Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-215/2022 27.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Goranboy rayonunun Dəliməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən onlayn qaydada ödəniş etməklə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,101 qram və 0,335 qram olmaqla, ümumi təmiz çəkisi 0,436 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 17 yanvar 2022ci il tarixdə, saat 15:20 dəqiqədə Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılıb, ünvan 4 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilərək, üzərində şəxsi axtarış aparılan zaman, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd, üzərində “Winston” yazısı olan siqaret qutusunun içərisində iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,101 qram və 0,335 qram olmaqla, ümumi təmiz çəkisi 0,436 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr, eyni tərkibli olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, heroin və metanfetamin olan narkotik vasitədən və psixotrop maddədən istifadə etmiş, həmin maddələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən alıb əldə edərək, istifadə etmişdir. 17 yanvar 2022-ci il tarixdə o, xalası oğlu Kənan Dadaşovla birlikdə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşının ona verdiyi xatırlamadığı bank kartına 151 manat ödədikdən sonra həmin şəxsin dediyi Suraxanı rayonunun Bülbülə qəsəbəsində, Bülbülə yolunun kənarından narkotik vasitəni götürmüş və həmin narkotik maddələrdən içərisində metanmfetamin olan 2 ədəd bükümü və az miqdarda heroin olan 1 bükümü götürüb, sonra istifadə etməyi üçün üzərində saxlamış, qalan narkotik maddələri isə xalası oğlu Kənan götürmüşdür. Bundan sonra yaşadığı məhəlləyə gəlmişdir. 17 yanvar 2022-ci il tarixdə, saat 15:20 radələrində o, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, ev 1 ünvanının qarşısında olan zaman mülki geyimdə şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını bildirmişlər və onu üzərində narkotik maddələr saxlayaraq daşımağında şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış keçirilməsi üçün Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşıb, etiraz etmədən birlikdə polis bölməsinə getmiş, 32-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra dövlət hesabına vəkil dəvət olunmuş və vəkili ona hüquq və vəzifələrini bir daha izah etdikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt polis əməkdaşı üzərində hər hansı bir qanunsuz saxladığı əşya olduğu təqdirdə, onu çıxarıb təqdim etməyini bildirmiş, o, öz növbəsində əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd üzərində “Winston” yazısı olan siqaret qutusunun içərisindəki 3 ədəd bükümü çıxarıb təqdim etmiş, polis əməkdaşı tərəfindən həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş, sonra polis əməkdaşları ondan həmin bükümlərin içərisində nə olması, nə vaxt və haradan əldə etdiyi barədə soruşmuş, həmin bükümlərin içərisində heroin və metanfetamin kimi tanıdığı narkotik maddələrin olduğunu, onları 17 yanvar 2022-ci il tarixdə sosial şəbəkədə tanış olduğu İİR-nın vətəndaşının verdiyi bank kartına 151 manat ödədikdən sonra xalası oğlu Kənan Dadaşovla birlikdə həmin şəxsin dediyi yerə gedib götürdüyünü, həmin narkotik maddədən 3 bükümünü özü götürdüyünü, qalanını isə xalası oğlu Kənanın götürdüyünü, narkotik maddələri öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini və üzərində saxladığını bildirmiş, bundan sonra həmin bükümlər polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, tərəfindən zərfin üzəri imzalandıqdan sonra möhürlənmiş, digər polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilmiş və üzərindən hər hansı bir qanunsuz saxladığı əşya aşkar olunmamışdır. Daha sonra bununla bağlı tərtib olunmuş protokol və digər sənədlər tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Törətdiyi əməldən peşmandır. Himayəsində 3 azyaşlı uşağı vardır, barəsində hökm çıxarılarkən, bu xüsusatın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci PB-də əməliyyat müvəkilli vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. Suraxanı RPİ-nin 32-ci PB-nə əməliyyat yolu ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 2-nin qarşısında Ziya və Kənan adlı şəxsin narkotik vasitə əldə edib qanunsuz olaraq narkotik vasitələrin saxlanması, istifadə edilməsi və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılmasından ötrü raportla Suraxanı PRİ-nin 32-ci PB-nin rəhbərliyinə məruzə olunduqdan və müvafiq sənədləşmə işləri aparıldıqdan sonra tərəfindən əməliyyat tədbirləri həyata keçirilərək, 17.01.2022-ci il tarixdə, saat 15:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 2-nin qarşısında Ziya və Kənan adlı şəxs saxlanılaraq, şəxsiyyəti xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyənləşdirilmiş və üzərində narkotik vasitənin əldə olunaraq saxlanmasında, gəzdirilməsində və daşımasında şübhəli olduğu üçün, saxlandığı izah edilərək Suraxanı RPİ-nnin 32-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaların və ya sənədlərin olması ehtimalı nəzərə alınaraq, barəsində müvafiq tədbir görülməsi üçün Suraxanı RPİ-nin 32-ci PB-nin rəhbərliyinə müraciət etdikdən sonra Suraxanı RPİ-nin 32-cİ PB-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunmaqla hüquqları və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparalıması keçirilməyə balanmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaların və ya sənədlərin olduğu halda, onları könüllü sürətdə təklif edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ arxa cibində saxladığı “Winston” siqaretinin qutusunu içərisində olan 3 ədəd büküm təqdim edərək, həmin bükümlərin içərisində metanfetamin və heroin olmasını bildirmiş, həmin psixotrop maddəni haradan hansı məqsədlə əldə etməyi soruşulduqda, onu 17 yanvar 2022-ci il tarixdə sosial şəbəkədə tanış olduğu İİR-nın vətəndaşının verdiyi bank kartına 151 manat ödədikdən sonra xalası oğlu Kənan Dadaşovla birlikdə həmin şəxsin dediyi yerə gedib götürdüyünü, həmin psixotrop maddədən 3 bükümünü özü götürdüyünü, qalanını isə xalası oğlu Kənanın götürdüyünü, narkotik vasitəni və psixotrop maddəni öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini və üzərində saxladığını bildirmiş, bundan sonra bükümlər zərfə qoyularaq möhürlənib qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edilərək imzalanmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, eyni xüsusatları təsdiq etmişdir. İş materiallarından görünür ki Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından müəyyən olunur ki, 19 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 18 yanvar 2022-ci il tarixli 6/314 nömrəli məhkəmə kimyəvi ekspertizası üzrə verdiyi rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,101 qr, 0,335 qram, ümumi təmiz çəkisi 0,436 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan metamfetamindir. 1 ədəd bükümdə təmiz çəkisi 0,051 qr olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X5-Narkoloji tibbi yoxlama ekspertizasının 18.02.2022-ci il tarixli 786 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Ərazi narkoloj i dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan AZ-İİİ seriyalı 764201 saylı, AZ-İİİ seriyalı 991763 saylı və AZ-İV seriyalı 669997 saylı doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində müvafiq olaraq 11.03.2016-cı il, 18.07.2017ci il və 05.11.2021-ci il təvəllüdlü 3 azyaşlı övladı var. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə və ibtidai istintaq zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin və metamfetamin olan narkotik vasitənin və psixotrop maddənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah-tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı uşağı vardır. Cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə cəza təyin edərkən, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini də nəzərə almalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Həsənov X4 rayonunun Dəliməmmədli kəndində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanda kirayədə yaşayır, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, ailə üzvləri isə daimi olaraq Goranboy rayonunda yaşayırlar, o, isə qətimkan tədbirinin şərtlərini pozmamaq məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşamış, ancaq ailə üzvləri ilə birlikdə daimi olaraq Goranboy rayonunda yaşamaq niyyətindədir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən, bu xüsusat nəzərə alınmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi ümumilikdə 0,336 qram psixotrop maddə olan metamfetamin və təmiz çəkisi 0,041 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.01.2022-ci il tarixdən 19.01.2022-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddəti ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy rayonunun Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24.00-dən növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi ümumilikdə 0,336 qram psixotrop maddə olan metamfetamin və təmiz çəkisi 0,041 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-215/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-215/2022
27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver