Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-216/2022 12.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1982-ci ildə Astara rayonu, Kakalos kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonu, Kakalos kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində arvadı X1 məxsus və sonuncu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ƏN-Vİİ seriyalı 919479 nömrəli etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz C240” markalı, 99MO430 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi istiqamətindən Yeni Suraxanı dairəsi istiqamətinə saatda 10-15 km/s sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda və hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət etməyərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən “Araz” marketin qarşısında üzü Yeni Suraxanı dairəsi istiqamətinə gedən yolda ondan öndə hərəkət edən nəqliyyat vasitəsini ötmə əməliyyatı edərək keçən zaman yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin ön hissəsi ilə hərəkət istiqamətinin sağ tərəfindən sola doğru keçən piyada X2 vuraraq ehtiyatsızlıqdan ona sol hər iki topuğun incik sümüyünün aşağı 1/3-nin qəlpəli sınığı, medial topuğun yerdəyişmiş sınığı, sindesmozun cırılması ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 06 oktyabr 2021-ci il tarixdə səhər saatlarında idarə etdiyi “Mercedes Benz C240” markalı 99MO430 dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evdən çıxmış və Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin girişində yerləşən dairəyə doğru hərəkət edən zaman həmin dairəyə yaxın yerləşən “Araz” marketin qarşısında avtobus dayandığını görmüşdür. Avtobusun dayandığını gördüyü üçün sürətini saatda 5- 10 km-ə qədər azaltmışdır. O, avtobusun qabaq təkərinə baxmış, heç kimin keçmədiyini görüb avtobusu keçərək sürətini təxminən saatda 10-15 km-ə qədər qaldıraraq hərəkətini davam etdirdikdə qəflətən yolu qaçaraq keçmək istəyən sonradan tanıdığı Elmira onun idarə etdiyi avtomobilin sağ yan güzgüsünə çırpılıb yerə yıxılmışdır. O, avtomobili saxlamış və onu öz avtomobili ilə 3 saylı ŞKX-yə aparmışdır. Xəstəxanada həkimlər Elmiraya ilkin tibbi yardım göstərərək ayağına gips qoydular və həkim bildirdi ki, 10 gün sonra yenidən müayinə olunması üçün xəstəxanaya gətirsin. Daha sonra pulu olmadığı üçün mobil telefon vasitəsilə yaxınları ilə əlaqə saxlayaraq hadisə barədə məlumat vermiş və onlar xəstəxanaya gələrək ona 500 manat məbləğində pul gətirmişlər. Elmiranın ayağına gips qoyulduqdan sonra xəstəxanadan çıxmış və onu avtomobillə evinə aparmışdır. Evə apardıqda orada Elmiragilə 100 manat əlavə pul verdi. Təxminən 2-3 gün sonra Elmira ona zəng edərək müayinə üçün həkimə getmək istədiyini bildirdi. O, isə Elmiranı evindən götürərək xəstəxanaya aparmışdır. Xəstəxanada müayinə olunan zaman həkim Elmiranın tez-tez xəstəxanaya gəlməməsini bildirdi. Bunda sonra təxminən 1 ay yarım o, Elmiranın bütün xərclərini qarşılamış və 1-2 həftədən bir Elmiranın həyat yoldaşını çağıraraq imkanı çatan qədər maddi yardım göstərmişdir. Ümumilikdə həmin dövrdə Elmira üçün 1.500 manat pul xərcləyib. Sonra o, işi ilə əlaqədar Lənkəran rayonuna getməli oldu və Elmiranın həyat yoldaşı ilə telefon vasitəsilə əlaqə saxlayaraq əgər hər hansı bir problem yaranarsa qayınatası ilə əlaqə saxlamaları barədə məlumat verdi. Rayonda olan zaman Elmira ona zəng edərək həkimdən narazı olduğunu və onu qane etmədiyini, eyni zamanda tanış həkim olduğunu, müayinədən keçdiyini və əməliyyat olunacağını bunun üçün isə 1.700 manat məbləğində pul lazım olduğunu bildirdi. O, isə ona həmin məbləğə imkanı çatmadığını və istəsə şikayət etməsini bildirdi. Daha sonra əməliyyat olunması üçün həmin məbləği tapıb ona verəcəyini və həmin məbləği ödədikdən sonra əlavə pul verə bilmədiyini bildirdi. Elmira ona bildirdi ki, əməliyyat olunduqdan sonra 3 ay müddətində Elmiraya o, baxmalıdır. O, isə bununla razılaşmadı və hara lazımdı şikayət etməsini bildirdi. Bundan sonra Elmiranın yaxınları onunla əlaqə saxlayaraq həmin məbləğlə razılaşdıqlarını və pulu karta köçürtməyi barədə məlumat verdilər. Həmin söhbətdən sonra o, 1700 manat pulu karta köçürdü. Bununla bağlı qəbzlər var. Ona ikinci dəfə pul verdikdən bir həftə sonra isə Elmira onun barəsində şikayət etdi. Göstərilənlərə əsasən, ona bəraət verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 06 oktyabr 2021-ci il tarixdə saat 10-11 radələrində yaşadığı evdən çıxıb 104 nömrəli marşruta minərək 101 nömrəli məktəbin yanındakı evdə işləməyə getmişdir. X5 qəsəbəsində, əsas yolun üzərində yerləşən “Araz” marketin qarşısında saxlamış, o, avtobusdan düşmüş, avtobusun qabağından keçərək yolun digər istiqamətinə keçmək istəmişdir. Həmin vaxt avtobusun gəldiyi istiqamətdən bir “Mercedes” minik markalı, gümüşü rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil sol ayağından vurmuş və o, maşının vurması nəticəsində yerə yıxılmışdır. Avtomobilin sürücüsü avtomobili saxladı, sonradan adının Sahil olduğunu bildiyi sürücü maşından düşdü və onu öz avtomobilinə əyləşdirərək 3 saylı Sabunçu xəstəxanasına apardı. Xəstəxanaya sonradan Sahilin arvadı, qayınatası, arvadının xalası oğlu gəldi. Sahilin arvadı onlar barəsində şikayət etməməyi və buna görə o, xəstəxanaya yalandan yıxıldığını deməyini xahiş etmişdir. 3 saylı ŞKX-da onun ayağına gips qoyulduqdan sonra evə gəlmişdir. 17 gün ayağı gipsdə qaldıqdan sonra özü gipsi açmış və ayağının suluxladığını görmüşdür. O, ayağının sağalmağını gözlədi və daha sonra özü Nəsimi bazarının yanındakı travmatologiya xəstəxanasına getmişdir. Orada ona əməliyyata ehtiyac olduğunu və 1.700 manat pul lazım olduğunu bildirdilər. Sahil həmin pulu ona verdi və o, ayağını əməliyyat etdirdi. 3 gün xəstəxanada qaldıqdan sonra qohumu Sahil ilə telefonda danışan zaman Sahil telefonu «otboy» elədi. Bundan sonra Sahil bir daha onunla əlaqə saxlamamağını bildirdi. Onun hazırda da tam sağlamlığı bərpa olunmadığı üçün, əlavə tibbi yardıma ehtiyacı olduğu üçün Sahilə yenə müraciət etdi. Sahil isə hara istəyirsə gedib şikayət etməyini bildirdi. Bundan sonra o, hadisə barədə şikayət etdi. Sahil və onun qohumları onu müalicə edəcəklərini bildirdiklərinə görə hadisəni hüquq mühafizə orqanlarından gizlətmişdir. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş cəza təyin olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxsin öz cinayətini etiraf etmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlar, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sənədlərlə tam təsdiq olunur. 14 mart 2022-ci il tarixli 8/411 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Mercedes Benz C240 markalı 99MO430 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 17 noyabr 2021-ci il tarixli 1243 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sol hər iki topuğun incik sümüyünün aşağı 1/3-nin qəlpəli sınığı, medial topuğun yerdəyişmiş sınığı, sindesmozun cırılması bərk küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə salamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Qeyd edilən xəsarətlərin xarakterik xüsusiyyətlərinə və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlərin vət.Zərərçəkmiş şəxs özü tərəfindən yetirilməsi inandırıcı deyildir”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, himayəsində 3 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını, habelə hadisədən bilavasitə sonra və daha sonralar zərərçəkmiş şəxsə zəruri tibbi yardım göstərilməsi üçün özündən asılı olan tədbirləri gördüyünü iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə işlə əlaqədar həmçinin aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr «icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1 – 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla)». Qeyd olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlərin təsiri altına düşmür. Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə «bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda – təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə» ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 9.1-ci bəndi tətbiq edilsin və o, hazırkı hökmlə təyin olunan 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-216/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-216/2022
12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver