Məhkəmə qərarları › İş №1(010)-220/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-220/2021

09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-220/2021 09.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:30-da, Bakı şəhərində, Təqsirləndirilən şəxs, 23 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində ikisi azyaşlı, biri isə yetkinlik yaşına çatmayan olmaqla üç uşağı olan, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 44B nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 20.000 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-13171/2018 saylı, həmçinin 38.400 manat məbləğində pul vəsaitinin, ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə 2.000 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(010)-4264/2019 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 500 manat cərimə olunmasına, bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən 30 mart 2021-ci il tarixədək Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-13171/2018 saylı qətnaməsi üzrə cəmi 3.800 manat məbləğində pul vəsaitini tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəmiş, həmin qətnamə üzrə 16.200 manat məbləğində, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(010)-4264/2019 saylı qətnaməsi üzrə isə 38.400 manat məbləğində, 2.000 ABŞ dolları məbləğində və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunu ödəməmiş, tələbkara həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)- 13171/2018 saylı qətnaməsinə əsasən o, 20.000 manat məbləğində pul vəsaitini və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzini tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. Həmçinin, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(010)-4264/2019 saylı qətnaməsinə əsasən ondan, 38.400 manat məbləğində pul vəsaiti, ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə 2.000 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Sözügedən qətnamələr icraya yönəldilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən həmin qətnamələr üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmişdir. Lakin xəbərdarlıq edilməsinə, izahatı alınıb məsulliyyətinin izah edilməsinə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən 30 mart 2021-ci il tarixədək Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-13171/2018 saylı qətnaməsi üzrə cəmi 3.800 manat məbləğində ödəniş etmiş, həmin qətnamə üzrə 16.200 manat məbləğində, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(010)-4264/2019 saylı qətnaməsi üzrə isə 38.400 manat məbləğində, 2.000 ABŞ dolları məbləğində və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunü ödəməmişdir. Zərərçəkmiş şəxs isə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək, hər iki məhkəmə qətnaməsi üzrə borcun ödənilməsinin təmin edilməsini, əks halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmağını tələb etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, taksi fəaliyyəti göstərməklə fərdi əməklə məşğul olur. Aylıq qazancı orta hesabla 800-1.000 manat təşkil edir ki, həmin məbləğ də özünün və ailsinin dolanışacağını güclə təmin edir. İcra məmuru tərəfindən ona məşğulluq mərkəzinə iş axtaran kimi qeydiyyata durmaq üçün edilən təklifdən, əmək haqqı az olduğuna görə imtina etmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, hər iki qətnamədən narazıdır, həmin qətnamələri ədalətsiz hesab edir. Məhz buna görə də məhkəmə qətnamələrini icra etmir. Sonda Təqsirləndirilən şəxs barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-13171/2018 saylı qətnaməsinə əsasən 20.000 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, habelə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(010)-4264/2019 saylı qətnaməsinə əsasən 38.400 manat məbləğində pul vəsaiti, ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə 2.000 ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində vəsait Təqsirləndirilən şəxs onun xeyrinə tutulmuşdur. Sözügedən qətnamələr üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılsa da, uzun müddət keçməsinə baxmayaraq borclu qeyd edilən icra sənədlərini icra etmir. İcra sənədlərinin icrasını həyata keçirmiş icra məmuru tərəfindən görülmüş icra tədbirləri də heç bir nəticə verməmiş, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra etməkdən qərəzli olaraq yayınmışdır. Buna görə də o, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə müraciət edərək borclu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Təqdimat verilən 30 mart 2021-ci il tarixədək Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-13171/2018 saylı qətnaməsi üzrə cəmi 3.200 manat məbləğində ödəniş etmiş, həmin qətnamə üzrə 16.200 manat, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(010)-4264/2019 saylı qətnaməsi üzrə isə 38.400 manat, 2.000 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitini qərəzli olaraq ödəmir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və sonuncunun barəsində qanunvericilikdə müəyyən edilmiş hədd daxilində ən ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs 20.000 manat məbləğində pul vəsaitini və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzini tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-13171/2018 saylı, həmçinin 38.400 manat məbləğində pul vəsaitini, ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə 2.000 ABŞ dolları məbləğində pul vəsaitini və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(010)-4264/2019 saylı qanuni qüvvəyə minmiş qətnamələrinə dair icra sənədləri Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun yaşadığı ünvana göndərilmiş və könüllü icra üçün borcluya 10 gün müddətinə vaxt verilmişdir. Bundan əlavə borclu Təqsirləndirilən şəxs şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda öhdəliyini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə məcburi icra tədbirləri qismində borclunun mülkiyyətində olan nəqliyyat vasitələrin üzərinə həbs qoyulmuşdur. Lakin həmin avtomobillərin yeri müəyyən edilmədiyindən onların açıq hərracdan stışını həyata keçirmək mümkün olmamışdır. Habelə borclunun adında tələbin yönəldilə biləcək pul vəsaiti və sair gəlirləri də aşkar edilməmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmiş və həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 500 manat cərimə olunmuşdur. Bundan sonra da cira sənədlərinin icra olunması istiqamətində icra tədbirləri davam etdirilmiş, lakin hər hansı bir müsbət nəticə əldə olunmamışdır. Buna görə də 05 mart 2021-ci il tarixdə borclunun barəsində ikinci dəfə inzibati protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 05 mart 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra borclu yenidən icra şöbəsinə dəvət olunaraq icra sənədlərini icra etmədiyi təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və həmin xəbərdarlıq ona şəxsən təqdim edilmişdir. Buna baxmayaraq, borclu özü üçün heç bir nəticə çıxartmamış, icra sənədlərini icra etməməyə davam etmişdir. İcra sənədləri üzrə tələbkar Zərərçəkmiş şəxs isə öz növbəsində müraciət edərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinə dair icra sənədlərini qərəzli icra etməyən borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri tədbirlər görülməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs verdiyi izahatlarından göründüyü kimi o, əsassız dəlillər gətirərək borcunu ödəməkdən boyun qaçırmış və icra sənədlərinin icrasından yayınması ilə bağlı qanunla buna əsas verən hər hansı bir üzrlü səbəblər göstərməmişdir. Borclu təqdimat verilən 30 mart 2021-ci il tarixədək Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-13171/2018 saylı qətnaməsi üzrə cəmi 3.800 manat məbləğində pul vəsaitini tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəsə də, həmin qətnamə üzrə 16.200 manat məbləğində vəsaiti, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(010)-4264/2019 saylı qətnaməsi üzrə isə 38.400 manat məbləğində vəsaiti, 2.000 ABŞ dolları məbləğində vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməmiş, tələbkara həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bu səbəbdən də toplanmış materiallar 30 mart 2021-ci il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-13171/2018 nömrəli qətnaməsindən və həmin qətnaməyə dair icra vərəqəsindən görünür ki, 20.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmuşdur. Qətnamə 10 may 2019-cu il tarixdə qanuni qüvvəsini almış və həmin qətnaməyə dair icra sənədi 24 iyun 2019-cu il tarixdə verilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(010)- 4264/2019 nömrəli qətnaməsindən və həmin qətnaməyə dair icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 38.400 manat, ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə 2.000 ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulmuşdur. Həmin qətnaməyə dair icra sənədi 03 dekabr 2020-ci il tarixdə verilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 11 iyul 2019-cu il və 10 dekabr 2020-ci il tarixli qərarların surətlərindən görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-13171/2018 nömrəli və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(010)-4264/2019 nömrəli qətnamələrinə dair icra sənədləri üzrə icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs hər bir icra sənədi üzrə 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan tələbin könüllü icrası haqqında 11 iyul 2019-cu il və 10 dekabr 2020-ci il tarixli bildirişlərdən görünür ki, müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-13171/2018 nömrəli və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(010)-4264/2019 nömrəli icra sənədlərində göstərilən tələblərin 10 gün müddətində icra olunması Təqsirləndirilən şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materialalrında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 may 2019-cu il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-13171/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materialalrında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 01 avqust 2019-cu il tarixli, 18/107164/19-19 nömrəli sorğusuna 15 avqust 2019-cu il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına elektron informasiya sistemində əmək müqaviləsi bildirişi mövcud deyil. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 8(010)-682/2019 nömrəli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ərizəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-13171/2018 nömrəli qətnaməsinin hər ay 500 manat olmaqla hissə-hissə icra etdirilməsi qərara alınmışdır. İş materiallarında olan “Kapital Bank” açıq səhmdar cəmiyyətinin Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 01 avqust 2019-cu il tarixli, 18/107164/19-19 nömrəli sorğusuna 21 avqust 2019-cu il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına heç bir bank hesabı yoxdur. İş materialarında olan Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 8(103)-569/2019 nömrəli qərardadından görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 8(010)-682/2019 nömrəli qərardadı ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 8(010)-982/2019 nömrəli qərardadından görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin təqdimatı əsasında Təqsirləndirilən şəxs məxsus “VAZ 21214” markalı, ** LR *** dövlət qeydiyyat nişanlı və “VAZ 21723” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan borclunun əmlakının axtarılması haqqında 16 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “VAZ 21214” markalı, ** LR *** dövlət qeydiyyat nişanlı və “VAZ 21723” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobillərin axtarışı elan edilmiş, axtarışın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin 16 yanvar 2020-ci il tarixli, 18- 102622-10 və 19 fevral 2021-ci il tarixli, 18-102622-10 nömrəli sorğularına 18 fevral 2020ci il və 26 aprel 2021-ci il tarixli cavab məktublarından görünür ki, X4 İdarəsinin şəxsi heyəti Təqsirləndirilən şəxs məxsus nəqliyyat vasitələrinin mühafizə duracağına yerləşdirilməsi barədə təlimatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 07 sentyabr 2020-ci il tarixli, 18-102622-10 nömrəli sorğusuna 20 noyabr 2020-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “VAZ 21214” markalı, ** LR *** dövlət qeydiyyat nişanlı və “VAZ 21723” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə məhdudiyətin qoyulmasına dair Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(103)-859/2020 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(010)-4264/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 3(010)-166/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-13171/2018 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat cərimə edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 19 fevral 2020-ci il tarixli, 8(103)-108/2020 nömrəli qərardadından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 8(010)-982/2019 nömrəli qərardadı Təqsirləndirilən şəxs şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 3(103)-540/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat cərimə edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 3(010)-166/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(102)-4367/2020 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(103)-859/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan icra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında 14 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-13171/2018 nömrəli və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(010)-4264/2019 nömrəli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 8(010)-28/2021 nömrəli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-13171/2018 nömrəli və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(010)-4264/2019 nömrəli qətnamələrinə dair icra sənədlərinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq borc ödənilənədək məhdudlaşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 3(010)-417/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin 16 mart 2021-ci il tarixli xəbərdarlıq məktubundan və onun üzərindəki qeyddən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-13171/2018 nömrəli və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(010)-4264/2019 nömrəli icra sənədləri üzrə borcunu ödəmək üçün Təqsirləndirilən şəxs bir daha 10 gün müddətinə vaxt verilmiş, qeyd edilən müddət ərzində borcunu qərəzli olaraq ödəmədiyi təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəyi barədə xəbərdar edilmiş, həmin xəbərdarlıq məktubunu Təqsirləndirilən şəxs həmin tarixdə şəxsən imza etməklə qəbul etmişdir. İş materiallarında olan cinayət məsuliyyətinə cəlb olunma haqqında 30 mart 2021-ci il tarixli təqdimatdan görünür ki, barəsində cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimat verilənədək Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-13171/2018 saylı qətnaməsi üzrə cəmi 3.800 manat məbləğində pul vəsaitini tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəsə də, həmin qətnamə üzrə 16.200 manat, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(010)- 4264/2019 saylı qətnaməsi üzrə isə 38.400 manat, 2.000 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitini ödəməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə 04 fevral 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 500 manat məbləğində cərimə olunmasına, habelə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə 05 mart 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 10 gün müddətinə inzibati həbs olunmasına, borcunu ödəmək üçün təkrar olaraq ona 10 gün vaxt verilməsinə, həmin müddət ərzində icra sənədləri üzrə borcunu ödəməkdən boyun qaçıracağı halda qərəzli olaraq ödəmədiyi təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, hüquqazidd davranışını davam etdirərək Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-13171/2018 nömrəli və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(010)-4264/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrini icra etməmiş və buna görə də icra qurumu olan Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən həmin şöbənin rəhbərliyi vasitəsilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində ikisi azyaşlı, biri isə yetkinlik yaşına çatmayan olmaqla üç uşağının olmasını, zərəçəkmiş şəxsə Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-13171/2018 saylı qətnaməsi üzrə 3.800 manat ödəməklə həmin icra sənədini qismən icra etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddələrlə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni cərimə, ictimai işlər, islah işləri və ya azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 09 sentyabr 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar