000 manat, aylıq isə 500 manat olmaqla 40 ay müddətinə təklif etmişdir. Həmin şəxslə razılaşmış, lakin 1000 manat pulu olmadığına görə təklif etmişdir ki, evdə həyat yoldaşının qızılları var, onu lombarda qoysun və 1000 manat götürüb versin. Həmin şəxs isə bildirmişdir ki, qızılları versin 6 aylıq 200 manat hesabı ilə qrafik açsın. Sonuncu ilə razılaşıb birlikdə gedərək evdən qeyd etdiyi qızıl-zinyət əşyalarını götürmüş və birlikdə Yeni Günəşli qəsəbəsinə getmişlər. Sonuncu qızılları ondan götürüb bildirmişdir ki, qalxsın evdə qızılların çəksin və sənədləşdirsin, sonra gedib avtomobili götürsünlər. Xeyli gözlədikdən sonra ona verdiyi telefon nömrəsi ilə əlaqə saxladıqda gələcəyini desə də hiss etmişdir ki, onu aldadır. Bundan sonra binanın girişinə yaxınlaşdıqda görmüşdür ki, blokdan arxaya daha bir çıxış var. Tam əmin olmuşdur ki, onu aldadaraq 2-ci çıxışdan çıxıb getmişdir. Beləliklə sonuncuya verdiyi 2 sırğa və 1 qızıl zəncir olmaqla ona 1200 manat dəyərində ziyan vurmuşdur. O, özü də 1200 manat hesabı ilə həmin qızılları götürməyə razılaşmışdır. Həmin gün DİN-nin 102 xidmətinə telefonla məlumat vermiş və sonra da gedib 33-cü PB-nə ərizə ilə müraciət etmişdir. Təhqiqat zamanı məlum olmuşdur ki. həmin şəxs Yeni Günəşli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxsdur. Bu günədək də Təqsirləndirilən şəxs ona vurduğu ziyandan ödəməmiş və ya vəd etməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Xətai rayonu Q.Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzinin yanında olan ticarət köşkündə müvafiq lisenziya əsasında qızıl məmulatların alqı-satqısı ilə məşğul olur. 04 aprel 2022-ci ildə həmin köşkdə olan zaman bir nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşaraq özünə məxsus qızıl məmularım satmaq istədiyini bildirmişdir. Müvafiq qaydalara əsasən sonuncudan şəxsiyyət vəsiqəsini tələb etmiş və məlum olmuşdur ki, həmin şəxs Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxsdur. Həmin şəxs, yəni Təqsirləndirilən şəxs 1 cüt qızıl qırğa və 1 ədəd qızıl boyunbağı təqdim edərək satmaq istədiyini bildirmişdir. Həmin məmulatların əyarını və çəkisini müəyyən edib 1080 manata alacağını bildirmişdir. Sonuncu da razılaşmış və alqı-satqı qəbzi tərtib edərək imza etdirib qeyd etdyi sırğa və boyunbağını qəbul edib ona 1080 manat pul vermişdir. Həmin qəbzdə imzanın qarşısında malın özünə məxsus olması və oğurluq olmadığı, özü cavabdeh olması barədə qeyd vardır ki, həmin şəxsə bu barədə izah etmişdir. İş materiallarında olan “İfadələrin yerində yoxlanması haqqında” 10 sentyabr 2022-ci il tarixli protokoldna görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı Suraxanı rayonu Yeni Günəşim qəsəbəsi “Q” yaşayış sahəsi 14 saylı binanın blokuna girdiyi və arxa çıxacaqdan çıxdığı yerləri göstərərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhz həmin yerdə aldadaraq Zərərçəkmiş şəxs2 700 manat pulunu və Zərərçəkmiş şəxs1 qızıl-zinyət əşyalarını ələ keçirdiyini göstərmişdir. İş materiallarında olan Şahid təqdim etdiyi qızılın alqı-satqı qəbzindən görünür ki, 04 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Şahid AA******* nömrəli şəxsiyyət vəsiqəsi ilə 1 cüt qızıl sırğa və 1 ədəd qızıl sep sataraq 1080 manat pul almış, qəbzdə malın özünə məxsus olması, özü satması, qeyri-qanuni olmaması, cavabdeh olması barədə qeyd vardır və qarşısından Təqsirləndirilən şəxs imza etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Lerik rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayəti etiraf edərək səmimi peşman olmasını məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 1(005)-46/2023 saylı, 01 fevral 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 1(005)-46/2023 saylı, 01 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablanmış və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 1(005)-46/2023 saylı, 01 fevral 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi qəti olaraq təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddələrinə əsasən bu hökm üzrə təyin ediləcək cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bakı şəhər Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 1(005)-46/2023 saylı, 01 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanıldığını, bununla təqsirləndirilən şəxs tərəfindən hazırki hökmün icrasına maneçilik törədilməsi ehtimalına əsasların olmadığını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin təsdiq edilməsinə və ya dəyişdirilməsinə zərurət olmadığından ləğv edilməli, barəsində qətimkan tədbiri seçilməməli, həbsdə olduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Bundan başqa məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 1(005)-46/2023 saylı, 01 fevral 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 1(005)-46/2023 saylı, 01 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi cəzaçəkmə müddətinə hesablansın və Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 1(005)-46/2023 saylı, 01 fevral 2023-cü il tarixli tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin olunduğuna görə Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin, həbsdə olduğu nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h **********9212327214, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar