Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-222/2025 04.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırki iş üzrə 27 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 4(010)-325/2025 nömrəli iş üzrə 28 sentyabr 2024-cü il tarixli qərarına əsasən həbsdə saxlanılma müddətinin əvvəli 27 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş (məhkəmənin müvafiq qərarı ilə həbsdə saxlanılma müddəti uzadılmış), Suraxanı Rayon Məhkəməsinin 1(010)-96/2025 nömrəli iş üzrə 22 yanvar 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 avqust 2024-cü il tarixdə gecə saat 02:20 radələrində ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə qanunsuz daxil olub mətbəx otağındakı paltaryuyan maşının üzərindəki çantanın içərisindən həmin ünvanda yaşayan X2 məxsus 380 manat məbləğində pulu gizli olaraq talayıb oğurlayarkən X1 onu aşkar edib qışqırmasına məhəl qoymayaraq cinayət əməlini davam etdirib hadisə yerindən qaçıb uzaqlaşaraq zərərçəkmiş şəxs X1 əmlakını açıq talayıb ona 380 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin 300-500 manat məbləğində əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 sentyabr 2024-cü il tarixdə gecə saat 03:46 radələrində ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə qanunsuz daxil olmuş, lakin həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs1 onu aşkar etməsi səbəbindən hadisə yerindən qaçıb uzaqlaşaraq bilavasitə cinayət törətməyə yönəlmiş qəsdini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayıb oğurlamağa cəhd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 sentyabr 2024-cü il tarixdə gecə saat 03:00 radələrində ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə qanunsuz daxil olub yataq otağından həmin ünvanda yaşayan X2 məxsus 410 manat məbləğində pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs Gülarə Adgözəlovaya 410 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 180.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 180.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 21 avqust 2024-cü il tarixdə maddi ehtiyacları ilə əlaqədar oğurluq etmək qərarına gəlmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində evlərdən birinin kamerasının olmadığını görmüşdür. Həmin evdə kimlərin yaşadığını da bilmişdir. Həmin evdə bir ananın oğlu ilə yaşadığını bilmişdir. Həmin şəxsləri də tanımışdır. 22 avqust 2024-cü il tarixdə gecə saat 02:00 radələrində sərxoş halda ətrafda heç kimin görmədiyini dəqiqləşdirdikdən sonra hasardan həmin evin həyətinə düşmüşdür. Evin sağ tərəfinə keçmişdir. Pəncərə açıq olmuş və ağcaqanad üçün nəzərdə tutulmuş plastik çərçivəli setka olmuşdur. O, setkanı əli ilə götürüb kənara qoymuş və içəri daxil olmuşdur. Həmin ev iki otaqlı olmuşdur. Daxil olduğu otaqda heç kim olmamışdır. Digər otağa keçmişdir. Həmin otaqda bir nəfər qadın yatmış vəziyyətdə olmuşdur. O, həmin otaqda yerləşən paltaryuyan maşının üstündə sarımtıl rəngli çantanı götürərək açmışdır. Həmin çantanın içərisində qara rəngli pul qabını çıxarmışdır. Pul qabında 10-luq, 20-lik, 50-lik pul əsginaslarından ibarət ümumilikdə 380 manat pulu götürmüşdür. Pulu şalvarının cibinə qoymuşdur. O, pulu götürdükdən sonra qadın oyanmışdır. Həmin qadın çarpayıdan qalxdıqda o, qaçaraq pəncərəyə yaxınlaşaraq çıxmış və həyətə həyətdən də hasaradan aşaraq küçəyə çıxaraq qaçmışdır. Uzaqlaşdıqdan sonra pulu saymışdır. Ümumilikdə 380 manat pul olmuşdur. Oğurladığı 380 manatı isə əyləncəyə, əxlaqsız vərdişlərinə xərcləmişdir. Atasına və anasına oğurladığı pul barədə heçnə bildirməmişdir. 23 sentyabr 2024-cü il tarixdə gecə saat 03:40 radələrində sərxoş halda oğurluq etmək üçün ünvan 5 ünvanında yerləşən həyət evinin yaxınlığına gəlmişdir. Həmin evdə Fəridə adlı qadın bacısı ilə bir yerdə yaşamışdır. Həmin evin balaca göy rəngli qapısı olmuşdur. Evin həyətinə hasaradan aşaraq daxil olmuşdur. Həyətdə heç kim olmamışdır. Evin pəncərəsinə yaxınlaşmışdır. Taxta pəncərə olmuş və şüşəsi mismarla bərkidilmişdir. Evinin açarı ilə pəncərənin mismarlarını əymiş və şüşəni çıxarmışdır. Balkona daxil olmuşdur. Balkondan zala qapı olmuş, qapı kilidli olmamışdır. Əli ilə qapını açıb zal hissəyə daxil olmuşdur. O, zala daxil olanda bir orta yaşlı qadın yataq otağından zala çıxmışdır. O, gəldiyi kimi qapıdan balkona, daxil olduğu pəncərədən də həyətə həyətdən də hasaradan aşaraq küçəyə çıxaraq uzaqlaşmışdır. Həmin evdən hər hansı əşya və ya pul vəsaiti oğurlaya bilməmişdir. 26 sentyabr 2024-cü il tarixdə maddi ehtiyacları ilə əlaqədar yenidən oğurluq etmək qərarına gəlmişdir. Həmin evdə ana və oğlunun yaşadığını və həmin gecədə evdə olduqlarını bilmişdir. Gecə saat 03:00 radələrində sərxoş vəziyyətdə həmin ünvan 4 ünvanında yerləşən həmin evin yanına gəlmişdir. Həmin həyətin qapısı balaca qapı, rəngi də açıq mavi olmuşdur. Ətrafda heç kimin olmadığını dəqiqləşdirdikdən sonra hasardan aşaraq həyətə daxil olmuşdur. Yenidən evin sağ hissəsinə keçib həmin pəncərəyə yaxınlaşmışdır. Həmin pəncərə açıq olmuş və yenə setka olmuşdur. Sətkanı əli ilə çıxararaq evə daxil olmuşdur. Daxil olduğu otaqda hər hansı şəxsi görməmişdir. Sonra digər otağa keçmişdir. Digər otaqda həmin qadının yatmış vəziyyətdə olduğunu görmüşdür. Yenədə paltaryuyanın üstündə olan açıq sarımtıl rəngli çantanı götürüb açmışdır. İçərisində qara rəngli pul qabı olduğunu görmüşdür. Pul qabını açmışdır. İçərisində iki ədəd yüzlük, 50-lik, 10-luq və manatlıq pul əsginasları olmuşdur. Həmin pul qabında qəpiklər də olmuşdur. Qəpikləri də götürüb cibinə qoymuşdur. Evdə olan şəxslər bu dəfə oyanmamış və daxil olduğu pəncərə yaxınlaşaraq həyətə, həyətdən də hasardan aşaraq küçəyə çıxmışdır. Evdə həyətədə və küçədə onu heç kim görməmişdir. Uzaqlaşdıqdan sonra pulu saymışdır. 410 manat kağız pul əsginasları, 5 manat qəpik pul əsginasları olmuşdur. Törətdiyi oğurluq hadisəsi və ələ keçirdiyi pul vəsaiti barədə heç kimə məlumat verməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 23 sentyabr 2024-cü il tarixdə saat 03:40 radələrində ünvan 6 ünvanında yerləşən həyət evinin yataq otağında olmuşdur. Həmin vaxt oyaq vəziyyətdə olmuşdur. Evin girişi mətəbəxə, mətbəxdən zala (balkona), zaldan da otaqlaradır. Mətbəxin qarşısında işıq yandığından zal işıqlı olur. 23 sentyabr 2024-cü il tarixdə saat 03:46 radələrində zala açılan qapının açıldığını eşitmişdir. Yataq otağında zala çıxmışdır. Zalda giriş qapısının qarşısında bir nəfər şəxsin dayandığını görmüşdür. Zal işıqlı olduğundan o, həmin şəxsi açıq aydın görmüşdür. Həmin şəxs uşaqlıqdan tanıdığı bir qədər aralıda yaşayan qonşusu Fərahim olmuşdur. O, qışqıraraq kömək istəmişdir. Fərahim asta yerişlərlə gəldiyi qapıdan çıxaraq getmişdir. O, Fərahimi təqib etməkdən qorxmuşdur. Evdəki olan əşyaları və pul vəsaitlərini yoxladıqdan onun evdən heç bir şey götürə bilmədiyini müəyyən etmişdir. Ertəsi gün Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə yaxınlaşaraq Fərahim adlı qonşunun qanunsuz olaraq yaşadığı evə daxil olması barədə məlumat vermişdir. Sonda təqsirləndirilən şəxsə qanunlü müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, onların evi iki otaqdan ibarətdir. Onun yatdığı otaq həm mətbəx həm də yataq otağı kimi istifadə olunur. Digər otaqda isə bacısı yatmışdır. Həmin gün yatmamışdan qabaq sarımtıl rəngli çantasını öz yatdığı otaqda paltaryuyan maşının üstünə qoymuşdur. Çantasının içərisində qara rəngli pul qabı, pul qabının içərisində isə 380 manat pul olmuşdur. 22 avqust 2024-cu il tarixdə yaşadığı Oqtay Şabanov küçəsi 48 ünvanında yerləşən həyət evində yatmışdır. Digər otaqda da bacısı yatmışdır. Birdən yatdığı otaqda səslər eşitmişdir. Gözünü açmış və yatdığı otaqda bir nəfər şəxsin olduğunu görmüşdür. Həmin şəxs onun oyandığını görməmiş və bilməmiş, bir qədər otaqda dayandıqdan sonra digər otağa bacısı yatan otağa keçmişdir. O, yerindən durub öz otağında digər otağa keçid üçün nəzərdə tutulmuş qapının qarşısında və evin çöl qapısının yanında dayanmışdır. Həmin şəxslə üzbəüz dayanmışdır. Həmin şəxs yerindən tərpənməmişdir. O, həmin şəxsdən çıxıb getməsini tələb etmişdir. Lakin həmin şəxs hələ yerində dayanmışdır. O, çöl qapını açıb kömək çağırmaq üçün çölə qaçmışdır. Təxminən 1-2 dəqiqədən sonra geri qayıtdıqdan sonra həmin şəxs pəncərədən çıxıb qaçıb getmişdir. O, paltaryuyan maşının üstündə olan çantanı götürüb içərisindəki qara rəngli pul qabını çıxarıb açmışdır. İçərisindəki 380 manat pulun həmin qaçan şəxs tərəfindən ələ keçirildiyini aşkar etmişdir. Həmin vaxt saata baxdıqda 22 avqust 2024-cü il saat 02:20 radələrini göstərmişdir. İkinci dəfə də 27 sentyabr 2024-cü il tarixdə səhər oyanmışdır. Yenə bacısının yatdığı otağın pəncərəsinin qarşısında yerləşən döşəmənin üstündən o, yatdığı otaqda yerləşən paltaryuyan maşına qədər qum və ayaq izlərinin olduğunu görmüşdür: Paltaryuyan maşının üstündə olan yenə həmin sarımtıl rəngli çantaya və onun içərisində olan qara rəngli pul qabına baxdıqda pul qabının içərisində olan 410 manat, ona məxsus kağız pul əsginaslarının və ümumilikdə beş manat olan qəpiklər naməlum şəxs tərəfindən gizlin və qanunsuz daxil olmaqla ələ keçirildiyini aşkar etmişdir. Sonda təqsirləndirilən şəxsə qanunlü müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan iş materiallarını da sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-325/2024 nömrəli iş üzrə 28 sentyabr 2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 27 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-429/2024 nömrəli iş üzrə 24 dekabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün olmaqla 16 yanvar 2025-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. Cinayət işinin materiallarında olan “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 14 dekabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və bununla bağlı material ayrılaraq saxlanılması üçün Xəzər rayon prokurorluğuna göndərilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 1(010)-96/2025 nömrəli iş üzrə 22 yanvar 2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd olunur ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Suraxanı Rayon Məhkəməsinin 1(010)-116/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli hökmünə əsasən 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 oktyabr 2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə ittiham və müdafiə tərəfini, zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətlərin törədilməsinə görə cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Suraxanı Rayon Məhkəməsinin 1(010)-96/2025 nömrəli iş üzrə 22 yanvar 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmalı və ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 27 sentyabr 2024-cü ildən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Suraxanı Rayon Məhkəməsinin 1(010)-96/2025 nömrəli iş üzrə 22 yanvar 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 27 sentyabr 2024cü ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-222/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-222/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver