Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-221/2022 26.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, 20 – 22 yanvar 2022-ci il tarixləri üzrə tutulmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,585 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 20 yanvar 2022-ci il tarixdə saat 09:55-də Suraxanı Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 15 nömrəli evin qarşısında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş, təmiz çəkisi 0,585 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 19 yanvar 2022-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən fərdi yaşayış evinə qayınatası gilə qonaq gedərək gecəni orada qalmışdır. 20 yanvar 2022-ci il tarixdə səhər saatlarında evdə yatdığı zaman oyananda polis əməkdaşlarının başının üstə dayandığını görmüş, ayağa qalxmaq istəyən zaman polis əməkdaşları onun əlini qandalla bağlayaraq evin otaqlarını axtarmağa başlamışlar. Daha sonra qayınatasını, qaynını və onu Suraxanı Rayon Polis İdarəsinə gətirmişlər. Polis idarəsində olan zaman üzərlərinə baxış keçirilmiş və həmin vaxt onun üzərində heç bir narkotik vasitə aşkar edilməmişdir. O, narkotik vasitə istifadəçisi olmadığını və heç vaxt narkotik vasitə istifadə etmədiyini bildirir. Polis əməkdaşları ona hədə-qorxu gəlmiş və ona bir büküm narkotik vasitə verərək həmin narkotik vasitənin ona məxsus olduğunu, videoçəkiliş zamanı təqdim etməsini tapşırmışlar. Bununla razılaşmamış, polis əməkdaşları ondan qaynının üzünə durmağı istəmişlər. O, qaynı ilə qohum olduğunu və onunla heç bir ədavəti olmadığını bildirmişdir. Polis əməkdaşlarının təsirinə məruz qaldığı üçün verdikləri narkotik vasitə ilə razılaşmışdır. Çünki həmin narkotik vasitəni üzərinə götürməsəydi, başqa şeylər baş verə bilərdi. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 20 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlayıb daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı almışdır. Daxil olmuş əməliyyat məlumatı barədə dərhal idarə rəhbərliyinə raportla məruzə edərək Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. İdarə rəisinin əmri ilə ondan və Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlanmışdır. 20 yanvar 2022-ci il tarixdə saat 09:55 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 15 nömrəli evin yaxınlığında olduğunu müəyyən edib ona yaxınlaşıb polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda və daşımaqla şübhəli olduğunu bildirib onu Suraxanı RPİ-nə dəvət etmişlər. Polis idarəsinin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilmiş, üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə bükülünü çıxarıb təqdim etmiş, bükümün arasında narkotik vasitə heroin olduğunu, heroini səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 manata alaraq öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən özünün təqdim etdiyi 01 (bir) bükümdən başqa heç nə aşkar edilməmişdir. Həmin bir büküm bir ədəd zərfə qoyulmuş, zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərfin üzərini imzalamışlar. Şahid suallara cavab olaraq həmçinin bildirmişdir ki, polis idarəsində təqsirləndirilən şəxsə qarşı heç bir qanunsuz təzyiq və ya təsir, o cümlədən fiziki güc və işgəncə tətbiq olunmayıb. O, ittiham aktının nəticəvi hissəsində göstərilən yerdə saxlanılaraq polis idarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Onun qayınatasının evində tutulduğuna dair təqsirləndirilən şəxsin bildirdikləri isə həqiqətə uyğun deyil. İş üzrə ibtidai araşdırma dövründə şahid qismində cəlb edilmiş Şahid1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, gəlib ifadə verməmiş, məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin işin məhkəmə baxışı dövründəki ifadəsini toplanmış sübutlarla məcmu şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin həmin ifadəsi real hadisələri təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsə qarşı işgəncə tətbiq olunduğu heç bir sübutla təsdiq edilmir. O cümlədən istər təqsirləndirilən şəxsin özü, istərsə də onun müdafiəçisi məhkəmə baxışınadək olan müddətdə ona qarşı qanunsuz təzyiq göstərildiyinə dair hər hansı dövlət orqanına müraciət etməmişlər. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, iş materiallarına əlavə edilmiş kompakt disk, təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələr və s. sübutlarla təsdiq olunur. 21 yanvar 2022-cı il tarixli 6/396 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs (imza)» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,585 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir». 12 aprel 2022-cı il tarixli 1748 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini və iki nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,535 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 – 22 yanvar 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, narkoloji dispanserində qeydiyyata alınması vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,535 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-221/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-221/2022
26.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver