Məhkəmə qərarları › İş №1(010)-227/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-227/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-227/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və onun müqavilə üzrə müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxx 1993-cü ildə Ucar şəhərində anadan olmuş, Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi Azərbaycan əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 02 mart 2024cü il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 23 dekabr 2023-cü il tarixdə saat 23 radələrində ünvan 2 ünvanının qarşısında bibisi oğlu Zərərçəkmiş şəxs siqaretin kötüyünü onun atası Şahid3 məxsus «Toyota Prius» minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə atması səbəbindən Zərərçəkmiş şəxsla aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı baş və yumruq zərbələri ilə qəsdən vuraraq Zərərçəkmiş şəxs burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burunun yumşaq toxumasının hematoması, üst çənədə mərkəzdən sağda və solda 1-ci kəsici dişin tacının hissəvi qopması və həmin səviyyədə üst və alt dodağın selikli qişasına qansızma, sol göz almasına qansızma ilə müşayiət olunan sol göz yuvası yumşaq toxumasının hematoması, başın alın nahiyəsinin sol yan səthinin, sol almacıq nahiyəsinin, hər iki bazunun və döş qəfəsinin qançırları ilə nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakılarla sübuta yetirilir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 dekabr 2023-cü il tarixdə qardaşı Elməddin və qayını Elçin ilə oturub evlərində söhbət edirmiş. Bu zaman həyətyanı əraziyə qurdaşdırdıqları kameradan kiminsə onun atasının avtomobilinin yanında dayanıb siqaret çəkdiyini görmüşdür. Həmin şəxsin kim olması onlara məlum olmamışdır. Bir müddət də kameraya nəzər yetirən zaman həmin şəxsin siqaretin kötüyünü avtomobilin yan tərəfinə atdığını gördmüdşür. Onlar bunu görən zaman çölə çıxmış, ilkin olaraq, evdən birinci çıxıb həmin şəxsin kim olmasını müəyyən etməyə çalışmışdılar. Həmin şəxsə çatan zaman onun bibisi oğlu Elvin olduğunu görmüşdülər. Elvindən nə üçün belə etdiyini soruşmuş, Elvin isə “Yaxşı eləmişəm" demişdir. Sonra Elvindən spirtli içki iyi gəldiyi üçün uzaqlaşmışdır. Bildirmiş ki,-“içkilisən, sonra söhbət edərik.” Həmin şəxsdən uzaqlaşan zaman Elvin ona səslənmiş, 0, dayanmış və Elvin ona tərəf gəlmişdir. Onunla yenidən söhbət etməyə başlamış. Bildirmiş ki,-“bu etdiyin hərəkət düzgün deyil.” Elvin Tamerlana cavab olaraq bildirmişdir ki,-“mənim sənlə heç bir məsələm yoxdur. Mənim işim sənin atanladır. Sənin maşınına atmamışam ki, belə edirsən.” Elvinə atasının evdə olmasını, nə işi varsa gedib söhbət edərək yoluna qoymasını təklif etmişdir. Bu zaman Elvin onun qolundan sıxıb evin küncünə doğru çəkmişdir. Onu özünə tərəf çəkib boğmağa cəhd göstərmiş, Elvinin əlindən çıxmaq istəyən zaman başı onun burnuna dəymiş, bu zaman Elvin onun köynəyindən tutaraq özünə çəkmiş və əli ilə onun üzündən vurmuşdur. Elvinin onu buraxması üçün ona yenidən başı ilə zərbə vurmuşdur. Bu zaman qardaşı Elməddin və qayını Elçin mübahisə etmələrinə mane olaraq onları ayırmışdır. Onlar ayrıldıqdan sonra evə doğru gəlmişdir. Bu zaman atası evdən çıxmış, Elvinlə atası söhbət etməyə başlamışdır. Sonra atası Elvini həyətə dəvət etmişdir. Elvin onlarla həyətə gəlib atası ilə söhbət etməyə davam etmişdir. Elvin artıq sakitləşmişdi. Hadisədən təxminən 30 dəqiqə sonra Elvinin qayınatası İlqar atasına zəng vurub evdə olub-olmamasını soruşmuş, sonra, atası onunla söhbət etmək üçün həyətə çıxmış, onunla mübahisə 3-5 dəqiqə çəkmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində 2 azyaşlı övladının olmasını və törətdiyi əməldən peşman olmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, buna görə də cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, dayısı Şahid3 ilə aralarında Yeni Suraxanı, İİİ Köndələn küçəsində yerləşən torpaq sahəsinə görə bəzi anlaşmazlıqlar olmuşdur. Həmin torpaq sahəsini onun anası Mahizər və dayısı Elman şərik almışlar. Orada bacısı Ayşən ev tikdirmişdir. Dayısı Elman yerdə qalan torpaq sahəsində oğlu üçün ev tikdirmək istədiyini demişdir. Lakin anası onun torpaq hissəsinin pulunu verdiyi üçün dayısının həmin torpaqdan payı olmamışdır. Elvin dayısına ona başqa ərazidə torpaq tapmasını, onu almağa isə köməklik edəcəyini bildirmişdir. Dayısı onun bu fikri ilə razılaşmışdır. Lakin sonradan dayısı onun zənglərinə cavab verməyərək onunla görüşməkdən yayınmışdır. Bu söhbətlərə görə aralarında müəyyən dərəcədə soyuqluq olmuşdur. 23 dekabr 2024-cü il tarixdə ad gününü keçirmək üçün anası Mahizər Salmanovanın yanına gəlmişdir. Həmin məclisdə bir-iki qədəh spirtli içki qəbul etmişdir. Lakin özünü dərk edib normal hərəkət edə bilmişdir. Təxminən saat 23 radələrində bacısı uşaqlarını öz evlərinə yola salmaq üçün onlarla bir yerdə bacısının yaşadığı Yeni Suraxanı, İİİ Köndələn küçəsinə getmişdir. Olduğu yer ilə bacısının evi arasında məsafə qısa olduğu üçün piyada getmişlər. O, bacısı uşaqlarını evə aparan zaman siqaret çəkmişdir. Bu müddətdə siqareti çəkib qutardığı üçün kötüyünü yerə atmışdır. Hava küləkli olduğu üçün siqaret kötüyü dayısı Elmanın maşınına dəymişdir. Bacısının evi ilə dayısı Elmanın evi yanaşı yerləşdiyindən, o, evə gedən zaman arxadan kiminsə onu səslədiyini eşitmişdir. Arxaya baxan zaman onun dayısı oğlu Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Yaxınlaşıb Tamerlanla söhbət etməyə başlamışdır. Tamerlan ona siqareti hara atdığını soruşmuşdur. O, da bu sualı gözləmədiyi üçün konkret cavab verə bilməmişdir. Bildirmişdir ki,-“yerə atmışam”. Tamerlan da bildirmişdir ki,- “sən siqaretin kötüyünü məqsədli şəkildə bizim avtomobilin üzərinə atmısan”. Tamerlana demişdir ki, bu təsadüfən olub və belə bir niyyəti olmayıb, olsa belə ona görə mübahisəmi edərlər?. Tamerlan söhbəti atası Elman və onunla arasında olan torpaq mübahisəsinə gətirmişdir. O, bu mübahisənin dayısı Elmanla onun arasında olmasını və aralarındakı bu məsələni sülh yolu ilə həll edəcəklərini bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış, Tamerlan qəfildən ona başı ilə zərbə endirmişdir. Bu zərbəni gözləmədiyi üçün bir müddət hərəkətsiz qalmışdır. Zərbənin təsirindən özünü dərk edən zaman qayını Şahid2 və Tamerlanın qardaşı Şahid1 onun qolundan tutduğunun şahidi olmuşdur. Elvin özünü müdafiə üçün sağa-sola hərəkət edərək həmin şəxslərin əlindən qurtulmağa cəhd göstərmişdir. Bundan sonra da, Tamerlan ona yumruqla zərbə vurmuşdur. Sonra isə evin küncünə çəkilmişdir. Tamerlanı kimsə evə aparmış, bu zaman səsə anası Radə çıxmışdır. Radə də onu küçə söyüşləri ilə təhqir etməyə başlamışdır. Tamerlanla mübahisə zamanı da Tamerlan onu küçə söyüşləri ilə təhqir etmişdir. Onların mübahisəsinə Tamerlanın anası Radə, atası Elman çölə çıxaraq mane olmuşdur. Elvin dayısı Elmana onun oğlanlarına bir zərbə belə vurmadığı barədə məlumat vermişdir. Bu mübahisənin videoçəkilişi dayısı Elmanın evinə quraşdırdığı kameraya düşmüşdür. Həmin görüntüdə kimin günahkar olduğu açıq-aydın görünmüşdür. Təxminən 5 dəqiqə sonra, anası, bacısı və yoldaşı gəlmiş, mübahisənin səbəbini soruşmuşdur. Bu zaman dayısı, dayısının yoldaşı və gəlinləri nalayiq küçə söyüşləri ilə onları təhqir etməyə başlamışdır. Bir müddət sonra, onlar bacısının evinin həyətinə gedib DİN-in 102 zəng xidmətinə məlumat vermişdir. Tamerlanla onun arasındakı mübahisə təxminən 5 dəqiqə çəkmişdir. Hal-hazırda aralarında barışıq əldə olunmuş, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası Şahid7 ifadəsində göstərmişdir ki, 23 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində evdə olan zaman çöldən qışqırıq səsi eşitmişdir. Çölə çıxan zaman Elvinlə Tamerlanın mübahisə etdiyini görmüşdür. Onların mübahisəsinə mane olmaq üçün yanlarına getmişdir. Bir müddət sonra yoldaşı evdən çölə çıxmışdır. Sonra mübahisə sakitləşmişdir. Daha sonra isə Elvinin qohumları onların həyətinə gəlmiş, onlara qarşı nalayiq ifadələr işlətməyə başlamışlar. Həyat yoldaşı onları həyətdən kənara çıxartmış və qapını bağlamış, ətraf sakitləşmişdir. Tamerlanla söhbət zamanı Tamerlanın Elvini vurduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qardaşı Şahid1 ifadəsində göstərmişdir ki, 23 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində qardaşı Tamerlan və qardaşının qayını Elçin oturub söhbət edən zaman həyətyanı əraziyə quraşdırdıqları kameradan kiminsə onların avtomobilinin yanında dayanıb siqaret çəkdiyini görmüşlər. Həmin şəxsin kim olması onlara məlum olmamışdır. Bir müddət də kameraya nəzər yetirən zaman həmin şəxsin siqaretin kötüyünü onların avtomobilinin yan tərəfinə atmasını görmüş, bu zaman da çölə çıxmışlar. Qardaşı Tamerlan ondan öncə çıxmışdır. Elməddin çölə çıxan zaman həmin şəxsin Elvin olduğunu görmüşdür. Qardaşı Tamerlana həmin şəxsin Elvin olduğunu, içkili olması səbəbindən baş qoşmamasını bildirmişdir. Lakin Tamerlan ona bu sözü deyənə kimi artıq söhbət etməyə başlamışlar. Qardaşı Elvinə demişdir ki,-“Niyə hörmətsizlik edirsən? Biz bir-birimizə qarşı hörmətsizlik etməmişik axı?”. Elvin isə bunun cavabında demişdir ki,-“yaxşı edirəm, əcəb edirəm”. Elvin qardaşı Tamerlana-“sənin maşının deyil, atanın maşınıdır” ifadəsini işlətmişdir. Bu səbəbdən aralarında mübahisə yarandığından qardaşı Tamerlan Elvini evə dəvət etmişdir. Lakin Elvin içkili olduğu üçün aqressiv reaksiya göstərmişdir. Elvinlə qardaşı Tamerlan evə tərəf gələn zaman onlara nəzər yetirən vaxt Elvinin, qardaşı Tamerlanın boğazından tutduğunu görmüşdür. Qardaşı da Elvindən qurtulmaq üçün ona başı ilə 2 dəfə zərbə endirmişdir. Elməddin də Elçinlə birlikdə onların mübahisəsinə mane olmuşlar. Onların danışıqlarını eşitməmiş, sadəcə onların mübahisəsinə mane olmuşlar. Onların arasında mübahisə 5 dəqiqə davam etmişdir. Qardaşı Elvinə yumruqla zərbə vurmuşdur. Həmin mübahisə zamanı səs-küyə atası və anası çıxmışdır. Atası onların hamısını həyətə aparmışdır. Özü isə Elvinlə söhbət etməyə başlamışdır. Elvin də Tamerlanla söhbət etmək istədiyini bildirmişdir. Bir müddət sonra, Elvinin anası, bacısı və yoldaşı gəlmişdir. Onlar da gəlib onları təhqir etməyə, atasını hədələməyə başlamışdır. Bir müddət sonra isə hər kəs öz evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 23 dekabr 2023-cü il tarixdə qohumu Tamerlan və onun qardaşı Elməddin ilə oturub söhbət edərkən həyətyanı əraziyə quraşdırdıqları kameradan kiminsə Tamerlanın atası Elmanın avtomobilinin yanında dayanıb siqaret çəkdiyini görmüşlər. Həmin şəxsin kim olması onlara məlum olmamışdır. Bir müddət də kameraya nəzər yetirən zaman həmin şəxsin siqaretin kötüyünü avtomobilin yan tərəfinə atmasını görmüşlər. Onlar bunu görən zaman çölə çıxmışlar. Tamerlan onlardan öncə çıxmışdır. Elməddin həmin şəxsin qohum olduğunu demişdir. İkisi evə qayıdan zaman mübahisənin ciddiləşdiyini görüb evə getməmiş, geri qayıtmışlar. Onlar mübahisə olan zaman onların yanına getmişdir. Mübahisə zamanı Tamerlan və Elvin qarşılıqdı nalayiq ifadələr işləyməyə başlamışdır. Mübahisəni kimin başlatdığını görməmişdir. Mübahisə vaxtı Elvin Tamerlanın qolundan yapışmışdır. O, Tamerlanın Elvinə başı ilə 2 dəfə zərbə vurduğunun şahidi olmuşdur. Sonra, onların mübahisələrinə mane olmuşlar. Bu zaman evdən Tamerlanın anası, sonra isə atası çıxıb gəlmişdir. X12 həyətə dəvət etmişdir. Bir az söhbət etdikdən sonra isə Elvin artıq sakitləşmişdir. Elvinin ailəsi gəldikdən sonra, səs küy yenidən artmışdır. Bir müddət mübahisədən sonra hər kəs öz evinə getmişdir. Sonradan nə olduğu barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin anası X4 ifadəsində göstərmişdir ki, 23 dekabr 2023-cü il tarixdə evdə imiş. Elvinin ad günü məclisi olduğundan Elvin və qonaqlar onların evində toplaşmışdır. Mahizər Elvinə demişdir ki,- “apar bacın uşaqlarını evlərinə ötür.” Saat 23 radələrində Elvin evdən çıxmışdır. Bir müddət sonra, Elvinə zəng vurmuş, lakin Elvin telefona cavab verməmişdir. Sonra isə nəvəsi Aydana zəng vurmuşdur. O bildirmişdir ki, Elvinin səsi qardaşı Elmanın evi tərəfdən gəlir. Ora çatan zaman oğlu Elvinin üzünün qan içində olduğunu görmüşdür. Mahizər nə baş verdiyini soruşduqda, Elvin Tamerlanın onu vurduğunu bildirmişdir. X2 nə üçün vurduğunu soruşmuşdur. Lakin Elman cavab verməyərək-“nə bilirsiz, edin” ifadəsini işlətmişdir. Sonra isə Elman çöl qapını bağlamışdır. Elvin Tamerlanın onu niyə vurduğunun səbəbini soruşmuşdur. Mahizər əsəbini sakitləşdirə bilmədiyi üçün qapını daşla vurmağa başlamışdır. Sonra isə Elvinlə birlikdə ordan uzaqlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin bacısı Şahid5 və zərərçəkmiş şəxsin həyat yoldaşı Şahid6 şahid X4 ilə eyni məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmiş təqsirləndirilən şəxsin atası Şahid3 ifadəsi də şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası Şahid7 ifadəsi ilə eyni məzmunlu olmuş və göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə şahid ifadələri ilə yanaşı, iş üzrə maddi sübut olan 01 ədəd CD diks, iş üzrə toplanmış məhkəmə tibbi ekspertizasının rəyi və digər istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə kifayət qədər təsdiq olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ********* saylı cinayət işi 24 yanvar 2024-cü il tarixdə Suraxanı Rayon prokuroru, baş ədliyyə müşaviri X6 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmışdır. (iş.v. 1) Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə ünvanlanan 24 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, 23 dekabr 2023-cü il tarixdə saat 23:15 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 3-cü Köndələn küçəsində dayısı oğlu Təqsirləndirilən şəxs, qardaşı Şahid1 və qayınları onu döyərək xəsarət yetirmişlər. Bu barədə tədbir görülməsini xahiş etmişdir. (iş.v. 7) Şahid2 tərəfindən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə ünvanlanan 25 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, 23 dekabr 2023-cü il tarixdə saat 23:30 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 3-cü Köndələn küçəsində qohumu Tamerlan öz qohumu Zərərçəkmiş şəxsla dalaşarkən onları ayırdığı zaman Elvin yumruğu ilə onun sifətindən vuraraq ona xəsarət yetirmişdir. Bu barədə tədbir görülməsini xahiş etmişdir. (iş.v. 8) Təqsirləndirilən şəxs tərəfindən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə ünvanlanan 25 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, 23 dekabr 2023-cü il tarixdə saat 22:30 radələrində yaşadığı evin qarşısında bibisi oğlu Elvinlə aralarında baş vermiş mübahisə zamanı Elvin onun sifətindən vuraraq xəsarət yetirmişdir. Bu barədə tədbir görülməsini xahiş etmişdir. (iş.v. 9) Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 28 dekabr 2023-cü il tarixli, 1174 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “vətəndaş Təqsirləndirilən şəxs burunun sağ yan səthinin sıyrığı və sağ almacıq nahiyəsinin qançırı müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 23 dekabr 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyil.” (iş.v. 30-31) Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 28 dekabr 2023-cü il tarixli 1175 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “vətəndaş Şahid2 xəsarət və xəsarət izləri müəyyən edilmədi.” (iş.v. 32-33) Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 09 yanvar 2024-cü il tarixli 1171 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “vətəndaş Zərərçəkmiş şəxs burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burunun yumşaq toxumasının hematoması, üst çənədə mərkəzdən sağda və solda 1-ci kəsici dişlərin tacının hissəvi qopması və həmin səviyyədə üst və alt dodağın selikli qişasına qansızma, sol göz almasına qansızma ilə müşayiət olunan sol göz yuvası yumşaq toxumanın hematoması, başın alın nahiyəsinin sol yan səthinin, sol almacıq nahiyəsinin, hər iki bazunun və döş qəfəsinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 23 dekabr 2023-cü il tarixə uyğun gələ bilər, dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasma görə qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. (iş.v. 34-36) 29 yanvar 2024-cü il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 3-cü Köndələn küçəsidir. (iş.v. 40-41) İş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, **-ON-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı, buraxılış ili 2007-ci il, qeydiyyat şəhadətnaməsi nömrəsi BA195592 olan nəqliyyat vasitəsi mülkiyyətçi X3 Şahid3 09 il 01 ay 23 gün müddətə, yəni 05 sentyabr 2032-ci il tarixədək etibar edilmişdir. (iş.v. 69) 03 mart 2024-cü il tarixli, “ifadənin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, 23 dekabr 2023-cü il tarixdə qardaşı Elməddin və qayını Elçin ilə oturub söhbət edirmiş. Bu zaman həyətyanı əraziyə qurdaşdırdıqları kameradan kiminsə onun avtomobilinin yanında dayanıb siqaret çəkdiyini görmüşdür. Həmin şəxsin kim olması onlara məlum olmamışdır. Bir müddət də kameraya nəzər yetirən zaman həmin şəxsin siqaretin kötüyünü avtomobilin yan tərəfinə atmasını görmüşlər. Onlar bunu görən zaman çölə çıxmışdır. O, evdən birinci çıxıb həmin şəxsin kim olmasını müəyyən etməyə çalışmışdır. Həmin şəxsə çatanda onun bibisi oğlu Elvin olduğunu görmüşdür. Tamerlan Elvindən nə üçün belə etdiyini soruşmuşdur. Elvin demişdir ki,-“yaxşı eləmişəm.” Sonra Elvindən spirtli içki iyi gəldiyi üçün ondan uzaqlaşmışdır. Bildirmişdir ki,-“içkilisən, sonra söhbət edərik.” Uzaqlaşan zaman Elvin ona səslənmişdir. O, dayanmış, Elvin isə ona tərəf gəlmişdir. Onunla yenidən söhbət etməyə başlamışdır. Bildirmişdir ki, bu etdiyi hərəkət düzgün deyil. Elvin Tamerlana cavab olaraq bildirmişdir ki, onunla heç bir məsələsi yoxdur, problemi atası ilədir. Demişdir ki,-“sənin maşınına atmamışam ki, belə edirsən.” Tamerlan Elvinə atasının evdə olduğunu, nə işi varsa, gedib söhbət eləyib yoluna qoymasını təklif etmişdir. Bu zaman Elvin onun qolundan sıxıb evin küncünə doğru çəkmişdir. Elvin onu özünə tərəf çəkib boğmağa cəhd göstərmişdir. Tamerlan Elvinin əlindən çıxmaq istəyən zaman başı onun burnuna dəymişdir. Bu zaman Elvin onun köynəyindən tutaraq özünə çəkmişdir. Elvinin onu buraxması üçün ona yenidən başı il zərbə vurmuşdur. Bu zaman qardaşı Elməddin və qayını Elçin onların mübahisə etmələrinə mane olaraq onları ayırmışdır. Onlar ayrıldıqdan sonra, evə doğru gəlmişdir. Bu zaman atası evdən çıxmışdır. Elvinlə atası söhbət etməyə başlamışdır. Sonra, atası Elvini həyətə dəvət etmişdir. Elvin onlarla həyətə gəlib atası ilə söhbət etməyə davam etmişdir. Bu zaman Elvin artıq sakitləşmiş idi. Hadisədən təxminən 30 dəqiqə sonra, Elvinin qayınatası İlqar atasına zəng vurub evdə olub-olmamasını soruşmuşdur. Sonra atası onunla söhbət etmək üçün həyətə çıxmışdır. Onunla mübahisə 3-5 dəqiqə çəkmişdir. İfadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs protokola əlavə edilməsi üçün istintaq hərəkətində iştirakı zamanı 02 ədəd fotoşəkli çəkildi. (iş.v. 116-119) 04 mart 2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ifadələrində göstərdiklərini bir-birinin üzünə qarşı deyərək təsdiq etmişlər. (iş.v. 121-125) Məhkəmə iclasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı, 3-cü Köndələn küçəsinin yerləşdiyi həyətyanı sahədən götürülmüş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD diskə keçirilən baxış zamanı müəyyən olundu ki, Zərərçəkmiş şəxs siqaretin kötüyünü “Toyota Prius” markalı avtomobilin üzərinə atır, bir qədər sonra, Tamerlan və digərləri həyətə çıxır, sonra isə, Tamerlanla Elvinin arasında mübahisə olması görünür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cü il təvəllüdlü Ayxan Salmanzadə, xx.xx.2020-ci il təvəllüdlü Hüseyn Salmanzadə olmaqla, 02 azyaşlı övladı vardır. 04 mart 2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində bu xüsusat üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanılması rədd edilmiş və qəbul edilmiş qərar toplanmış material ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Şahid2 müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanılması rədd edilmişdir. (iş.v. 127-136) 02 mart 2024-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı X8 tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 98-99, 112-113) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lakin 06 iyun 2016-cı il tarixdə Suraxanı RPİ tərəfindən cinayət məsuliyyətinə cəlb olunmuş, həmin tarixdə də Azərbaycan Respublikası CPM-in 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. (iş.v. 120) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Qanunla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəa 07 noyabr 2017-ci il tarixdə qəbul edilmişdir. Təqsirləndirilən şəxs isə 06 iyun 2016-cı il tarixdə Suraxanı RPİ tərəfindən cinayət məsuliyyətinə cəlb olunmuş, elə həmin tarixdə də Azərbaycan Respublikası CPM-in 40.2.2-ci maddəsinə əsasən barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilmişdir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin Cinayət Prosessual Məcəllənin 4.2-ci maddəsinə əsaəsn cinayət prosesi iştirakçılarının hüquqlarını məhdudlaşdıran Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müddəalarının geriyə qüvvəsi yoxdur. Göründüyü kimi, Konstitusiyanın və CPM-nin həmin normalarında normativ-hüquqi aktların geriyə şamil olunma halları aşağıdakılardan ibarətdir: 1) fiziki və hüquqi şəxslərin vəziyyətinin yaxşılaşdırılması; 2) hüquq məsuliyyətinin yüngülləşdirilməsi. Konstitusiyanın həmin müddəasına əsasən, ayrı-ayrı normativ-hüquqi aktların özündə onların geriyə qüvvəsinin hansı hallarda yaranması müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu maddəsində göstərilir ki, əməlin cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Əməlin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Əməlin cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanunun geriyə qüvvəsi yoxdur. Bütün bunları nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına 06 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası CPM-in 40.2.2ci maddəsinə əsasən xitam verilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəanın isə 07 noyabr 2017-ci il tarixdə qəbul edilməsi səbəbindən onun təqsirləndirilən şəxsə tətbiqi təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdıracağından həmin qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)». Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməli, iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi2 müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi2 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 06 saat vaxt sərf etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 40, 43, 321, 344- 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 06 (altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 36 (otuz altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi2 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar