Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-220/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1977-ci ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Suraxanı Rayon Məhkəməsinin 19 avqust 2025-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin qərara əsasən 07 noyabr 2025-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək heç bir səlahiyyəti olmadığı halda, sonuncuya arvadı Zəminə Cəfərovanın əlillik müddətinin artırılması üçün zəruri köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq 2023-cü il mart ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə, saat 13 radələrində ünvan 3 ünvan qarşısında Zərərçəkmiş şəxs1 iradə etdiyi «Mitsubishi Pajero» minik markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobildə 2500 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 2500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək heç bir səlahiyyəti olmadığı halda, onu Bakı şəhəri, Suraxanı rayonu ərazisində fəaliyyət göstərən «Gənclər və Əlillər» Birliyinə tibb bacısı kimi işə qəbul etdirəcəyinə dair yalandan vəd verib aldadaraq 11 may 2023-cü il tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 4 ünvanda 5500 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 5500 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə X2 etibarından sui-istifadə edərək heç bir səlahiyyəti olmadığı halda, ona övladı X4 həqiqi hərbi xidmətə növbəti çağırışdan möhlət hüququ əldə etməsinə köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 15 iyun 2023-cü il tarixdə saat 13:00 radələrində ünvan 5 ünvanda yerləşən «Tərlan» şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mitsubishi Pajero» minik markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobildə onun əvvəlcə 3000 manat, 03 iyul 2023-cü il tarixdə saat 19:00-02:00 radələrində Zərərçəkmiş şəxs1 ünvan 6 ünvanda yerləşən “Hərbi Hospitalın” qarşısında mobil tətbiq vasitəsi ilə özünə məxsus 416973******9100 bank kartına bağlı olan hesabdan «Birbank» mobil tətbiqi vasitəsi ilə ona məxsus 409858******1806 nömrəli bank kartına bağlı olan hesaba köçürdüyü 3000 manat, 09 iyul 2023-cü il tarixdə gecə saat 23:53-də yaşadığı ünvan 7 ünvanından isə Zərərçəkmiş şəxs1 özünə məxsus 676867******0161 bank kartına bağlı olan hesabdan «Birbank» mobil tətbiqi vasitəsi ilə ona məxsus 409858******1806 nömrəli bank kartına bağlı olan hesaba köçürdüyü 1000 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 7000 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək heç bir səlahiyyəti olmadığı halda, ona gəlini X1 Bakı şəhərində orta məktəblərdən birinə müəllim kimi işə düzəlməsinə köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissəhissə olmaqla 26 dekabr 2023-cü il tarixdə saat 12:00 radələrində yaşadığı ünvan 8 ünvanda yerləşən evində əvvəlcə Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs3 milli valyuta ilə 8500 manat ekvivalentində 5000 ABŞ dollarını, 14 aprel 2024-cü il tarixdə saat 13:00 radələrində isə həmin ünvanda mili valyuta ilə 8500 manat ekvivalentində 5000 ABŞ dollarını alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 17000 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayının əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan tanışı Rəfail ona arvadı Zəminənin əlillik müddətinin bitməsini və onu uzatmaq istədiyini demişdir. O, əlillik müddətinin uzadılması üçün Rəfaillə 2500 manat müqabilində razılaşmış, Rəfail 2023-cü ilin mart ayının əvvəllərində arvadı Zəminənin yanında ona məxsus “Mitsubishii Pajero” minik markalı avtomobildə onun evinin qarşısında avtomobilin içində ona vermiş, sonra onlarla Nərimanov rayonunda yerləşən 5 saylı xəstəxanaya gedib orada Zəminə ilə həkimlərdən keçmiş, lakin əlillik kəsilmişdir. O, həmin pulu almış, ona lazım olduğu üçün xərcləmiş, Rəfailə demişdir ki, iş həll olunacaqdır gözləsin. Bundan sonra 2023-cü ilin iyun ayının ortaları Rəfail oğlu Əlinin hərbi xidmətdən möhlət almağını xahiş etmiş, Rəfaillə 7000 manata razılaşmış, ilk 3000 manatı Rəfail arvadının yanında öz avtomobilində 3000 manatı ona vermiş, özü isə pulu tanışı Arifəyə saxlamağa vermişdir. Bundan sonra ikinci dəfə Rəfail bu işə görə daha 3000 manat karta göndərmişdir. O, həmin vaxt Binəqədi rayonunda yerləşən “Tərlan” şadlıq evinin qarşısında onlardan ayrılıb, Arifəyə çatıb ona 3000 manat öz pulunu vermişdir. Rəfail isə onun kartına orada 3000 manat keçirmişdir. Bundan bir neçə gün sonra Rəfail onun kartına daha 1000 manat pul göndərmiş, Əlinin əsgərlik işi düzəlməmişdir. Onun Arifəyə borcu olduğu üçün bu puldan 2000 manatı onda qalmış, 4000 manatını isə Arifədən götürmüşdür. Arifə iş düzəlmədiyi üçün sonra 2000 manatı Rəfailə qaytarmışdır. O, qalan pulu lazım olduğu üçün israf etmiş və qaytara bilməmişdir. Bundan sonra 2023-cü il may ayının əvvəllərində ona Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayan Aynurə adlı qız yaxınlaşıb onun iş görən olduğunu demiş, onu tibb bacısı işinə düzəltməyi xahiş etmişdir. O, 5500 manata Aynurəni tibb bacısı işinə düzəldə biləcəyini demiş, Aynurə pulu düzəldib ona xəbər verəcəyini demişdir. 11 may 2023-cü il tarixdə saat 18:00 radələrində o, Aynurənin evinə gedib Aynurədən 5500 manat pulu həyat yoldaşı, qaynı və atası Bəxşeyişin yanında almış, lakin iş düzəlməmiş, pulu müxtəlif işlərə israf etmişdir. Bundan sonra 2023-cü ilin dekabr ayında kürəkəninin tanışı olmuş Elsevər adlı tanıdığı şəxs ona Zərifə adlı qadının əvvəllər Naxçıvanda müəllimə işləməsi, sonra Bakıya köçməsini demişdir. Ona müəllimə işini 10000 ABŞ dollarına Təhsil nazirliyi ilə həll edəcəyini demiş, pulu iki dəfəyə alacağına razılıq vermişdir. İlk dəfə 2023-cü il dekabr ayının sonları Zərifənin əri Rəşad və Elsevər onun evinə gəlib evdə ona 5000 ABŞ dolları vermiş, o, qısa zamanda işin düzələcəyin və qalan 5000 ABŞ dollarını vermələrini demiş, bundan sonra o, Zərifə ilə telefonla danışmış, qalan pulu çatdırmalarını bildirmişdir. 2024-cü il aprel ayının ortaları Mübariz adlı şəxs Elsevərlə onun evinə gəlmiş, evdə Mübariz pulu sayıb Elsevərə, Elsevər də ona vermişdir. O, pulu sayarkən Elsevər mobil telefonu ilə video çəkmişdir. O, həmin işi də həll edə bilməmiş, pul tərəfindən xərcləndiyi üçün qaytara bilməmişdir. O, pulu onlardan alarkən konkret kimlər vasitəsi ilə işi düzəldəcəyini bilməmiş, elə bilirmişdir ki, kimisə tapıb işi həll edə bilər, həll edə bilməsə pulu sonra qaytaracağına söz verib işi uzadacağını fikirləşmişdir. Hal-hazırda zərərçəkmiş şəxslərə borcu ödədiyindən, zərərçəkmiş şəxslərin ona qarşı şikayətləri və tələbləri yoxdur. Əməlindən peşmandır, həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Fləxrəddin qızını 7-8 il olar ki, tanımışdır. 2023-cü ilin mart ayının əvvəlləri o, arvadı Zəminənin əlillik müddətinin uzadılması ilə bağlı Aynura demiş, Aynur əlillik müddətinin uzadılması ilə bağlı 2500 manat müqabilində onunla razılaşmışdır. O, 2023-cü il mart ayının əvvəlləri saat 13:00 radələrində arvadı Zəminə ilə Aynuru yaşadığı Bülbülə qəsəbəsindəki evindən götürərkən qapısı qarşısında avtomobilində 2500 manatı Aynura vermişdir. Aynur sonradan arvadı Zəminənin əlillik müddəti artırılmadığı və heç bir iş görmədiyi halda ondan aldığı 2500 manat pulu qaytaracağını demiş, lakin pulunu qaytarmayaraq onu aldatmışdır. 2023-cü ilin ortalarında oğlu Əli Rusiya Federasiyasında ali məktəbə daxil olmasına baxmayaraq bu barədə sənəd ala bilmədiyi üçün hərbiyə çağırış gəlmiş, oğlunun hərbi çağırışdan möhlət hüququ alması üçün Təqsirləndirilən şəxs müraciət etmiş sonuncu 7000 manat müqabilində bu məsələni müxtəlif adamlar vasitəsi ilə edə biləcəyini demişdir. Bundan sonra 2023-cü il iyun ayının 15-də saat 13:00 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlilov küçəsi 18 ünvanda yerləşən “Tərlan” şadlıq sarayı qarşısında avtomobilində 3000 manatı nağd olaraq Təqsirləndirilən şəxs vermiş, sonuncu isə pulu onunla olan tanışı Afət adlı qadına vermişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 19:00-02:00 radələrində oğlu Əli, dostu Şahid3la “Hərbi Hospital”ın yanında kafedə Təqsirləndirilən şəxs və onunla birlikdə orada olan tanışı Afət adlı qadınla görüşmüşlər. O, Aynura pulunun nağd olmadığını və karta köçürmə yolu ilə 3000 manat köçürə biləcəyini demişdir. Həmin vaxt Aynurla gəlmiş tanışı Afət kafedən getmişdir. Bundan sonra Aynur oğlu Əlinin hərbidən möhlət huququnun alınmasını Afət adlı tanışı vasitəsi ilə görəcəyini və pulu ona nağd verməli olmasını demiş, özündə 4000 manat nağd pul olmasını və pulu aparıb tanışı Afətə verə biləcəyini demişdir. O, isə pulu Aynuru tanıdığı və onunla razılaşdığı üçün ona göndərəcəyini demişdir. Aynur bundan sonra kafedən çıxıb az sonra gəlib Afət adlı tanışına özündən 4000 manat pulu verməsini demişdir. Aynur kafedən çıxdıqdan sonra onun öz tanışı Afətə pul verməsini nə o, nə oğlu və də tanışı Namiq görməmişlər. O, Afət adlı qadını sonradan tanımış, onunla bu barədə əvvəlcədən aralarında razılıq olmamışdır. Bundan sonra kafedən çıxdıqda o, Aynurun kart hesabına 3000 manat pul göndərmişdir. Daha sonra qalan 1000 manat pulu xx.xx.2023-cü il tarixdə saat 23:53-də yaşadığı Əmircan qəsəbəsindəki evində Aynurun eyni kart hesabına göndərmişdir. O, bu barədə Aynurla danışıb razılaşmışdır. Sonradan pulu ondan Aynur tam alandan sonra oğlu əsgər aparılmış, möhlət alınmayandan sonra verdiyi pulu qaytarılmasını Aynurdan tələb edərkən Aynur isə guya pulu Afətə verdiyini və pulu Afətdən istəməyi demişdir. O, Afətlə əlaqə saxladıqda Afət demişdir ki, Aynurun ona verdiyi 3000 manatı və sonra kafedə onlardan ayrıldıqdan sonra kafenin qarşısında Aynurun ona verdiyi 3000 manat puldan 4000 manatı sonra Aynur ondan götürmüş, bu puldan 2000 manatı Aynur onda borc əvəzi kimi saxlamışdır. Afətə işi Aynur düzəltmədiyini dedikdə bildirdi ki, Aynurun onda saxladığı 2000 manatı göndərəcəkdir. Afət demişdir ki, Aynur pulu ona verdikdən sonra 6000 manatdan 4000 manatını ondan işin həlli üçün almış, onda cəmi 2000 manat pul qalmışdır. Aynurun ona borcu olduğu üçün 2000 manatı onda qalmışdır. Onun işi düzəlmədiyi halda ona qaytaracaqdır. Bundan sonra Afət adlı qadın ona iki dəfəyə hər dəfə 1000 manat olmaqla cəmi 2000 manat pul qısa müddət ərzində qaytarmışdır. O, sonra Aynurla dəfələrlə danışıb onun evinə gedib, pulunu ona verməyi deyib və pulu qaytarmasını tələb etmiş, Aynur pulu qaytaracağına söz verməsinə baxmayaraq pulu qaytarmamışdır. O, sonrakı 3000 və 1000 manat pulu Aynurun kartına keçirmiş, pulu keçirməyi barədə mobil tətbiqdən çıxarışı istintaqa təqdim etmişdir. O, şəxsən Aynuru tanımış və işi Aynur həll edəcəyini demiş, pulu o, Aynura vermiş, Aynurun tanışı Afətlə aralarında heç bir razılıq olmamış, ondan pul istəməmiş və işi həll edəcəyinə söz verməmişdir. Zərərçəkmiş şəxs1 ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs ona vurmuş olduğu 9500 manat maddi və mənəvi ziyanı tamamilə ödəmiş və onun təqsirləndirilən şəxsə heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin azad olunmağına heç bir etiraz və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, oğlu Rəşadın arvadı X7 rayonu, Danyeri kənd orta məktəbində müəllimə işləmiş, oğlu Rəşadla ailə qurduqdan sonra onlar Bakı şəhərinə köçdükləri üçün Bakı şəhərində orta məktəblərin birinə işə düzəlmək qərarına gəlmişlər. Bu məqsədlə qaynanası nəvələrinin təhsil aldığı Xəzər rayonu, 33 saylı orta məktəbin müəlliməsi olan Elsevərlə tanış olmuş, Elsevər gəlininin Bakı şəhərində orta məktəblərin birinə müəllimə işinə düzəlməyə söz vermiş Aynur adlı şəxslə tanış olmuşlar. Elsevər Aynurla danışmasını və gəlininin 10000 ABŞ dollarına işə düzəlmə məsələsini həll edəcəyini demişdir. Bundan sonra 26 dekabr 2023-cü il tarixdə oğlu Rəşad Elsevərin iştirakı ilə Aynurun Suraxanı rayonundakı evinə getmiş və orada Rəşad 5000 ABŞ dollarını Aynura vermişdir. Onlara demişdir ki, iş yaxın günlərdə həll ediləcəkdir, ona görə rə qalan 5000 ABŞ dolları pul verilməlidir. Ona görə də 14 aprel 2024-cü il tarixdə saat 13 radələrində o, Elsevərlə birlikdə Aynurun yaşadığı ünvan 9 ünvandakı evinə gedib orada Aynurla görüşmüş, orada o Elsevərə 5000 ABŞ dolları vermiş, Elsevər də pulu onun yanında Aynura vermişdir. Aynur pulu alanda yaxın vaxtlarda işi həll edəcəyini, lakin kimin vasitəsi ilə işi görəcəyini, kimlərə pul verəcəyini deməmişdir. Bundan xeyli müddət keçməsinə baxmayaraq Aynur onları aldadaraq işi həll etməmiş, buna görə ərizə ilə polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs3 ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs ona vurmuş olduğu 17000 manat maddi ziyandan 12000 manatını ödəmiş və ona 5000 manat borcu qalmış, maddi ziyanı qismən ödəmiş və söz vermişdir ki, 1 ay müddətinə də qalan 5000 manatı da ödəyəcəkdir və təqsirləndirilən şəxsə heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin azad olunmağına heç bir etiraz və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2023-cü ildə heç yerdə işləmədiyi üçün tibb bacısı kimi işə düzəlmək istəmişdir. O, həmin vaxt xatırlamadığı şəxslər vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuş, tibb bacısı kimi işə düzəlmək istədiyini demişdir. Aynur Xəzər rayonunda yerləşən Sosial Təminat şöbəsində işləməyini demişdir. Aynur bildirmişdir ki, onu Suraxanı rayonu ərazisində fəaliyyət göstərən «Gənclər və əlillər» birliyinə tibb bacısı kimi işə düzəldə bilər, bunun müqabilində ondan 5500 manat pul istəmiş, o buna razılıq vermişdir. Aynur işi əvvəlcə Sosial Müdafiə Nazirliyində işləyən Nərmin adlı şəxs, daha sonra həkim ginekoloq işləyən Arifə adlı qadın vasitəsi ilə həll edəcəyini demiş, lakin o həmin şəxsləri tanımamış, görməmiş və onlarla münasibəti olmamışdır. Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə onun yaşadığı Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsi ev 107, mənzil 3 ünvana gəlib ondan razılaşdığı 5500 manat pulu atası Bəxşeyiş, əri Cəmşid, qaynı Cavanşirin yanında almış, işin 14 gün ərzində həll ediləcəyini deyib getmişdir. Lakin Təqsirləndirilən şəxs heç bir işi həll etməmiş, aldığı pulu qaytarmayaraq ona qarşı dələduzluq etmişdir. Onun barəsində Sabunçu rayonunda cinayət işi olduğunu bilib ərizə ilə Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs2 ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs ona vurmuş olduğu 550 manat maddi və mənəvi ziyanı tamamilə ödəmiş, onun təqsirləndirilən şəxsə heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin azad olunmağına heç bir etiraz və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Rəfailin oğlunun işinə görə kafedə Aynurla görüşmüş, oğlunun 1 aylıq möhləti üçün 7000 manata razılaşmışlar, sonra Rəfail bildirmişdir ki, nağd pulu yoxdur, köçürmə edə bilər, razılaşmamışlar. Aynur bildirmişdir ki,onda pul var verə bilər. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir: “Zərərçəkmiş şəxs1 ilə təqribən 12 il olar ki, dostluq edirlər. 2023-cü ilin iyun ayında tarixi dəqiq yadında deyil, Rəfail ona demişdir ki, onun Bülbülə qəsəbəsində yaşayan Aynur adlı tanışı oğlu ilə Əlinin hərbi çağırışdan möhlət alma məsələsini 7000 manat müqabilində hərbi komissarlıqda həll etmə barədə razılaşmışdır. Rəfail dedi ki, pulun 3000 manatını Aynur adlı qadına vermiş, qalan 4000 manatdan 3000 manatını vermək üçün onunla görüşə getdiyini demiş, onunla birlikdə getməyini xahiş etmiş, Rəfaili özünə dost bildiyindən onunla razılaşmışdır. O, Rəfailin oğlu Əli, Rəfailin idarə etdiyi avtomobillə həmin şəxslə görüşməyə getmişlər. Hərbi Hospitalın yanında yerləşən, adını bilmədiyi kafedə Rəfailin pul verdiyi Aynur adlı qadın və onun tanışı Afət kimi təqdim edilən şəxslə görüşmüşlər. Aynur adlı qadın orada onunla olan qadının rəfiqəsi olmasını və adının Afət olmasını demiş, söhbət zamanı X5 hərbi komissarlıqdan iyun ayının sonunadək çağırışdan möhlət hüququ alacağını bildirmişdir. Həmin vaxt Rəfail Aynura üzərində nəqd pul olmadığını və kart vasitəsi ilə ona 3000 manat keçirə biləcəyini demişdir. Rəfail Aynurla pul söhbəti edərkən Aynurla olan Afət kimi təqdim edilən qadın stoldan durub, sağollaşıb kafedən getmişdir. Aynur Rəfailə demişdir ki, komissarlığa həmin rəfiqəsi Afətlə gedəcək və məsələni birlikdə həll edəcəklər, ona görə də pulu nağd Afətə verməlidir. Aynur Rəfailə demişdir ki, onun üzərində 4000 manat nağd pulu vardır. O pulu Afətə verə bilər, sonra Rəfail pulu onun kartına göndərər, Rəfail Aynura dedi ki, «səni tanıyıram və sənə göndərərəm», bundan sonra Aynur kafedən gedən Afətin arxasınca çıxmış, az sonra gəlib demişdir ki, özü nağd olaraq Afətə 4000 manat pul vermişdir, ayın sonunadək Əlinin çağırışdan möhlət alma məsələsini həll edəcəklər. Aynur kafedən çıxdıqdan sonra onun Afətə pul verib vermədiyini onlar görməmişlər. Aynur qayıtdıqdan sonra onlara dedi ki, pulu Afətə vermişdir. Bu zaman kafedən çıxarkən Hərbi hospitalın qabağında axşam saat 17 radələri Rəfail Aynurun kart hesabına öz hesabından 3000 manat göndərmiş, qalan 1000 manatı evinə çatıb ona göndərəcəyini demişdir. Bundan sonra Rəfail O, və Əli birlikdə Suraxanıya qayıtmışlar. Sonradan Rəfaillə görüşdükdə demişdir ki, qalan 1000 manatı da Aynurun kartına göndərmişdir. Bundan təxminən 1 ay keçmiş Rəfail ona demişdir ki, Aynur adlı qadın məsələni həll etməyib və oğlunu hərbi xidmətə aparmışlar. Rəfail dedi ki, pulunu Aynurdan ala bilmir. Pulu Afət adlı rəfiqəsinə verdiyini deyib, lakin Afət Rəfailə deyib ki, Aynurun ona verəcəyi olub və ona cəmi 2000 manat pul vermişdir və bu pulu da Aynur məsələni həll etmədiyi üçün Rəfailə qaytarmışdır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Aynur xanıma qardaşının yoldaşını işə düzəltmək üçün 5500 mant pul verilmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir: “Zərərçəkmiş şəxs2 onun qardaşı Cəmşidin arvadıdır. 2023-cü ilin may ayının əvvəllərində evdə söhbət zamanı o dedi ki, Bülbülədə yaşayan evini tanıdığı Təqsirləndirilən şəxs ilə tanış olmuşdur, o əvvəllər Xəzər rayonu, Sosial təminat şöbəsində işləmişdir. Aynurə dedi ki, Aynur öz tanışları vasitəsi ilə Aynurəni Suraxanı rayonu ərazisində fəaliyyət göstərən «Gənclər və əlillər» birliyinə tibb bacısı vəzifəsinə 5500 manat müqabilində işə düzəldəcəyinə söz verib. Aynurə 5500 manat pulu düzəltdikdən sonra o evdə olan zaman 11 may 2023-cü il tarixdə saat 18 radələrində Aynur onların Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsi 107, mənzil 3 ünvana tək gəlmişdir. Evdə onun, qardaşı Cəmşidin, Aynurənin atası Baxşeyişin yanında söhbət edərkən Aynur dedi ki, Aynurəni Suraxanı rayonunda yerləşən «Gənglər və əlillər» birliyinə tibb bacısı vəzifəsinə tanış həkimləri vasitəsi ilə işə düzəldəcəkdir. Aynur adlı qadın yanında Aynurədən 5500 manat pulu götürüb saydı və onların yanında Aynurəyə dedi ki, 14 gün ərzində onu tibb bacısı işinə düzəldəcəkdir. Pulu aldıqdan sonra Aynur getdi, bundan təxminən 1 ay keçmiş Aynurə Aynurun evinə gedib gəlmiş, Aynur hər dəfə yaxın vaxtlarda işi düzələcəyini və gözləməsini demişdir. O, bir neçə dəfə qardaşı Cəmşid və Aynurə ilə Aynurun Bülbülədəki evinə getmiş hər dəfə Aynur aldığı 5500 manat pulu qaytaracağına söz vermiş, lakin hər dəfə də aldatmış və pulu qaytarmamışdır. Bundan bir ilə yaxın vaxt keçdikdən sonra Aynur barədə Sabunçu rayonunda cinayət işi açılmasını bildikdən sonra Aynurə Sabunçu rayonunda polis bölməsinə gedib Aynurun onu aldatması barədə şikayət etmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Aynur xanıma yoldaşını işə düzəltmək üçün 5500 mant pul verilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid6 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, 2023-cü ilin dekabr ayında orta məktəbdə müəllimə işləyən qaynanası şagirdinin valideyni Zərifənin Bakı şəhərində orta məktəbdə müəllimə kimi işə girmək üçün tanış şəxs tapmağı xahiş etmiş, o, tanışları vasitəsi ilə Təhsil Nazirliyində tanışı olmasını bildirmiş Təqsirləndirilən şəxs nömrəsini alıb qaynanasına vermiş və sonuncu Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3, oğlu Rəşad və gəlini Zərifə əlaqələndirilmiş, həmçinin onun həmin şəxslərlə əlaqəsi yaranmışdır. O, sonradan bilmişdir ki, Zərərçəkmiş şəxs3 və ailəsi Təqsirləndirilən şəxs ilə 10000 ABŞ dolları müqabilində Zərifənin orta məktəblərin birinə müəllimə kimi işə düzəldiləcəyinə Aynurla razılaşmışlar. O, bildirmişdir ki, Aynurun düzgün insan olmasına əmin olmasalar pulu ona verməsinlər. 26 dekabr 2023-cü il tarixdə Rəşad ona demişdir ki, həmin gün pulun bir hissəsini ona verməlidir, xahiş etmişdir ki, o da Rəşadla birlikdə Aynurun evinə pulu vermək üçün getsin. O, etiraz etməyib həmin gün Rəşadla birlikdə Aynurun Suraxanı rayonu ərazisindəki evinə getmiş, orada onun yanında Rəşad Aynura 5000 ABŞ dolları pul vermişdir. Bundan sonra 14 aprel 2024-cü il tarixdə Rəşad ona zəng edib Aynula qalan 5000 ABŞ dolları verməli olduğunu, lakin vaxtı olmadığını, onun atası Mübarizlə birlikdə Aynurun evinə gedib qalan pulu vermələrini demiş, o etiraz etməmiş, Mübarizlə birlikdə Aynurun Suraxanıdakı evinə getmişdir. Orada Mübariz 5000 ABŞ dollarını Aynura vermiş, Aynura pulun alınması və Aynurun pulu almasını etiraf etməsini telefonu vasitəsi ilə videoya qeydə almış, sonra görüntünü Mübarizə göndərmişdir. Aynur kimin vasitəsi ilə Zərifənin işini düzəldəcəyini deməmişdir. İstintaq zamanı pulu Aynura verdikləri Suraxanı rayonu ərazisindəki evini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Aynuru tanıyır, onun qohumunu işə düzəltmək üçün ondan 10000 manat almışdır. Sonradan 4000 manat da almış, onlar pulu tələb edəndə bildirmişdir ki, işləri olacaq pulları qaytaracaqdır. Ona bildirmişdir ki, qohumu var uşağını əsgərlikdən saxladır, həmin şəxsdən pul almağa utanır, ondan xahiş etmişdir ki, onunla birlikdə gedib, onun adından pul alsın və həmin şəxs pulu ona verərək borcundan çıxsın. 3000 manat evdən kənarda vermiş, görüşdə Rəfaildən pulu onun adından istəmişdir. 3000 manat pulu görüşəndə Rəfail demişdir ki, karta atsın, çıxmış, Aynura demişdir ki, oyunlarından bezmiş, arxasınca gəlib 3000 manat da vermişdirdir. Sonra zəng vurmuşdur ki, iş alınmır, Rəfail pulu istəyir, 4000 manatı qaytarmışdır. Ona demişdir ki, 2000 manatı da borcdan silər, sonra ona zəng vurub demişdir ki, Rəfailə onun nömrəsini verib, Rəfail zəng vurub bildirmişdir ki, Naxçıvandadır, pul lazımdır, o, da 2000 manatı Rəfailə göndərmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir: “sənədlərdə adı Arifə olsa da ona Afət kimi müraciət etmişlər. O, Təqsirləndirilən şəxs ilə bir neçə il əvvəl tanış olmuşdur, Aynur ona əvvəllər Sosial müdafiə nazirliyində işləməsini, çoxlu tanışları olmasını, təqaüd və başqa məsələlərinin həlli yollarını bildiyini və köməklik göstərə biləcəyini danışmışdır. Bir neçə dəfə Təqsirləndirilən şəxs müxtəlif tanıdığı şəxslərdən onların problemlərinin həlli üçün özü şəxsən və həmçinin onun vasitəsi ilə pul almışdır. Onu və tanış etdiyi şəxsləri aldatdığı üçün Aynura qarşı Respublika prokurorluğu və polis orqanlarına dəfələrlə şikayt etmiş və şikayəti əsasında Təqsirləndirilən şəxs barədə cinayət işləri başlanmışdır. Təqsirləndirilən şəxs tərəfindən aldadılmış şəxslərə aldığı pulları qaytaracağını vəd etmiş, lakin qaytarmamışdır. O, Aynurla tanış etdiyi bəzi zərərçəkmişlərə Aynur əvəzinə pul ödəmiş, Aynur isə onu aldadaraq ödədiyi pulları qaytaracağını desə də pulu qaytarmamış, ona borclu qalmışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında və başqa vaxtlar Aynurə adlı tanımadığı şəxsi tibb bacısı işinə düzəltmək üçün ona 5500 manat pul verməmiş, o Aynurə adlı şəxsi tanımamışdır. 2023-cü ilin iyun ayında ona bacısı oğlu olmasını bildirdiyi Zərərçəkmiş şəxs1 oğlunun hərbi çağırışdan möhlət alması problemini həll etmək barədə danışmasını, hərbi çağırışdan möhlət almaq üçün Rəfail ona pul verəcəyini, hərbi çağırış məsələsini həll etdikdən sonra Aynura qalası puldan ona olan borcunun bir hissəsini ödəyəcəyini demişdir. Belə ki, o, Aynur tərəfindən borcunun qaytarmadığı halda ondan şikayət edəcəyini demişdir. Aynur ona demişdir ki, pulu «sənə verim saxla» məsələni həll edəndən sonra ona bu işdən qalan pulu ona verəcəkdir. Ona görə də Aynur 2023-cü ilin iyun ayının ortalarında ona Binəqədi rayonunda Tərlan şadlıq sarayının yanında olan çay evinin qarşısında adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 avtomobilində Rəfaildən 3000 manat pulu alıb ona saxlamağa vermişdir. Həmin vaxt Rəfailin arvadı avtomobildə olmuşdur. Bundan sonra Aynur Rəfaildən əlavə 4000 manat pul alıb ona verəcəyini demiş, bir neçə gün sonra onu Nəsimi rayonunda hərbi hospitalın qarşısındakı kafeyə çağırmış, ora Rəfail, oğlu və Rəfailin dostu da gəlmiş, Aynur onlardan pulu istəmişdir. Aynur əvvəlcədən demişdir ki, pulu alıb ona saxlamağa verəcək və hərbi çağırış işini həll etdikdən sonra qalan pulu ona verəcəkdir. X10 pulu kart vasitəsi ilə verə biləcəyini dedikdə başa düşmüşdür ki, Aynur onlarla belə danışmış və onu yenə aldatmaq istəmişdir, ona görə Aynura qarşı hirsli olduğu üçün kafedən çıxıb getmişdir. Az sonra Aynur ona çatıb demişdir ki, pulu gətirib və ona 3000 manat pul verib saxlamağı demişdir. Rəfaildən beləliklə də aldığı cəmi 6000 manat pul onda olmuş, bir gün sonra Aynur gəlib həmin pulun 4000 manatını işin düzəldiyini deyib ondan götürmüşdür. 2000 manat isə onda qalmışdır. Aynur demişdir ki, bu 2000 manat borcu əvəzinə onda qalacaq. Lakin bundan sonra Aynur demişdir ki, məsələ alınmadı, bacısı oğlunu əsgərliyə aparmışlar, ona görə də pulu qaytarmalıdır. Ona görə də onda qalan 2 min manatı Aynurun sözü ilə Rəfailə qaytarmışdır. Rəfail ondan yenə pul istədikdə ona bildirmişdir ki, pulun qalanı Aynurdadır və pulunu ondan istəsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 arvadı Zəminənən əlillik müddətinin uzadılması ilə bağlı ona 2500 manat pul verməmiş, ona bu iş üçün hər hansı miqdarda pul verməmiş və nə də Rəfail onunla bu barədə danışmamışdır. Onun Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmək barədə heç bir razılığı olmamışdır. Onun şikayəti əsasında Təqsirləndirilən şəxs barədə cinayət işi başlanmış, bu barədə qərarı və Aynurun ondan pul alması barədə qəbzin surətini təqdim etmişdir”. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin 27 fevral 205-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərərk məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir: “onun həyat yoldaşı Zərifə əvvəllər Şərur rayonunda yaşayıb orta məktəbdə müəllimə işləmiş, sonra onlar Bakı şəhərinə köçmüşlər. Uşaqları Xəzər rayonunda 33 saylı orta məktəbdə təhsil almış və uşaqlarının müəlliməsi Buluşun kürəkəni Elsevər Aynur adlı qadın vasitəsi ilə arvadı Zərifəni orta məktəbdə müəllimə işinə 10000 ABŞ dollarına düzəldə bidləcəyini demiş və iki dəfəyə pulun verilməsinə razılıq vermişdir. Birinci dəfə 26 dekabr 2023-cü il tarixdə saat 12 radələrində o, Elsevərin iştirakı ilə Təqsirləndirilən şəxs Bülbülə qəsəbəsi, Deputat küçəsi 19 saylı ünvandakı evinə gəlib orada atası Mübarizə məxsus 5000 ABŞ dollarını vermişdir. Aynur onlara demişdir ki, iş yaxın vaxtlarda həll olunacaqdır. Aynur arvadı Zəminəyə zəng edib demişdir ki, iş yaxın vaxtlarda həll ediləcəkdir, ona görə qə qalan 5000 ABŞ dollarını Təhsil nazirliyində işləyən şəxsə verməlidir. 14 aprel 2024-cü il tarixdə atası Mübariz Elsevərlə birlikdə Aynurun evinə gedib orada Aynurla görüşmüş, 5000 ABŞ dollarını Elsevərə, sonuncu da Aynura vermişdir. Aynur işin qısa müddətdə həll ediləcəyini demiş, lakin konkret olaraq pulu kimlərin vasitəsi ilə işi həll edəcəyini və pulu kimə verəcəyini deməmişdir. Verilən pullar atası Mübarizə məxsus olmuş və ziyan da ona dəymişdir”. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan iş materiallarını da sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs əmircan qəsəbəsində 30 iyul 2024-cü il tarixdə saat 16:00-da saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 01 avqust 2024-cü il tarixili qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilərək Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 avqust 2024-cü ildə “başqa yerə getməmək” növündə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(001)-572/2024 nömrəli iş üzrə 03 avqust 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 01 avqust 2024-cü il tarixdən hesablanmaqla ibtidai istintaq müddətinin sonunadək, yəni 01 oktyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-597/2024 nömrəli iş üzrə 01 oktyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay müddətinə, yəni 01 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-403/2024 nömrəli iş üzrə 30 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay müddətinə, yəni 01 yanvar 2025-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-430/2024 nömrəli iş üzrə 26 dekabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında saxlama müddəti 21 yanvar 2025-ci il tarixədək müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 19 avqust 2025ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 07 noyabr 2025-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 07 noyabr 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını, ilk dəfə olaraq cinayət törətməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 30 iyul – 01 avqust 2024-cü il tarixləri üzrə tutulduğu 02 gün, 01 avqust 2024-cü il tarixindən 19 avqust 2025-ci il tarixinədək “həbs” və “ev dustaqlığı”nda saxlanıldığı 01 (bir) il 18 (on səkkiz) gün, 07 noyabr 2025-ci il tarixindən bu günədək, yəni 18 dekabr 2025-ci il tarixinədək həbsdə saxlanıldığı 01 (bir) ay 11 (on bir) gün, cəmi 01 (bir) il 02 (iki) ay 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 04 (dörd) ədəd compakt disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə xərcləri və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 iyul – 01 avqust 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün, 01 avqust 2024-cü il tarixindən 19 avqust 2025-ci il tarixinədək “həbs” və “ev dustaqlığı”nda saxlanıldığı 01 (bir) il 18 (on səkkiz) gün, 07 noyabr 2025-ci il tarixindən bu günədək, yəni 18 dekabr 2025-ci il tarixinədək həbsdə saxlanıldığı 01 (bir) ay 11 (on bir) gün, cəmi 01 (bir) il 02 (iki) ay 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 04 (dörd) ədəd compakt disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın, məhkəmə xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 30 (otuz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 330 (üç yüz otuz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-220/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-220/2025
18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver