Məhkəmə qərarları › İş №1(010)-216/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-216/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-216/2020 01.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, Suraxanı Rayon Məhkəməsinin 1(010)-67/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxxxx 2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, Suraxanı Rayon Məhkəməsinin 4(010)-210/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində əvvəli xx xxxxxxxx 2020-ci ildən hesablanmaqla 3 ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin tarixdən etibarən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə bir ədəd odlu silah – zavod üsulu ilə istehsal edilmiş, nömrəsi silinmiş, 9 mm kalibrli “PM” modelli “Makarov” konstruksiyalı, saz və atəşə yararlı vəziyyətdə olan tapançanı, 01 ədəd “Makarov” konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, 8 ədəd 9x18 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş istifadəyə yararlı sandıqsanı və 4 (dörd) ədəd 9x18 mm kalibrli zavod üsulu ilə istehsal edilmiş, “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilən, döyüş sursatı hesab edilən, atəşə yararlı patronları qanunsuz olaraq əldə edib özündə saxlamış, xx xxxxxxxx 2020-ci ildə saat 12 radələrində həmin tapançanı komplekt hissələri ilə birlikdə üzərində daşıyarkən NBPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı X4 stansiyası ərazisində saxlanılaraq NBPİ-nin inzibati binasına gətirilmiş və orada üzərinə baxış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ arxa tərəfdən kəmər hissəsinə taxılmış vəziyyətdə olan həmin tapança komplekt hissələri ilə birlikdə aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, üzərindən aşkar olunmuş “Makarov” tipli tapançanı, 4 ədəd güllə və sandıqcası ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən bazarın ərazisindəki zibillikdən tapıb. Həmin tapançanı götürüb yaşadığı evin həyətində torpağın altında gizlətmişdir. xx xxxxxxxx 2020-ci ildə saat 11 radələrində həmin silahı basdırdığı yerdən çıxarıb satmaq məqsədi ilə X4 vağzalının ərazisinə gəlmiş, bu zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, həmçinin onu odlu silah gəzdirməkdə şübhəli olduğuna görə Nəqliyyatda Baş Polis İdarəsinə gətirmişlər. Polis idarəsində ona hüquqları və vəzifələri izah edilmiş, vəkil dəvət olunmuş, bundan sonra hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ tərəfdən arxa kəmər hissəsinə taxdığı “Makarov” tipli tapança sandıqcası və 4 ədəd gülləsi ilə birlikdə aşkar olunaraq götürülmüşdür. Həmin əşyalar hal-şahidlərinin, vəkilin və özünün iştirakı ilə zərfə qoyularaq ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Əməlindən peşmandır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx xxxxxxxx 2020-ci ildə saat 14:30 radələrində Nəqliyyatda Baş Polis İdarəsinin qarşısından keçərkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb bir nəfər şəxsin üzərinə baxış keçirilməsində hal-şahidi qismində iştirak etməsini təklif etməklə NBPİ-nin inzibati binasına dəvət etmişlər. O, polis əməkdaşlarının bu təklifi ilə razılaşmışdır. Polis idarəsində adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxsin üzərinə digər hal-şahidinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı onun əynində olan qara rəngli cins şalvarın arxa sağ tərəfdən kəmər hissəsinə taxdığı “Makarov” tipli tapançaya bənzər predmet, bir ədəd sandıqca və 04 ədəd güllə aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən həmin silah, güllələr və sandıqca ilə birlikdə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, NBPİ-nin CAİ-nin şöbə rəisi vəzifəsində işləyir. “Ramil” adlı şəxsin xx xxxxxxxx 2020-ci ildə saat 12 radələrində X4 Stansiyasının ərazisinə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması üçün idarə rəhbərliyinin göstərişinə əsasən əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibində onun özü də olmuşdur. Tədbir xx.xx.2020-cı ildə saat 12 radələrində Bakı şəhəri, X4 Stansiyası ərazisində keçirilmişdir. Tədbir zamanı bir nəfər şəxsin özünü şübhəli apardığını gördükləri üçün ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra NBPİ-nə dəvət etmişlər. NBPİ-nin inzibati binasinda tam adı sonradan məlum olan Təqsirləndirilən şəxs üzərinə hal-şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış keçirilərkən onun əynindəki cins şalvarın arxa sağ tərəfdən kəmərinə taxdığı bir ədəd “Makarov” tipli tapança, bir ədəd sandıqca və dörd ədəd güllə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı Suraxanı qəsəbəsində yerləşən bazarın ərazisindəki zibillikdən tapdığını, elə o vaxtdan özündə saxlayaraq yaşadığı həyətdə basdırdığını və xx xxxxxxxx 2020-ci ildə səhər saatlarında basdırdığı yerdən çıxardaraq satmaq məqsədi ilə X4 Vağzalının ərazisinə gəldiyini bildirmişdir. təqsirləndirilən şəxsdən aşkar olunmuş həmin silah zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid3 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən xx xxxxxxxx 2020-ci ildə verilmiş ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 04 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur …”. xx xxxxxxx 2020-ci il tarixli 3/1133 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, nömrəsi silinmiş, 9 mm kalibrli “PM” modelli “Makarov” konstruksiyalı tapançadır - yivli odlu silahdır, saz vəziyyətdədir atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd predmet Makarov konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 ədəd 9x18 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş sandıqcadır (daraqdır), istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd 9x18 mm kalibrli patron zavod üsulu ilə istehsal edilmiş, “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilən patrondur, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, ailəli olmaqla himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu, özünün vərəm xəstəliyindən əziyyət çəkdiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin qeyd olunur ki, Quliyev X2 Rayon Məhkəməsinin 1(010)-67/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxxxx 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.1 maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Təchizat bölməsində saxlanılan 1 (bir) ədəd «Makarov» tipli tapança və 01 (bir) ədəd sandıqca Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Təchizat bölməsində saxlanılan 1 (bir) ədəd «Makarov» tipli tapança və 01 (bir) ədəd sandıqca Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar