Məhkəmə qərarları › İş №1(010)-214/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-214/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-214/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1984-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, nömrəsiz evdə yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, vahid qəsdlə 2023-cü ilin sentyabr ayından 2024-cü ilin sentyabr ayına qədər olan müddət ərzində, yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindəki, nömrəsiz ünvanda yerləşən evdə Zərərçəkmiş şəxs yataq otağında olan sonuncuya məxsus seyfə qanunsuz daxil olmaqla oradan hissə-hissə olmaqla ümumilikdə 37000 manat pulunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ondan şikayət edən Zərərçəkmiş şəxs onun qaynanasıdır. O, X9 klinikasında xəstə baxıcısı kimi işləyir. Orada işlədiyi müddət ərzində yüksək rütbəli şəxsin anasına baxıcılıq edib. O, 2021-ci il tarixdə Rafayil İsmayılovla tanış olub. Onun və Rafayilin ikinci ailə həyatları olduğu üçün 2022-ci ilin yanvar ayının 2-də toy etmyiblər və ailədaxili məclis ediblər. Onların dini kəbinləri olub. O, qaynanası Zərərçəkmiş şəxs və qayınatası Yusif İsmayılovla bir evdə yaşayıb. Onlarla yaşadığı müddət ərzində bir birilərinə qarşı mehriban münasibətdə olublar. O, övlad sahibi olmaq istəyib, lakin onda olan qadın problemləri səbəbindən uşağı olmurdu. Bu məqsədlə işlədiyi klinikada süni mayalanma etməklə uşaq sahibi olmaq fikrinə gəlmişdir. Bu məqsədlə həyat yoldaşı Rafayillə Loğman klinikasına getmişdir. İlkin mərhələ kimi aşılama prosesi olmuş və 200 manat pul ödəmişlər. Bundan sonra təxminən 2 ay sonra işlədiyi Baku Medikal klinikasının Babək filialında süni mayalanmaq üçün həyat yoldaşı ilə birlikdə getmiş. Rafayil orada süni mayalanmaq üçün 2500 manat pul ödəmişdir. Lakin müəyyən problemlər səbəbindən süni mayalanma alınmamışdır. 3-cü dəfə yenidən həyat yoldaşı ilə birlikdə Baku Medical klinikasının 28 may filalına getmiş. Həyat yoldaşı Rafayil orada analiz vermiş, o, isə Baku Medical klinikasının Babək filialında analizlər vermişdir. Orada işləyən Cəlaləddin Örnək həkim uşaq sahibi olmağı üçün ondan 13000 manat pul istəmiş, 8500 manatı laboratoriya üçün, 4500 manatı isə digər proseslərin getməsi üçün istəmişdir. O, bu barədə həyat yoldaşı Rafayilə və onun ailə üzvlərinə heçnə deməmiş, evdə qayınanasına məxsus pulun olduğunu bildiyi üçün evə gələrək 13000 manat pulu heç kimə demədən götürmüş və aparıb Baku Medikal klinikasına köçürtmüşdür. 10 gün sonra klinikadan süni mayalanmanın uğursuz olması barədə cavab gəlmişdir. O, bu xəbərdən sonra çox pis olmuş və ailə üzvlərinin yanında utandığı üçün seyfdə olan qaynanası Suqraya məxsus qızılları lombarda qoymuş və oradan 5800 manat pul götürmüş və gətirib seyfdən götürdüyü pulun üzərinə qoymuşdur ki birdən həyat yoldaşı bilər. O, qayınanasının həmin pulu torpaq almaq və ev tikmək üçün yığdığını bildiyi üçün, qaynanası Suqranın yanına gələrək yanında işlədiyi yüksək rütbəli şəxsin onlara torpaq hədiyyə etdiyini, tikinti üçün evdə olan 32000 manatı verməyini təklif etmiş, məsləhətləşərək qərara gəlmişdirlər ki, torpağı verilərsə tikintini də onlar etsin. Ailə üzvlərinin razı olduğunu görüb düşünmüşdür ki, sosial şəbəkədə axtarış edib hissə- hissə ödəməklə torpaq və ev sahibi olsunlar və evdən götürdüyü 13000 manat pulu heç kim bilməsin. Bu məqsədlə tik-tok sosial şəbəkəsində axtarış etmiş, orada qarşısına çox elanlar çıxmış, sonuncu axtarışı zamanı 40 pillə inşaat reklamı görmüşdür. Oradakı elanlarda Ramana qəsəbəsində Şuşa şəhərciyində 2.5 sot torpaq sahəsinin içərisində 1 mərtəbəli kürsülü evi tikib ona təhvil verəcəkdirlər. Orada olan nömrələrlə danışmış, onlar ona bildirmişdilər ki, ilkin olaraq 8000-10000 arası pul ödəyir ümumilikdə isə 3 otaqlı evi 65000 manata evi tikib ona təhvil verirlər. Lakin məbləğin çox olması səbəbindən o, 2 otaqlı evə 45000 manata razılaşmışdır. 2023-cü ilin avqust ayında yenidən heç kimə heç nə demədən yaşadığı evdəki qaynanasına məxsus puldan 11000 manat pulu götürmüş, telefonda danışdığı 40 pillə inşaatın kart hesabına ilkin olaraq 7000 manat birinci hissə, ikinci dəfə isə 4000 manat pulu ümumilikdə 11000 manat pulu göndərmişdir. Onlar ona evin bələdiyyə sənədi ilə olacağını, sonradan çıxarış ala biləcəyini demişdilər. O, onlardan yanvar ayına qədər evin tikilib qurtarmasını xahiş etmişdir. Çünki məqsədi həyat yoldaşının ad günündə ona evi sürpriz etmək idi. 2023- cü ilin noyabr ayında qayınanası Suqra toya taxmaq üçün qızıllarını axtarmış, o, isə xəbərinin olmadığını demişdir. Qaynanası açıq ürək əməliyyatı olduğu üçün qızılları başqa yerə qoyduğunu düşünüb axtarmamış, o qayınanasının qızılları axtaracağını bildiyi üçün lombarddan qızılları götürmək qərarına gəlmişdir. 2023cü ilin dekabr ayında qaynanası Suqra seyfdə əlavə olaraq 2000 manat pulun olduğunu, oraya baxdıqda pulun orada olmadığını demiş, o, qayınanasına puldan xəbəri olmadığını demişdir. Qaynanası ona yüksək rütbəli şəxsin qardaşı arvadı Fatma xanıma zəng vurmağı təkid etmiş, o, ayıb olduğunu desə də qaynanası israrla zəng vurmalı olduğunu demişdir. O, bu səbəbdən tanıdığı bir tanışına qaynanası ilə Fatma xanımın adından danışmasını xahiş etmiş, o, danışmalı olduğu söhbəti həmin şəxsə başa salmışdır. Qaynanası onun telefonu ilə Fatma xanımın adından danışan şəxsə danışmış, Fatma xanım adından danışan xanım qayınanasına guya onun verdiyi pulun hamısının sellofanda olduğunu baxıb deyəcəyini bildirmiş, bir müddət sonra Fatma xanım adından zəng vuran xanım 2000 manat artıq pulun və qızıllarında orada olduğunu bildirmiş, bundan sonra qaynanası pulu və qızılları geri göndərməsini bildirmişdir. O, 2024-cü ilin yanvar ayında dərhal lombarda gedərək 5800 manat pulu ödəmiş və qızılları lombarddan götürmüş, bundan sonra 2000 manat pulu həyat yoldaşı Rafayilin kartına atmış və qızılları da gətirərək qayınanasına təhvil vermişdir. Bundan sonra şübhə çəkməmək üçün qayınanasından gizlin olaraq götürdüyü pullardan evin təmir tikinti işlərinə 8000 manata yaxın pul xərcləmiş və yalandan bildirmişdir ki, bunların hamısını yanında işlədiyi yüksək rütbəli şəxs edib. Daha sonra evə kondisioner, dondurucu, qabyuyan maşın, həyətə soyuducu, həyətə yelləncək, həyətə stol stul dəsti almışdır. Həmin əşyaları almaq üçün qaynı Ramin İsmayılovdan borca pul istəmiş, O da ona bir kart vasitəsilə 5000 manat pul göndərmiş və o isə ödənişləri etmiş, və hər ay 500 manat pul karta ödəmişdir. Bundan sonra yaşadıqları evdə qaynanasının qızıl boyunbağını götürmüüş və yenidən süni mayalanma olmaq məqsədilə həmin qızıl boyunbağını aparıb həkimə vermişdir ki, onu süni mayalanma etsin. Lakin 2 gün sonra qaynanası qızıl boyunbağının olmadığını görmüş və onu çağıraraq boyunbağının harda olmasını soruşdur. O, ilk öncə bilmədiyini desə də sonradan ağlayaraq hər şeyi etiraf etmişdir. Bundan sonra sabahsı gün işlədiyi klinikaya gedərək qızıl boyunbağını geri almış və gətirib qaynanasına vermək istəyərkən qaynanası Suqra onun atası və anasını oraya çağırmış və onun icazəsiz qızıllarını götürdüyünü onlara demişdir. O, isə birdə icazəsiz iş görməyəcəyini söz vermişdir. Bundan sonra o, qorxuya düşmüş və torpaq tikdirmək üçün pul verdiyi İbrahim adlı şəxsə evin niyə hazır olmadığını soruşmuş, lakin İbrahim adlı şəxs müxtəlif bəhanələr gətirərək pulu vermək istəməmiş, sonradan isə Hövsan qəsəbəsində ev verməyi təklif etmişdir. O, bu barədə qaynanası Suqraya demiş, oda həyat yoldaşı ilə danışdıqdan sonra razı olmadıqlarını və pulu geri istədiklərini bildirmişdir. 2024-cü ilin 12 sentyabr tarixində qaynanasının seyfdə olan 2000 manat pulunu götürüb lombarda qoyduğu qızıllarını götürmüşdür. 2024-cü ilin sentyabr ayının 14 də həyat yoldaşı Rafayil israrla pulu geri istəmiş, o isə ona müxtəlif bəhanələr uydurmuşdur ki guya yüksək rütbəli şəxsin qardaşı arvadı Fatma xanım pulu artıqlaması ilə qaytaracaq. Lakin buna inanmayan həyat yoldaşı və qaynanası Fatma xanımın özünə zəng vurmuşlar. Fatma xanım bu məsələdən xəbəri olmadığını dedikdən sonra həyat yoldaşı Rafayil və qaynanası Suqra ondan hər şeyi doğru danışmasını istəmişlər. O, hər şeyi etiraf etmiş, onlara 13000 manatı süni mayalanmaya, 11000 manatı torpaq almaq üçün İbrahim adlı şəxsə, 8000 manatı evin təmir tikinti işlərinə, 2000 manat lobmarddan qızıllarını götürmək üçün verdiyini və 1500 manat qaynı Raminin kartına borclu olduğunu demişdir. Onlar onun valideyinlərini oraya çağırmış, valideyinləri yalvararaq şikayət etməmələrini və pulu qaytaracaqlarını bildirmişdilər. Lakin qayınanası Suqra buna inanmayaraq DİN-in 102 xidmətinə məlumat verdiyini, onun isə etdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, nəzərə alınmasını və ona yüngül cəza təyin edildiyini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki. Suraxanı RPİ-nin 31-ci PŞ-nə ərizə ilə o müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu. Yeni Suraxanı qəsəbəsində yaşadığını, 2022-ci ilin yanvar ayının 2 də oğlu X5 Hüseynova ilə ailə həyatı qurduğunu, oğlunun ikinci ailə həyatı olduğu üçün toy etmədiklərini və qohumlar arasında yığıncaq təşkil etdiklərini qeyd etmişdir. Təqsirləndirilən şəxs oğlu ilə ailə həyatı qurduqdan sonra onlarla birlikdə yaşamağa başlamışdır. Gəlini Təqsirləndirilən şəxs əvvəllər onlarla çox yaxşı münasibətdə olmuşdur. O, özünü onlara çox istətmişdir. Gəlini Təqsirləndirilən şəxs Bakı Medical Hospitalda işlədiyini, orada işlədiyi müddət ərzində yüksək rütbəli bir şəxsin anasının baxıcılıq etmişdir. 2023-cü ilin avqust-sentyabr aylarında gəlini Təqsirləndirilən şəxs onun yanına gələrək yanında işlədiyi yüksək rütbəli şəxsin ona Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinin yanında 3 sot torpaq sahəsi pay verdiyini, içərisində 1 mərtəbəli ev tikib hədiyyə edəcəyini demişdir. O, isə əgər istəsələr evdə olan 32000 manat pulu verərək evi istədikləri kimi iki mərtəbəli tikib onlara vermələrini təklif etmişdir. O, oğlu Rafayil və həyat yoldaşı Yusif ilə məsləhətləşməli olduğunu, əgər məsləhət bilsələr yüksək rütbəli şəxsin qardaşının həyat yoldaşı Fatma xanımla danışıb sonra pulu göndərə biləcəklərini bildirmişdir. Aralarında olan söhbət orada da qalmış, onun yadına düşməmiş və gəlini Ətlazda söhbət açmamışdır. Təxminən bir ay müddət keçdikdən sonra onlara evdə pul lazım olmuş və pulu qoyduğu seyfi açıb pul götürmək istəmiş, seyfi açdığı zaman seyfdə pulu görməmiş və dərhal gəlini Təqsirləndirilən şəxsm çağırmış, ondan pulu hara qoyduğunu və yaxud kimə verdiyini soruşdur. Gəlini Təqsirləndirilən şəxs ona pulu Fatma xanıma iki mərtəbəli ev tikmələri üçün verdiyini bildirmişdir. O, gəlininə etiraz edərək niyə öz başına iş görməsini bildirmişdir. Gəlini heç nə olmaz bizim üçün ev tikirlər demişdir. O, gəlini Təqsirləndirilən şəxs orada 32000 manat deyil 38000 manat pul var olduğunu , qalan pulu nə etdiyini soruşmuşdur. O da ona seyfdən cəmi 32000 manat pul götürdüyünü bildirmiş, ondan Fatma xanıma zəng edib soruşmasını tələb etmiş, gəlini Təqsirləndirilən şəxs ona ayıb olduğunu, necə zəng edə bilərəm axı, pis başa düşərlər demişdir. O, gəlini Təqsirləndirilən şəxs Fatma xanıma zəng vurmağa məcbur etmişdir. O. məcbur etdikdən sonra gəlini Təqsirləndirilən şəxs guya Fatma xanıma zəng vurmuş, onunla danışan bir xanım özünü Fatma xanım kimi təqdim etmiş, ona gəlininin evdən pulu götürüb ona verdiyini və səhvən 32000 manat yox 35000 manat pul verdiyini bildirmişdir. O, da ona pulu aldığı kimi seyfə qoyduğunu, içərisinə baxmadığını, sayıb ona deyəcəyini bildirmişdir. Bir müddət sonra Fatma xanım kimi özünü təqdim edən şəxs zəng vuraraq 35000 yox 34000 manat pul olduğunu, bundan başqa qızıllarında orada olduğunu bildirmişdir. O, onun bu sözündən sonra seyfə baxmış və qızıllarının da orada olmadığını görmüşdür. Bundan sonra özünü Fatma xanım kimi təqdim edən şəxsdən qızılları və artıq göndərdikləri 2000 manat pulu da geri göndərməsini xahiş etmişdir. 1-2 gün sonra 2000 manat artıq göndərdikləri pul gəlsə də qızılları gəlməmişdir. O, gəlini Təqsirləndirilən şəxs qızılları gətirməsini tələb etmiş, o, isə demişəm gətirəcəklər deyə cavab vermişdir. Təxminən 2-3 ay sonra gəlini Təqsirləndirilən şəxs ona məxsus qızılları gətirərək guya Fatma xanımın qaytardığını bildirmişdir. 2024-cü ilin iyul ayında evdən 40 qramlıq qızıl sepi yoxa çıxmış, o, dərhal gəlini Təqsirləndirilən şəxs çağırmış və bu evdə onlardan başqa adam olmadığını qızılın harada olduğunu etiraf etməsini istəmiş, gəlini Təqsirləndirilən şəxs ona and aman edərək xəbərinin olmadığını bildirmiş, birlikdə təxminən 1 həftə evdə qızıl sep axtarmışlar. Sonra gəlini Təqsirləndirilən şəxsm çağırmış ondan etiraf etməsini heç kimə heç nə deməyəcəyini bildirmiş, bundan sonra gəlini Təqsirləndirilən şəxs ağlayaraq qızılı pulu həkimə verdiyini demişdir. O, ondan qızılı qaytarmasını istəmişdir. Sabahsı gün gəlini Təqsirləndirilən şəxs işə getmiş, evə qayıtdığı zaman qızıl boyunbağını da özü ilə birlikdə gətirmişdir. O, ondan qızılı götürməmiş və onun atasını və anasını çağırmış, onlar evə gəldikdən sonra onların yanında qızıl boyunbağını gəlini Təqsirləndirilən şəxs götürmüş və onun valideynlərinə qızlarının onun evimdən oğurluq etdiyini demişdir. X10 ağlayaraq birdə qızının bu cür səhv etməyəcəyinə söz vermiş, gəlini Təqsirləndirilən şəxs bu hərəkətindən sonra oğlu Rafayil İsmayılov həyat yoldaşı Ətlazla mübahisə edərək ondan evin tikintisi üçün Fatma xanıma verilmiş 32000 manat pulu tələb etmişdir. Bundan sonra gəlini Təqsirləndirilən şəxs guya Fatma xanıma zənglər və sms vasitəsilə səslər ataraq pulu tələb etmişdir. Bundan sonra gəlini Təqsirləndirilən şəxs guya onlara Hövsan qəsəbəsində hazır ev veriləcəyini dedikdə oğlu Rafayil İsmayılov bununla razılaşmamış və pulu tələb etmişdir. O, gəlini Təqsirləndirilən şəxs Fatma xanıma yığaraq pulu istəməsini tələb etmişdir. Bundan sonra gəlini Təqsirləndirilən şəxs başaq adamlara yığaraq guya Fatma xanım adı ilə danışıb pulu istəmişdir. 14 sentyabr 2024-cü il tarixdə oğlu Rafayil əsəbləşərək Təqsirləndirilən şəxs əlindən telefonu almış və özü yüksək rütbəli şəxsin qardaşı arvadı Fatma xanıma zəng vurmuş və telefonu ona vermiş və o hal əhval tutduqdan sonra ona gəlininin ona vermiş olduğu 32000 manat pulu geri qaytarmasını xahiş etmişdir. Bu zaman Fatma xanım ona puldan xəbərinin olmadığını, Ətlazın ona pul vermədiyini bildirmişdir. O ona gəlini Təqsirləndirilən şəxs onları danışdırdığını, onda 2000 manat artıq pulun olduğunu, qızıllarını qaytardığını bildirmiş, Fatma xanım isə onunla danışmadığını bildirmişdir. Bundan sonra gəlini Təqsirləndirilən şəxs pulları kassadan götürdüyünü, pulları xərclədiyini, qızılları da lombarda qoyaraq pul götürdüyün, daha sonra atasının kredit pul götürərək qızılları lombarddan geri qaytardığını etiraf etmişdir. Bundan sonra gəlini Təqsirləndirilən şəxs X10u yaşadıqları evə çağırmış, Təqsirləndirilən şəxs X10a hər şeyi etiraf edərək onların evindən oğurluq etdiyini boynuna almışdır. Bundan sonra Təqsirləndirilən şəxsm atası ilə birlikdə evdən qovmuşlar. Onları qovduqdan sonra sabahısı gün o yenidən seyfi yoxladıqda Təqsirləndirilən şəxs onların evindən əlavə olaraq 3000 manat və anasının ona verdiyi 2000 manat puluda seyfdən götürdüyünü bilmişdir. Təqsirləndirilən şəxs ümumilikdə onların evindən 37000 manat pulu oğurladığını, gəlini Təqsirləndirilən şəxs seyfdən əlavə olaraq 5000 manatda pulu götürdüyünü görüb dərhal onların yaşadığı ünvana getdiyini, orada onun X10dan qızının əlavə olaraq 5000 manatda ümumilikdə 37000 manat pulu oğurlamasını bildirdiyini, İsa Hüseynovun isə ondan heç kimə heç nə deməməyini ayın axırına qədər pulu qaytaracağını xahiş etdiyini, onun pulu qaytarmadığını görüb DİN-in 102 xidmətinə zəng vurduğunu bildirmişdir. Sonda o,təqsirləndirilən şəxslə barışdığını, şikayətinin və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən verilmiş 21 oktyabr 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, anket məlumatlarında qeyd olunan ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun qardaşının həyat yoldaşıdır. Təqsirləndirilən şəxs ilə Rafayil İsmayılov ilə 2022-ci ildə ailə həyatı qurmuşdular. 2024-cü ilin əvvəllərində qardaşının həyat yoldaşı Təqsirləndirilən şəxs ona zəng vuraraq anasının xəstə olmasını, heç kimdən pul istəmədiyini, atasına deməməyini, həyat yoldaşına deməməsini xahiş edərək ondan 5000 manat pul borc istəmişdir. O da ona bildirdim ki, özünə məxsus bir bank kartından kredit götürə bilərəm. Hər ayın 1 dən 10-qədər vaxtında ödəmək lazımdır. Təqsirləndirilən şəxs onun bu sözləri ilə razılaşmış və o,”Kapital bank” kartından 5000 manat pul çıxardaraq ona göndərmişdir. Təqsirləndirilən şəxs hər ay vaxtı vaxtında krediti ödədiyini, lakin hal hazırda 1500 manat banka pul borcu olaraq qaldığını, onun sonradan Təqsirləndirilən şəxs yaşadıqları evdən anasına məxsus 37000 manat pulu oğurladığını bildiyini, onun digər hadisələrdən xəbərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, anket məlumatlarında qeyd olunan ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun bacısıdır. X7 İsmayılov ilə 2022-ci ildə ailə həyatı qurmuşdur. Birgə yaşadıqları müddət ərzində onlarla aralarında heç bir narazılıq olmamışdır. 2024-cü ilin sentyabr ayında bacısı evlərindən qovduqdan sonra bilmişdir ki, bacısı Təqsirləndirilən şəxs yaşadığı evdən 37000 manat pul götürüb. Bu müddət ərzində onun bu məsələ haqqında heç bir məlumatı olmamışıdr. Bacısının pulu hara xərcləməsini bilməmiş, həmin puldan bacısı ona heç nə verməmişdir. Bacısı Ətlazm həyat yoldaşı Rafayil, qaynanası Suqra, bacısı Ülviyyə onların evlərinə gələrək səs küy salmışlar, o isə onlara məsələlərdən xəbərlərinin olmadığını bildirmişdir. Lakin onlar israrla guya bacısı pulu oğurlayıb atası İsaya verib oda evi təmir etdirdiyin dediklərini, lakin onların bu hadisədən heç bir xəbərlərinin olmadığını bildirmişdir. Məhkəmə iclaslarında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, anket məlumatlarında qeyd olunan ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun xalasıdır. X8 İsmayılov ilə 2022-ci ildə ailə həyatı qurmuşdur. Xalasının həyat yoldaşı Rafayil İsmayılov çilingər işləyir. Xalasının həyat yoldaşından xahiş etdiyini və onun 2023-cü ilin may ayından onun yanında çilingər işləməyə başladığını, Rafayılın ona aylıq 500-600 arası maaş verdiyini, bununla bərabər onların evində yaşadığını, onun yanında işlədiyi müddət ərzində onların aralarının mehriban olduğunu, Rafayılın xalası Ətlaz ilə aralarında olan problemdən xəbərinin olmadığını, 2024-cü il sentyabr ayında xalası Ətlazm yaşadığı evdən pul oğurladığını, onun heç bir məsələyə qarışmadığını və xalasının evlərindən qovduqdan sonra o da Rafayılın yanında işləmədiyini və onun yanından çıxdığını, bundan başqa onun heç bir işdən xəbərinin olmadığını bildirmişdir. Cinayət işinin 52-ci vərəqlərində olan “şübhəli olan şəxsin tutulması haqqında” 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işinin 88-91-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli 4(010)-323/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 02 ay müddətində həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 114-118-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(0100-352/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri eyni müddətə, yəni 25 noyabr 2024-cü il tarixinədək ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilməsi və ev dustaqlığı növündə qətimkan tədbirinin tətbiqinə 23 oktyabr 2024-cü ildən başlanması qərara alınmışdır. Cinayət işinin 126-127-ci vərəqində olan 25 noyabr 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 09-15-ci vərəqlərində olan “baxış keçirmə haqqında” 21 sentyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs oğlu X4 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə qonaq getməsindən istifadə edərək evin yataq otağına gizli olaraq qanunsuz daxil olub oradakı şkafın siyirtməsindən nağd pulu və bir ədəd brilliant qaşlı qızıl üzüyü gizli olaraq talayıb zərərçəkmiş şəxs X6 maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin 27-28-ci vərəqlərində olan “baxış keçirmə haqqında” 06 may 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayından 2024-cü ilin sentyabr ayına qədər olan müddət ərzində, yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindəki, nömrəsiz ünvanda yerləşən evdə Zərərçəkmiş şəxs yataq otağında olan sonuncuya məxsus seyfə qanunsuz daxil olmaqla oradan hissə-hissə olmaqla pulunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin 104-109-cu vərəqlərində olan “üzləşdirmədə dindirmə” haqqında 08 oktyabr 2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə üzləşdirmə dindirmə istintaq hərəkəti keçirilmiş hər iki tərəf ifadələrində qeyd etdiklərini bir birilərinin üzünə qarşı bildirmişdirlər. Cinayət işinin 111-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən əldə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 112-ci vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş 21 oktyabr 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talahmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməllərin təkrar törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin xeyli miqdarda ziyan törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, yuxarıda qeyd edilənlərdən başqa sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi baş vermiş, törədilmiş cinayət əməli ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal kimi müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 156.2-ci maddəsinə əsasən həbs və vəzifədən kənarlaşdırma müstəntiqin vəsatəti əsasında və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı, habelə cinayət işinə baxan məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına əsasən seçilə bilər. Ev dustaqlığı bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəmənin öz təşəbbüsü, müdafiə tərəfinin vəsatəti, habelə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə tərəfindən seçilir. Girov bu Məcəllənin 164-cü maddəsində nəzərdə tutulmuş qaydada yalnız müdafiə tərəfinin vəsatəti ilə məhkəmə tərəfindən seçilir Azərbaycan Respublikası CPM-nin 163.2-ci maddəsinə əsasən ev dustaqlığı məhkəmə tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, habelə həbs qətimkan tədbirinin seçilməsi və ya uzadılması məsələsinə baxılarkən müdafiə tərəfinin vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə seçilə bilər. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məsələsinə, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin əvəz edilməsi kimi baxıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.3-cü maddəsinə əsasən Məhkəmənin həbs, ev dustaqlığı və ya girov qismində seçdiyi qətimkan tədbiri yalnız məhkəmə tərəfindən dəyişdirilə və ya ləğv oluna bilər. Bu Məcəllənin 157.8 və 163.6-cı maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə tərəfindən seçilmiş həbs və ya ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror xitam verə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli həbs qərarı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair qərarını nəzərə alınaraq, 25 sentyabr 2024-cü il tarixindən 23 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı və 23 oktyabr 2024-cü il tarixindən 25 noyabr 2024-cü il tarixinədək “ev dustaqlığı” növündə saxlanıldığı 02 ay müddət ona təyin edilmiş cəzasından çıxılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini) və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilməli və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü il tarixdən 23 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət və 23 oktyabr 2024-cü il tarixindən 25 noyabr 2024-cü il tarixədək olan ümumilikdə 02 (iki) ay müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilsin və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (bir yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar