Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-221/2021 29.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 6.281 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuananı əldə edərək, üzərində saxlamaqla daşımış, 13 mart 2021-ci il tarixdə, saat 06:50-də Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda narkotik vasitələrin saxlanılmasında və daşınmasında şübhəli bilindiyinə görə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilmiş, orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirən zaman həmin 6.281 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana 01 ədəd kibrit qutusunda Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən aşkar edilərək, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, şəxsi istifadəsi üçün narkotik vasitə - qurudulmuş marixuananı Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alır. 12 mart 2021-ci il tarixdə, saat 08 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yolun kənarında, yarı açıq halda, içərisində ot olan bir ədəd kibrit qutusu görmüş, qutu və içərisində olan ot onun diqqətini çəkmiş, o, qutunu yerdən götürüb iyləmiş, qutunun içərisində olan kütlənin narkotik vasitə - qurudulmuş marixuana olduğunu görüb şəxsi istifadəsi üçün onu cibinə qoymuşdur. Həmin gün marixuananın bir qismini istifadə etmiş, qalıq hissəsini isə daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. 13 mart 2021-ci il tarixdə, saat 06:50-də Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda qayınatasının əmisi oğlu Asimə məxsus “Azsamand” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayandığı zaman polis əməkdaşları ona, habelə avtomobildə oturan Asimə və sonuncunun tanışları olan tanımadığı digər iki nəfər şəxsə yaxınlaşıb özlərini təqdim edib onlardan şəxsiyyətlərini təsdiq edən sənədlərinin olub-olmadığını soruşmuşlar. Üzərində narkotik vasitə olduğuna görə qorxudan özünü itirib çaşqın halda cavablar vermişdir. Bundan şübhələnən polis əməkdaşları onunla sorğu-sual etməyə başladıqda polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu demişdir. Polis əməkdaşları onu, Asimi və digər tanımadığı iki nəfəri Asimə məxsus avtomobillə birlikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynində olan qara rəngli qış gödəkçəsinin sağ cibində saxladığı 01 (bir) ədəd kibrit qutusunu polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin kibrit qutusunda olan maddə narkotik vasitə - qurudulmuş marixuanadir, onu 12 mart 2021-ci il tarixdə, saat 08 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yol kənarından tapmış, həmin narkotik vasitənin bir qismini istifadə etmiş, qalan hissəsini isə sonra istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmamışdır. Həmin 01 (bir) ədəd kibrit qutusundakı narkotik vasitə marixuana polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 göstərdi ki, 13 mart 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri, polis serjantı Şahid4 və polis kiçik serjantı Şahid3 ilə birlikdə xidmətdə olduqları zaman **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol kənarında dayandığını, avtomobildə olan dörd nəfər şəxsdən birinin tibbi maskadan istifadə etmədiyini görüb onlara yaxınlaşaraq, karantin qaydalarına əməl etməmələrinin səbəbini soruşmuşlar, eyni zamanda karantin qaydalarını onlara izah edib həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənədlərini tələb etmişlər. Bu zaman avtomobilin yanında dayanmış şəxsin həyəcanlı şəkildə özünü aparması onlarda şübhə yaratmışdır. Həmin şəxs, həyəcanlı və çaşqın olmasının səbəbini üzərində narkotik vasitə olması ilə izah etmiş və bu səbəbdən həmin dörd nəfər şəxsi və avtomobillərini Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Polis Şöbəsində həmin şəxslərin Təqsirləndirilən şəxs, Şahid6, Şahid7 və Şahid5 olduqları müəyyən edilmişdir. Saxlanılıb polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri, polis serjantı Şahid4 və polis kiçik serjantı Şahid3, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. Şahid Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o şahidlər Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri, polis serjantı Şahid2, Şahid4 və polis kiçik serjantı Şahid3 ifadələri ilə eyni məzmunli ifadə verərək əlavə olaraq göstərmişdir ki, sonuncular tərəfindən gətirilmiş şəxslərin Təqsirləndirilən şəxs, Şahid6, Şahid7 və Şahid5 olduqları müəyyən edildikdən sonra xidməti otaqların birində dəvət edilmiş müdafiəçilərin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, onların üzərlərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərlərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Şahid6, Şahid7 və Şahid5 üzərlərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşyaların olmadığını bildirmişlər. Bundan sonra Şahid5 üzərinə və sonuncunun razılığı ilə onun idarə etdiyi “Azsamand” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə, habelə Şahid6 və Şahid7 üzərlərinə baxış və axtarış keçirilmiş, lakin onların üzərindən və “Azsamand” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs isə əynində olan qara rəngli qış gödəkçəsinin sağ cibində saxladığı 01 (bir) ədəd kibrit qutusunu təqdim etmiş və bildirmişdir ki, həmin kibrit qutusunda olan maddə, narkotik vasitə - qurudulmuş marixuanadir, onu 12 mart 2021-ci il tarixdə, saat 08 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yol kənarından tapmış, həmin narkotik vasitənin bir qismini istifadə etmiş, qalan hissəsini isə sonra istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs də üzərində axtarış aparılmış, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Həmin 01 (bir) ədəd kibrit qutusundakı narkotik vasitə marixuana qablaşdırılaraq, götürülmüşdür. Baxış keçirilməsi ilə əlaqədr olaraq müvafiq protokollar tərtib edilmiş, protokollar bütün proses iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs, Şahid6, Şahid7 və Şahid5 üzərlərinə, habelə “Azsamand” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman sonunculara qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 13 mart 2021ci il tarixdə, saat 06:50-də qohumu X4, keçmiş iş yoldaşları Şahid6 və Şahid7 idarə etdiyi “Azsamand” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsinə gətirmiş, Binə qəsəbəsində o, Əbülfəz və Araz avtomobildə oturmuş, Rəşad isə düşüb avtomobilin yanında dayanmışdır. Rəşad avtomobildən düşəndən sonra orada olan polis əməkdaşları avtomobilinə yaxınlaşaraq Rəşaddan və onlardan şəxsiyyətlərini təsdiq edən sənədlərini soruşmuş, Rəşad polis əməkdaşlarının suallarına həyəcanlı şəkildə cavablar verdiyi üçün polis əməkdaşlarında şübhə yarandığından Rəşadı sorğu-sual etmişlər. Həmin vaxt Rəşad, üzərində narkotik vasitənin olduğunu, onu şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini etiraf etmiş, buns görə də polis əməkdaşları onları və onun idarə etdiyi avtomobili Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində şəxsiyyətləri müəyyən edildikdən sonra xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. O, polis əməkdaşlarına üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə, habelə razılığı ilə idarə etdiyi “Azsamand” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və axtarış keçirilmiş, lakin nə üzərindən, nədəki idarə etdiyi avtomobildən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilən zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Rəşadın narkotik vasitə aludəçisi olduğunu və onun üzərində narkotik vasitə olduğunu bilməmişdir. Şahid qismində dindirilmiş Şahid6 və Şahid7 məhkəmədə, Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 13 mart 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə, video çəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynində olan qara rəngli qış gödəkçəsinin sağ cibində saxladığı 01 (bir) ədəd kibrit qutusunu polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin kibrit qutusunda olan maddə, narkotik vasitə qurudulmuş marixuanadir, onu 12 mart 2021-ci il tarixdə, saat 08 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yol kənarından tapmış, həmin narkotik vasitənin bir qismini istifadə etmiş, qalan hissəsini isə sonra istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Həmin 01 (bir) ədəd kibrit qutusundakı narkotik vasitə marixuana polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Baxışın nəticələrinə dair tərtib edilmiş protokol baxışda iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməsi haqqında 13 mart 2021-ci il tarixli qərarlardan görünü ki, Şahid5, Şahid7 və Şahid6 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmələri barədə şübhələr təsdiq edilmədiyindən onlar dərhal azad edilmişlər. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 13 mart 2021-ci il tarixli, 7/266 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kibrit qutusunda təmiz çəkisi – 6.281 qram olan, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin maddənin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 6.231 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 16 mart 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq, əynində olan qara rəngli qış gödəkçəsinin sağ cibində saxladığı 01 (bir) ədəd kibrit qutusunu polis əməkdaşlarına təqdim edir və bildirir ki, həmin kibrit qutusunda olan maddə, narkotik vasitə - qurudulmuş marixuanadir, onu 12 mart 2021-ci il tarixdə, saat 08 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yol kənarından tapmışdır. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmur. Eyni zamanda Təqsirləndirilən şəxs, müdafiəçisinin sualına cavab olaraq bildirir ki, ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamış, polis əməkdaşlarına təqdim etdiyi narkotik vasitəni yoldan tapmışdır. Həmin 01 (bir) ədəd kibrit qutusundakı narkotik vasitə marixuana polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülür. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 iyun 2021-ci il tarixli, 1954 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstələyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 12-ci bəndinin “a” yarımbəndinin tələbinə görə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 13 mart 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında və qətimkan tədbirinin seçilməsi haqqında 14 mart 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon prokurorunun 14 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin təmin edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və həmin tarixdə sonuncunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 13 mart 2021-ci il tarixdən 14 mart 2021-ci il tarixədək tutulduğu 01 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 02 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 23-cü bəndində məhkəmələrə, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etmələri tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinə əsasən məhkəmə müşavirə otağında cinayət işinə məhkəmə baxışının nəticələrinə dair digər məsələlərlə yanaşı həm də cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığını da müzakirə etməli və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 352.2.7 və 353.2.8-ci maddələrinin tələblərinə uyğun olaraq ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 346.1.1-346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı gəldiyi nəticələrin motivlərini göstərməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində digər cəza növləri ilə yanaşı həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza nəzərdə tutulmuş və həmin Məcəllənin 43.3-cü maddəsinin tələblərinə görə, bu cəza yalnız əlavə cəza kimi tətbiq edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməsinə əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.2, 52.2.1, 52.2.2, 52.2.3 və 52.2.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan, Azərbaycan Respublikasında doğulmuş və himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ dərəcə əlilliyi olan şəxs olan şəxslərə şamil edilmir. İş materiallarına əlavə edilmiş AR seriyalı, 026214 nömrəli Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, vəsiqə 01 noyabr 2019-cu il tarixdə verilmiş və 26 mart 2025-ci il tarixədək etibarlıdır. Bundan əlavə, iş materiallarına əlavə edilmiş 30 dekabr 2017-ci il tarixli, AZ-İİ seriyalı, 247878 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan Təqsirləndirilən şəxs və X5 arasında bağlanmış nikah, 5 saylı Bakı “ASAN xidmət” X2, nikahın bağlanması haqqında akt qeydləri kitabında, həmin tarixdə 4399 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Şirvani soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 Azərbaycan Respublikasının vətəndaşıdır. Habelə iş materiallarına əlavə edilmiş 25 dekabr 2019-cu il tarixli, AZ-İV seriyalı, 386723 nömrəli və 19 dekabr 2020-ci il tarixli, AZ-İV seriyalı, 513369 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs X6 ilə birgə nikahından 14 fevral 2018-ci il təvəllüdlü X7 və 29 avqust 2020-ci il təvəllüdlü X8 anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Göründüyü kimi, iş materiallarından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında doğulduğu, barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş ildən artıq Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı, Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olduğu və himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan iki azyaşlı uşağın olduğu müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasında doğulmuş, beş ildən artıq Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan və himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan iki azyaşlı uşağın olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilə bilməz. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunsa da narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirin təyin edilməsinə zərurət yoxdur, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 6.231 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində axtarış aparılması görüntülərini əks etdirən 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 13 mart 2021-ci il tarixdən 14 mart 2021-ci il tarixədək tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 00:00-dan həmin gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 6.231 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində axtarış aparılması görüntülərini əks etdirən 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-221/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-221/2021
29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver