Məhkəmə qərarları › İş №1(010)-226/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-226/2023

06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-226/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, tərcüməçi X2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 08 avqust 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan, 06 – 08 sentyabr 2022-ci il tarixləri üzrə tutulmuş, 08 sentyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd sellofan, 01 ədəd isə siqaretin gümüş kağızına bükülmüş bükümlərdə ayrılıqda 0,299 qram, 0,200 qram, 0,035 qram, ümumi təmiz çəkisi 0,534 qram olan qəhvəyi rəngli, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin alaraq əldə edib, əynindəki göy rəngli cins şalvarın sol cibində saxlayıb, daşımışdır. 06 sentyabr 2022-ci il tarixdə saat 14:30 radələrində Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 13 saylı Şəhər Birləşmiş Xəstəxanasının yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, video çəkilişdən istifadə etməklə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol cibindən 02 ədəd sellofan, 01 ədəd isə siqaretin gümüş kağızına bükülmüş bükümlərdə ayrılıqda 0,299 qram, 0,200 qram, 0,035 qram, ümumi təmiz çəkisi 0,534 qram olan qəhvəyi rəngli, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 1 ilə yaxındır heroin kimi tanıdığı narkotik maddədən çəkmək yolu ilə istifadə edir. Həmin narkotik maddəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alıb əldə edərək istifadə etmişdir. 06 sentyabr 2022-ci il tarixdə səhər saatlarında “Əhmədli” metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manat verərək öz istifadəsi üçün 3 ədəd bükümdə heroin kimi tanıdığı narkotik maddə alaraq əynindəki göy rəngli cins şalvarın sol cibinə qoyaraq həmin bükümləri sonra istifadə etmək üçün üzərində saxlamışdır. 06 sentyabr 2022-ci il tarixdə saat 14:30 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, 13 saylı xəstəxananın yaxınlığında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və onu üzərində narkotik maddələr saxlayaraq daşımaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinə getmişdir. Polis İdarəsində xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra dövlət hesabına vəkil dəvət olunmuş və vəkili ona hüquq və vəzifələrini bir daha izah etdikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Həmin vaxtı polis əməkdaşı üzərində hər hansı bir qanunsuz saxladığı əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməyini bildirmişlər. O da əynində olan göy rəngli cins şalvarın sol cibindən üç ədəd bükümləri, bir ədəd 100 manatlıq, iki ədəd iki manatlıq pul əskinazını və bir ədəd mənzil açarını çıxarıb təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin bükümlər açılaraq içərisinə baxış keçirilmişdir. Sonra polis əməkdaşları ondan həmin üç ədəd bükümlərin içərisində nə olması, nə vaxt və haradan əldə etdiyini soruşmuşlar. O, isə həmin bükümlərin içərisində olan maddənin heroin kimi tanıdığı narkotik maddə olduğunu, 06 sentyabr 2022-ci il tarixdə səhər saatlarında “Əhmədli” metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özünün istifadəsi üçün 25 manat müqabilində alaraq üzərində daşıdığını bildirmişdir. Bundan sonra həmin üç ədəd bükümlər polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, onun tərəfindən zərfin üzəri imzalandıqdan sonra möhürlənmişdir. Digər polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilmiş və üzərindən hər hansı bir qanunsuz saxladığı əşya aşkar olunmamışdır. Daha sonra bununla bağlı tərtib olunmuş protokol və digər sənədlər onun tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsi üzrə əməliyyat müvəkkili vəzifəsində işlər. 06 sentyabr 2022-ci i tarixdə 08 avqust 989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs ünvan 6ləşmiş Şəhər Xəstəxanasının yaxınlığında narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra Suraxanı Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsi üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 14:30-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 13 saylı Birləşmiş Şəhər Xəstəxanasının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və həmin şəxsdən özünü təqdim edilməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib, həmin şəxsi Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs razı olaraq onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinə gəlmişdir. Suraxanı Rayon Polis İdarəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi dəvət edildi və sonra Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol cibindən iki ədəd sellofana, 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümləri, 01 ədəd 100, 02 ədəd 2 manatlıq pul əskinazlarını və açarları təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulduğu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu, həmin narkotik vasitəni 06 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Əhmədli metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manat müqabilində, öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 03 ədəd bükümlər götürülərək qablaşdırılmış, daha sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı Rayon Polis İdarəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin təhqiqatçısı X3 tərəfindən həmin protokol ona görə tərtib olunmuşdur ki, Azərbaycan Respublikası CPMnin 51, 86, 242-247-ci maddələrinin tələblərini rəhbər tutaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin cinayət axtarış şöbəsinin əməliyyatçıları Şahid1 və Şahid2, “Asan” Xidmətlərinin nəzdində olan “Şəms” tərcümə mərkəzinin tərcüməçisi X1 iştirakları ilə Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 13 saylı BŞX-nın yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “şəxsi axtarış və götürmə aparılması” haqqında” 06 sentyabr 2022-ci il tarixli qərara əsasən Suraxanı Rayon Polis İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsung” markalı mobil telefondan istifadə olunmaqla RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edimiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol cibindən iki ədəd şəffaf sellofana və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş içində narkotik vasitəyə bənzər vasitə və sağ yan cibindən bir ədəd 100 və iki ədəd bir azn manat və evinə məxsus açarı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, iki ədəd şəffaf sellofana və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içində narkotik vasitə sayılan “kakos” heroin olduğunu, bu gün səhər üzdən tanımadığı adını bilmədiyi şəxsdən Əhmədli metrosunun yaxınlığında 25 manata öz istifadəsi üçün alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 45 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə saat 15:50-də şübhəli şəxs qismində tutulmuşdur. “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşad Mahmudovun 08 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Araz Məhərrəmovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 07 sentyabr 2022-cı il tarixli 6/4842 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №45” dairəvi möhür əksləri olan, “...Təqsirləndirilən şəxs...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 3 (üç) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,299 qram, 0,200 qram, 0,035 qram ümumi təmiz çəkisi 0,534 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir». 09 sentyabr 2022-cı il tarixli 5060 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». 16 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış ümumi təmiz çəkisi 0,534 qram narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 0,444 qram narkotik vasitə heroin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra maddi sübutun taleyi ilə bağlı məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş video görüntünü özündə əks etdirən bir ədəd “DVD“ disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün istibtaq sənədi kimi sübut qismində tanınmışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, ərazi narkoloji dispanserində qeydiyyata alınması, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,444 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat Təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 – 08 sentyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,444 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat Təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar