Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-224/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X15 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 11:00 radələrində B1, B, C1, C kateqoriyalı, BB 227137 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi ilə üzü Əhmədli qəsəbəsi istiqamətində yolun sağ zolağı ilə saatda 80-85 kilometr sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tormozlama və sair) vaxtında yetirməklə avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda bunu etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da, həmin imkandan istifadə etməyib qarşıda onunla eyni eyni istiqamətdə hərəkətdə olan “Tata” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmaqla yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində ehtiyatsızlıqdan avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 sol üz sinirinin periferik parezi ilə müşayiət olunan sol qaşüstü nahiyənin sıyrıqları, baş beyin silkələnməsi, sol bazunun hematomaları, sol baldırın qançırları, oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sol ayağın İ barmağı şişkinliyi ilə nəticələnən, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır bədən xəsarətlər almasına, Zərərçəkmiş şəxs2 baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən sınıqları, iki tərəfli pnevmotoraksla müşayiət olunan hər iki ağciyərin əzilməsi, alın-təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, bədənin çoxsaylı sıyrıqları və qançırları ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər olaraq baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəbindən 12 dekabr 2023-cü il tarixdə saat 15:30-da 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölümünə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 263.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 5-6 ay müddətdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. İdarə etdiyi “Toyota Prius” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Yango” taksi şirkətində sifarişləri qəbul edib müştəriləri sifariş verdikləri ünvanlara çatdırır. 12 dekabr 2023-cü il tarixdə təxminən saat 11:00 radələrində şirkətdən ona Mərdəkan qəsəbəsindən müştərini götürüb Əhmədli qəsəbəsinə aparmaqla bağlı sifariş gəlmişdir. O da həmin sirafişi qəbul etmiş və Mərdəkan qəsəbəsinə getmişdir. Orada avtomobilə 3 qadın əyləşmişdir. Adının sonradan Ramilə olduğunu bildiyi qadın ön sağ oturacaqda digər tanımadığı iki qadın isə arxada əyləşmişlər. Onları götürdükdən sonra Zığ şosesi ilə üzü Əhmədli qəsəbəsi istiqamətində hərəkətə başlamışdır. O avtomobili saatda təxminən 80-85 kilometr sürətlə idarə etmişdir. Yolda hərəkətdə olarkən avtomobilin içərisində olan havanın soyuq olduğunu hiss etmişdir. O bu vaxt avtomobilin istiliyini qaldırmışdır. Bir qədər getdikdən sonra avtomobildə oksigen çatışmazlığı hiss etmiş və bir anlıq diqqəti yoldan yayınmışdır. Həmin vaxt avtomobilinin ön sağ hissəsinin ondan öndə hərəkətdə olan evakuatora dəydiyini və avtomobilin dayandığını hiss etmişdir. O, avtomobildə olan Ramilə adlı qadının xəsarət aldığını görüb avtomobildən yerə düşmüşdür. Avtomobilin sağ qapısını açıb Ramiləyə kömək göstərmək istəmişdir. Daha doğrusu açıq olmuş, lakin avtomobil deformasiya olduğuna görə Ramilə avtomobilin içərisində sıxışmışdır. Digər tanımadığı iki qadın isə avtomobildən enmişlər. O Ramiləni avtomobildən çıxara bilmədiyi və onun başından xəsarət alaraq qan gəldiyini gördükdə əvvəlcə X17a zəng edib yardım çağırmış, X17 avtomobili gəldikdən sonra Ramilənin avtomobildən çıxarılmasının mümkün olmadığını görüb Fövqaladə Hallar Nazirliyinin xilasetmə xidmətinə zəng edib yardım çağırmışlar. Xilasetmə xidməti avtomobili kəsib Ramiləni çıxarmışdır. Bundan sonra X17 avtomobili Ramiləni 3 saylı şəhər klinik xəstəxanasına aparmışdır. O da onlarla birlikdə xəstəxanaya getmişdir. O avtomobildən düşüb Ramiləni xəstəxanaya təhvil verdikdən sonra həyəcandan huşunu itirmişdir. Özünə gəlib ayıldıqda Ramilənin öldüyünü demişlər. Hadisə baş verdikdən sonra bir həftədən çox xəstəxanada müalicə almışdır, belə ki, onun bədəninin müəyyən hissələri əzilmiş, həmçinin yeriyə də bilməmişdir. O, özü xəstəxanada olub deyə onun qaynı və dostu mərhumun əmisi, yəni Emin adlı şəxslə əlaqə saxlayaraq ona müəyyən qədər pul vermişlər ki, mərhumun ailəsinə verilən pulları çatdırsın. Sonradan o özü müəyyən qədər bazarlıq edərək Eminə vermişdir ki, mərhumun ailəsinə versin. Hətta mərhumun qəbrinin düzəltdirilməsi üçün də pul vermişdir. Amma birinci məhkəmə iclasında bəlli olmuşdur ki, mərhumun valideynləri ayrılıb və Emin mərhumun anasına heç nə verməyib. Əməlindən peşman olmasını, himayəsində iki uşaq olduğunu, oğlunun xəstə olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, uzun müddətdir ki, sürücülüklə məşğuldur amma əvvəl avtomobildə soba yandırmamışdır. Hadisə baş verən gün hava yağışlı və soyuq olduğundan müştərilərin üşüdüyünü görəndə avtomobildəki sobanı yandırdıqdan sonra avtomobildə oksigen çatışmazlığını hiss etmişdir. Ümumiyyətlə günə 25 sifariş qəbul edir, gecələr normal qaydada yatır, hadisə baş verən vaxt yatmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qızıdır. 12 dekabr 2023-cü il tarixədək o qızı ilə birlikdə yaşamışdır. 12 dekabr 2023-cü il tarixdə saat 11:00 radələrində qızı evdən işə getmək üçün çıxmışdır. Həmin gün saat 13:25-də ona zəng gəlmişdir. Ona zəng edən Ramilənin iş yoldaşı Vəfa olmuşdur. Vəfa ona Sabunçu xəstəxanasına gəlməyini bildirmişdir. Nə baş verdiyini soruşmuşdur. Ona Ramilənin xəsarət aldığını demişdir. O bundan sonra Sabunçu rayon xəstəxnasına getmişdir. Vəfanı xəstəxanada görmüş, ona yaxınlaşıb Ramiləni soruşmuşdur. Vəfa Ramilənin əməliyyat edildiyini demişdir. Lakin o inanmamış və qızını soruşmuşdur. Bu vaxt ona qızının öldüyünü demişlər. O qızının nə üçün öldüyü ilə maraqlanmış və öyrənmişdir ki, qızı Ramilə taksi ilə gedərkən taksi avtomobili evakuatorun arxası ilə toqquşmuş, hadisə zamanı qızı Ramilə xəsarət almışdır. Ramiləni Sabunçu rayon xəstəxanasına aparmışlar, orada Ramilə aldığı xəsarətlərdən ölmüşdür. Təqsirləndirilən şəxsı ilk dəfə məhkəmədə görmüşdür. Süleyman qeyd edir ki, qızının əmisinə, yəni Eminə müəyyən məbləğdə pul və bazarlıq edərək vermişdir amma Emin ona bu barədə heç nə deməyib və ona heç nə verməyib. Belə ki, əri ilə rəsmi olmasa da, faktiki olaraq uzun müddətdir ki, ayrılıblar. Uşaqlarını o, təkbaşına böyüdüb. Emin ilə düşmən deyil amma illərlə münasibətləri olmayıb. Tək ana olduğu üçün onun kartına pul göndərdilir. Süleymanın qaynı Hüseyn onun digər qızının kart nömrəsini öyrənib və orucluq bayramında həmin karta yüz ya da iki yüz manat civarında pul göndərib, o, bu pulu da qəbul etmir və qaytaracaq. Əvvəldən də heç nə qəbul etməyəcəyini Süleymanın yaxınlarına bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmayıb və şikayətçidir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o 25 ildir ki, saç ustası işləyir. Zərərçəkmiş şəxs2 və Şahid1 onun iş yoldaşlarıdır. 12 dekabr 2023-cü il tarixdə o, Vəfa və Ramilə Əhmədli qəsəbəsinə gedib alış-veriş etməli olmuşlar. Ramilə öz mobil telefonu ilə “Yanqo” taksi şirkətindən taksi sifariş vermişdir. Onlar “Toyota Prius” markalı taksiyə əyləşmiş və taksi sürücüsü onları Əhmədli qəsəbəsinə Zığ şossesi ilə aparmışdır. Ramilə taksidə qabaq oturacaqda o və Vəfa isə arxa oturacaqda əyləşmişlər. Taksi sürücüsü avtomobili Zığ şossesi ilə 2-ci zolaq ilə idarə edərkən sürücünün avtomobildə yuxuladığını görmüş, Vəfa dərhal sürücüyə oyanması üçün əli ilə arxadan xəbərdarlıq edib oyadan zaman taksi sürücüsü avtomobili idarə etməni itirərək qarşısı ilə 3-cü zolaq ilə hərəkət edən 166 yük evakuatorun arxasına çırpılmışdır. Həmin vaxt o və yanında əyləşən Vəfa avtomobildən yerə düşmüşlər. Onlar avtomobilin qabağına yaxınlaşdıqda qabaq oturacaqda əyləşən Ramilənin huşsuz vəziyyətdə yatdığını görmüşlər. O yola çıxaraq arxadan gələn avtomobillərdən kömək istəmiş, nə qədər çalışsalar da, Ramiləni avtomobildən çıxarda bilməmişlər. Bir müddətdən sonra “Fövqaladə Hallar Nazirliyinin” əməkdaşları hadisə yerinə gələrək Ramiləni avtomobildən çıxarmışlar. Daha sonra X17 avtomobili ora gələrək onu, Ramiləni və Vəfanı Sabunçu qəsəbəsində yerləşən 3 saylı Kliniki xəstəxanaya aparmışlar. Hadisə zamanı o və Vəfa müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Onlar xəstəxanaya çatdıqda ona və Vəfaya ilkin olaraq tibbi yardım göstərmişlər. Ramiləni isə əməliyyata aparmışlar. Bir neçə saatdan sonra Ramilənin vəfat etməsi barədə məlumat vermişlər. Hazırda təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, o, 10 ilə yaxın müddətdir ki, Mərdəkan qəsəbəsində yerləşən gözəllik salonunda işləyir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun iş yoldaşlarıdır. 12 dekabr 2023-cü il tarixdə o, Ramilə və Səadət Əhmədli qəsəbəsinə gedib alış-veriş etməli olmuşlar. Ramilə öz mobil telefonu ilə “Yanqo” taksi şirkətindən taksi sifariş vermişdir. Onlar “Toyota Prius” markalı taksiyə əyləşmiş və taksi sürücüsü onları Əhmədli qəsəbəsinə Zığ şossesi ilə aparmışdır. Ramilə taksidə qabaq oturacaqda o və Səadət isə arxa oturacaqda əyləşmişlər. Taksi sürücüsü avtomobili Zığ şossesi ilə 2-ci zolağ ilə idarə edərkən sürücünün avtomobildə yuxuladığını, yəni başının bir tərəfə əyildiyini görmüş, dərhal sürücüyə oyanması üçün əli ilə arxadan xəbərdarlıq edib oyadan zaman, heç sözünü bitirməmiş taksi sürücüsü avtomobili idarə etməni itirərək qarşısı ilə 3-cü zolaq ilə hərəkət edən 166 yük evakuatorun arxasına çırpılmışdır. Həmin vaxt o və yanında əyləşən Səadət avtomobildən yerə düşmüşlər. Onlar avtomobilin qabağına yaxınlaşdıqda qabaq oturacaqda əyləşən Ramilənin huşsuz vəziyyətdə yatdığını görmüşlər. O yola çıxaraq arxadan gələn avtomobillərdən kömək istəmişdir. Onlar nə qədər çalışsalar da, Ramiləni avtomobildən çıxara bilməmişlər. Bir müddətdən sonra “Fövqaladə Hallar Nazirliyinin” əməkdaşları hadisə yerinə gələrək Ramiləni avtomobildən çıxarmışlar. Daha sonra X17 avtomobili ora gələrək onu, Ramiləni və Səadəti Sabunçu qəsəbəsində yerləşən 3 saylı Kliniki xəstəxanaya aparmışlar. Hadisə zamanı o və Səadət də müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Onlar xəstəxanaya çatdıqda ona və Səadətə ilkin olaraq tibbi yardım göstərmişlər. Ramiləni isə əməliyyata aparmışlar. Bir neçə saatdan sonra Ramilənin vəfat etməsi barədə onlara məlumat vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o 2018-ci ildən 166 evakuasiya şirkətində sürücü işləyir. Onun vəzifəsi şirkət tərəfindən verilən tapşırığa əsasən nasaz avtomobilləri dedikləri ünvanlara çatdırmaqdan ibarətdir. 12 dekabr 2023-cü il tarixdə şirkət tərəfindən ona idarə etdiyi “Tata” maralı **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ulduz metro stansiyasının yaxınlığında təxminən 3 tonluq dəmir avadanlığı götürüb Bakı şəhəri, Hövsan qəsəbəsinə aparmaqla bağlı sifariş vermişlər. O, qeyd olunan dəmir avadanlığı götürüb Hövsan qəsəbəsi istiqamətinə yola düşmüşdür. O, idarə etdiyi avtomobillə hava limanı istiqaməti ilə gələrək Zığ şossesinə dönmüş, avtomobili Zığ şossesinin 3-cü zolağı ilə, yəni sağ zolaq ilə hərəkət etdirmişdir. Hərəkətdə olarkən anidən idarə etdiyi avtomobilin arxasından zərbə dəydiyini eşitmiş və hiss etmişdir. Həmin vaxt avtomobili dərhal saxlamış və yerə düşdükdə “Toyota Prius markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtmobilin onun idarə etdiyi avtomobilin arxasına çırpıldığını görmüşdür. “Toyota Prius” markalı avtomobil onun idarə etdiyi evakuatorun arxa dəmir hissəsinə dəymiş və Priusun qabaq hissəsi evakuatorun arxasındakı dəmirin altına keçib orada qalmışdır. Həmin vaxt sürücünün xırda xəsarətlər aldığını görmüş, lakin sonradan bildiyi müştəri kimi qabaq hissədə əyləşən qadının isə avtomobildə sıxılı vəziyyətdə qaldığını görmüşdür. Bundan sonra arxa hissədə əyləşən digər iki qadın sərnişinlər isə avtomobildən yerə düşmüşlər. Arxada əyləşən həmin qadınlar da xırda bədən xəsarətləri almışlar. Bir neçə dəqiqədən sonra Fövqaladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəlmiş və avtomobildə qabaq hissədə əyləşən qadını avtomobildən çıxarmışlar. Daha sonra hadisə yerinə X17 avtomobili gələrək Toyota Prius markalı avtomobilin sürücüsünü və digər 3 nəfər qadın sərnişini 3 Saylı Kliniki xəstəxanaya aparmışlar. O isə orada olarkən hadisə yerinə polis əməkdaşları gəlmiş və onun iştirakı ilə hadisə yerini müayinə etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. Hadisə baş verdikdən sonra ilk dəfə mərhumun anası Nəsirova Kəmalənin evinə getmişlər, orada mərhumun anası Süleymandan şikayətçi olacağını bildirmişdir. Emin adlı şəxs özünü mərhumun əmisi kimi təqdim etdiyindən o, Süleymanın verdiyi 500 manat məbləğində pulu Eminə vermişdir. Emin onları Mərdəkana çağırmış, onlar çağırılan yerə getmiş və orada Emin hələ görüşə gəlməmələrini, vaxt verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısının yoldaşıdır. Süleyman bir neçə ilin sürücüsüdür və ehtiyatla maşın idarə edir. Hadisə baş verən gün ona zəng gəlmiş və o, xəstəxanaya getmiş, xəsətəxanada mərhumun anası Kəmalə Nəsirovanı görmüşdür. Onlar Zərərçəkmiş şəxs2 öldükdən bir neçə gün sonra onların evinə getmişlər. Orada mərhumun əmisi Emin adlı şəxs danışdığından onu ailənin böyüyü, yəni ağsaqqalı olduğunu zənn etmişlər. Eminlə həftədə bir dəfə, iki həftədə bir dəfə görüşmüşlər. Mərhumun qəbrinin düzəldilməsi üçün pul verilib, ümumilikdə hissə-hissə 3000-ə yaxın, daha doğrusu 2700 manat məbləğində pul, həmçinin bir neçə dəfə müəyyən qədər bazarlıq edilərək Eminə verilib ki, mərhumun ailəsinə çatdırsın. Sonradan bəlli olub ki, Kəmalənin heç nədən xəbəri yoxdur. O, Eminə sual verərək verilənləri niyə Kəmaləyə çatdırmadığını soruşanda, Emin pulun ora-bura getdiyini, yəni xərcləndiyini demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, iş icraata qəbul edilmişdir (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, gündüz vaxtıdır, hava aydındır. Hadisə Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesində baş vermişdir. Hadisə baş verən yol asfalt örtüklüdür, yolun işlək hissəsi düzdür və yaşdır. Hadisə baş verən yol örtüyünün eni 12 metr olmaqla, 3 hərəkət zolağından ibarətdir, işlək hissənin eni 4 metrdir. Bu istintaq hərəkətinin nəticəsi protokolla rəsmiləşdirilmiş və fotoşəkillər çəkilərək həmin protokola əlavə edilmişdir.(i.v. 7-15); zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X7 iş üzrə Zərərçəkmiş şəxs2 anası kimi hüquqi varisi qismində tanınmışdır (i.v. 37-38); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, DİN-in BDYPİ-nin qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatına əsasən, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BB 227137 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb (i.v. 55); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X19 tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur (i.v. 60); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün yuxarıda adı çəkilən xəstəxanaya müraciət etməyib (i.v. 61); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X20 tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 4541/K saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (i.v. 62-65); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X19 tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 66); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X19n Suraxanı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 158 saylı rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən sınıqları, iki tərəfli pnevmotoraksla müşayiət olunan hər iki ağciyərin əzilməsi, alın-təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, bədənin çoxsaylı sıyrıqları və qançırları. Qeyd edilən xəsarətlər həyatidirlər, şəxsin xəstəxanaya daxil olmasından az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yolnəqliyyat hadisəsi nəticəsində avtomobilin salonunun qabarıq hissələrinin təsirindən əmələ gələ bilərlər, alınma müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə biləvasitə səbəbli əlaqəlidirlər. R. R. Əlizadənin ölümünə baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm 3 saylı ŞKX-da xx.xx.2023-cü il tarixdə saat 15:30-da baş vermişdir, hansı ki meyitin məhkəmə-tibbi müayinəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (i.v. 67-71); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X19n Suraxanı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1146 saylı rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Şahid1 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol qulaq seyvanın şişkinliyi, qançırı və əzilmiş yarası, həmin nahiyənin səthi əzilmiş yarası, gicgah nahiyəsinin əzilmiş yaraları, sağ baldırın qançırı, sağ bazunun hematoması. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (i.v. 72-73); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X19n Suraxanı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1145 saylı rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol üz sinirinin periferik parezi ilə müşayiət olunan sol qaşüstü nahiyənin sıyrıqları, baş beyin silkələnməsi, sol bazunun hematomaları, sol baldırın qançırları, oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sol ayağın İ barmağı şişkinliyi. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər (i.v. 74-76); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 77-78); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 87); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/168 saylı yol-nəqliyyat hadisələri ekspertizasına dair rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı, ** HB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən tədqiq olunan şəraitdə Tata markalı, ** JS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hərəkətlərinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir (i.v. 88-91); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin istintaqı zamanı toplanmış materiallar – cinayət işi başlananadək aparılmış təhqiqat materiallarında, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə tibbi, məhkəmə tibbi-kimyəvi və məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyləri, hadisə yerinin müayinə protokolu, sxem, fotocədvəl və digər istintaq sənədlərinin sübut kimi qiymətləndirilməsi və həmin sübutların məcmusunun iş üzrə Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət qədər hesab edilməsi; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərədə tutulan ittiham elan edilməsi; Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi; hadisə zamanı Şahid1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri alması Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibini yaratmadığından Təqsirləndirilən şəxs əməlinin həmin hissədə cinayət əməli kimi qiymətləndirilməməsi; hadisə zamanı Şahid1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri alması Təqsirləndirilən şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün qərarın surətinin zəruri sənədlərlə birlikdə Suraxanı rayon prokurorluğuna göndərilməsi; iş üzrə “Toyota Prius” markalı, **-HB- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin maddi sübut qismində tanınması və saxlanması üçün sahibinə qaytarılmasının nəzərə alınması qərara alınmışdır (i.v 92-98); təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v 109-110); başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 131-133); Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir; X16 tərəfindən verilən göndəriş vərəqindən görünür ki, Təqsirləndirilən şəxs diaqnozu döş qəfəsinin əziyidir. Xəstə yol-nəqliyyat qəzası nəticəsində Sabunçu TM-nə daxil olmuşdur. Şikayətləri döş qəfəsində ağrı və ümumi narahatlıqdır. Xəstə nisbi yavaşlaşma olduğu üçün məsləhət verilib evə yazılmışdır; “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemində olan Təqsirləndirilən şəxs qohumluq məlumatlarına dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs iki uşağı vardır - xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X2. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi, digər zərərçəkmiş şəxsin və şahidlərin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, digər zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etməsini, digər zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını ba tipli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan “Toyota Prius” minik markalı **-HB-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 128 (yüz iyirmi səkkiz) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 72 (yetmiş iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” minik markalı **-HB-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-224/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-224/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver